Məhkəmə qərarları › İş №1(032)-24/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-24/2024

03.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-24/2024 03.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:00-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Şirvan şəhəri, N.Nərimanov küçəsi, ev 9, mənzil 35-də qeydiyyatda olmaqla yaşayan, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,507 qram narkotik vasitə olan heroini əldə edərək əynində olan göy rəngli şalvarının sağ yan cibində saxlamaqla daşımış və 17 avqust 2023cü il tarixdə, saat 11:30 radələrində Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə mübarizə qurpunun əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Fariz Eynullayev küçəsində saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı bir ədəd bükümdə təmiz çəkisi 0,507 qram olan narkotik vasitə olan heroin əynində olan göy rəngli şalvarının sağ yan cibindən aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verərək göstərdi ki, o, bir müddət olar ki, narkotik vasitə istifadə edir. 17 avqust 2023-cü il tarixdə, saat 11 radələrində yaşadığı binanın küçəsində yerdə bir ədəd sellofan bükümün olduğunu görmüş, bükümü yerdən götürmüş, bükümün içərisinə baxdıqda narkotik vasitə olan heroinin olduğunu görmüş, özü narkotik vasitə və psixotrop maddə istifadə etdiyi üçün həmin bükümü cibinə qoymuş, həmin narkotik vasitədən istifadə etməmiş, 17 avqust 2023-cü il tarixdə, saat 11:30 radələrində Şirvan şəhəri, Fariz Eynullayev küçəsində olan zaman bir neçə nəfər polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edib onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş, polis şöbəsində Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkil dəvət olunmuş, vəkil gəldikdən sonra üzərinə şəxsi axtarış keçirilməyə başlanılmış, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməyi təklif etdikdə, əynində olan şalvarının cibindən bir ədəd ədəd sellofan büküm, həmin şalvarın sol yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu və 15 manat pulu çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümdə narkotik vasitə olan heroinin olduğunu bildirmişdir. Sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin başqa hər hansı bir narkotik vasitə və ya psixotrop maddə həmçinin qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Suallara cavab olaraq təqdim etdiyi narkotik vasitə olan heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə olan heroin təhqiqatçı tərəfindən götürülərək qablaşdırılmış, protokol tərtib olunmuş, bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Ondan aşkar edilib götürülmüş narkotik vasitə heroinin ona məxsus olmadığı, tutulduğu gün Şirvan şəhər polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən döyülərək həmin narkotik vasitənin üzərinə qoyulduğu və etirafedici ifadə verməyə məcbur edildiyi barədə ilkin məhkəmə iclaslarında verdiyi ifadələri təsdiq etmir, həmin ifadələr həqiqətə uyğun deyildir. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə və psixotrop maddələrdən yalnız istifadə etmiş, polis şöbəsinə gətirilərkən və ya polis şöbəsində olarkən ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Hazırda əməlindən peşmandır, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, 17 avqust 2023-cü il tarixdə xidmətdə olarkən məlumat daxil olmuşdur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, üzərində daşıması və satışı ilə məşğul olur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuş, sonra isə həmin qərarın icra olunması ilə bağlı Şirvan ŞPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid1 və Təhqiqat bölməsinin təhqiqatçısı X2 ibarət əməliyyat qrupu təşkil olunmuş, 17 avqust 2023-cü il tarixdə, saat 11 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, Fariz Eynullayev küçəsinə getmişlər. Həmin küçədə olarkən saat 11:30 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, Fariz Eynullayev küçəsində görüb daxil olmuş məlumatın yoxlanılması məqsədilə ona yaxınlaşmış, özlərini təqdim edib barəsində narkotik vasitələrin istifadəsi, daşınması və satışı ilə məşğul olması barədə məlumat daxil olduğunu bildirib üzərinə şəxsi axtarış aparılacağını demişlər. Bu zaman Təqsirləndirilən şəxs bir qədər səs-küy saldığı üçün onu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs da daha sonra etiraz etməmiş, onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunduqda, siyahını nəzərdən keçirib hüquqlarını müdafiə etmək üçün vəkil seçmiş, vəkil gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş, buna hər hansı bir etirazının olubolmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs da əynində olan göy rəngli şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd “Nokia” markalı mobil telefon və 15 manat pul çıxarıb masanın üzərinə qoymuş, təqdim etdiyi bükümdə narkotik vasitə heroin olduğunu bildirmiş, Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxıldıqda içərisində narkotik vasitə heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi narkotik vasitəni 17 avqust 2023-cü il tarixdə, saat 11 radələrində Şirvan şəhəri, Nəriman Nərimanov küçəsindən yerdən tapmışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş sellofan büküm qablaşdırılaraq götürülmüş, həmin vaxt protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs müdafiəçi və tərəflərindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə ona məlumat daxil olsada məlumatın təsdiqini tapmadığını bildirmişdir. Şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni, göy rəngli cins şalvarın sol yan cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefon və 15 manat pulu çıxararaq təqdim edir. Həmin vaxt onun təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəziyə qoyularaq çəkilən zaman maddənin çəkisinin 0,6 qram olduğu müəyyən edilərək müvafiq qaydada qablaşdırılmış, təqdim etdiyi “Nokia” markalı mobil telefon möhürlənmədən qablaşdırılmış, təqdim etdiyi 15 manat pul əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 17 avqust 2023-cü il tarixli şübhəli şəxs qismində tutulmaya dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 17 avqust 2023-cü il tarixdə, saat 11:30-da hüquqları məhdudlaşmış, polis şöbəsinə gətirilmiş, həmin gün saat 12:20-də şübhəli şəxs qismində tutulmuşdur. 17 avqust 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o üzərində 01 ədəd sellofan bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmiş, daha sonra o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd sellofan bükündə narkotik vasitə olan heroinə bənzər maddəni, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefon və 15 manat pulunu təqdim etmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Şirvan şəhər prokuroruna vəsatətlə müraciət olunmuş, Şirvan şəhər prokuroru tərəfindən “vəsatətin müdafiə edilməsindən imtina edilməsi” barədə qərar qəbul edilmiş, 18 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntünün məhkəmə iclasında nümayişi zamanı müəyyən olundu ki, təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütləni, göy rəngli cins şalvarın sol yan cibindən isə 01 ədəd “Nokia” markalı mobil telefon və 15 manat pulu çıxararaq təqdim edir. Həmin vaxt onun təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəziyə qoyularaq çəkilən zaman maddənin çəkisinin 0,6 qram olduğ müəyyən edilərək müvafiq qaydada qablaşdırılmış, təqdim etdiyi “Nokia” markalı mobil telefon möhürlənmədən qablaşdırılmış, təqdim etdiyi 15 manat pul əhəmiyyət kəsb etmədiyi üçün özünə qaytarılmışdır. Azərbaycan Respublikası Məhkəmə X1 Regional Bölməsinin 17 avqust 2023-cü il tarixli, 18/818 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən….” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,507 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata -0,05 qram sərf edilmiş, qalıq -0,457 qram qalmışdır. xx.xx.2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş “Nokia” markalı mobil telefonun qarşı hissəsi düymələrdən və kiçik ekrandan ibarətdir. Mobil telefon düymələrlə idarə olunur. Mobil telefonun qarşı və arxa tərəfi qara rəngli plasmasa oxşar materialdandır. Mobil telefonu işə salaraq mesajlar bölməsinə, daxil olan və çıxan zənglər bölməsinə baxıldıqda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar olunmamışdır. İş üzrə verilmiş əməliyyat tapşırığının cavabından məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi agentlər təlimatlandırılmış, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasını təsdiq edəcək hər hansı bir məlumat əldə olunmamışdır. «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 20 sentyabr 2023-ci il tarixli, 725/4 nömrəli məktubunda göstərilmişdir ki, Orucov X4 ŞMP-nin narkoloji kabinetində “opoidlərin qəbulu nəticəsində psixi və davranış pozuntusu narkomaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə ACDİÜ AR məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1, 120.2.2, 120.2.3, 120.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək 13 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-ci ildə Bakı şəhəri, Nizami rayon məhkəməsinin qərarı ilə vaxttından əvvəl şərti azad edilmiş, xx.xx.2021-ci il tarixdə cəzası başa çatmış və qeydiyyatdan çıxarılmış, xx.xx.2023-cü il tarixdə Şirvan şəhər məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödənildiyi və zərərçəkmiş şəxslə barışdığı üçün cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şirvan- X3 12 sentyabr 2023-cü il tarixli, 3-17-1/2-220339/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan (Şirvan, Hacıqabul) Regional filialından heç bir növ sosial müavinət pensiya və təqaüd almır. Məhkəmə-narkoloji ekspertizasının 06 oktyabr 2023-cü il tarixli, 6329 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər Prokurorluğundan daxil olmuş 18 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Polis Şöbəsinin polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalmasına dair ərizəsi əsasında toplanmış material üzrə cinayət tərkibi müəyyən edilməməsi əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. 08 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ekspertiza təhqiqatından sonrakı 0,457 qram qalığı xüsusiyyətinə, əlamətinə, aşkar edildiyi vaxta və yerə görə iş üçün əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq maddi sübut hesab edilmiş və saxlanılması üçün Şirvan şəhər Polis şöbəsinin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın (əvvəlki redaksiyada) İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,507 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun himayəsində 2 azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən yüngülləşdirən hal qismində qəbul edir. Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.4, 221.3-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 13 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl azad edilmiş, cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmişdir. Hazırda onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalında həbsə alınmalı, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nın 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri təyin edilməlidir. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,457 qram narkotik vasitə heroin Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il saat 12:20-dən, xx.xx.2023-cü il saat 15:55-dək şübhəli şəxs qismində tutulduğu müddət 02 gün təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq üzərində 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 03 iyul 2024-cü il tarixdən hesablansın. Barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X5 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,457 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 49 (qırx doqquz) manat 74 (yetmiş dörd) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar