Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-22/2024 20.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12.30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin 07 iyul 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (köhnə redaksiyada) ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,189 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 03 sentyabr 2023-cü il tarixdə, saat 21:50-də Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Nizami küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sol yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,189 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə Nuranə Əhmədzadə ilə birlikdə mağazadan çıxarkən polis əməkdaşları onlara yaxınlaşmış və polis şöbəsinə aparmışlar. Orada ona təzyiq göstərilmiş və üzərinə narkotik vasitə qoyulmuşdur. Həmin narkotik vasitə ona məxsus olmayıb. Saxlanıldığı gün üzərində heç bir qanunsuz əşya olmamışdır, yalnız, şəxsi əşyaları olmuşdur. Məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə, saat 10 radələrində yaşadığı küçədə gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş və həmin sellofan bükümü yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə heroin olduğunu görmüş, həmin bükümü özüm ilə götürmüşdür ki, sonradan istifadə edər. 03 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində şəhərin Nizami küçəsində tanışı Təqsirləndirilən şəxs ilə birlikdə olarkən polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim edib, özlərini şübhəli apardıqlarında onları polis şöbəsinə dəvət etmişlər. Onlar da polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına vəkil dəvət edilmiş, hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video müşahidə vasitəsi ilə aparılacağı və buna etirazının olub olmadığı soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyini təklif etmişlər və o da, əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş və şifahi sorğulara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan kütlə narkotik vasitə heroindir, yerdən tapmışdır və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamış, sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmış, daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq orada imza etmiş, ondan başqa vəkil və polis əməkdaşlarıda həmin protokolda imza etmişlər. Ona Şirvan şəhər PŞ-də heç bir fiziki və mənəvi təzyiq olunmamış, o, Nuranə Əhmədzadənin üzərində narkotik vasitə olmasını bilməmiş, üzərində narkotik vasitə olması barədə Nuranə Əhmədzadəyə bir söz deməmişdir. ( i.v 55-56) Təqsirləndirilən şəxs təqsirli olması ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və digər istintaq hərəkəti protokolları, 1 ədəd DVD diskdə olan videogörüntü, ekspertiza rəyləri, maddi sübut və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 03 sentyabr 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs və X1 şəhəri ərazisində qanunsuz olaraq üzərində narkotik vasitə saxlamaqla məşğul olur. Bununla əlaqədar tərəfindən təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, 03 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində o, Şirvan şəhər PŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid2 və PPXB-nin polis nəfəri Şahid3 ilə birlikdə Şirvan şəhəri, Nizami küçəsində getmişlər. Həmin küçədə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs və Nuranə Əhmədzadəni görmüşlər, yaxınlaşdıqda sonuncular onların polis əməkdaşı olduqlarını görüb özlərini şübhəli apararaq onlardan yayınıb getmək istəmişlər. Buna baxmayaraq onlarla birlikdə Şirvan şəhər PŞ-nə gəlmiş, polis şöbəsində Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra isə üzərində axtarış aparılmış, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin 1 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuş, şifahi sorğulara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd sellofan bükümdə olan kütlə narkotik vasitə heroindir və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamış, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Bundan başqa o bildirmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanımış, onun Şirvan şəhər ərazisində üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə ona məlumat daxil olmuş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və X2 Allahverdiyevin göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 03 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 sentyabr 2023-cü il tarixdə saat 21:50-də polis əməkdaşları tərəfindən saxlanılmış, hüquqları məhdudlaşdırılmış, həmin tarixdə saat 22:35-də şübhəli şəxs qismində tutulmuş, Təqsirləndirilən şəxs 05 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan edilmiş, 05 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Məhkəməsinin qərarı ilə 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v 25-26, 64-65) Şəxsi axtarış və götürmə aparılması haqqında 03 sentyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. (i.v. 29-31) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, üzərində olan 1 ədəd sellofan bükümündə narkotik vasitə olan heroin olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd sellofan büküm çıxarılır. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd məftil aşkar edilərək götürülmüş üzərindən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilərək götürülmüş bir ədəd sellofan bükümündə olan maddə elektron tərəzi vasitəsi ilə çəkildikdə qablaşdırma ilə birlikdə çəkisi- 0,76 qram olması müəyyən olunmuşdur. Bundan sonra maddə zərfə qoyularaq qablaşdırılır. (i.v 31) Məhkəmə-kimyəvi ekspertizasının 04 sentyabr 2023-cü il tarixli 18/873 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən... ” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,189 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata sərf edildi-0,05 qram, qalıq-0,139 qram. (i.v 37-40) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, 240 saat ictimai işlər cəzasına məhkum olunmuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2012ci il tarixli hökmü ilə AR CM-nin 177.2.2, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək, 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə cəzasının sonu ilə azad olumuşdur. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının sonu ilə azad edilmişdir. (i.v.78-79, 80-82) Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞ-nin 23 sentyabr 2023-cü il tarixli 708 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ŞMP-nin ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v 85) Məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 6061 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. (i.v 96-97) Sübutların qiymətləndirilməsi haqqında 29 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, 1 ədəd DVD diskdə olan videogörüntülər, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut kimi qiymətləndirilir. (i.v 102-107) Şirvan şəhər Məhkəməsinə 06 fevral 2024-cü il tarixdə daxil olmuş,17 oktyabr 2023cü il tarixli cinayət işi başlamasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı alınmış izahat və məhkəmə-tibb ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmamışdır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (köhnə redaksiyada) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin özünü təqsirli bilmədiyi məzmunda verdiyi ifadəsinə tənqidi yanaşaraq, aparılan istintaq zamanı onun təqsirliliyini təsdiq edən, heç bir şübhə və ziddiyyət yaratmayan iş materialları və şahid ifadələri ilə təkzib olunması səbəbindən bunu özünü müdafiə xarakterli cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hazırda əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, cəzasını çəkdikdən sonra isə təkrar eyni əməl törətməsini, bununla da islah olunmamasını diqqətdən qaçırmır və bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının 22 sentyabr 2023-cü il tarixli, 6061 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X7 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,139 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (köhnə redaksiyada) ilə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 03 sentyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X8 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,139 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – 01 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-22/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-22/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver