Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-205/2023 14.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1977-ci il tarixdə Sabirabad rayonu, Salmanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Salmanlı kəndində qeydiyyatda olmaqla Şirvan şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin 24 avqust 2023-cü il tarixli qərarı ilə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 06 avqust 2023-cü il tarixdə saat 21 radələrində yaşadığı Şirvan şəhəri, ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu sillə ilə üz və baş nahiyyələrinə bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs sağ paraorbital nahiyədə şişkinlikqançır, sağ almacıqda şişkinlik-hematoma, sağ əlin arxa səthində qançır, sağ budçanaqda və sağ dizdə şişkinlik, oynağın əzələ-bağ aparatının gərilməsi-kimi ümumilikdə sağlamlığın qısa müddətə ozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirdi ki, hazırda fərdi əməklə məşğul olur. Zərərçəkmiş şəxs onun arvadıdır. Şəhla ilə 2007-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan bir övladı olmuşdur. Zərərçəkmiş şəxs ilə heç bir düşmənçilik və ədavəti olmamış, münasibətləri normal olmuşdur. Lakin son zamanlar aralarında sözlə mübahisələr yaranmış, mübahisələrin əsas səbəbi arvadı evdə hər bir xırda məsələni mübahisəyə çevirməsi olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı ünvana getmiş, arvadı Şəhla ondan nə qədər pul qazandığını soruşmuş və o, arvadı Şəhlaya 70 manat pul qazandığını demişdir. Sonra Şəhla nə üçün az pul qazandığını soruşmuş, cavab olaraq, avtomobil olmadığını və təmir etmədiyini bildirmişdir. Bir qədər keçdikdən sonra Şəhla ondan yaşadığı evin həyətyanı sahəsində olan ağacları nə üçün suvarmadığını soruşmuş, Şəhlaya cavab olaraq vaxtının olmadığını, bu işlə özünün məşğul olmasını söyləmişdir. Bundan sonra Şəhla ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı əsəbləşərək Şəhlanın üzərinə getmiş və Şəhlaya yemək hazırlamasını bildirmişdir. Lakin həmin vaxt Şəhla onu təhqir etməyə başlamış, Şəhlanın qolundan tutaraq özünə doğru dartmış, sonra Şəhlanın üz və baş nahiyəsindən bir neçə dəfə sillə zərbəsi vurmuş, daha sonra Şəhla yerə yıxılmış və Şəhladan uzaqlaşaraq öz otağına keçmişdir. Bir müddət keçdikdən sonra polis əməkdaşları izahatının alınması üçün onu polis şöbəsinə dəvət etmişlər. Mübahisə Şirvan şəhəri, ünvan 1 ünvanında baş vermiş, mübahisə zamanı ətrafda kənar şəxs olmamış, oğlu Mirismayıl isə öz otağında yatmışdır. Mübahisə zamanı heç bir xəsarət almamışdır. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs Məhkəmə iclasında ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə 2007-ci il tarixdə ailə həyatı qurmuş, birgə nikahdan 1 yetkinlik yaşına çatmamış övladı vardır. Əri Adil ilə heç bir düşmənçilik və ədavəti olmamış, münasibətləri normal olmuşdur. Lakin son zamanlar aralarında sözlü mübahisələr yaranmış, mübahisələrə əsas səbəb əri Adilin evdə heç bir işlə məşğul olmaması, qazandığı pulu evə gətirməməsi olmuşdur. Əri Adil avtomobil təmiri ilə məşğul olur, lakin əldə etdiyi gəliri evə gətirmədiyi üçün aralarında mütəmadi olaraq sözlü mübahisələr yaranmışdır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində əri Adil yaşadıqları evə gəlmiş, həmin vaxt həyətyanı sahədə olan ağacları suvarmışdır. Sonra o, mətbəxə daxil olmuş və Adil üçün yemək bişirməyə başlamışdır. Adil evə daxil olan kimi mobil telefonu götürərək öz otağına getmiş, bunu görən zaman Adildən həyətyanı sahədə olan ağacları suvarmasını istəmiş, lakin Adil bundan imtina etmişdir. Adildən ev işlərinə köməklik etməsini, qazancını evə gətirməsini, onunla maraqlanmasını bildirmiş, sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı Adil onun üzərinə gəlməyə başlamış, qolundan tutaraq özünə tərəf dartmış, üz və baş nahiyəsindən sillə zərbələri endirişdir. Həmin vaxt o, yerə yıxılmış, yıxıldıqdan sonra Adil yenidən onun üz və kürək nahiyəsinə yumruq Zərbələri endirmişdir. Bundan sonra Adil onun özündən getdiyini görmüş və onu buraxaraq öz otağına getmişdir. Daha sonra baş vermiş hadisə barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmişdir. Mübahisə Şirvan şəhəri, ünvan 1 ünvanında baş vermiş, mübahisə zamanı ətrafda kənar şəxs olmamış, oğlu Mirismayıl isə öz otağında yatmışdır. Mübahisə zamanı bədənin müxtəlif nahiyələrindən xəsarət almışdır. Mübahisə zamanı Adil Həmişovu döyməmişdir. Mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmamışdır, onun barəsində qanunla nəzərdə tutulmuş ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 07 avqust 2023-cü il tarixli, 391 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - sağ paraorbital nahiyədə şişkinlik - qançır, sağ almacıqda şişkinlik hematoma, sağ əlin arxa səthində qançır, sağ bud - çanaqda və sağ dizdə şişkinlik, oynağın əzələ bağ aparatının gərilməsi - küt əşya təsirindən törənmiş, qərarın təsviri hisəsində göstərilən 06 avqust 2023-cü il tarixdə kənar şəxs tərəfindən yumruq və təpiklə vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 472 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə X5 Şəxs Şirvan Şəhər X3 Hüquqi Şəxsin 10 avqust 2023-cü il tarixli məktubundan görünür ki, Şirvan şəhəri, ünvan 1-də yaşayan 1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şirvan ŞMP-nin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, təhqiqat və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkəməyə verilmişdir. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən əməli törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X2 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etməsini və əməlindən peşman olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən onun barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların olub, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona cərimə növündə cəza təyin olunduğu təqdirdə də cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 128-ci maddəsi ilə olan material üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-205/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-205/2023
14.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver