Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-221/2023 05.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16.25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ndə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Belə ki, o, 18 iyun 2023-cü il tarixdə, saat 02 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanındakı fərdi yaşayış evinə həyətin hasarından aşmaq yolu ilə qanunsuz daxil olduqdan sonra həyətyanı sahədə yerləşən hindən 4 ədəd 50 manat dəyərində hər birinin diri çəkisi 5 kiloqram olan “Brama” cinsli toyuqları və 11 ədəd 154 manat dəyərində hər birinin diri çəkisi 2.5 kiloqram olan toyuqları gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 354 (üç yüz əlli dörd) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır. 18 iyun 2023-cü il tarixdə, saat 02-03 radələrində yaşadığı ünvan 4 ünvanında yerləşən həyət evindən küçəyə çıxmış, pul lazım olduğu üçün oğurluq etmək qərarına gəlmiş, həmin məqsədlə Şirvan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən Zərərçəkmiş şəxs məxsus həyət evinin hasarından aşıb həyətə daxil olmuşdur. Həyətdə hin olduğunu görmüş, hinin qapısını açıb hinə daxil olmuş, hində olan təxminən 14,15 ədəd toyuğu özü ilə birlikdə gətirdiyi sintetik torbaya qoyaraq eyni üsulla hasardan aşmaq yolu ilə küçəyə çıxmışdır. Oğurlamış olduğu toyuqları 18 iyun 2023-cü il tarixdə, saat 05-06 radələrində Sabirabad yolunun üzərində yerləşən bazara aparmış, bazarda toyuqları tanımadığı şəxslərə bir-bir satmış, ümumilikdə 85 manat pul əldə etdikdən sonra həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Əməlindən peşmandır, zərərçəkmiş şəxsə dəymiş ziyanı qohumları tam şəkildə ödəmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o yaşadığı evin həyətində olan hində toyuq saxlayır. Ümumilikdə 17 ədəd toyuğu olub. Həmin toyuqlardan 15-i hində 2-i isə hindən çöldə yatır. xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə, gecə saatlarında həyətədən səs-küy səsləri eşitsə də reaksiya verməmiş və həyətə düşməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində yuxudan oyandıqdan bir qədər sonra həyətə düşmüş, həyətdə toyuqlara dən vermək üçün gedən zaman hinin qapısının açıq olduğunu görmüş, hinə daxil olan zaman isə hində olan 4 ədəd “Brama” cinsli hər birinin diri çəkisi 5 kiloqram olan toyuğun və 11 ədəd hər birinin diri çəkisi 2.5 kiloqram olan toyuğun oğurlandığını müəyyən etmiş, sonra Şirvan ŞPŞ-nə gələrək ərizə ilə müraciət etmişdir. Oğurlanmış 4 ədəd “Brama” cinsli toyuqlar hər biri 50 manat, 11 ədəd toyuğun isə hər biri 14 manat dəyərindədir. Oğurluq nəticəsində ona ümumilikdə 354 manat məbləğində maddi ziyan dəymişdir. Ərizə təqdim edərək dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 18 iyun 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış sahəsidir. (i.v 7-9) 25 iyun 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ünvan 5 ünvanında ifadəsi yerində yoxlanılmış, ifadənin yerində yoxlanması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiklərini əyani olaraq göstərmişdir. (i.v.78) Şirvan şəhəri, "xxxx" LTD MMC-nin direktoru Əvəzağa Həsənovdan daxil olmuş 27 avqust 2023-cü il tarixli arayışdan görünür ki, 18 iyun 2023-cü il tarixə 11 ədəd (hər birinin diri çəkisi 2.5 kiloqram olan) toyuğun hər birinin orta bazar qiyməti qiyməti 11 manat olmaqla ümumilikdə 154 manat, 4 ədəd “Brama” cinsli (hər birinin diri çəkisi 5 kiloqram olan) toyuğun orta bazar qiyməti qiyməti 50 manat olmaqla ümumilikdə 200 manat təşkil edir. (i.v. 90) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. ( i.v. 69-70) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13cü maddəsinə əsasən, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 il 5 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, barəsində olan yüngülləşdirici halları, onun əvvəllər məhkumluq həyatı yaşamasını, hazırda yenidən qəsdən cinayət törətməklə islah olunmamasını,diqqətdən qaçırmır və əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə maddi sübutlar, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 25 iyun 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-221/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-221/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver