Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-227/2023 14.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12.30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin 03 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 6,24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, xx.xx.2023-cü il tarixdə, saat 13:40 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində yaşadığı Şirvan şəhəri 1 may küçəsində idarə etdiyi “Mersedes C200” markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə hərəkətdə olarkən saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibində bir ədəd kibrit qutusunda təmiz çəkisi 6, 24 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanna aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. xx.xx.2023-cü il tarixdə, səhər saat 10 radələrində yaşadığı evin yaxınlığında gəzərkən yerdə bir ədəd kibrit qutusu görmüş və açıb içinə baxdıqda həmin kibrit qutusunun içində qurudulmuş marixuna kütləsinin olmasını görmüşdür. Bundan sonra o, həmin kibrit qutusunu götürüb üzərində saxlamışdır ki, sonra istifadə edər. Həmin kibrit qutusu üzərində olan zaman o, idarə etdiyi “Mercedes C200” markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə Şirvan şəhəri, 1 may küçəsində hərəkətdə olarkən Şirvan şəhər PŞ-nain DYPB-nin əməkdaşları ona “Saxla” işarəsi vermiş yaxınlaşıb özlərini təqdim etmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış və baxış aparılacağını demiş, birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, üzərində olan 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung 03” markalı mobil telefon və 40 manat pul aşkar edilərək götürülmüş üzərindən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda olan qurudulmuş marixuana elektron tərəzi vasitəsi ilə çəkildikdə kibrit qutusu ilə birlikdə 9,40 qram olması müəyyən olunmuşdur. Bundan sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra protokola imza etmişdir. Həmçinin idarə etdiyi “Mercedes C200” markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməsinə etirazının olub-olmaması soruşulmuş, heç bir etirazının olmadığını bildirib bu barədə ərizə ilə müraciət etdikdən sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş bütün iştirakçılar kimi protokola imza etmişdir. Hesab edir ki, əvvəllər də barəsində təyin olunmuş cəza onu islah etməmiş, yetərsiz və yüngül olmuşdur, barəsində daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan videogörüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən ona məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, L.İbrahimov küçəsi, ev 26 mənzil 80-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik vasitələr əldə edib üzərində saxlamaqla, istifadəsi ilə məşğul olmaqda və satmaqda şübhəlidir. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, Şirvan şəhər PŞ-nin DYPB-nin YPX-nin baş inspektoru Şahid2 və TB-nin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Bundan sonra saat 13:40 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, 1 may küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs istifadəsində olan “Mercedes C 200” markalı **-EA- *** dövlət qeydiyyat nömrə nişanlı avtombil ilə hərəkətdə olmasını görüb saxla işarəsi verib saxlatdırdıqdan sonra yaxınlaşıb özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, istifadəsi etməsi və satışı ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Samir Məmmədov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd kibrit qutusu çıxarıb masanın üzərinə qoymuş və həmin kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Təqsirləndirilən şəxs əynində olan qara şalvarnın sağ yan cibindən bir ədəd “Samsung 03” markalı mobil telefon və 40 manat pul aşkar edilərək götürüldükdən sonra hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotikə bənzər maddə aşkar olunmadığı üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuanaya bənzər maddə elektron tərəzi vasitəsi ilə kibrit qutusu ilə birlikdə çəkildikdə 9.40 qram olması müəyyən edilmiş, təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Bundan sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes C200” markalı, **-EA-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməsinə etirazı olub-olmaması soruşulmuş, o da heç bir etirazının olmadığını bildirib bu barədə ərizə ilə müraciət etdikdən sonra idarə etdiyi avtomobilə baxış keçirilmiş, lakin avtomobildən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Bundan sonra bu barədə protokol tərtib olunmuş bütün iştirakçılar kimi protokola imza etmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir sübut, hal müəyyən edilməmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin YPXnin baş inspektoru Şahid2Yusif oğlu Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 98-100) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxsin tutulması haqqında qəradan görünür ki, Təqsirləndirilən şəxs 10 iyul 2023-cü il tarixdə saat 13:40-da polis əməkdaşları tərəfindən saxlanılmış, həmin tarixdə, şübhəli şəxs qismində tutulmuş, 12 iyul 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 70-76) Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür.(i.v. 34-35) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, o, üzərində olan 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirib, əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd kibrit qutusu çıxarılır. İçərisinə baxış keçirilir və içərisində marixuannaya bənzər maddə olması müəyyən edilir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd “Samsung 03” markalı mobil telefon və 40 manat pul aşkar edilərək götürülmüş üzərindən qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Daha sonra üzərindən aşkar edilərək götürülmüş bir ədəd kibrit qutusunda olan maddə elektron tərəzi vasitəsi ilə kibrit qutusu ilə birlikdə çəkildikdə 9,40 qram olması müəyyən olunmuşdur. Bundan sonra maddə zərfə qoyularaq qablaşdırılır. (i.v 36) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs məxus Mersedes Benz C 200 markalı **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi haqqında diskin nümayişindən görünür ki, Mersedes Benz C 200 markalı, **-EA-*** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı vasitə, silah, qanunsuz predmet olması soruşulur. Təqsirləndirilən şəxs avtomobilində heç bir qanunsuz predmet və əşya olmadığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs avtomobilə baxış keçirilməsinə etirazının olub-olmadığı soruşulduqda o heç bir etirazının olmadığını bildirir. Bundan sonra əməkdaşlar tərəfindən avtomobilə baxış keçirilir və qanunsuz əşya predmet aşkar olunmur. (i.v 41) Məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 18/717 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda, təmiz çəkisi 6,24 qram olan kütlə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v 41-47) tədqiqatdan sonra narkotik vasitənin qalığı- 6,22 qr. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının sonu ilə azad edilmişdir. (i.v 87-89) Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5305 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 110-111) Sübutların qiymətləndirilməsi haqqında 13 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olan qurudulmuş marixuanna aşkar edilərək götürülməsini özündə əks etdirən 1 ədəd CD disk maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs üzrərindən aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuannanın ekspertiza təhqiqatından sonrakı 6,22 qram qalığı xüsusiyyətinə, əlamətinə, aşkar edildiyi vaxta və yerə görə iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq maddi sübut hesab edilmiş və təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları və maddi sübutla tanış olduqdan sonra saxlanılması üçün Şirvan şəhər polis şöbəsinin maddi sübutların saxlama otağına təhvil verilmişdir. (i.v 115- 122) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs törətmiş olduğu əməli səmimi etiraf etməsi, əməlinə tənqidi münasibəti, peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hazırda əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını diqqətdən qaçırmır və bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 5305 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu narkomaniya xəstəliyi aşkar olunur. Nakomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X3 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,22 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 31 (otuz bir) manat, 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 10 iyul 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X4 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,22 qram narkotik vasitə olan qurudulmuş marixuanna hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – 02 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-227/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-227/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver