Məhkəmə qərarları › İş №1(032)-196/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-196/2023

21.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-196/2023 21.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olan, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 12 may 2023-cü il tarixli qərarı ilə 03 (üç) ay müddətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yüngül dərəcəli sərxoş vəziyyətdə tamah məqsədi ilə özgə əmlakını talamaq niyyəti ilə 11 may 2023-cü il tarixdə saat 20 radələrində şəhərin Xəqani küçəsində yerləşən Zərərçəkmiş şəxs1 işlətdiyi “Azercell Şirvan” telefon mağazasına gələrək, mağazada satıcı işləyən Şahid Ərəstun oğluna vitrində olan “İphone 13 Pro” markalı mobil telefona baxmaq istədiyini bildirdikdə, Şahid tərəfindən həmin “İphone 13 Pro” markalı mobil telefon ona baxmaq üçün verildikdən sonra sonuncu bir neçə dəqiqə telefona baxaraq, oturduğu yerdən durub, “İphone 13 Pro” markalı mobil telefonu sol əlində tutaraq mağazadan çıxmaq istəyən zaman Zərərçəkmiş şəxs1 və yanında olan şəxslər onun qanunsuz əməlini aşkar edib, mobil telefonu qaytarmasını bildirmələrinə baxmayaraq, o, öz qanunsuz əməlini dərk edərək, əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə törətdiyi cinayət əməlini dayandırması ilə bağlı çağırışlarına məhəl qoymayıb, taladığı 1 ədəd “İphone 13 Pro” markalı mobil telefonu özündə saxlamaqla, ona telefonu qaytarmasını bildirən Zərərçəkmiş şəxs2 ilə əlbəyaxa olub onunla mübahisə edərək, sonuncunu yerə yıxmaqla ona fiziki ağrılar yetirib, yaxınlıqda olan taksi avtomobilinə əyləşib hadisə yerindən uzaqlaşıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 1850 (min səkkiz yüz əlli) manat maddi ziyan vurmaqla və Zərərçəkmiş şəxs2 insan həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 11 may 2023-cü il tarixdə, gündüz saatlarından müxtəlif kafe və yeməkxanalarda yemək yemiş, spirtli içki qəbul etmişdir. Spirtli içkini tək başına qəbul etmiş, yanında kimsə olmamışdır. Saat 20 radələrində şəhərin Xəqani küçəsinə yerləşən, tanıdığı Zərərçəkmiş şəxs1 işlətdiyi “Azercell Şirvan” telefon mağazasına gəlmişdir. Həmin vaxt mağazada satıcı işləyən Mustafa adlı şəxsdən “İphone” markalı mobil telefona baxmaq istədiyini bildirmişdir. Mustafa vitrindən bir ədəd “İphone 13” markalı mobil telefonu götürərək ona vermişdir. Telefonu götürmüş və telefonun funksiyalarına baxmışdır. Sonra isə həmin bir ədəd “İphone 13” markalı mobil telefonu özü ilə götürmüş və mağazadan çıxmışdır. Nurlan və orada olan şəxslər ona səslənsə də, öz hərəkətinə davam etmişdir. Ona telefonu qaytarmağı bildirsələr də, məhəl qoymamış və yaxınlıqda olan taksi avtomobilinə tərəf getmişdir. Avtomobilə yaxınlaşıb ön oturacağa oturmuşdur. Bu zaman mağazada işləyən Ramil adlı şəxs ona yaxınlaşmış və telefonu qaytarmağını bildirmişdir. Sərxoş olduğundan telefonu ona qaytarmamış, sonra avtomobildən düşmüşdür. Bu zaman Ramil ilə aralarında mübahisə düşmüş və əlbəyaxa olmuşdur. Sonra onları ayırmışlar. Bundan sonra o taksi avtomobilinə minmiş və oradan uzaqlaşıb yaşadığı küçəyə getmişdir. Küçədə olarkən polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. Onlarla birlikdə Şirvan şəhər Polis şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs daha sonra ifadəsinə davam edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs2 yumruq atsa da zərbəsi ona dəyməmiş, Ramilə qarşı zorakılıq etməmişdir. Buna görə özünü Azrbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə deyil, 180.1-ci maddəsi ilə təqsirli bilir. Vurulmuş zərəri aradan qaldırmış, zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin və şahid ifadələri və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, şəhərin Xəqani küçəsində “Azercell Şirvan” telefon mağazasını icarə əsasında işlədir. 11 may 2023-cü il tarixdə, saat 20 radələrində mağazada olmuş, həmin vaxt mağazada ondan başqa satıcı işləyən Şahid, telefon təmiri ilə məşğul olan Zərərçəkmiş şəxs2 olmuşdur. Onlar mağazada olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə əlində siqaret ilə mağazaya girmiş, onlar Abdulhəsənin sərxoş olmasını görüb, hərəkətlərinə əhəmiyyət verməmişlər. Bu zaman Abdulhəsən satıcı Mustafadan “İphone” markalı mobil telefona baxmaq istədiyini bildirmişdir. Mustafa “İphone” markalı mobil telefonu vitrindən götürüb ona vermişdir. Abdulhəsən də telefonu götürüb dükanda olan divanda oturmuş və telefona baxmağa başlamışdır. Bir neçə dəqiqə sonra Abdulhəsən ayağa durmuş və telefonu sol əlində tutaraq onlarla sağollaşıb mağazadan çıxmışdır. Onlar və orada olan digər şəxslər Abdulhəsənə səslənərək telefonu qaytarmasını bildirsələr də, sonuncu onlara məhəl qoymamış və öz hərəkətlərini davam etdirib yoluna davam etmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 onun arxasınca qaçmış, Mustafa da arxasından çölə çıxmışdır. Mağazanın çölünə çıxan zaman görmüşdür ki, Abdulhəsən mağazanın qarşısında dayanmış taksiyə minmək istəyir. Bu zaman Ramil onun yanına getmiş və Abdulhəsən avtomobildə oturan zaman onunla bir neçə dəqiqə söhbət etmiş, həmin vaxt Ramil ondan mobil telefonu geri verməsini bildirirmiş, lakin Abdulhəsən telefonu vermək istəməmişdir. Abdulhəsən avtomobildən düşmüş, düşdükdən sonra Ramil ilə mübahisə edərək əlbəyaxa olmuş, ona əl qol hərəkəti atmaq istəmiş, lakin Ramil özünü qorumağa çalışmış və bu zaman onlar yerə yıxılmışlar. Sonra o, onlara tərəf gedərək, hər ikisini yerdən qaldıran zaman Abdulhəsən Ramilə tərəf yumruq atmış, lakin yumruq Ramilə dəyməmişdir. Abdulhəsən taksiyə minmiş və oradan uzaqlaşıb getmişdir. O bu barədə Şirvan şəhər Polis şöbəsinə gedib ərizə ilə şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanan 1 ədəd “İphone 13 Pro” markalı mobil telefonun qiyməti 1850 manatdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, “Azercell Şirvan” telefon mağazasında telefon təmiri ustası işləyir. 11 may 2023-cü il tarixdə, saat 20 radələrində mağazada olmuş, ondan başqa mağazanın sahibi, oranı icarə əsasında işlədən Zərərçəkmiş şəxs1 və satıcı Şahid olmuşlar. Onlar mağazada olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə əlində siqaret ilə mağazaya girmiş, onun sərxoş olmasını görüb, hərəkətlərinə əhəmiyyət verməmişlər. Bu zaman Abdulhəsən Mustafadan “İphone” markalı mobil telefona baxmaq istədiyini bildirmiş, Mustafa da, vitrindən “İphone 13 Pro” markalı mobil telefonu götürüb Abdulhəsənə vermiş, Abdulhəsən də telefonu götürüb orada olan divanda oturmuş və telefona baxmağa başlamış, bir neçə dəqiqə sonra Abdulhəsən ayağa durmuş və telefonu sol əlində tutaraq onlarla sağollaşıb mağazadan çıxmışdır. O və orada olan digər şəxslər ona səslənərək telefonu qaytarmasını bildirsələr də, sonuncu onlara məhəl qoymamış və öz hərəkətlərin davam etdirib yoluna davam etmişdir. Bu zaman o, Abdulhəsənin arxasınca qaçmış, çölə çıxmış, çölə çıxan zaman görmüşdür ki, Abdulhəsən mağazanın qarşısında dayanmış taksiyə minmək istəyir. Onun yanına getmiş və Abdulhəsən avtomobildə oturan zaman saxlayıb, mobil telefonu geri qaytarmasını bildirmiş, lakin Abdulhəsən telefonu vermək istəməmiş və onunla sözlə mübahisə etməyə başlamışdır. Bundan sonra Abdulhəsən avtomobildən düşmüş və onunla mübahisəni davam etdirmiş, sonra isə ona tərəf əl qol hərəkəti atmaq istəmiş, lakin ondan özünü qorumuş, sonra isə Abdulhəsəni qolundan tutaraq, zərərsizləşdirməyə çalışmış, lakin bu zaman Abdulhəsən onu itələmiş, hər ikisi yerə yıxılmışlar. Kürəyində və boynunda fiziki ağrılar hiss etmiş, yerdə olarkən ətrafda olan şəxslər onlara yaxınlaşmış və onu yerdən qaldırmışlar. Abdulhəsən ona tərəf yumruq atmış, lakin yumruq ona dəyməmişdir. Sonra Abdulhəsən orada olan tanımadığı taksiyə minmiş və oradan uzaqlaşıb getmişdir. Sonra mağazanın sahibi Zərərçəkmiş şəxs1 bu barədə Şirvan şəhər Polis şöbəsinə gedib ərizə ilə şikayət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində Zərərçəkmiş şəxs2 məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. 11 may 2023-cü il tarixli, 94 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşu olmuşdur. 08 iyun 2023-cü il tarixli “Protel.az” telefon mağazasından daxil olmuş arayışdan görünür ki, 1 ədəd “İphone 13 PRO” markalı mobil telefonun 2023-cü ilin may ayına olan qiyməti 1850 (min səkkiz yüz əlli) manat təşkil edir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X5 24 iyul 2023-cü il tarixli, PHŞ-6-35/2-47/2023 nömrəli məktubundan görünür ki, Şirvan şəhəri, Füzuli küçəsi ev 8/1-də yaşayan Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. 11 may 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İB-nin baş müstəntiqi X1 icraatına qəbil edilmişdir. 11 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 22:55-də tutulmuşdur. 12 may 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. 12 may 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 427 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. 24 iyul 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 180.1ci maddəsindən, həmin Məcəllənin 180.2.4-cü maddəsinə tövsif olunmuşdur. 24 iyul 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.2.4-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. 24 iyul 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd “İphone 13 Pro” markalı mobil telefon və baş vermiş soyğunçuluq hadisəsi barədə 1 ədəd DVD diskdə olan videogörüntülər əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, 1 ədəd “İphone 13 Pro” markalı mobil telefon saxlanılması üçün Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmışdır. Həmçinin, məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş hadisənin baş verməsini özündə əks etdirən videoçəkilişə baxış keçirilməklə zərərçəkmiş və şahid qismində dindirilmiş şəxslərin vermiş olduğu ifadələrin əyani olaraq sübuta yetirildiyi aşkar edilmişdir. Belə ki, DVD diskdə olan videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Xəqani küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Azercell Şirvan” telefon mağazasına daxil olmuş, daxil olduqdan sonra girişdən sağ tərəfdə yerləşən divanda əyləşmiş və mağazada satıcı işləyən Şahid vitrində olan 1 ədəd “İphone 13 Pro” markalı mobil telefona baxmaq istədiyini bildirmiş, bundan sonra Şahid vitrindən “İphone 13 Pro” markalı mobil telefonu götürüb Təqsirləndirilən şəxs vermiş, sonuncu telefonun baxmış, sonra isə “İphone 13 Pro” markalı mobil telefonu talamaq niyyəti ilə sol əlində tutaraq onun bu hərəkəti ilə bağlı mağaza işçilərinin çağırışlarına məhəl qoymadan mağazadan çıxmış və mağazanın qarşısındakı dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Vaz 2107” markalı taksiyə əyləşmişdir. Bu zaman mağazanın işçisi olan Zərərçəkmiş şəxs2 onun arxasınca getmiş və taksinin yanında əvvəlcə Təqsirləndirilən şəxs ilə söhbət etmiş, sonradan sonuncu avtomobildən düşərək, Zərərçəkmiş şəxs2 ilə mübahisə etmiş və onlar əlbəyaxa olmuşlar. Həmin vaxt Zərərçəkmiş şəxs2 onun zərbələrindən özünü qorumaq üçün sonuncuya mane olmuş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 yerə yıxmış, həmin vaxt özü də müvazinətini saxlaya bilməyərək yerə yıxılmışdır. Təqsirləndirilən şəxs ayağa qalxdıqdan sonra Zərərçəkmiş şəxs2 yumruq vurmağa çalışsa da, buna nail ola bilməmiş, bundan sonra Təqsirləndirilən şəxs dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan “Vaz 2107” markalı taksiyə əyləşərək hadisə yerindən uzaqlaşıb getmişdir. 28 iyul 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin müddəti 01 (bir) ay müddətinə, yəni 11 sentyabr 2023-cü il tarixədək uzadılmışdır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; Həmin Məcəllənin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir; Həmin Məcəllənin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 03 mart 2005-ci il tarixli qərarının 3-cü və 7ci bəndlərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180-ci maddəsi (soyğunçuluq) ilə nəzərdə tutulan özgə əmlakının açıq talanması zamanı təqsirkar mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin gözü qarşısında özgə əmlakını talayır. Bu zaman təqsirkar hərəkətlərinin qarşısını almaq üçün həmin şəxslər tərəfindən tədbir görülüb-görülməməsindən asılı olmayaraq təqsirkar şüurlu surətdə anlayır ki, ətrafdakılar əməlinin hüquqa zidd xarakter daşıdığını başa düşürlər. Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədi ilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 180.2.4-cü maddəsi ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq aradan qaldırılmasını CM-nin 59.1.13-cü, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə bütün qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 11 may 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1850 manat dəyərində 1 ədəd “İphone 13 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalı, baş vermiş soyğunçuluq hadisəsi barədə videogörüntülər olan 1 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383 və 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.4-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 1850 manat dəyərində 1 ədəd “İphone 13 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın, baş vermiş soyğunçuluq hadisəsi barədə videogörüntülər olan 1 ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar