Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-2/2024 30.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16:35-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, qorxudaraq ondan pul tələb etmişdir. Belə ki, o, 27 mart 2023-ci il tarixdə, saat 14 radələrində Şirvan şəhəri, M.Əzizbəyov küçəsində yerləşən yarımtikilidə Şahid4 Zərərçəkmiş şəxs ilə intim münasibətdə olmasını görərək, özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə onlara yaxınlaşıb, yetkinlik yaşına çatmayan zərərçəkmiş Zərərçəkmiş şəxs bir qədər kənara çəkib, əxlaqsız hərəkətlər edilməsi barədə valideynlərinə məlumat verəcəyini bildirərək, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib, qorxudaraq 300-400 manat civarında pul verməsini tələb etmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şirvan şəhərində Elit ticarət mərkəzinin həyətində yerləşən bazarda tərəvəz satır. 27 mart 2023-cü il tarixdə, saat 16 radələrində bazardan çıxıb evə getmək üçün taksi faəliyyəti ilə məşğul olan tanışı Cəbrayıla zəng etmiş, Cəbrayıl bazara gəlmiş və ona məxsus olan VAZ 2107 markalı avtomobillə birlikdə evlərinə doğru getməyə başlamışlar. Yolda hərəkətdə olan zaman “Göy” məscidin yaxınlığında yerləşən yarımtikiliyə bir oğlan və bir qızın daxil olduqlarını görmüş, onlar avtomobildən düşüb sakitcə yarımtikiliyə yaxınlaşmışlar. Bu zaman yarımtikilinin içərisində adını sonradan bildiyi Şahid4 Zərərçəkmiş şəxs qarşı əxlaqsız hərəkətlər etdiyini görmüşdür. O, Aysun və Hüseynə iradını bildirmiş, etdikləri hərəkətə görə tənbeh etmişdir. Bu zaman həmin adını sonradan bildiyi oğlan Hüseyn xahiş etmişdir ki, onların bir yerdə olmaları barədə kimsəyə xəbər verməsinlər. Ondan üzrxahlıq etməyə başlamışlar. O, Aysun və Hüseynin yaşının az olduğunu və valideynlərinə bu barədə məlumat verəcəyini demişdir. Bundan sonra Hüseyn ona pul təklif etmişdir ki, heç kəsə bu barədə bildirməsin. O, razı olmamışdır. Sonra Aysun da ona pul verəcəyini əvəzində isə valideynlərinə məlumat verməməsini xahiş etmişdir. O, Aysun və Hüseynə rədd cavabı vermişdir. Bu zaman hiss etmişdir ki, Hüseyn qaçıb getmək istəyir. Cəbrayıla demişdir ki, Hüseynin çıxıb getməsinə icazə vermə, çünki o, Hüseyn və Aysunun əxlaqsız hərəkətləri barədə onların valideynlərinə xəbər vermək istəmişdir. Cəbrayıl və Hüseyn ondan bir qədər uzaqlaşmışlar. Bu zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları olduqları yerə yaxınlaşmışlar. Polis əməkdaşlarına hər şeyi olduğu kimi izah etmişdir. Sonra onları polis şöbəsinə gətirmişlər. O, nə Hüseyni, nə də Aysunu şantaj edərək pul tələb etməmiş, Aysuna cinsi əlaqədə olmağı təklif etməmişdir. Aysunun onun barəsində bildirdikləri şər-böhtan xarakterli olmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, onun təqsirli olması zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid4 2 ilə yaxın müddətdir ki, tanıyır. Son 3 ayda isə Hüseynlə hazırlığa gedən zaman görüşüb söhbət etmiş, sevgili olmuşlar. Şahid4lə öz istəyi ilə təbbi yolla iki dəfə cinsi əlaqədə olmuşdur. Belə ki, 2023-cü ilin fevral ayının ortalarında Hüseyn ona cinsi əlaqədə olmağı təklif etmiş, Hüseynin təklifi ilə razı olmuşdur. Onlar saat 14 radələrində Şirvan şəhərində, Kənd Evləri yaşayış massivinin yaxınlığında yerləşən, “Göy” məscisdin arxasında yerləşən yarımtikilidə görüşüb, təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra ikinci dəfə 2023-cü ilin mart ayının ortalarında, saat 14 radələrində yenə həmin yarımtikilidə Hüseynlə cinsi əlaqədə olmuşlar. Sonuncu dəfə 27 mart 2023-cü il tarixdə, saat 14 radələrində Hüseynlə yenə həmin yarımtikilidə görüşmüşlər. Orada öpüşən zaman iki nəfər adlarını sonradan bildiyi Elçin və Cəbrayıl adlı şəxslər onlara yaxınlaşmışlar. Cəbrayıl onların üstünə qışqıraraq “burda nə gəzirsiz” deyə soruşmuşdur. O, heç nə deməmişdir. Hüseyn Cəbrayılın yanına getmişdir. Cəbrayıl polis şöbəsinə məlumat verdiyini və həmin yerə polis dəvət etdiyini demiş, həmçinin özlərinin də polis olduqlarını bildirmişdir. Bundan sonra Hüseynlə onlardan xahiş etmişlər ki, oradan uzaqlaşıb getmələrinə mane olmasınlar. Cəbrayıl demişdir ki, sizi buraxa bilmərəm. Hüseyn demişdir ki, qızı buraxın getsin, mənimlə söhbət edin. Elçin və Cəbrayıl yenə razı olmamışlar. Cəbrayıl Hüseyni kənara çəkib onlardan bir qədər uzaqlaşdırmışdır. O, Elçinə demişdir ki, “Qaqa, bizi burax gedək valideynlərimizin xəbəri olmasın”. Elçin demişdir ki, “mənə qaqa demə”. Elçin iki şərtlə onun getməyinə icazə verəcəyini demişdir. O, Elçinin hansı şərtləri olduğunu soruşmuşdur. Elçin demişdir ki, “ya mənimlə dediyim yerə gedib mənimlə cinsi əlaqədə olmalısan, ya da 300-400 manat mənə pul gətirməlisən”. O, Elçinə cinsi əlaqədə olmaq barədə etdiyi təklifin düzgün olmadığını demişdir. Elçin demişdir ki, “o zaman pulu gətirə bilərsən?”. O, Elçinə yox cavabı vermişdir. Elçinə cinsi əlaqədə olmaq barədə etdiyi təklifə görə iradını bildirmişdir. Bu zaman polis əməkdaşlarının olduqları yerə gəldiklərini görmüşdür. Elçin ona məlum olmayan səbəbdən demişdir ki, “qaç burdan uzaqlaş”. Polis əməkdaşları onlara yaxınlaşıb valideynlərinə məlumat verərək izahat vermələri üçün polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində atası Vüqar Seyidova hadisə barədə məlumat vermişdir. Atası onun Hüseynlə də cinsi əlaqədə olmağından xəbər tutmuş və şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, atasına məxsus olan etibarnamə əsasında idarə etdiyi Vaz 2107 markalı, ** LM *** dövlət qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. Elçin onun mobil nömrəsini bildiyi üçün taksi kimi onu da lazım olan yerlərə aparmışdır. 27 mart 2023-cü il tarixdə, saat 14 radələrində Elçin yenə ona zəng edərək “Elit” ticarət mərkəzində olduğunu və onu oradan götürüb evlərinə aparmasını xahiş etmişdir. Elçinin dediyi yerə getmişdir. Elçin bazardan meyvə ağacları da almışdır. Həmin meyvə ağaclarını avtomobilə qoyub, Elçinlə birlikdə onun yaşadığı evə getmişlər. Elçin ağacları həyətə qoyub, yenidən gəlib avtomobilə əyləşmişdir. Onlar kənd evlərindən mərkəzə doğru hərəkətdə olan zaman Elçin “Göy” məscidin arxa tərəfində yerləşən yarımtikiliyə bir qız və oğlanın girməsini gördüyünü demiş və avtomobili həmin yerə sürməsini xahiş etmişdir. O, həmin yarımtikilinin yaxınlığında avtomobili saxlamışdır. Avtomobildən düşüb yarımtikiliyə yaxınlaşmışlar. Yarımtikilinin içərisində adını sonradan bildiyi Şahid4 və adını sonradan bildiyi Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə sevişdiklərini görmüşlər. Hüseyn və Aysuna iradlarını bildirmişlər, etdikləri hərəkətə görə tənbeh etmişlər. Hüseyn və Aysun etdikləri hərəkətin düzgün olmadığını deyib, onlardan üzrxahlıq etməyə başlamışlar. O, etdikləri hərəkətə görə ya valideynlərinə, ya da polis şöbəsinə məlumat verməli olduqlarını bildirmişdir. Onlar nə polisə, nə də valideynlərinə etdikləri hərəkət barədə məlumat verməməklərini israrla xahiş etmişlər. Sonra Hüseyn onun qoluna girib onu bir qədər kənara çəkmiş və onların hərəkəti barədə kimsəyə məlumat verməməsini xahiş etmişdir. O, razı olmamış və demişdir ki, ya valideynləri, ya da polisə məlumat verməlidirlər. Bu zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları olduqları yerə yaxınlaşmışlar. Polis əməkdaşlarına hər şeyi olduğu kimi izah etmişdir. Sonra onları polis şöbəsinə gətirmişlər. O nə Hüseyn, nə də Aysunu şantaj edərək onlardan pul tələb etməmişdir. Təqsirləndirilən şəxs Aysuna hədə qorxu gələrək pul tələb etməsini və ona cinsi əlaqədə olmağı təklif etməsini görməmiş və eşitməmişdir. Özünü heç kəsə polis əməkdaşı kimi təqdim etməmiş, sadəcə olaraq polisə məlumat verəcəyini Aysun və Hüseynə demişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə, saat 14 radələrində ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid3la xidmətdə olan zaman şəhərin M.Əzizbəyov küçəsində yerləşən yarımtikilinin yaxınlığında dayanmış Vaz 2107 markalı bir avtomobil diqqətlərini çəkmişdir. Adətən həmin yerə narkomanlar və tüfeyli həyat tərzi keçirən şəxslər tez-tez gəldikləri üçün, həmin avtomobildən də şübhələnərək avtomobilə yaxınlaşmışlar. Avtomobilə yaxınlaşanda avtomobilin yaxınlığında adını sonradan bildiyi Cəbrayıl və Hüseynin, onlardan təxminən 100 metr kənarda həmin yarımtikilinin içərisində isə Aysun və Təqsirləndirilən şəxs dayandıqlarını görmüşlər. Cəbrayıl və Hüseyndən orda olma səbəblərini soruşanda onlara cavab verməmişlər. Bundan sonra Elçin və Aysuna yaxınlaşıb, özlərini təqdim etdikdən sonra onlardan həmin yerdə olma səbəbini soruşmuşlar. Bundan sonra Aysun ağlayaraq Elçinin ona qarşı əxlaqsız təkliflər etdiyini, yəni, onunla cinsi əlaqədə olmaq istədiyini, onunla cinsi əlaqədə olmayacağı halda isə pul verməsini, yoxsa onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələdəyini demişdir. Aysundan Elçinin onu hədələyərək pul tələb etməsinin səbəbini soruşduqda, Aysun bir qədər kənarda dayanmış Hüseynlə həmin yarımtikilin içərisində sevişərkən Elçin və Cəbrayılın onları gördüyünü demişdir. Bundan sonra Aysun və Hüseynlə sorğu zamanı onların azyaşlı olmalarını müəyyən etmişlər. Onlara valideynləri ilə birlikdə polis şöbələrinə yaxınlaşmalarını bildirmişlər. Təqsirləndirilən şəxs və Şahid1 isə barələrində qanuni tədbir görülməsi üçün polis şöbəsinə gətirib, növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 27 mart 2023-cü il tarixdə, saat 14 radələrində ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid2la xidmətdə olan zaman şəhərin M.Əzizbəyov küçəsində yerləşən yarımtikilinin yaxınlığında dayanmış Vaz 2107 markalı bir avtomobil diqqətlərini çəkmişdir. Adətən həmin yerə narkomanlar və tüfeyli həyat tərzi keçirən şəxslər tez-tez gəldikləri üçün, həmin avtomobildən də şübhələnərək avtomobilə yaxınlaşmışlar. Avtomobilə yaxınlaşanda avtomobilin yaxınlığında adını sonradan bildiyi Cəbrayıl və Hüseynin, onlardan təxminən 100 metr kənarda həmin yarımtikilinin içərisində isə Aysun və Təqsirləndirilən şəxs dayandıqlarını görmüşlər. Cəbrayıl və Hüseyndən orda olma səbəblərini soruşanda onlara cavab verməmişlər. Bundan sonra Elçin və Aysuna yaxınlaşıb, özlərini təqdim etdikdən sonra onlardan həmin yerdə olma səbəbini soruşmuşlar. Bundan sonra Aysun ağlayaraq Elçinin ona qarşı əxlaqsız təkliflər etdiyini, yəni, onunla cinsi əlaqədə olmaq istədiyini, onunla cinsi əlaqədə olmayacağı halda isə pul verməsini, yoxsa onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələdəyini demişdir. Aysundan Elçinin onu hədələyərək pul tələb etməsinin səbəbini soruşduqda, Aysun bir qədər kənarda dayanmış Hüseynlə həmin yarımtikilin içərisində sevişərkən Elçin və Cəbrayılın onları gördüyünü demişdir. Bundan sonra Aysun və Hüseynlə sorğu zamanı onların azyaşlı olmalarını müəyyən etmişlər. Onlara valideynləri ilə birlikdə polis şöbələrinə yaxınlaşmalarını bildirmişlər. Təqsirləndirilən şəxs və Şahid1 isə barələrində qanuni tədbir görülməsi üçün polis şöbəsinə gətirib, növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs təxminən 2 ilə yaxındır ki tanıyır. Aysunun valideynləri onların münasibətindən xəbər tutduqdan sonra təxminən 2 aya yaxın müddətdə əlaqələri olmamışdır. Aysunla öz istəyi ilə təbii yolla iki dəfə cinsi əlaqədə olmuşdur. Onlar saat 14 radələrində Şirvan şəhərində Kənd evləri yaşayış massıvinin yaxınlığında yerləşən “Göy” məscidin arxasında yerləşən yarımtikilidə görüşmüş, təbii yolla cinsi əlaqədə olmuşlar. Bundan sonra ikinci dəfə 2023-cü ilin mart ayının ortalarında saat 14 radələrində yenə həmin yarımtikilidə cinsi əlaqədə olmuşlar. Həmin vaxt iki nəfər adlarını sonradan bildiyi Elçin və Cəbrayıl onlara yaxınlaşmış, üstlərinə qışqıraraq “burda nə gəzirsiniz” deyə soruşmuşdur. Cəbrayıl onlara polis şöbəsinə məlumat verdiyini və həmin yerə polis dəvət etdiyini və özlərinin də polis olduqlarını demişdir. Cəbrayıla qızı buraxmasını desə də o razı olmamışdır. Bu zaman polis əməkdaşları onların olduğu yerə gəlmiş, valideynlərinə məlumat verərək, polis şöbəsinə dəvət etmişlər. Sonradan ona məlum olmuşdur ki, Cəbrayılla kənarda söhbət edən zaman Elçin Aysuna cinsi əlaqədə olmağı, ya da 300-400 manat məbləğində pul verməsi şərtlərini irəli sürmüşdür. Əks təqdirdə Aysunun atasına zəng edib onunla intim münasibətdə olması barədə məlumat verəcəyini bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Cinayət törətməkdə şübhə edilən şəxsi tutmaq haqqında 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə, saat 00:30-da Azərbaycan Respublikası CM-in 151-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, 29 mart 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(i.v 38-127) 03 iyun 2023-cü il tarixli qərarla cinayət işi materiallarından yetkinlik yaşına çatmayan Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 152.4.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış, 03 iyun 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 151 və 182.1-ci maddələrindən həmin Məcəllənin 182.1ci maddəsinə tövsif edilmiş, 03 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v. 202-216) xx.xx.2023-cü il tarixli üzləşdirmə aparılması barədə protokoldan görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs arasında 29 mart 2023-ci il tarixdə keçirilmiş üzləşdirmə zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs istintaqa vermiş olduğu ifadəsini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək təsdiq etmişdir. (i.v. 68-70) xx.xx.2023-cü il tarixli PHŞ-6-35/2-194(3)/23 nömrəli Azərbaycan Respublikası İcbari Sığorta üzrə X2 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən daxil olmuş məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin ruhi əsəb və narkoloji kabinetində qeydiyyatda yoxdur. (i.v. 160) Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 19 aprel 2023-cü il tarixli 1094 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik aşkar olunmur. Zərərçəkmiş şəxs istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs olduğundan onun barəsində məcburi müalicə təyin edilə bilməz. Zərərçəkmiş şəxs psixiatrik yardıma ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs əqli-intellektual imkanları normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ektravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, emosional sabitlik, tez inanmaq kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri (həmçinin 2023-cü ilin fevral ayının ortlarından 2023-cü ilin mart ayının sonlarınadək olan müddətdə), əqli-intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs əqli və psixi ikişafının xüsusiyyətlərinə görə öz hərəkətlərini idarə etmək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs özündən uydurmaya və yalan danışmağa meyllilik aşkar olunmadı. (i/v-189-191) Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 06 may 2023-cü il tarixli 1239 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs cinayəti törədən zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar edilir. Təqsirləndirilən şəxs hazırda xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti pozulmasından, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən olunmur, istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hadisə zamanı öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hövsələsizlik, inadkarlıq, qıcığa qarşı həssaslıq, özünəməxsus mövqe və prinsipə məxsus olmaq və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs fərdi psixi xüsusiyyətləri qərarın təsviri hissəsində göstərilən hadisə zamanı və həmin hadisədən sonra hərəkətlərinin mahiyyətini dərk etməsinə və onları idarə etməsinə mənfi təzahür etməmişdir. O, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavramaq, təsvir etmək və bu barədə düzgün məlumat vermək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində və psixiemosional halında qərarın təsviri hissəsində göstərilən hadisə zamanı onun davranışına mühüm təsir göstərə bilən hallar müəyyən olunmadı. (i/v-192-195) Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (i/v-148-149) Zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin iştirakı ilə təqdim etdiyi ərizəsinə əsasən təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışığa dair ərizə təqdim etmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilməyərək verdiyi ifadəsinə tənqidi yanaşaraq, aparılan istintaq zamanı onun təqsirliliyini təsdiq edən, heç bir şübhə və ziddiyyət yaratmayan iş materialları, zərərçəkmiş və şahid ifadələri ilə təkzib olunması səbəbindən bunu özünü müdafiə xarakterli cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət- Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi cəzasını yüngülləşdirən haldır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı və ağırlaşdırıcı halın olmamasını, cinayət işi üzrə zərərçəkmiş şəxsin yetkinlik yaşına çatmamasını nəzərə alaraq, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş minimum həddə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 28 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-2/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-2/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver