Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-23/2023 25.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:00-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olan, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 18 iyul 2022-ci il tarixdə, saat 22 radələrində Şirvan şəhəri, Neftçilər küçəsində ictimai yer hesab olunan və insanların alış-veriş etmək üçün gəldikləri iaşə obyektlərinin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətməklə, öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxsla mübahisə edib, başı ilə sonunucunun sifətindən qəsdən zərbə vuraraq, Zərərçəkmiş şəxs sağ paraorbital nahiyyəsində şişkinlik-qançır, sağ göz yarığının daralması, sağ gözün ağlı qişasında qansızma ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa, o, təkrarən 19 iyul 2022-ci il tarixdə, saat 18 radələrində Şirvan şəhəri, Neftçilər küçəsində ictimai yer hesab olunan və insanların alış-veriş etmək üçün gəldikləri iaşə obyektlərinin qarşısında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, 18 iyul 2022-ci il tarixdə Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisəni bəhanə edərək, heç bir əsaslı səbəb olmadan sonuncunun ünvanına ucadan nalayiq ifadələr işlətməklə, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında silah qismində istifadə etdiyi və istintaq zamanı yerinin müəyyən edilməsi mümkün olmayan bıçaqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən zərbələr endirərək, sonuncuya sol saidin aşağı 1/3-də, sol bazunun yuxarı 1/3-də, sol mil biləkdən sol əlin ovuc səthinədək davam olunan səthi dəri kəsiyi, gövdənin sol yan səthinin aşağı şöbəsində, qarnın sol orta şöbəsində, qarınüstü nahiyyədə deşilmiş-kəsilmiş yaralarla nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə, qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, pisixi xəstəlik keçirmiş və bununla bağlı dəfələrlə müalicə almışdır. Şirvan şəhər sakini Zərərçəkmiş şəxs tanıyır, münasibəti yaxşı olmuşdur. 18 iyul 2022-ci il tarixdə, saat 22 radələrində Şirvan şəhəri Neftçilər küçəsində qardaşı Şahid1 məxsus olan ərzaq mağazasının qarşısında dayanan zaman Samir mağazanın qarşısına gəlmiş, özünə məxsus olan Qaz 24 markalı avtomobilə ehtiyyat hissələri almaq üçün borc pul lazım olduğunu Samirə bildirmiş, Samir pulu olmadığını, lakin dost-tanışdan pul toplayıb ona maddi kömək edə biləcəyini demişdir. Samirin həmin sözü xoşuna gəlməmiş və Samirə acı cavab vermiş, aralarında mübahisə yaranmış, Samir üstünə gəlmiş, o, başı ilə Samirin sağ gözünə bir dəfə zərbə vurmuşdur. Bu zaman əlbəyaxa olmuşlar, nalayiq sözlər işlətmiş, səs-küy yaranmış, ətrafdakı adamlar hadisə yerinə toplaşmış və onları ayırmışlar. O, öz evinə, Samir də evinə getmişdir. Səhəri gün, yəni, 19 iyul 2022-ci il tarixdə, saat 18 radələrində yenə qardaşı Elvinin mağazasının qarşısından keçən zaman yolun kənarında dayanan Samir yolun ortasında ona yaxınlaşıb qoluna girmiş, piyada hərəkətdə olarkən ona birlikdə başqa bir yerə getməklərini və dünənki məsələyə aydınlıq gətirilməsini tələb etmişdir. O Samirə dünənki hadisənin dünəndə qaldığını, hər hansı bir ədavəti olmadığını deyib, Samiri özündən uzaqlaşdırmaq istəmişdir. Bu zaman Samir onu itələmiş, Samirin bu hərəkəti onda qıcıq yaratmış və əsəbiləşmişdir. Samirin üstünə gəldiyini və onu vurmaq istədiyini görmüş, həmin vaxt şalvarının arxa cibində olan qara dəstəkli cib bıçağını çıxarıb Samirə göstərərək ondan uzaq durmasını, yoxsa vuracağını demişdir. Samir yenə üstünə gəlmiş və onu yumruqla vurmaq istəmişdir. Bu zaman özünü müdafiə etmək üçün Samirin qarın nahiyyəsinə bir neçə dəfə bıçaqla zərbə vurmuşdur. Samir bıçağı ondan almaq istəyəndə onun qoluna da bıçaqla xəsarət yetirmiş, sonra isə kənara çəkilmişdir. Samirə əlavə bıçaq zərbələri vurmağa imkanı olsa da, məqsədi Samiri öldürmək və ya ağır yaralamaq olmamış, məqsədi özündən kənarlaşdırmaq olmuşdur. Həmin bıçağı bazardan almış və qardaşı Elvinə məxsus olan mağazada adətən un və dən kisələrinin ipini kəsmək üçün istifadə edirmiş. Hadisədən sonra həmin bıçağı polislər tərəfindən tutulacağından qorxduğu üçün evə gedərkən, evin yaxınlığından keçən Kür çayına tullamışdır. Törətmiş olduğu cinayət əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Mütəmadi müalicə alır, hər gün dərman qəbul edir, psixoloji vəziyyəti onun qapalı məkanda qalmasına imkan vermir, tez-tez başında ağrılar olur, məhkəmədən qeyd olunanların nəzərə alınmasını xahiş edir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 18 iyul 2022-ci il tarixdə, saat 22 radələrində Şirvan şəhəri Nefçilər küçəsində yerləşən Elvin adlı şəxsə məxsus olan mağazanın qarşısında dayanan zaman Şirvan şəhər sakini İlkin və ondan başqa bir neçə nəfər qəsəbə sakini də orada olmuşdur. İlkin özünə məxsus olan qara rəngli Qaz 24 markalı avtomobilə radiator və akkumulyator almaq istədiyini lakin pulu olmadığını bildirmişdir. O, İlkinə qəsəbədə yaşayan həmyaşıdları və tanışları ilə birlikdə pul toplayıb radiator və akkumulyator almağa maddi kömək etməyi təklif etmişdir. O bu sözü deyəndən sonra İlkin onu söymüş, heç bir səbəb olmadan kəlləsi, yəni başı ilə sağ gözünün altından bir dəfə zərbə vurmuş, əlbəyaxa olmuşlar. Ətrafda xeyli adam olduğu üçün həmin adamlar səs-küyə hadisə yerinə toplaşmışlar. O hadisə yerinə çoxlu adam olmuş və onları ayırmışlar. Səhəri gün, yəni 19 iyul 2022-ci il tarixdə, saat 18 radələrində yenidən Elvinin mağazasının yanına getmişdir. Ora getməkdə məqsədi İlkinlə görüşmək və bir gün əvvəl onu hansı səbəbə vurduğunu soruşmaq olmuşdur. O, İlkinin ora gələciyini bilmiş, mağazanın qarşısına çatanda İlkinin də orda olduğunu görmüş, İlkinə yaxınlaşıb “Burda çoxlu adamlar var, gedək başqa yerə səninlə təkbətək söhbətim var” demişdir. İlkini başqa yerə aparmaqda məqsədi aralarındakı söz-söhbətdən kimsənin xəbərinin olmaması olmuşdur. O, səs-küy olmadan başqa yerdə söhbət edib, məsələyə aydınlıq gətirmək istədiyini İlkinə deyən kimi İlkin belinə, yəni, kəmərinə keçirdiyi qara dəstəkli bıçağı çıxarıb qarın nahiyyəsinə bir neçə dəfə zərbələr vurmuşdur. O bıçağı İlkinin əlindən almaq istəyəndə sağ qoluna və sol qoluna da bıçaqla zərbələr vurmuşdur. Həmin vaxt ətrafda olan sakinlər yanlarına gəlib İlkini sakitləşdirmişlər. İlkin yenə onun ünvanına ucadan nalayiq sözlər işlətmişdir. Mağazada işləyən təqsirləndirilənin qardaşı Elvin və sakinlər onu Elçin adlı şəxsin Vaz 21099 markalı avtomobilinə əyləşdirib xəstəxanaya gətirmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, qardaşı Təqsirləndirilən şəxs psixi xəstəlik keçirmiş və mütəmadi müalicə almışdır. Yaşadığı evin yaxınlığında özünə məxsus olan yem dükanında işləyir. Həmin dükanda arpa, buğda, un və digər yem məmulatları satır. Qardaşı Təqsirləndirilən şəxs da boş vaxtlarında ona kömək edir. Zərərçəkmiş şəxs tanıyır. Samirlə münasibəti həmişə yaxşı olmuş, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. 18 iyul 2022-ci il tarixdə gecə saatlarında qardaşı İlkinlə evdə söhbət zamanı Samirlə aralarında mübahisə olduğunu öyrənmiş İlkindən mübahisənin səbəbini soruşanda, Samirin içkili vəziyyətdə barəsində xoşagəlməz ifadələr işlətdiyini demişdir. İlkinə Samirə baş qoşmamasını və Samirdən uzaq durmasını bildirmişdir. Səhəri gün yəni, 19 iyul 2022-ci il tarixdə, saat 18 radələrində mağazada müştərilərə xidmət göstərən zaman azyaşlı bir tanımadığı uşaq mağazaya həyəcanlı vəziyyətdə daxil olaraq qardaşı İlkinlə Zərərçəkmiş şəxs dalaşdıqlarını ona demişdir. O tez mağazadan çölə çıxmış və onlara yaxınlaşmış, Samirin əlinin qan içində olduğunu görmüşdür. Samirdən nə baş verdiyini soruşmuş, o, İlkinlə dava etdiyini və İlkinin ona bıçaqla xəsarətlər yetirdiyini bildirmişdkir. O, həmin vaxt İlkini danlayıb, evə yola salmış, Samiri isə tanış taksi sürücüsü Elçinlə birlikdə Şirvan şəhər xəstəxanasına gətirmişdir. Orada Samirin elə də ciddi xəsarət almadığı müəyyən olunmuşdur. O , Samirin müalicə xəclərini qarşılamış, sonra evə qayıtmışdır. Qardaşı İlkindən hadisənin baş vermə səbəbini soruşmuş, Samiri hansı səbəb və məqsədlə bıçaqla vurub xəsarət yetirməsini öyrənmək istəmişdir. İlkin Samirlə aralarında elə də ciddi bir məsələ olmadığını, Samirin onu söydüyünü və buna görə də Samiri qorxudub özündən kənarlaşdırmaq üçün bıçaqla hədələdiyini və Samirin onun üstünə gəlməkdə davam etdiyi üçün çarəsiz qalıb bıçaqla zərbələr vurduğunu demişdir. İlkin Samiri öldürmək niyyətinin olmadığını ona demişdir. X2 birlikdə hadisə günündən etibarən Samirin qulluğunda durmuş, müalicə maddi təminat xərclərini də qarşılamışlar. Hazırda Samir qardaşı İlkinlə barışıb, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Hər iki şəxslə münasibəti yaxşı olmuş, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. Özünə məxsus olan Vaz 21099 markalı avtomobillə Şirvan şəhər ərazisində taksi fəaliyyəti ilə məşğul olur. 19 iyul 2022-ci il tarixdə, saat 18 radələrində İlkinin qardaşı Şahid1 ona mobil telefonla zəng edərək mağazasının qarşısına gəlməyini istəmişdir. O məsafə yaxın olduğu üçün tez bir zamanda Elvinin mağazasının qarşısına gəlmişdir. Mağazanın qarşısında Elvinlə birlikdə Samiri də görmüşdür. X3 şəhər xəstəxanasına aparmağını xahiş etmiş, Elvin və Samir avtomobilə əyləşmiş, hər ikisini Şirvan şəhər xəstəxanasına gətirmiş, sonra evə qayıtmışdır. Səhəri gün şəhər sakinlərindən eşitdiklərindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Samiri Elvinin mağazasının qarşısında bıçaqla vurub xəsarət yetirmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanıyır. Hər iki şəxslə münasibəti yaxşı olmuş, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. İlkinin qardaşı Elvinin yaşadığı evin yerləşdiyi küçədə ərzaq mağazası var. 19 iyul 2022-ci il tarixdə, saat 18 radələrində işdən evə gəlmiş, Elvinin mağazasına çörək almaq üçün gedəndə mağazanın qarşısına adamların toplaşdığını görmüş, adamların yanına gedib, nə baş verdiyini soruşmuşdur. Məlum olmuşdur ki, İlkin bıçaqla Samirə xəsarətlər yetirmişdir. O hadisənin baş verdiyi anda həyətində olmuş, İlkinin Samirə hansı şəraitdə və necə xəsarət yetirdiyini görməmişdir. Hadisə yerinə başa çatdıqdan sonra getmiş, hadisə yerinə çatanda artıq Samiri xəstəxanaya aparmışlar. İlkin və Samir arasında baş verən hadisənin səbəbini bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə münasibəti yaxşı olmuş, aralarında heç vaxt ədavət və düşmənçilik olmamışdır. İlkinin qardaşı Şahid1 yaşadığı evin yerləşdiyi küçədə özünə məxsus olan ərzaq mağazasında işləyir. İlkin də qardaşına işlərində kömək edir. Onun da onlara üzbəüz küçədə kiçik meyvə-tərəvəz dükanı var. Həmin mağazada o və həyat yoldaşı Nailə Davudova ilə birlikdə işləyirlər. 19 iyul 2022-ci il tarixdə, saat 18 radələrində həyətdə heyvanlara qulluq edən zaman küçədən səs-küy eşitmişdir. Küçəyə çıxanda qonşuların küçəyə toplaşdığını görmüşdür. Həmin vaxt taksi sürücüsü Elçinin avtomobili ilə gələrək yolun ortasında dayanmış, İlkinin qardaşı Elvinin Samiri həmin avtomobilə əyləşdirdiyini görmüşdür. Sonra isə Elçin avtomobili idarə edib Şirvan şəhər istiqamətində getmişlər. O ora toplaşan adamların yanına getmiş, nə baş verdiyini soruşmuşdur. Məlum olmuşdur ki, İlkin əlindəki bıçaqla Samirə xəsarətlər yetirmişdir. Hadisə yerinə demək olar ki, bütün qonşular, mağazalara gələn sakinlər toplaşmışlar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 19 iyul 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokol və fotocədvəldən hadisənin Şirvan şəhəri Nefçilər küçəsində baş verdiyi, hadisə yerində asfalt üzərində qanabənzər ləkələr olması və hadisə yerinin ictimai yer olması müəyyən edilmişdir. (i.v.6-9) 10 sentyabr 2022-ci il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs hadisənin baş verdiyi yeri göstərmişdir. (i.v 114-119) 19 iyul 2022-ci il tarixli götürmə aparılması haqqında qərar və protokoldan görünür ki, üzərində qanabənzər ləkələr, zədə izləri olan və hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd uzunqol köynək və bir ədəd şalvar qablaşdırılaraq götürülmüşdür. (i.v.12-16) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” Publik hüquqi şəxsi tərəfindən daxil olmuş 29 iyul 2022-ci il tarixli 362 nömrəli rəyində göstərilmişdir ki, 1987-ci il təvvəlüdlü Zərərçəkmiş şəxs sağ paraorbital nahiyyəsində şişkinlik-qançır, sağ göz yarığının daralması, sağ gözün ağlı qişasında qansızma küt əşya təsirindən törənmişdir. Sol saidin aşağı 1/3-də, sol bazunun yuxarı 1/3də, sol mil biləkdən sol əlin ovuc səthinədək davam olunan səthi dəri kəsiyi, gövdənin sol yan səthinin aşağı şöbəsində, qarnın sol orta şöbəsində, qarınüstü nahiyyədə deşilmişkəsilmiş yaralar-iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 19 iyul 2022-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. 74-76) Azərbaycan Respublikası İcbari Sığorta üzrə X1 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən daxil olmuş 09 avqsut 2022-ci tarixli 805 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs “Psixopatabənzər simptomlarla müşahidə olunan depressiv epizod şəxsiyyət qüsuru, özünə qəsdetmə fikirləri” diaqnozu ilə ŞMP-nin ruhi əsəb kabinetində qeydiyyatdadır. ( i.v. 86) Ambulator məhkəmə-psixiatrik ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 2397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu əlamətləri aşkar olunur, lakin ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. ( i.v. 126-128) Məhkəmə trasoloji ekspertizasının 07 sentyabr 2022-ci il tarixli 3/1132 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş geyim əşyalarının üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələrdən köynəyin üzərində olan “ a, b, c, d, e, ə, k, i ” zədələr kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri də aiddir. Köynəyin üzərində olan “j” və şalvarın üzərində olan zədə isə fiziki qüvvənin təsirindən yarana bilən sökülmə zədəsidir. Təqdim edilmiş köynəyin üzərində olan “a, b, c, d, e, ə, k, i” zədələri qərarın təsviri hissəsində qeyd olunan Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərlə üst-üstə düşürlər. (i.v.147-150) Hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş üzərində zədələr olan 1 ədəd köynək və 1 ədəd şalvar cinayət işi üzrə maddi sübut kimi tanınaraq Şirvan ŞPŞ-nin maddi sübutları saxlanma otağına təhvil verilmişdir. (i.v.178) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır.(i.v.81) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir.Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə özünü qismən təqsirli bilməsini isə məhkəmə məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıması kimi qiymətləndirərək işin sübuta yetmiş halları, zərərçəkmiş şəxs və şahid ifadələri ilə tam təkzib olunması qənaətinə gəlir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsi Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və belə qənaətə gəlir ki, hazırki vəziyyətdə onun azadlıqdan məhrum edilməsi, qapalı məkanda yerləşdirilməsi həm onun müalicəsinin nəticəsiz qalmasına, həm də sağlamlığna mənfi təsir göstərər. Həmçinin yüngülləşdirici halları, təqsirləndirilən şəxsin gənc olmasını, psixi xəstəlikdən əziyyət çəkməsini, mütəmadi olaraq müalicə almasını, dərman preparatları qəbul etməsini, əvvəllər məhkum olunmamasını diqqətdən qaçırmır və belə hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün isə əsaslar yoxdur. Beləliklə, məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq barəsində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində saxlanıldığı vaxtdan hazırki dövrə qədər tutulduğu və ev dustaqlığında olan müddət cəzasından çıxılmaqla ona qəti cəza təyin edilməsini, üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, M.Qədirov küçəsi, ev 6Q ünvanını günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmasını məqsədəmüvafiq olması qənaətinə gəlir. Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan iş üzrə maddi sübut bir ədəd köynək və bir ədəd şalvar yararsız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinsin, CM-nin 62-ci maddəsi tətbiq edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən hazırki vaxta qədər həbs və ev dustaqlığında saxlanıldığı 09 ay 06 gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 01 (bir) il 06 (altı) ay 12 (on iki) gün çıxılsın və qəti olaraq barəsində 01 (bir) il 05 (beş) ay 18 (on səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, hökm qanunu qüvvəyə minənədək polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, M.Qədirov küçəsi, ev 6Q ünvanı hər gün saat 22:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Şirvan şəhər Polis şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd köynək və 01 ədəd şalvar yararsız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-23/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-23/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver