Məhkəmə qərarları › İş №1(032)-213/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-213/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-213/2023 20.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X1 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 05 may 2023cü il tarixdə axşam saatlarında qonşusu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, həmin tikilidən zərərçəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd 200 manat dəyərində ot biçən aparatı gizli talayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 may 2023-cü il tarixdə axşam saatlarında qonşusu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, həmin tikilidən zərərçəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd 60 manat dəyərində drel aparatı və 01 ədəd 300 manat dəyərində qaynaq aparatını gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 may 2023-cü il tarixdə axşam saatlarında qonşusu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə saxlanc yeri hesab edilən istixanaya qanunsuz daxil olaraq, həmin istixanadan zərərçəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd 180 manat dəyərində enerji tənzimləyici aparatı, 01 ədəd 200 manat dəyərində su matorunu və 01 ədəd 100 manat dəyərində su matorunu gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 480 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 may 2023-cü il tarixdə axşam saatlarında qonşusu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, həmin tikilidən zərərçəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd 700 manat dəyərində avtomobil qızdırıcı cihazını gizli talayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs həyətində fəhlə kimi işləmişdir. Həmin vaxtlarda spirtli içkinin alüdəçisi olmuşdur. Gündəlik olaraq işləyib ailəsi üçün qazanc əldə etmişdir. 2023-cü ilin may ayının 5-də Ruhiyyənin həyətində işlədiyi vaxt Ruhiyyənin həyətində ot biçən aparat görmüşdür. İşdən sonra evə getmiş və evdə yemək yeyərkən spirtli içki qəbul etmişdir. Sərxoş vəziyyətdə qərara gəlmişdir ki, Ruhiyyənin həyətində gördüyü ot biçən aparatını oğurlayıb satsın. Evdən çıxaraq birbaşa Ruhiyyəgilin küçələrinə gəlmiş, Ruhiyyənin evinin qarşısında kamera olduğu üçün evin arxa tərəfindən hasardan həyətə tullanmışdır. Həyətdə olan tikilinin içərisindən ot biçən aparatını götürərək hasardan küçəyə tullanmışdır. Özü də hasardan küçəyə tullanaraq küçədən ot biçən aparatını götürüb evlərinə gəlmişdir. Həmin günü axşam saatlarında qonşuluqda yaşayan Davudla görüşmüş və iş yerindən pul əvəzinə ona otbiçən aparatı verildiyini deyərək həmin aparatı 40 manata satmaq istədiyini bildirmişdir. Davud ona bildirmişdir ki, gətirsin aparatı vəziyyətinə baxsın yaxşı olsa 30 manat verər. O da razılaşaraq gəlib həyətdən ot biçən aparatı götürüb Davudun yanına qayıtmışdır. Davud aparata baxdıqdan sonra aparatın nasaz olduğunu bildirmiş və 30 manata almaq istədiyini ona təklif etmişdir. O da onunla razılaşaraq həmin ot biçən aparatını Davuddan 30 manat alaraq satmışdır. Səhəri günü təkrarən Ruhiyyənin həyətində işləməyə getmişdir. xx.xx.2023-cü il tarixdə eyni ilə Ruhiyyənin həyətində işləyib axşam vaxtı evə getmişdir. Evdə yemək yeyərkən spirtli içki içmişdir. Spirtli içkinin təsirindən yadına düşmüşdür ki, Ruhiyyənin həyətində işləyərkən həyətdə olan tikilidə bir ədəd drel aparatı və bir ədəd qaynaq aparatı görmüşdür. Qərara gəlmişdir ki, gedib onları götürüb satsın. Evdən çıxıb birbaşa Ruhiyyəgilin məhləsinə gəlmişdir. Ruhiyyəgilin evinin arxa tərəfindən təkrarən hasardan həyətə tullanmışdır. Həmin vaxt kənarda və həyətdə heç kim olmamışdır. Həyətdə olan tikiliyə daxil olaraq orada gördüyü drel aparatını və qaynaq aparatını götürüb hasarın yanına gəlmişdir. Qaynaq aparatını və drel aparatını hasardan küçəyə qoymuş və özü də hasardan küçəyə keçmişdir. Qaynaq aparatı ilə drel aparatını götürüb birbaşa Davudgilin küçəsinə gəlmişdir. Davudun darvazasının qarşısında Davudu səsləmişdir. Davud küçəyə çıxdıqda bildirmişdir ki, işlədiyi yerdən işinin müqabilində ona bir ədəd qaynaq aparatı və bir ədəd drel aparatı vermişlər. Həmin aparatları satmaq istəyir. Davud dreli işlətdikdə görmüşdür ki, drel nasazdır. Qaynaq aparatına baxdıqda isə qaynaq aparatını almaq istədiyini bildirmişdir. O, Davuda bildirmişdir ki, qaynaq aparatını 50 manata satır. Davud isə bildirmişdir ki, 35 manata alar. Davudla razılaşmış, Davud ona 35 manat pul verərək qaynaq aparatını ondan alıb həyətlərinə aparmışdır. Drel aparatı isə nasaz olduğu üçün evə gətirmişdir. Səhəri günü təkrarən Ruhiyyənin həyətində işləməyə getmişdir. xx.xx.2023-cü il tarixdə günortadan sonra Ruhiyyənin həyətində işini qurtardıqdan sonra Ruhiyyədən işlədiyinin müqabilində 17 manat pul alıb evə getmişdir. Evə gedərkən dükandan spirtli içki olan araq almışdır. Evdə çörək yeyərkən arağı içmişdir. Sərxoş olduqdan sonra yadına gəlmişdir ki, həmin gün günorta vaxtı Ruhiyyənin həyətində işləyərkən tikilidə bir ədəd elektrik enerjisi tənzimləyən aparat və həyətində iki ədəd su matoru görmüşdür. Qərara gəlmişdir ki, gedib onları oradan götürüb satsın. Evdən çıxaraq birbaşa Ruhiyəgilin məhləsinə gəlmişdir. Ruhiyyəgilin evinin arxa hissəsindən təkrarən həyətlərinə tullanmışdır. Həyətə keçdikdən sonra tikiliyə girmişdir. Tikilidən qeyd etdiyi elektrik enerji tənzimləyici aparatını götürüb çıxmışdır. Həyətdə olan istilikxanaya quraşdırılmış iki ədəd matoru rezin borudan ayıraraq götürmüşdür. Motorları və elektrik enerji tənzimləyici aparatı həyətdən götürdüyü küçəyə qoyaraq həyətdən gəldiyi hasardan keçərək küçəyə çıxmışdır. Götürdüyü motorları və enerji tənzimləyən aparatı həyətlərinə gətirmişdir. Həmin axşamı onları sökərək içərilərində olan mis məftilləri çıxartmışdır. Boş qutular isə dəmir metal olduğu üçün ayrı qoymuşdur. Səhəri günü təkrarən Ruhiyyəgilə işləməyə getmişdir. Həmin günü günortadan sonra işdən çıxıb evə gəlmişdir. Evə gəldikdən sonra sökdüyü motorun və enerji tənzimləyən aparatdan çıxan mis və metalları Şirvan şəhəri Salyan dairəsinə yaxınlıqda olan metal qəbulu məntəqəsinə gətirib ümumilikdə 23 manata satmışdır. Pulu isə öz ehtiyacına xərcləmişdir. Səhəri günü təkrarən Ruhiyyəgilə işləməyə getmişdir. xx.xx.2023-cü il tarixdə Ruhiyyəgildə işləyib işini qurtardıqdan sonra axşamüstü vaxtı pulunu alıb evə getmişdir. Evdə yemək yeyərkən soyuducuda saxladığı spirtli içki olan arağı içmişdir. Yeyib-içdikdən sonra yadına gəlmişdir ki, günorta vaxtı Ruhiyyəgilin həyətində işləyərkən orada olan tikilidə bir ədəd mis materialdan olan yük avtomobilinin qızdırıcı cihazını görmüşdür. Qərara gəlmişdir ki, gedib onu götürüb satsın. Evdən çıxıb birbaşa Ruhiyyəgilin məhləsinə gəlmişdir. Eyni ilə arxa tərəfdən hasardan həyətə keçərək tikiliyə girmişdir. Orada olan bir ədəd avtomobil qızdırıcı cihazı götürüb həyətdən çıxmışdır. Birbaşa olaraq evlərinə gəlmişdir. Səhəri günü həmin qızdırıcı cihazı həyətlərində sökərək mis metalını çıxarıb Salyan dairəsinin yaxınlığında olan metal qəbulu məntəqəsinə 10 manata gətirib satmışdır. Ruhiyyəgildə iş qurtardığı üçün onlara bir daha getməmişdir. xx.xx.2023-cü il tarixdə evdə olduğu vaxt Ruhiyyə ona zəng vuraraq onu evlərinə çağırmışdır. Fikirləşmişdir ki, yəqin yenə də həyətlərində iş vardır. Evdən çıxıb birbaşa Ruhiyyəgilə getmiş, Ruhiyyəgilə çatdıqda Ruhiyyə həyətdə ona bildirmişdir ki, həyətdə olan tikiliyə qoyduqları ot biçən aparat oğurlanmışdır. O, bu barədə heç bir etiraf etməmişdir. Ruhiyyə bildirmişdir ki, kameralara baxdıracaq. Fikirləşmişdir ki, həmin vaxtlar sərxoş vəziyyətdə olmuş, ola bilsin ki, kamera görüntüsünə düşmüşdür. Bu səbəbdən də Ruhiyyəyə bildirmişdir ki, narahat olmasın axtarıb tapar. Ruhiyyəgildən çıxıb evə gəlmişdir. Fikirləşmişdir ki, oğurluq etdiyi ifşa olunacaq, bu səbəbdən də qərara gəlmişdir ki, Davuda satdığı ot biçən aparatını alıb aparıb yerinə qoysun. Evdən çıxıb Davudgilə gəlmişdir. Davuda bu barədə bildirmiş və aparatı qaytarmasını xahiş etmişdir. Davud bunu bilərək ot biçən aparatı ona qaytarmışdır. O da aparatı gətirib Ruhiyyəyə qaytarmışdır. Həmin oğurluqlardan sonra heç bir oğurluq hadisəsi etməmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, 2022-ci ilin avqust ayının 25-də həyat yoldaşı Kamran vəfat etmişdir. Həmin vaxtdan övladı ilə birlikdə evlərində yaşayırlar. Evdə kişi olmadığından həyətlərində işləri olanda qonşuluqda yaşayan Təqsirləndirilən şəxs fəhlə kimi çağırmış və gününə 17 manat zəhmət haqqı vermişdir. Təsərrüfata lazım olan avadanlıqları həyətlərində olan tikilidə saxlamışdır. Röyal da mütəmadi olaraq həyətlərində işlədiyi dövrdə həmin tikilidən lazım olan avadanlıqlardan götürüb həyətlərində işlətdikdən sonra yerinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə təsadüfən həyətlərində olan tikiliyə baxdıqda görmüşdür ki, tikilidə saxladığı avadanlıqlardan 01 ədəd ot biçən aparat, 01 ədəd drel aparatı, 01 ədəd qaynaq aparatı və 01 ədəd mərhum həyat yoldaşının avtomobilinə məxsus qızdırıcı cihaz orada yoxdur. O, dərhal həyətə göz gəzdirdikdə görmüşdür ki, əlavə olaraq həyətdə olan istixanadan 01 ədəd enerji tənzimləyici aparat və 02 ədəd su motorları istixanada yoxdur. O, dərhal fikirləşmişdir ki, həmin avadanlıqlar kənar şəxs tərəfindən oğurlanmışdır. İlk olaraq fikrinə gəlmişdir ki, həmin avadanlıqların tikilidə olmasından həyətində işləyən qonşusu Röyalın məlumatı olmuşdur. O, Röyala zəng vuraraq həyətlərinə çağırmışdır. Röyal həyətlərinə gəldikdən sonra bildirmişdir ki, həyətlərindən qeyd etdiyi avadanlıqlar oğurlanmışdır. Röyal ilkin olaraq məlumatı olmadığını bildirmişdir. O, Röyala sonuncunun əvvəllər də oğurluq cinayəti etdiyi üçün məhkum olunmasını, bu avadanlıqların oğurlanmasında ondan şübhələndiyini, həyətinə işləmək üçün tək onun gəlib getdiyini, həmin avadanlıqların yerini də onun bildiyini bildirmişdir. Röyal yenə də etiraf etmədiyi üçün inandırmışdır ki, həyətində olan kamera görüntüsünə düşmüşdür. Röyal ona bildirmişdir ki, avadanlıqlar oğurlanan hissəni kamera çəkmir, ona görə də kameraya düşə bilməz. O, Röyala bildirmişdir ki, kamera gizli yerdədir, görüntünü çıxarıb polisə verəcək. Bundan sonra Röyal həmin avadanlıqları özü oğurladığını etiraf etmiş və xahiş etmişdir ki, polisə müraciət etməsin, yaxın günlərdə həmin avadanlıqları gətirib yerinə qoyacaq. İki gündən sonra Röyal həyətində olan ot biçən aparatını və drel aparatını gətirmişdir. Həmin aparatlar yararsız vəziyyətdə və işləmədikləri üçün Röyala bildirmişdir ki, onun aparatlarını götürüb aparsın və işlək vəziyətdə qaytarsın. Röyal ona söz vermişdir ki, oğurladığı bütün əşyaları işlək vəziyyətdə gətirib qaytaracaq. Bu səbəbdən də o, fikirləşmişdir ki, Röyal oğurladığı əşyaları tam olaraq işlək vəziyyətdə gətirib qaytarar, buna görə də polisə müraciət etməmişdir. Həmin vaxtdan 20 gün keçməsinə baxmayaraq Röyala dəfələrlə xəbərdarlıq etməyinə baxmayaraq Röyal müxtəlif bəhanələr gətirərək həyətindən oğurladığı əşyaları gətirib qaytarmamışdır. Bu səbəbdəndə o, xx.xx.2023-cü il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs həyətində olan tikilidən 01 ədəd 200 manat dəyərində ot biçən aparatı, 01 ədəd 60 manat dəyərində drel aparatı, 01 ədəd 300 manat dəyərində qaynaq aparatı, 01 ədəd 700 manat dəyərində avtomobil qızdırıcı cihazını və istixanadan isə 01 ədəd 180 manat dəyərində enerji tənzimləyici aparat, 02 ədəd ayrıayrılıqda dəyəri 200 manat və 100 manat dəyərində su motorlarını oğurlamaqla ona ümumilikdə 1740 manat məbləğində maddi ziyan vurmuşdur. Sonradan ümumi dəyəri 560 manat olan 01 ədəd 200 manat dəyərində ot biçən aparatı, 01 ədəd 60 manat dəyərində drel aparatı, 01 ədəd 300 manat dəyərində qaynaq aparatı qaytarmışdır. Lakin ümumi dəyəri 1180 manat təşkil edən 01 ədəd 700 manat dəyərində avtomobil qızdırıcı cihazını və istixanadan isə 01 ədəd 180 manat dəyərində enerji tənzimləyici aparatı, 02 ədəd ayrıayrılıqda dəyəri 200 manat və 100 manat dəyərində su motorlarını qaytarmamışdır. Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, arabir qaynaq aparatı ilə məşğul olur. Bir neçə müddət əvvəl qonşusu Röyal onun yaşadığı evə gəlmiş, əlində elektrikli ot biçən aparatı və kiçik qaynaq aparatı görmüşdür. Röyal ona həmin aparatları işlədiyi işin əvəzində kiminsə verdiyini bildirmişdir. Sonra ona 30 manata ot biçən aparatı, 35 manata isə qaynaq aparatını satmaq istədiyini, əks təqdirdə həmin əşyaları metal qəbulu sexinə verəcəyini bildirmişdir. O da həmin ot biçən aparatı 30 manat pula, 35 manata isə qaynaq aparatını Röyaldan almışdır. Həmin aparatları həyətdə hamama qoymuşdur. Təxminən 1 həftə sonra Röyal yenə də onlara gəlmiş, həmin ot biçən aparatı qonşuları olan dünyasını dəyişmiş Kamranın həyətindən oğurladığını və Kamranın həyətində olan görüntü kamerasına düşdüyünü bildirmişdir. O, Röyalı biraz danladıqdan sonra ot biçəni gətirib qaytarmışdır. Röyal ona qaynaq aparatının oğurluq olmadığını bildirmişdir. Həmin vaxt qasəbə icra nümayəndəliyi ona zəng edərək onda qaynaq aparatı olduğunu və həmin aparatın Röyal tərəfindən oğurlandığını və Kamrana məxsus olduğunu bildirmişdir. O da həmin aparatı aparıb kənd icra nümayandəliyində Kamranın qardaşı Kamilə vermişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı qəsəbənin icra nümayəndəsi ona zəng edərək idarəyə çağırmışdır. Orada Şirvan şəhər polis şöbəsinin əməkdaşları ona özlərini təqdim etdikdən sonra, onu polis şöbəsinə dəvət etmişlər. Röyalın ona satdığı ot biçən və qaynaq aparatını oğurlayaraq ona satmasından məlumatı olmamış, Röyal ona aparatları satanda bildirmişdir ki, işlədiyi işin əvəzində ona vermişlər və pula ehtiyacı olduğu üçün satır. Sonradan ona məlum olmuşdur ki, Röyal həmin aparatları qəsəbə sakini olan Ruhiyyə adlı qadının həyətindən oğurlayaraq ona satmışdır. O da bu səbəbdən ot biçəni Röyala qaytarmışdır ki, aparıb camaatın malını geri qaytarsın. Qaynaq aparatını isə oğlu Vüsala vermişdir ki, aparıb Ruhiyyənin qaynı Kamilə versin. Həmin gün də oğlu Vüsal qaynaq aparatını Ruhiyyənin qaynı Kamilə vermişdir. Həmin aparatları qaytardıqdan sonra Röyaldan verdiyi ümumilikdə 65 manat pulu istəməmiş və bilmişdir ki, oğurluqdur, sahibinə qaytarılmalıdır. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsidir. İş materiallarında olan baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi ot biçən apparat işlək vəziyyətdədir, aparatın bir tərəfində motor hissəsi, bir tərəfində isə ot biçmək üçün nəzərdə tutulmuş mişar vardır, aparatın motor hissəsində elektrik naqili vardır. Təqdim olunmuş qaynaq aparatı qara rəngdə olmaqla tutmaq üçün əl tutacağı vardır, qaynaq aparatı işlək vəziyyətdədir. Təqdim olunmuş drel aparatının əsası yaşıla bənzər rəngdədir, drel aparatının aşağı hissəsi paslanmış vəziyyətdədir, başlığında sverlosu yoxdur, drel işlək vəziyyətdə deyil. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 25 iyun 2023-cü il tarixli, 103 nömrəli arayışdan görünür ki, xx.xx.2023-cü il tarixində 01 ədəd “URALMAŞ” markalı otbiçən aparatının qiyməti 200 manat, xx.xx.2023-cü il tarixində 01 ədəd “İNTERSKOL” markalı drel aparatının qiyməti 60 manat və 01 ədəd “Kempi SS-103” markalı qaynaq aparatının qiyməti isə 300 manat olmuşdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 04 iyul 2023-cü il tarixli, 56267-2022/10-25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilən azadlığın məhdudlaşdırılması ilə bağlı hökmü xx.xx.2022-ci il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum xx.xx.2022-ci il tarixdə qeydiyyata düşmüşdür. xx.xx.2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasının 01 il 02 ay 26 günü çəkilmiş, 09 ay çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 05 may 2023-cü il tarixdə axşam saatlarında qonşusu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, həmin tikilidən zərərçəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd 200 manat dəyərində ot biçən aparatı gizli talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla, bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 09 may 2023-cü il tarixdə axşam saatlarında qonşusu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, həmin tikilidən zərərçəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd 60 manat dəyərində drel aparatı və 01 ədəd 300 manat dəyərində qaynaq aparatını gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 360 manat məbləğində maddi ziyan vurmaqla, bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 15 may 2023-cü il tarixdə axşam saatlarında qonşusu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə saxlanc yeri hesab edilən istixanaya qanunsuz daxil olaraq, həmin istixanadan zərərçəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd 180 manat dəyərində enerji tənzimləyici aparatı, 01 ədəd 200 manat dəyərində su matorunu və 01 ədəd 100 manat dəyərində su matorunu gizli talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 480 manat məbləğində maddi ziyan vurmaqla, bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 21 may 2023-cü il tarixdə axşam saatlarında qonşusu Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətinə, oradan isə saxlanc yeri hesab edilən tikiliyə qanunsuz daxil olaraq, həmin tikilidən zərərçəkmiş şəxsin qiymətləndirdiyi 01 ədəd 700 manat dəyərində avtomobil qızdırıcı cihazını gizli talayıb, Zərərçəkmiş şəxs həmin məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay müddəti CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 01 ədəd ot biçən aparatın, 01 ədəd qaynaq aparatının, 01 ədəd drelin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. Zərərçəkmiş şəxsə 01 ədəd 700 manat dəyərində avtomobil qızdırıcı cihazının və istixanadan isə 01 ədəd 180 manat dəyərində enerji tənzimləyici aparatın, 02 ədəd ayrıayrılıqda dəyəri 200 manat və 100 manat dəyərində su motorlarının oğurlanması nəticəsində dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 (doqquz) ay müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 04 (dörd) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 14 iyun 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd ot biçən aparatın, 01 ədəd qaynaq aparatının, 01 ədəd drelin zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxsə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar