Məhkəmə qərarları › İş №1(032)-225/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-225/2023

11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-225/2023 11.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11:25-də Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X2 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə saat 11 radələrində şəxsi münasibətlərin pozulması zəmnində atası Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ona hər gün spirtli içki qəbul etməsinə dair irad tutduğuna görə yaşadıqları ünvan 2 ünvanında yerləşən evin mətbəxində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ əl nahiyəsinə bir dəfə qəsdən vuraraq ona “sağ əlin arxa səthində dəri cırılması, hematoma və sağ əldə hərəkət məhdudluğu” ilə müşaiyət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, əvvəllər atası Zərərçəkmiş şəxs ilə arasında ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 08-də yaşadığı evdə yuxudan oyanmış və səhər yeməyi yemiş, bundan sonra o, televizora baxmış, həmin vaxt evdə ondan başqa atası Zərərçəkmiş şəxs da olmuşdur. O, təxminən saat 11:00 radələrində evdə olan soyuducunun yanına getmiş, soyducudan “bizon” adlı içki götürmək istəmiş, bu vaxt atası Mikayıl onun yanına gələrək onu danlamağa başlamış, ona “sən çox içirsən, bəsdi səninki, səhər tezdən də yuxudan duran kimi yenə soyuducudan içki götürüb içmək istəyirsən” sözlərini demiş, o da atası Mikayıla “mən soyuducudan içki götürmürəm, bizon adlı enerii içkisi götürürəm” sözlərini demiş, buna cavab olaraq Mikayıl ona “kəs səsini küçük mənə yalan danışma” deyib onu təhqir etmiş, o da atası Mikayıla onu təhqir etməməsini və haqsız yerə danlamamasını bildirmişdir. Bundan sonra atası Mikayıl yenə də onu danlamaqdan və təhqir etməkdən əl çəkməmiş, o da buna görə əsəbiləşmiş, həmin soyuducunun yanında atasını yumruqla vurmuş, soyuducuya itələyərək döyüb ona xəsarət yetirmişdir. Sonra o, evdən çıxıb getmiş, bir neçə saat sonra ona atası Mikayılın döyülməyi barədə polisə müraciət etməsi məlum olmuş, mübahisəyə səbəb atasının onu təhqir etməsi və haqsız yerə danlaması üstündə olmuş, həmin vaxt orada o və Zərərçəkmiş şəxs olmuş, kənar şəxslər toplaşmamış, mübahisə təxminən 5 dəqiqə davam etmiş, o, Zərərçəkmiş şəxs yumruqla sinəsinə, əlinə və bədəninə vurmuş və soyuducunun üstünə itələmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışıq üçün dəfələrlə cəhd etsə də baş tutmamışdır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə aralarında əvvəllər ədavət və ya düşmənçiliyi olmamış, xx.xx.2023-cü il tarixdə səhər saat 08:30-də yaşadığı evdə yuxudan oyanmış, səhər yeməyi yemiş, həmin vaxt evdə ondan başqa oğlu Təqsirləndirilən şəxs da olmuşdur. Təxminən saat 11:00 radələrində hamamda əlüzünü yumuş, hamamdan çıxdıqda Talehin evdə olan soyuducunun yanında olduğunu və oradan içki götürüb içmək istədiyini görmüş, bu vaxt o, Talehin yanına gələrək Talehi danlamağa başlamış, Talehə “sən çox içirsən, bəsdi səninki, səhər tezdən də yuxudan duran kimi yenə soyuducudan içki götürüb içmək istəyirsən” demiş, Taleh də ona “içirəm yaxşı edirəm” demiş, buna cavab olaraq o da Talehə “kəs səsini hələ bir yaxşı iş görəndəki kimi fəxrlə də deyirsən” demiş, bu vaxt Taleh də həmin soyuducunun yanında onu yumruqla vurmuş və soyuducuya itələyərək onu döyüb xəsarət yetirmişdir. Bundan sonra isə Taleh evdən çıxıb getmiş, daha sonra o da Talehin onu döyməyi barədə polisə müraciət etmiş, mübahisəyə səbəb Talehin çox içki içməsi üstündə onun Talehi haqlı olaraq danlamağına görə olmuş, həmin vaxtı orada o və Təqsirləndirilən şəxs olmuş, onlardan başqa orada heç kim olmamış və oraya kənar şəxslər gəlməmişdir. Mübahisə və dava təxminən 5 dəqiqə davam etmiş, Təqsirləndirilən şəxs onu yumruqla sinəsinə, əlinə və bədəninə vurmuş, onu soyuducunun üstünə itələmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ona cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 19 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvan 3 ünvanına gedilmiş, hadisənin baş verdiyi evin mətbəx hissəsində Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs tərəfindən döyülərək xəsarət aldığı yer göstərilmiş , hadisə yerinə baxış keçirilərək evin 3 otaqlı yaşayış evi olması, hadisənin mətbəxdə soyuducunun qarşısında baş verməsi, hadisə yerində hər hansısa videomüşahidə kamerasının olmaması və hadisə baş verən yerin yaşayış sahəsi daxil olmaqla ictimai yer hesab edilməməsi müəyyən olunmuşdur. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 19 iyul 2023-cü il tarixli, 342 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər sağ əlin arxa səthində dəri cırılması, hematoma, sağ əldə hərəkət məhdudluğu kimi - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 19 iyul 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarında olan Ambulator məhkəmə psixiatrik ekspertizasının 17 avqust 2023cü il tarixli, 2310 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hal-hazırda üzvi şəxsiyyət pozuntusu aşkar olunur. X1 aşkar edilən “üzvi şəxsiyyət pozuntusu” onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə yəni 19 iyul 2023-cü il tarixdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda da, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hal-hazırda qeyd olunan “üzvi şəxsiyyət pozuntusu” onu öz hərəkətlərini idarə etmək və qiymətləndirmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 24 iyul 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 25 iyul 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 19 iyul 2023-cü il tarixdə saat 11 radələrində şəxsi münasibətlərin pozulması zəmnində atası Zərərçəkmiş şəxs ilə aralarında sonuncunun ona hər gün spirtli içki qəbul etməsinə dair irad tutduğuna görə yaşadıqları ünvan 2 ünvanında yerləşən evin mətbəxində baş vermiş mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sağ əl nahiyəsinə bir dəfə qəsdən vuraraq ona “sağ əlin arxa səthində dəri cırılması, hematoma və sağ əldə hərəkət məhdudluğu” ilə müşaiyət olunan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sağlamlığının qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq üçün cəhd etməsini, əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar