Məhkəmə qərarları › İş №1(032)-222/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-222/2023

12.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-222/2023 12.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 16.00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 0,409 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, 12 iyun 2023-cü il tarixdə, saat 12 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Şirvan şəhəri Xanlar küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,409 qram psixotrop maddə metamfetamin əynində olan boz rəngli qısa parça şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, psixotrop maddə metamfetamindən istifadə edir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı Şirvan şəhəri, Xanlar küçəsində piyada gəzən zaman yerdə bir ədəd sellofan büküm görmüş və həmin büküm onun marağını cəlb etdiyi üçün bükümü yerdən götürüb açıb içərisinə baxan zaman tanıdığı üçün metamfetam olmasını bilib, şalvarının yan cibinə gələcəkdə istifadə etmək məqsədilə qoymuşdur. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı Şirvan şəhəri Xanlar küçəsində piyada hərəkət edən zaman bir neçə şəxs ona yaxınlaşıb polis əməkdaşları olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ona üzərində narkotik vasitə və ya psixotrop maddə saxlamağında və istifadə etməyində şübhəli olduğunu bildirib onu ŞPŞ-nə dəvət etmişlər. ŞPŞ-də polis əməkdaşlarının, vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmışdır. Axtarış aparılan zaman polis əməkdaşı ondan üzərində narkotik vasitə, psixotrop maddə və ya hər hansı bir qanunsuz əşya olub-olmamasını soruşub, olduğu halda könüllü təqdim etməyini təklif etdikdə o da üzərində olan boz rəngli qısa parça şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü və iki ədəd mobil telefonu çıxarıb polis əməkdaşlarına təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Həmin bükümün içərisi açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetaminə bənzər maddənin olması müəyyən edilmişdir. Daha sonra polis əməkdaşları tərəfindən üzərində axtarış aparılmış, hər hansı bir qanunsuz əşya aşkar olunmamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə icraatına Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə, üzərində gəzdirməkdə və satışı ilə məşğul olmaqla şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 və TB-nin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradılmış, sonra saat 12:00 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Xanlar küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşıb, özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli xətli şalvarının sağ yan cibindən bir ədəd sellofan bükülüsü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu bildirib şalvarının sol yan cibindən “Samsung” və “İnoi” markalı mobil telefonuda təqdim etmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə psixotrop maddə metamfetamini xx.xx.2023-cü il tarixdə səhər saatlarında tapdığını bildirmişdir. Şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində də Şahid2 göstərdiyi xüsusatları bir daha təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 249-250) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Təqsirləndirilən şəxs 12 iyun 2023-cü il tarixdə, saat 12:00-də saxlanılmış, həmin tarixdə, saat 12:45-də şübhəli şəxs qismində tutulmuş, 14 iyun 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir.(i.v. 21-22, 64-71) Şəxsi axtarış və götürmə aparılması haqqında 12 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan boz rəngli xətli qısa şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümündə psixotrop maddə olan metamfetaminə bənzər kütlə və “Samsung” və “İnoi” markalı mobil telefon aşkar olunmuşdur. Protokol təqsirləndirilən şəxs, müdafiəçi və şahidlər tərəfindən imzalanmışdır. (i.v 29-30) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan boz rəngli xətli qısa şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü və “Samsung” və “İnoi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində psixotrop maddə ola metamfetamin olduğunu bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/626 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-0,409 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata sərf edildi - 0,05 qr, qalıq-0,359 qr. (i.v.38- 39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Şirvan regional bölməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 18/769 №-li məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 02 ədəd bükümdə olan psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli deyildir. (i.v.283-286) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 3505 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs sintetik opioidlərin və opioidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. (i.v.256-257) Məhkəmə-psixiatriya ekspertizasının xx.xx.2023-cü il tarixli, 1562 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal hazırkı psixiatrik müayinənin nəticələri və s sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı pisixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqəti pozulması, kəmağıllıq qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs iş üçün əhəmiyyət kəsib edən halları düzgün qavrayıb dərk etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs hal-hazırda xroniki psixi xəstəlik psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq qeyd olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə məcburi mülaicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hər hansı psixi (ruhi) xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs hazırkı psixi vəziyyətinə görə tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (i.v.275-277) Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən təyin edilən 2 il 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 10 ay 26 gün müddətə azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Şirvan şəhər Məhkəməsinin qərarı ilə cəzası 07 ay 11 gün azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. xx.xx.2021-ci il tarixdə Salyan rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azadılmış və cəzadan dərhal azad edilmişdir. (i.v. 182-183) Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını, səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən əməlində cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X6 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,309 qram çəkidə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəllər də eyni cinayət əməli üzrə məhkum olunmasını, barəsində təyin edilən azadlıqdan məhrumetmə cəzasının çəkilməsi zamanı üzərinə qoyulmuş vəzifələrini yerinə yetirməməsi səbəbindən həmin cəzanın azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsini, onun cəzaçəkməyə münasibətini diqqətdən qaçırmır və iş üzrə yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikas CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu, 12 sentyabr 2023-cü il tarixədək ev dustaqlığında olduğu, ümumilikdə 03 ay müddət, təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq, üzərində 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X6 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,309 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar