Məhkəmə qərarları › İş №1(032)-210/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-210/2023

25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-210/2023 25.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 10 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 03 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, Bakı şəhəri, Ələt qəsəbəsi, Nərimanov küçəsi, ev 7də qeydiyyatda olmaqla, Şirvan şəhəri, Neftçilər küçəsi, ev 2-də yaşayan, həbsetmənin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmaqla barəsində Şirvan şəhər Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 6,76 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək əynində olan göy rəngli cins şalvarının sağ yan cibində daşıyaraq saxlamış və 27 may 2023-cü il tarixdə, saat 13:30 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Neftçilər küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı bir ədəd kibrit qutusunda təmiz çəkisi 6,76 qram olan narkotik vasitə qurudulmuş marixuana əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, şəxsiyyət vəsiqəsini dəyişdirmək üçün Bakı şəhərinə getmək qərarına gəlmişdir. Yaşadığı məhəllədə əyyaş vəziyyətdə bir şəxs var imiş. O, marketin qabağında oturmuşdur. Marketə girib siqaret alıb çıxmış, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları Fərid, Bəhruz və Kamal müəllim həmin şəxsi maşına otuzdurmuşlar. Fəriddən xahiş etmişdir ki, o, içki düşkünüdür, anası da xəstədir. Fərid isə ondan nə vaxt həbsdən çıxdığını soruşmuşdur. O, may ayının üçü həbsdən çıxdığını bildirmişdir. Fərid ona maşına əyləşməyini bildirmiş, o da maşına əyləşmişdir. Daha sonra Şirvan şəhər Polis şöbəsinə gəlmişlər. Dəhlizdə onun üst başını yoxlamışlar. Üzərində pul qabı, siqaret, çaxmaq və dəsmal və siqaret qutusunun işərisində özünün istifadəsi üçün saxladığı bir ədəd siqaretə doldurulmuş bir çəkimlik narkotik vasitə nəşə olmuşdur. Onları götürüb otağa girmişlər. Otaqda bir ədəd kibrit qutusunda nəşəni ona göstərmişlər. O isə polis əməkdaşlarına həmin kibrit qutusundakı nəşənin ona aid olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı Şahid2 onu döymüş, ondan tələb etmişdir ki, həmin narkotik vasitənin ona məxsus olmasını bildirsin. Ona hədə-qorxu gəlmişlər və evindən bir kiloqram narkotik çıxardacaqlarını bildirmişlər. O isə onlara iki az yaşlı övladının olduğunu, inzibati cəzaya razı olduğunu bildirmişdir. Polis şöbəsində fiziki təzyiq təhdid altında kibrit qutusundakı nəşənin özünə məxsus olması barədə etirafedici vermişdir. Əslində həmin nəşə ona məxsus olmamış, üzərində yalnız bir ədəd siqaretə doldurulmuş, inzibati məsuliyyətə səbəb ola biləcək daha az çəkidə nəşə olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi barədə ifadəsini qəbul etmir və bildirir ki, təqsirləndirilən şəxsin ifadəsi işin hallarına uyğun gəlmir və özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, şahid ifadələri, şəxsi axtarış və götürmə, ekspertiza rəyləri və digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə tədqiq olunan, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, bir müddət olar ki, narkotik vasitə istifadə edir. 27 may 2023-ci il tarixdə Şirvan şəhəri, Neftçilər küçəsində gəzərkən yerdə 1 ədəd kibrit qutusunun olduğunu görmüş, həmin qutu diqqətini cəlb etdiyi üçün qutunu yerdən götürmüş, qutunun içərisinə baxdıqda narkotik vasitə olan marixuananın olduğunu görmüş, özü narkotik vasitə istifadə etdiyi üçün həmin qutunu cibinə qoymuş, həmin narkotik vasitədən istifadə etməmiş, 27 may 2023-ci il tarixdə saat 13:30 radələrində Şirvan şəhəri, Neftçilər küçəsində olan zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olumuş, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1, bir müddət sonra vəkil Emil Quliyev gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, həmin qutuda narkotik vasitə olan marixuananın olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə, həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Verilən şifahi suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə olan marixuananı yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə olan marixuana təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını, narkotik vasitə və psixotrop maddə istifadə etdiyini, polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verib göstərdi ki, 27 may 2023-ci il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, Nefçilər küçəsi, ev 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı İTB-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı X3 ibarət əməliyyat qrupu təşkil olunmuş, sonra 27 may 2023-cü il tarixdə əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Neftçilər küçəsinə getmişlər. 27 may 2023-cü il tarixdə saat 13:30 radələrində həmin küçədə Təqsirləndirilən şəxs görmüşlər, barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etsinlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq ondan yayınıb getmək istəmiş, buna baxmayaraq Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs Təhqiqat bölməsində vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil X1, vəkil Emil Quliyev gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusu təqdim etmiş, qutuda narkotik vasitə olan qurudulmuş marixuananın olmasını bildirmişdir. Sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmiş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kibrit qutusunda olan maddə narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuananı xx.xx.2023-ci il tarixdə Şirvan şəhəri, Neftçilər küçəsində yaşadığı evin yaxınlığından yerdən tapıb və istifadə etmək üçün üzərində gəzdirib. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verib onun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusu təqdim etmiş, qutuda narkotik vasitə olan qurudulmuş marixuananın olmasını bildirmişdir. Sonra şəxsi axtarışa başlanılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmiş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kibrit qutusunda olan maddə narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin marixuananı xx.xx.2023-ci il tarixdə Şirvan şəhəri, Neftçilər küçəsində yaşadığı evin yaxınlığından yerdən tapıb və istifadə etmək üçün üzərində gəzdirib. İş materiallarında olan şəxsi axtarış və götürmə haqqında 27 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan şübhəli şəxsi tutma haqqında protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə, saat 14.30-da şübhəli şəxs qismində tutulmuş, 29 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 29 may 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 27 may 2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsilə 10 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 03 may 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28 may 2023-cü il tarixli, 18/560 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən….” sözləri yazılmış kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,76 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 6,76 qram, tədqiqata istifadə olundu-0,02 qram, qalıq-6,74 qramdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 05 avqust 2023-cü il tarixli, 4990 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 08 avqust 2023-cü il tarixdə verilmiş 451 saylı Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər Prokurorluğunun 23 oktyabr 2023-cü il tarixli Qərarından (Cinayət işinin başlanmasının rədd edilməsi haqqında) görünür ki, aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması faktı öz təsdiqini tapmadığından 23 oktyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ona təzyiq edilməsini bildirsə də, məhkəmə, Təqsirləndirilən şəxs ifadəsinə qiymət verərək onu qəbul etmir, həmin ifadələr işin halları ilə təkzib olunur. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin əvvəllər məhkum olunmasını, məhkumluğunun ödənilməməsini, qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə, himayəsində 2 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlində cinayətin residivinin olmasını, nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir və cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri – 49 manat 74 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi subutların saxlanılıması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 6,74 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 27 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 49 manat 74 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 6,74 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar