Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-21/2025 14.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:06-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq etmişdir. Belə ki, o, 18 avqust 2024-cü il tarixdə saat 21 radələrində ictimai yer hesab olunan Şirvan şəhəri, Vidadi küçəsində yerləşən “Deman” adlı kafedə, tanışı Zərərçəkmiş şəxs bir neçə dəfə öz əyləşdiyi masaya çağırdıqdan sonra sonuncunun onun əyləşdiyi masaya gec gəlməsini, həmçinin Zərərçəkmiş şəxs spirtli içkinin təsiri altında onun ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edərək mübahisə edib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan həmin vaxt baş vermiş mübahisə nəticəsində öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib ətrafdakı şəxslərin gözləri qarşısında silah qismində istifadə etdiyi pivə bakalı ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən 1 (bir) dəfə vuraraq, ona sağ alın-gicgah sərhəddində səthi dəri cırılması kimi sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarət yetirərək, qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qohumudur. 18 avqust 2024-cü il tarixdə təxminən saat 19:00 radələrində Bakı şəhərindən Şirvan şəhərinə qohumu Valerigilə qonaq gəlmiş, Şirvan şəhərində yerləşən “Deman” adlı kafedə oturmuş, Valeri ilə birlikdə əvvəlcə pivə içmiş, daha sonra qohumu olan Zərərçəkmiş şəxs zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Saat 21:00 radələrində Deman” adlı kafeyə gəlmiş, Zərərçəkmiş şəxs həmin kafedə digər masada əyləşdiyini görmüşdür. Onun Zərərçəkmiş şəxsla görüşmək istəməkdə məqsədi sonuncunu spritli içki içməkdən çəkindirmək olmuşdur. O, həmin kafedə Zərərçəkmiş şəxs tanımadığı şəxslərlə birlikdə domino oynadığını və spirtli içki içdiyini müşahidə etmişdir. O, Əlizamana spirtli içki içməsinə irad tutmuş və yanına çağırmışdır. Əlizaman domino oynadığını deyərək, gözləməyini istəmişdir. Bir müddət sonra təkrar Əlizamanı çağırmış və Əlizamin bundan sonra onun yanına gələrək əyləşmişdir. Əlizaman yüksək dozada spirtli içki qəbul etdiyi üçün danışığını bilməmiş, stolda olan pivə dolu bakalı üstünə dağıtmış və ətrafda olan kənar şəxslərin yanında onun ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. O, bundan qəzəblənərək Əlizamanın baş nahiyyəsinə bir dəfə bakal ilə vurmuşdur. Onları ətrafda olan şəxslər ayırmış, bundan sonra evinə getmişdir. Təxminən saat 23:00 radələrində həyətdə Valerinin oğlu İlham Cəbrayılovla oturub söhbət etmişlər. Valeri isə yuxarıda yatmışdır. Bu vaxt qapının döyüldüyünü, Əlizamanın onu küçəyə çağırdığını görmüşdür. Küçəyə çıxdıqda Əlizaman əlində olan bıçaqla ona hücum edib, sağ çiynindən və sağ qolunun çiyinə birləşən hissəsindən, eyni zamanda sol qol altı hissələrindən vuraraq xəsarətlər yetirməyə başlamışdır. Küçəyə Valerinin oğlu çıxdıqda artıq Əlizaman bıçağı kənara atmış və uzaqlaşaraq oradan qaçıb getmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Son olaraq məhkəmədən oğlunun müharibə iştirakçısı olmaqla “Xocavəndin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını nəzərə almaqla barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, əvvəllər heç bir ədavətləri olmamış, dost münasibətində olmuşlar. 18 avqust 2024-cü il tarixdə təxminən saat 19:00 radələrində Təqsirləndirilən şəxs ona zəng vuraraq harada olduğunu soruşmuş, o, evdə olduğunu dedikdə, Vüqar onu Şirvan şəhərində yerləşən “Deman” adlı kafeyə çağırmışdır. Təxminən saat 20:00 radələrində “Deman” kafesinə gəldikdə Təqsirləndirilən şəxs orada olmadığını görmüşdür. O, gedib mağazadan spirtli içki alaraq yenidən adı çəkilən kafeyə qayıtmış və almış olduğu spirtli içkini tək içə-içə kafedə olan digər şəxslərlə damino oynamağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs kafeyə gəlib digər masada əyləşmiş və ona “Ata burdasan? Gəl bəri dedikdə”, o, cavab olaraq “hə əmi oyunumu bitirim gəlirəm” demişdir. Vüqar onunla razılaşmış və gözləmişdir. Təxminən saat 21:15 radələrində “domino” oynayarkən içkini bitirdikdən sonra Vüqar təkrarən onu masaya çağırmışdır. O, Vüqarın əyləşdiyi masaya əyləşdikdən sonra Vüqar ona içkini azaltması ilə bağlı iradını bildimiş, o isə onun bu iradına etiraz olaraq əlində olan pivə bakalını Vüqara atmışdır. Bundan sonra o başında küt ağrı hiss etmişdir. Spritli içkinin təsiri altında olduğundan hesab edir ki, onu Vüqar pivə bakalı ilə vurmuşdur. Zərbənin təsirindən başından xəsarət aldığını və qan axdığını görmüşdür. Həmin vaxt kafedə ətrafda xeyli adamlar olmuş və onlar anidən onlara baxmışlar. O, qəzəblənərək, ətrafda kənar şəxslərin olmasına baxmayaraq Təqsirləndirilən şəxs dayanmadan yumruq zərbələri endirməyə və sonuncuya ucadan nalayiq qeyri etik ifadələr işlətməyə başlamışdır. Vüqar bundan sonra zərbələrin təsirindən yerə yıxılmışdır. Ətrafda olan insanlar onları ayırmaq istəmişlər. O, təkrar Vüqarın kafenin çölündə olduğunu görüb sonuncunu vurmaq üçün yanına getdikdə, kənarda olan şəxslər onu kənara çəkmiş, bundan istifadə edən Vüqar oradan uzaqlaşmışdır. Bu hadisə ona pis təsir etdiyindən o, Vüqarı cəzalandırmaq qərarına gəlmişdir. O, Vüqarın Valerinin evində qaldığını bildiyinə görə yaşadığı evə gedib bıçaq götürərək Vüqara xəsarət yetirmək məqsədi ilə Valerinin evinə getmişdir. O, Vüqarın həyətdə oturduğunu görüb çölə çıxmasını bildirmişdir. Bundan sonra Vüqar çölə çıxmış, o, spirtli içkinin təsiri altında olduğundan Vüqara kor təbii şəkildə əlində olan tiyəsi qırıq bıçaqla vuraraq xəsarətlər yetirmişdir. Həmin vaxt Valerinin oğlu da küçəyə çıxmışdır. Hadisə təxminən saat 23:00 radələrində baş vermişdir. Daha sonra o, bıçağı ataraq uzaqlaşaraq oradan getmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, “Deman” adlı kafeni qeyri-rəsmi olaraq artıq üçüncü ildir ki, icarəyə vermişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs hərdən kafeyə gəlib gedən müştəri kimi tanımışdır. 18 avqust 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində qeyd etdiyi kafeyə Təqsirləndirilən şəxs gələrək əyləşdiyini görmüş, sonuncu ona Valeriyə məxsus nömrəni deyərək yığmasını, burada olmağını deməyini xahiş etmişdir. O, zəng vuraraq Valeri ilə danışmış, təxminən 30 dəqiqə sonra Valeri kafeyə daxil olmuşdur. Valeri Təqsirləndirilən şəxsla birlikdə oturaraq hərəyə iki bakal pivə içmişlər. Sonra kafeni tərk edib getmişlər. Saat 20:00 radələrində kafeyə Zərərçəkmiş şəxs gəldiyini görmüş, sonuncunun əlində 0,5 litr həcmində spirtli içki olmuşdur. Əlizaman Şahid2 icazə alaraq kafedə domino oynayan digər müştərilərin yanında əyləşmişdir. Əlizamanın heçnəsiz spirtli içki içdiyini görərək Şahid2 Əlizamana pomidor və çörək vermişdir. Təxminən saat 21:00 radələrində Təqsirləndirilən şəxs kafeyə daxil olaraq tək oturmuş və Şahid2 pivə gətirməyini istəmişdir. O pivə gətirmək üçün mətbəxə keçmiş və bu zaman yeməkxanada mübahisə olduğunu eşitmişdir. O, mətbəxdən qayıtdıqda Vüqarla Əlizamanın mübahisə etdiklərini və orda olan şəxslərin onu ayımağa çalıdırlarını görmüşdür. Sonra orada iştirak edən şəxslər tərəfindən Vüqar ilə Əlizamanı ayırmağa müvəffəq olmuşlar. Kafenin kənarında Əlizaman yenə Vüqarla mübahisə etməyə cəhd etmiş, lakin kafedə iştirak edən şəxslər tərəfindən onları bir daha ayırmışlar. Bundan sonra Vüqar həmin yerdən uzaqlaşaraq getmişdir. Ona və istifadəsində olan kafeyə heç bir maddi ziyan dəyməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Şahid2 həmin ifadəsində bildirmişdir ki,“Deman” adlı kafeni qeyri rəsmi olaraq artıq 3-cü ildir ki, işlədir. Təqsirləndirilən şəxs tanıyır, işlətdiyi kafedə müştəri kimi gəlib getdiyinə görə tanımış, münasibətləri yaxşıdır. Zərərçəkmiş şəxs tanıyır, münasibətləri normaldır. 18 avqust 2024-cü il tarixdə saat təxminən 19:00 radələrində qeyd etdiyi kafeyə Təqsirləndirilən şəxs gələrək əyləşdiyini görmüş, sonuncu kafenin sahibi Mehmana Valeriyə məxsus nömrəni deyərək yığmasını, burada olmağını deməsini xahiş etmişdir. Mehman zəng vuraraq Valeri ilə danışmış, təxminən 30 dəqiqə sonra Valeri kafeyə daxil olmuşdur. Valeri Təqsirləndirilən şəxsla birlikdə oturaraq hərəyə 2 bakal pivə içmişlər. Sonra kafeni tərk edib getmişlər. Saat 20:00 radələrində kafeyə Zərərçəkmiş şəxs gəldiyini görmüş, sonuncunun əlində 0,5 lt həcmində spirtli içki vardır. Ondan icazə alaraq kafedə domino oynayan digər müştərilərin yanında əyləşmişdir. Əlizamanın heçnəsiz spirtli içki içdiyini görərək sonuncuya pomidor və çörək vermişdir. Təxminən saat 21:00 radələrində Təqsirləndirilən şəxs kafeyə daxil olaraq tək oturmuş və ondan pivə gətirməyini istəmişdir. Ətrafda xeyli adamlar vardır. Vüqar Əlizamana spirtli içkini belə içməsini irad tutmuş və yanına çağırmışdır. Əlizaman domino oynadığını deyərək, gözləməyini istəmişdir. Bir müddət sonra təkrar Əlizamanı çağırmış, Əlizaman Vüqarın yanına gələrək əyləşmişdir. Həmin vaxt o, Vüqar əvvəl tək oturduğuna görə sonuncuya paralel olan masada əyləşmişdir. Əlizaman yüksək dozada spirtli içki qəbul etdiyi üçün danışığını bilməmiş, stolda olan pivə dolu bakalı Vüqarın üstünə dağıtmış və ətrafda olan kənar şəxslərin yanında Vüqara ucadan qeyri etik nalayiq söyüşlər söyməyə başlamışdır. Anidən Vüqar bundan qəzəblənərək ayağa qalxıb Əlizamanın başından içdiyi pivənin bakalı ilə vurmuşdur. Bundan sonra bakal əlindən yerə düşərək sınmışdır. X5 yumruqlamağa başlamışdır. Ətrafdakı insanlar və o, onları ayırmışlar. Əlizaman və Vüqar bir birlərinə qarşı ucadan nalayiq ifadələr işlətmişlər. Sonra Vüqarın kafenin yanına tərəf getdiyini görüb Əlizaman yenə Vüqara tərəf gedərək kafenin çölündə ətrafda olan insanların qarşısında ucadan nalayiq ifadə işlədərək vurmağa çalışmışdır. Yenə ətrafda olan insanlar buna mane olmuşdur. Sonra Vüqar oradan uzaqlaşaraq evə getmişdir. Əlizaman qəzəbli tərzdə Vüqarı ətrafda axtarmışdır. Sonra kənarda olan insanlar Əlizamanı sakitləşdirməyə çalışaraq evə yola salmışlar. Hadisə müddəti ümumilikdə təxminən 15 dəqiqə çəkmişdir. Əlizamanın başından qan axmış, lakin imkan verməmişdir ki, ona köməklik göstərsinlər. Onun işlətdiyi kafeyə heç bir maddi ziyan dəyməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 20 avqust 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis leytenantı X2 icraatına qəbul edilmişdir; şübhəli şəxsin tutulması haqqında 20 avqust 2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə, saat 16:35-də tutulmuşdur; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 22 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 28 avqust 2024-cü il tarixli protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs hadisənin harada və hansı qaydada baş verməsini hadisə yerlərində əyani olaraq göstərməklə istintaqa verdiyi ifadələrini hadisə yerlərində təsdiq etmişdir. təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 18 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X4 xx.xx.2024-cü il tarixli 425 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət – sağ alın-gicgah sərhəddində səthi dəri cırılması küt xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 18 avqust 2024-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 06 sentyabr 2024-cü il tarixli, 18-1-35/2-1310/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxx 1970-ci il təvəllüdlü, Əli-Bayramlı şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, işsiz, Şirvan şəhəri, Vidadi küçəsi, ev 4-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetlərdə qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 98 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Nurlan Bekmatov Azərbaycan Respublikasının 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” İ-12560 nömrəli medalla, Azərbaycan Respublikasının 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İ-11073 nömrəli medalla, Azərbaycan Respublikasının 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” İ-11109 nömrəli medalla təltif edilmişdir; Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CMnin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, əməlindən peşman olması, oğlu X1 Azərbaycan Respublikasının 2021-ci il 24 iyun tarixli 2712 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” İ-12560 nömrəli medalla, Azərbaycan Respublikasının 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İ-11073 nömrəli medalla, Azərbaycan Respublikasının 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” İ-11109 nömrəli medalla təltif edilməsi Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar. Məhkəmə işin yuxarıda sadalanan obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanın yüngülləşdirici hallarını, yəni təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olmasını, oğlunun “Vətən Müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif edilməsini və ağırlaşdıran halların olmamasını, cəzanın məqsədini, təqsirləndirilən şəxsə tətbiq olunacaq cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olması hallarını, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna halları, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan xüsusatları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri Energetik küçəsi ev 4 ünvanını günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut , maddi ziyanın, mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə qədər şübhəli şəxs qismində həbsdə olduğu müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanaraq təyin edilmiş cəzadan 04 (dörd) gün çıxılsın və qəti olaraq üzərində 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri Energetik küçəsi ev 4 ünvanını hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. İş üzrə maddi sübut, maddi ziyan, mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-21/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-21/2025
14.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver