Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-20/2024 11.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikası, Naxçıvan MR, Babək rayonu, Şıxmalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində 23 oktyabr 2023-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, Energetik küçəsi, 2 saylı binanın qarşısında xx.xx.2023-cü il tarixdə, təxminən saat 09 radələrində abadlıq işlərinin həyata keçirilməsinə nəzarət edərkən sakinlər tərəfindən qanunsuz olaraq ağaclara bərkidilmiş taxta lövhələrin və səkidə yerləşdirilməsi nəzərdə tutulmamış taxta oturacaqların sökülməsi ilə bağlı hakimiyyət nümayəndəsi qismində xidməti vəzifələrini yerinə yetirərək tabeliyində olan əməkdaşların fəaliyyətinə rəhbərlik edən Şirvan şəhər İcra Hakimiyyəti Mənzil-Təsərrüfat İdarəsinin rəisi Zərərçəkmiş şəxs oturacaq qismində ağacların arasında quraşdırılmaqla istifadə olunan taxtaların sökülməsinə etiraz edib müqavimət göstərməklə mübahisə etməyə başlamış, Zərərçəkmiş şəxs xidməti işlərinin yerinə yetirilməsinə qanunsuz müdaxilə etməməsi və müqavimət göstərməməsi barədə əsaslı tələblərinə məhəl qoymayaraq yerdən götürdüyü daş parçasını sonuncuya atmaqla hədələyib ona qarşı nəlayiq ifadələr işlədərək hücum çəkib sağ qoluna əli ilə vurub itələmiş və kürək nahiyyəsindən bir dəfə yumruq vuraraq sonuncuya sağ dirsək qurşağının ön-tış səthində cızıq kimi dərəcəsi təyin olunmayan bədən xəsarəti yetirərək zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, 2019-cu ildən "xxxx" MMC-də fəhlə işləyir, evlidir, iki uşağı var. Uzun müddətdir İ dərəcəli əlildir, əlilliyi ilə bağlı aylıq 470 manat məbləğində sosial müavinət alır. O və qonşuları Şirvan şəhər sakinləri qismində yaşadıqları binanın qarşısında oturacaqların olmaması ilə bağlı bir neçə dəfə Şirvan şəhər İcra Hakimiyyətinə və digər yüksək statuslu qurumlara müraciət etmişlər. İlkin olaraq Şirvan şəhər İcra Hakimiyyətinə dəfələrlə müraciət etməsinə baxmayaraq müraciəti ilə əlaqədar heç bir tədbir görülməmişdir. Binada yaşayan yaşlı insanların istirahəti üçün binanın qarşısında oturacaqların olması vacib olmuşdur. Onlar təxminən 2023-cü ilin may ayında müraciətlər etmişlər. İcra hakimiyyəti müraciətlərinə baxmadığına görə məcbur qalıb Azərbaycan Respublikası Prezidentinə kollektiv ərizə ilə müraciət etmişlər. Həmin müraciətlərinə görə Şirvan şəhər İcra Hakimiyyəti Mənzil-Təsərüffat İdarəsinin müdiri Zərərçəkmiş şəxs 2023-cü ilin may ayının sonunda öz işçiləri ilə birlikdə binanın qarşısına gəlmişdir. Həmin şəxslər cəmi 3 ədəd ortaları taxta, qıraqları dəmirdən olan oturacağı binanın qarşısında yerləşdirmişlər. Həmin 3 ədəd oturacaq bina sakinlərinə yetmədiyi üçün qonşuluqda yaşayan Ema adlı qadın özünəməxsus olan taxta oturacağı hər gün İcra Hakimiyyətinin yerləşdirdiyi oturacaqların qarşısına qoyub əyləşmişdir. Bundan əlavə adlarını bilmədiyi qonşuları da ağaclara taxtalar bərkidərək oturacaq düzəltmişlər. Həmin taxtaları hansı qonşuların bərkitdiyini bilməmişdir. Qonşuları da gecə vaxtı həmin taxta oturacaqdan istifadə etmiş, lakin oturacağı orada unutmuşlar. Zərərçəkmiş şəxs işçisi Fatma Xankişiyeva xx.xx.2023-cü il tarixdə səhər saatlarında onların binasının qarşısından keçərkən ağaclara bərkidilmiş taxta oturacaqları və qadınların qoyduqları taxta oturacağı görüb Zərərçəkmiş şəxs məlumat vermişdir. Həmin vaxt o evdə olmuşdur. Təxminən saat 09 radələrində evdə olan zaman binanın qarşısından səs gəldiyini eşitmişdir. Həmin səsi eşitdikdən sonra binanın qarşısına baxmış və İsmayıl ilə iki nəfər işçisinin oturacaqlaın yanında olduğunu görmüşdür. O, dərhal binanın qarşısına gəlmişdir. İsmayılın işçisi Vüqar ağaclara bərkidilmiş taxtaları və Ema adlı qonşunun oraya qoyduğu taxta oturacağı oradan götürüb Vüqarın şəxsi avtomobilinə yerləşdirmişlər. O, bununla bağlı İsmayıla etiraz etmiş, həmin taxtaları aparmamasını, ona verməsini demişdir. İsmayıl ona “rədd ol” deyərək taxtaları verməyəcəyini bildirmişdir. İsmayıl ona “sən get ailə uşağının yanına, sənin ailə uşağın da sənin kimidir” sözlərini demişdir. Həmçinin onun Naxçıvanlı olduğunu, Naxçıvanlıları saymadığını bildirmişdir. O, İsmayılın bu sözlərindən hiddətlənmiş və onun taxtaları aparmasını dayandırmaq məqsədilə yerdən əlinə daş götürmüşdür. Həmin daş təxminən əlinin ölçülərində olmuşdur. Əlindəki daşı İsmayıla göstərərək hədələmişdir. İsmayılın taxtaları aparmamasını istəmişdir. Ancaq daşı İsmayıla atmamışdır. İsmayıl onun dediklərinə baxmayaraq taxtaları avtomobilə yerləşdirib aparmışdır. O, İsmayılı özündən uzaqlaşdırmaq məqsədilə qolundan tutub itələsə də ona qarşı heç bir fiziki zorakılıq göstərməmişdir. Münaqişələri bununla yekunlaşmış, İsmayıl da oradan getmişdir. Hətta o, İsmayılı daşla hədələyən zaman sonuncu onu itələmişdir. Ancaq bədəni üzərində heç bir xəsarət olmamışdır. Hadisə baş verən zaman o, Zərərçəkmiş şəxs başqa hər hansı şəxslə mübahisə etməmiş, həmçinin heç kimə fiziki zorakılıq göstərməmişdir. Zərərçəkmiş şəxsla mübahisə edən zaman sonuncunu itələmiş, lakin ona yumruq vurmamışdır. İsmayıla qarşı heç bir fiziki zorakılıq göstərməmişdir. O, İ qrup əlildir, sağlamlığı ona fiziki zorakılıq göstərməyinə imkan vermir. Hadisə baş verən zaman Elmira İsmayılova onlara yaxınlaşmışdır. Həmin zaman o yadında qalmayan sözlər demişdir. Elmiranın dediklərindən sadəcə bir cümlə yadında olmuşdur. Elmira ona “Sənə lazım idi bu problem?” cümləsini demişdir. Hadisə baş verən zaman Zərərçəkmiş şəxs təhqir etməmişdir. Ağaclar arasındakı yerləşdirilmiş taxta lövhə qanunsuz yerləşdirilmişdir. Həmçinin dövlət tərəfindən verilən skamyaların qarşısında əlavə taxta oturacağın qoyulması qanunsuz olmuşdur. Hadisə baş verən zaman İsmayılın qanuni olaraq taxta lövhəni və taxta oturacağı sökdürdüyünü bilmişdir. O, İsmayılın avtomobilinin baqajından hər hansı taxtanı dartmamışdır. Lakin İsmayıl taxtaları baqaja yerləşdirməməmişdən öncə həmin taxtaları aparmaması barədə ona xəbərdarlıq etmişdir. Özü də hansı səbəbdən ona aid olmayan taxtalara görə mübahisə etdiyini bilməmişdir. Həmin vaxt əsəbi olmuşdur. Hadisə baş verən zaman orada İsmayıl, Vüqar, Fatma və Hacı Tərlan adlı mağaza sahibi olmuşdur. Digər insanlar da olmuş, ancaq həmin şəxsləri tanımır. Törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi məhkəmə iclasında tədqiq edilmiş, özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, iş materialları və işin digər obyektiv halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 2020-ci ildən Şirvan şəhər İcra Hakimiyyəti Mənzil-Təsərüffat İdarəsinin rəisi vəzifəsində işləyir. İdarə rəisi qismində şəhər ərazisində yerləşən çoxmənzilli binaların təmizlənməsi, saxlanması, şəhər ərazisində yerləşən binalar arası boş ərazilərin saxlanılması, təmizlənməsi, qeyri-qanuni tikili və zəbtlərin qarşısının alınması vəzifə funksiyalarına aiddir. xx.xx.2023-cü il tarixdə Şirvan ŞPŞ-yə ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 09 radələrində istifadəsində olan mobil nömrəyə idarədə sahə rəisi vəzifəsində işləyən Fatma Xankişiyeva zəng edərək Şirvan şəhəri Energetik küçəsində 2 saylı binanın qarşısında vətəndaşlar tərəfindən qanunsuz olaraq ağaclara taxtalar bərkidildiyini, bununla yanaşı əlavə taxta oturacaqlar qoyulduğunu bildirmişdir. Dərhal təmir-tikinti sahəsinin rəisi Şahid1 zəng edərək həmin binanın qarşısına gəlməsini demişdir. Vüqar da həmin əraziyə yaxın yerdə fəhlələrlə iş görmüşdür. Təxminən 5 dəqiqə ərzində onlar həmin binanın qarşısına çatmışlar. Onlar binanın qarşısına baxan zaman dövlət tərəfindən yerləşdirilmiş oturacaqların yanında əlavə taxta oturacağın olduğunu, həmçinin oradakı ağaclara taxtaların bərkidilərək oturacaq düzəldildiyini aşkar etmişlər. O, həmin vəziyyətin fotoşəkillərini çəkmiş və Vüqarın yanında olan Vitalik, Vüsal, İlqar və Ramil adlı fəhlələrə həmin taxtaları sökməsini demişdir. Fəhlələr taxtaları və oturacağı sökmüş, Vüqarın istifadəsində olan “BYD” markalı avtomobilin baqaj hissəsinə yükləməyə hazırlaşmışlar. Həmin zaman Təqsirləndirilən şəxs adlı vətəndaş qışqıra-qışqıra binanın qarşısından onlara yaxınlaşmışdır. Asəf qışqıraraq “İsmayıl mənim taxtalarımı hara aparırsan” sözlərini demişdir. Bu sözləri dedikdən sonra yerdən əlinin ölçüsündə olan daşı götürərək onlara tərəf hücum çəkmişdir. Asəf əlini qaldıraraq daşı ona atmaqla hədələmişdir. Vüqar və digər işçilər Asəfin qarşısını almışdır. Asəf əlindəki daşı yerə atmışdır. O, Təqsirləndirilən şəxs həmin taxtaların qanunsuz olaraq ağaclara bərkidildiyini, dövlət tərəfindən orada oturacaqların olduğunu, əlavə oturacaqların qoyulmasına icazə verilmədiyini, həmin taxtaların müsadirə edildiyini bildirmişdir. Asəf onun qanuni tələblərinə etiraz edərək qışqırıb həmin taxtaların özünə aid olduğunu, heç bir şəkildə onların müsadirə edilməsinə icazə verməyəcəyini bildirmişdir. Həmin taxta oturacağın bir hissəsindən tutub maşına doğru aparmış, həmin zaman Asəf oturacağın digər hissəsindən tutmuşdur. Həmin zaman Asəf ona qarşı nalayiq ifadələr işlətmişdir. Mübahisə zamanı həmin binada yaşayan qonşu Elmira İsmayılova onlara yaxınlaşmış və Asəfdən nəyə görə mübahisə etdiyini soruşmuşdur. Elmira xanım onlara yaxınlaşdıqda mübahisəsi aparılan taxta oturacağın özünə məxsus olduğunu görmüş və Asəfə ona məxsus olan taxta oturacağa görə dava etməməsini demişdir. Ancaq Asəf heç cür sakitləşməmişdir. Elmira da ona özünə aid olan taxta oturacağı götürə biləcəyini demişdir. Elmira yaşlı qadın olduğundan bu sözləri dedikdən sonra oradan uzaqlaşmışdır. Vüqar və orada olan fəhlələr Asəfi sakitləşdirə bilməmişlər. Həmin taxtaları avtomobilə yüklədikdən sonra Asəf avtomobilin üzərinə hücum çəkmiş və baqajdakı taxtaları götürməyə cəhd etmişdir. Asəf taxtaları götürməməsi üçün həmin zaman əli ilə baqajın qapağını sıxmağa çalışmışdır. Asəf əli ilə onun sağ qoluna vuraraq onu itələmişdir. Həmin zaman qolunda ağrı hiss etmişdir. Sonradan baxdıqda qolunun cızıldığını görmüşdür. Yenidən Vüqar və fəhlələr Asəfi oradan uzaqlaşdırmağa çalışmış, ancaq Asəf sakitləşməmişdir. Asəf onun arxa hissəsinə keçmiş və kürək nahiyyəsindən bir dəfə yumruqla vurmuşdur. Həmin zaman Asəf yenidən müxtəlif küçə söyüşləri söyərək onu təhqir etmiş və taxtaların ona məxsus olduğunu bildirmişdir. Vüqar Asəfə hətta taxtaları binanın arxasına keçəndən sonra verəcəyini demişdir. Ancaq Asəf heç cür sakitləşməmiş və razılaşmamışdır. Fatma Xankişiyeva da Asəfə onun idarə rəhbəri olduğunu, qanuni tədbirlər gördüyünü bildirmişdir. Asəf heç kimin sözünə qulaq asmamışdır. Fəhlələr Asəfi oradan uzaqlaşdırmış, onlar da avtomobilə əyləşərək oradan getmişlər. Hadisə yerində onların mübahisələri təxminən 15 dəqiqə çəkmişdir. Dərhal Şirvan ŞPŞ-yə müraciət etmiş və ərizə yazmışdır. Həmin taxtalar və oturacaqlar həmin binada yaşayan Elmira İsmayılovaya məxsusdur. Təqsirləndirilən şəxs ondan başqa heç kimə fiziki zorakılıq göstərməmişdir. Hadisə baş verən zaman orada o, İsmayıl, Fatma və adlarını yuxarıda qeyd etdiyi fəhlələr olmuşdur. Hadisə yerindəki taxtaları və oturacağ sökmələri ilə bağlı akt tərtib etmişlər. Həmin akta orada çəkilən fotoşəkilləri əlavə etmişlər. O, məhkəmə-tibb ekspertizasından keçmişdir. Bədəni üzərində xəsarət olmuş, qolunda olan cızığa görə ekpsert müvafiq qaydada rəy vermişdir. Asəf kürək nahiyyəsindən yumruq vursa da xəsarət əmələ gəlməmişdir. Ancaq qoluna vuran zaman xəsarət yaranmışdır. Hadisənin bütün şahidləri Asəfin ona fiziki zorakılıq göstərdiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxs Şirvan şəhəri, Energetik küçəsində yerləşən 2 saylı binanın qarşısında oturacaqların yerləşdirilməsi barədə Şirvan şəhər İcra Hakimiyyətinə ərizələr yazması barədə heç bir məlumatı olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq aradan qaldırılmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, 2022-ci ildən Şirvan şəhər İcra Hakimiyyəti Mənzil-Təsərüffat İdarəsində təmir tikinti sahəsinin rəisi vəzifəsində işləyir. Hazırki vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən göstərişləri icra etmək, şəhər ərazisində yerləşən dövlətə məxsus binalardakı təmir-tikinti problemlərin həll edilməsinə rəhbərlik etmək, vətəndaşların müraciətləri əsasında parklardakı təmir işlərini həyata keçirmək vəzifə funksiyalarıma aiddir. xx.xx.2023-cü il tarixdə, təxminən saat 9 radələrində Şirvan şəhər İcra Hakimiyyəti Mənzil-Təsərüffat İdarəsinin rəisi Zərərçəkmiş şəxs istifadəsində olan mobil nömrəyə zəng edərək Şirvan şəhəri, Energetik küçəsində 2 saylı binanın qarşısında vətəndaşlar tərəfindən qanunsuz olaraq ağaclara skameykalar bərkidildiyini demişdir. Əlavə olaraq binanın qarşısında natəmizlik olduğunu qeyd etmişdir. Həmin zaman oraya yaxın ərazidəki problemlərlə məşğul olmuşdur. Dərhal adına olan “BYD” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə İsmayılın dediyi əraziyə getmişdir. Binanın qarşısına getdikdə İsmayıl da oraya gəlmişdir. Onlar binanın qarşısına baxan zaman dövlət tərəfindən yerləşdirilmiş oturacaqların yanında əlavə taxta oturacağın olduğunu, həmçinin oradakı ağaclara taxtaların bərkidilərək oturacaq düzəldildiyini aşkar etmişlər. Zərərçəkmiş şəxs orada olan taxtaları və əlavə oturacaqları sökmək üçün Rauf və digər adları yadında qalmayan işçilərə göstəriş vermişdir. İşçilər həmin taxtaları sökmüş və onun adına olan avtomobilin baqajına yerləşdirmişlər. Həmin vaxt binada yaşayan Təqsirləndirilən şəxs qışqıra-qışqıra onlara yaxınlaşaraq “İsmayıl sən mənim taxtalarımı hara aparırsan” sözlərini demişdir. Asəf yerdən əlinin ölçülərində olan daşı götürüb İsmayılın üzərinə hücum çəkmişdir. Asəf əlini qaldıraraq daşı onun üzərinə atmaqla hədələməyə başlamış və taxtaları heç bir yerə apara bilməyəcəklərini bildirmişdir. Həmin zaman o və ətrafda olan işçilər Asəfin qarşısını almış, daşı İsmayıla ata bilməmişdir. Ancaq Asəf heç cür sakitləşməmiş, müxtəlif növ təhqirlərdən istifadə edərək İsmayılı hədələmişdir. Onlar avtomobilə tərəf getmiş, həmin zaman Asəf avtomobilə hücum çəkərək baqajda olan taxtaları dartıb aparmağa cəhd etmiş, həmin zaman Asəfə bu hərəkətlərini dayandırması ilə bağlı xəbərdarlıq etmişlər. Asəf taxtaları götürmək istəyən zaman İsmayıl avtomobilin baqajının qapısını əli ilə tutmuş, Asəf də əli ilə İsmayılın sağ qoluna vurmuşdur. Onlar yenə Asəfi avtomobildən kənarlaşdırmışlar. Fatma Asəfə bu cür hərəkətləri dayandırmasını, İsmayılın idarə rəhbəri olduğunu izah etmişdir. Həmin zaman Asəf İsmayılın arxasına keçərək onun belinə bir dəfə yumruq vurmuşdur. Onlar yenidən Asəfi aralaşdırmış, sonuncu çətinliklə də olsa da oradan uzaqlaşdırmış və onlar da oradan ayrılmışlar. Oradan ayrıldıqdan sonra dərhal Şirvan ŞPŞ-yə ərizə ilə müraciət etmiş və qanuni tədbir görülməsini xahiş etmişlər. Ərizəni Zərərçəkmiş şəxs şəxsən öz adından yazmışdır. Təqsirləndirilən şəxs İsmayıldan başqa heç kimə fiziki zorakılıq göstərməmişdir. Hadisə baş verən zaman orada o, İsmayıl, Fatma və adlarını yuxarıda qeyd etdiyini fəhlələr olmuşdur. Hadisə yerindəki sözügedən oturacaq və taxtalar Təqsirləndirilən şəxs məxsus olmamış, həmin taxta və oturacaq Ema adlı qadına məxsusdur. Həmin qadın 2 saylı binanın sakini olmuşdur. Hadisə yerindəki taxtaları və oturacağ sökmələri ilə bağlı akt tərtib etmişlər. Həmin akta orada çəkilən fotoşəkilləri əlavə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, 2020-ci ildən Şirvan şəhər İcra Hakimiyyəti Mənzil-Təsərüffat İdarəsində fəhlə işləyir. Fəhlə qismində sahə rəislərinin və müdirin göstərişlərini icra etmiş, şəhər ərazisində yerləşən çoxmənzilli binaların saxlanması, təmizliyi, təmiri işlərini yerinə yetirmişlər. xx.xx.2023-cü il tarixdə təxminən saat 09 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsindəki çoxmənzilli binaların üzərindəki çənlərin sökülməsi işi ilə məşğul olmuşlar. Həmin zaman Vitalik və Səxavət adlı iş yoldaşları ilə olmuşdur. Sahə rəisi Vüqar onlara zəng edərək Şirvan şəhəri Energetik küçəsində 2 saylı binanın qarşısında qanunsuz quraşdırılmış oturacaqların olduğunu, oraya gəlmələrini bildirmişdir. Onlar təxminən 5 dəqiqə ərzində 2 saylı binanın qarşısına gəlmişlər. İsmayıl, Fatma və Vüqar artıq orada olmuşlar. İsmayıl ağaclara mismarla bərkidilmiş taxtaları və dövlət tərəfindən verilmiş oturacaqlardan əlavə qoyulmuş oturacaqların sökməsi ilə bağlı göstəriş vermişdir. Onlar da həmin taxtaları və oturacaqları oradan sökmüşlər. Söküntüdən sonra taxtaları Vüqarın avtomobilinin baqaj hissəsinə yerləşdirməyə hazırlaşmışlar. Həmin zaman 2 saylı binadan adını sonradan bildiyi Asəf adlı şəxs çıxaraq qışqırmağa başlamışdır. Asəf İsmayıla “sən mənim taxtalarımı hara aparırsan” sözlərini demişdir. Zərərçəkmiş şəxs ona bu taxtaların qanunsuz şəkildə ağaclara bərkidildiyini, dövlət tərəfindən verilmiş oturacaqlardan əlavə oturacaqların qanunsuz olaraq yerləşdirildiyini bildirmişdir. Asəf qışqıra-qışqıra taxtaların ona məxsus olduğunu, onları sökməməli olduqlarını demişdir. Anidən Asəf yerdən əlinin ölçüsündəki daşı götürmüş və əlini qaldıraraq İsmayıla tərəf hücum çəkmişdir. Asəf İsmayıla daşı atmaqla hədələmişdir. Həmin anda Vüqar və fəhlələr Asəfin qarşısını almış və Asəf əlindəki daşı yerə atmışdır. Həmin vaxt bina sakini olan Ema adlı tanımadığı qadın oraya yaxınlaşmış və mübahisəsi aparılan taxta oturacağın özünə məxsus olduğunu bildirmişdir. Bundan başqa İsmayıla həmin taxtaları aparacağını demiş və Asəfə özünə aid olmayan taxtaya görə mübahisə etməməsini bildirmişdir. Onlar taxtaları avtomobilin baqajına yüklədikdən sonra Asəf avtomobilə tərəf hücum çəkmiş və baqajdan taxtaları çıxartmağa cəhd etmişdir. Həmin anda İsmayıl baqajın qapağını əli ilə sıxmışdır ki, Asəf taxtaları baqajdan çıxarmasın. Asəf İsmayılın qoluna əli ilə vurmuş və onu itələmişdir. Həmin vaxt İsmayıl öz qolunu tutmuşdur. Onlar yenidən Asəfi aralamışlar. Ancaq Asəf onlardan yayınaraq İsmayılın arxasına keçmiş və onun kürəyindən bir dəfə yumruq vurmuşdur. Onlar Asəfi aralamış, İsmayıl və Vüqar avtomobillə oradan uzaqlaşmışdır. Onlar da öz işlərinə davam etmək üçün yenidən binalar üzərindəki çənləri sökməyə getmişlər. Təqsirləndirilən şəxs İsmayıldan başqa heç kimə fiziki zorakılıq göstərməmişdir. Hadisə baş verən zaman orada o, İsmayıl, Fatma, Vüqar və adlarını yuxarıda qeyd etdiyi fəhlələr olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 31 avqust 2023-cü il tarixli cinayət işinin başlanması haqqında və cinayət işinin icraata qəbul edilməsi haqqında qərarlardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaqın aparılması Şirvan şəhər prokurorluğunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X5 tapşırılmış, iş sonuncunun icraatına qəbul edilmişdir; Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 319 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-sağ dirsək qurşağının ön tış səthində cızıq-küt əşya təsirindən törənmiş, müddəti müayinədən 1-2 gün əvvələ uyğun gəlir və sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 məktubundan görünür ki, Şirvan şəhəri Energetik küçəsi ev 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 1 saylı Şirvan- Salyan (Şirvan, Hacıqabul) Regional filialından xx.xx.2024-cü il tarixədək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (l qrup) müəyyən edilmiş şəxslərə təyin olunan sosial müavinət və təqaüd alır; 06 oktyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 561 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; 23 oktyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; 23 oktyabr 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, orqanizminin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi (İ qrup) olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, CM-nin 315-ci maddəsində göstərilən müqavimət göstərmə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar hakimiyyət nümayəndəsinə qarşı fəal qanunazidd hərəkətlərin edilməsidir. Zor tətbiq etmə isə hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı təsir göstərmədir ki, belə təsir də həm fiziki, həm də psixi zorakılıq formasında təzahür edə bilər. Fiziki zor hakimiyyət nümayəndəsinin bilavasitə özünə və ya onun yaxın qohumlarına ünvanlanmış onların iradəsinə zidd elə bir qanunsuz fiziki təsir vasitəsidir ki, bu vasitələr hakimiyyət nümayəndəsinə müqavimət göstərmək, onu xidməti vəzifələrini icra etməkdən çəkindirmək, yaxud bu vəzifələri təqsirkar üçün əlverişli olan qanunsuz qayda və metodlarla icra etməyə məcbur etmək və sair məqsədinə xidmət etmiş olsun. CM-nin 315-ci maddəsində hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olub-olmaması halı dispozitiv şərt kimi nəzərdə tutulmamışdır. Lakin CM-nin 315-ci maddəsində cinayət məsuliyyətinə səbəb olan hakimiyyət nümayəndəsinə və ya onun yaxın qohumlarına qarşı tətbiq edilən zorun həyat və sağlamlıq üçün təhlükəli olmaması və ya təhlükəli olmasını ehtiva etməsi dispozitiv şərt kimi konkretləşmədiyindən, CM-nin 315-ci maddəsi göstərilən şəxslərə qarşı tətbiq edilən zor həm həyat və sağlamlıq üçün təhlükəli olmayan zoru, həm də həyat və sağlamlıq üçün təhlükəli olan zoru nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islahetmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Eyni zamanda, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 nömrəli Qərarının İİ bəndinin V yarımbəndinin İ cümləsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxslərə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından onlara azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017ci il tarixli Sərəncamını nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, hesab edir ki, ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsinin vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-20/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-20/2024
11.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver