Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-226/2023 05.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:20-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığına qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 01 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində ünvan 1 ünvanında Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı qəsdən sonuncunu yumruq və təpiklə üz və bədənin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq, Zərərçəkmiş şəxs sol paraorbital nahiyədə şişkinlik-qançır, sol gözün ağlı qişasında qansızma, üst və alt dodağın qırmızı haşıyəsində qansızma, dilin sol yan səthində əzilmiş-cızılmış yara, hər iki bazunun yuxarı 1/3-də, sol budun orta 1/3-də qançırlar kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə münasibətləri əvvəllər yaxşı olmuş, aralarında ədavət və dava-dalaş olmamışdır. Sonuncu dəfə 01 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində Şirvan şəhərində yerləşən evdə olan zaman Ülviyyə ona “sən başqa qadınla münasibətdəsən” demiş, bu səbəbdən aralarında sözlə mübahisə yaranmış, mübahisə zamanı Ülviyyə onu nalayiq ifadələrlə təhqir etmişdir. O, bundan əsəbləşərək Ülviyyənin üz və bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurmuş, sonra Ülviyyə yerə yıxılmış və qışqırmağa başlamışdır. Həmin vaxt o, Ülviyyədən uzaqlaşmışdır. Aralarında olan mübahisə zamanı yaşadıqları evdə ikisindən başqa heç kəs olmamış, mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir. Əməlindən peşmandır. Cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, əri Təqsirləndirilən şəxs ilə aralarında həmişə qısqanclıq üstündə dava-dalaş olmuşdur. 01 sentyabr 2023-cü il tarixdə, saat 23:30 radələrində yaşadıqları ünvan 1 ünvanında olan zaman əri Qabilin tanımadığı bir nəfər qadınla mobil telefonda danışmasının şahidi olmuş, sonra o, ərinə yaxınlaşaraq iradını bildirmiş, həmin vaxt Qabil onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Qabil onun üzərinə hücum edərək baş və bədən nahiyələrinə yumruq və təpiklə bir neçə dəfə zərbə vurmuşdur. O, zərbələrin təsirindən yerə yıxılmış və qışqırmağa başlamışdır. Sonra Qabil ondan uzaqlaşmış, həmin zərbələr nəticəsində ağız, dodaq, baş nahiyəsindən xəsarət almışdır. Aralarında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə zamanı ətrafda heç kəs olmamış, evdə tək olmuşlar. Hazırda ondan şikayətçidir və ən ağır formada cəzalandırılmasını xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şirvan şəhər mərkəzi xəstəxanasının 07 sentyabr 2023-cü il tarixli, 6-35/2-670/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-da ruhi-əsəb və narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. (i.v. 43) Hadisə vaxtı ictimai qaydanın pozulub-pozulmamasını müəyyən etmək üçün Şirvan şəhər polis şöbəsinin İTB-nə verilmiş raporta cavab olaraq 10 sentyabr 2023-cü il tarixli raportda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə vaxtı ictimai qayda pozulmamış, həmin hadisəni faktiki olaraq həmin ərazidə yaşayan şəxslər tərəfindən görən olmamışdır. (i.v. 45) Məhkəmə-tibbi ekspertizasının 02 sentyabr 2023-cü il tarixli, 461 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunan xəsarətlər-sol paraorbital nahiyədə şişkinlik-qançır, sol gözün ağlı qişasında qansızma, üst və alt dodağın qırmızı s haşıyəsində qansızma, dilin sol yan səthində əzilmiş-cızılmış yara, hər iki bazunun yuxarı 1/3də, sol budun orta 1/3-də qançırlar-küt əşyanın təsirindən törənmiş, qərarın təsviri hisəsində göstərilən 01 sentyabr 2023-cü tarixdə kənar şəxs tərəfindəın yumruqla vurma nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 21-22) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 44) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə cinayət qanunu ilə əməli törətmiş şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə cinayət qanunu ilə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, cinayət qanunu ilə əməli törətmiş şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, təqsirləndirilən şəxsin yaşını, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasının aşağı həddində cərimə cəzasının təyin olunmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 ( bir min) manat cərimə cəzasına məhkum edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-226/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-226/2023
05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver