Məhkəmə qərarları › İş №1(032)-240/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-240/2023

19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-240/2023 19.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 17:30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə özgənin xeyli miqdarda əmlakını qəsdən ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, 2017-ci ilin mart-aprel aylarında, Şirvan şəhəri İstiqlaliyyət küçəsində yerləşən Şirvan şəhər bələdiyyəsinin yaxınlığında Şirvan şəhər bələdiyyəsində “Bələdiyyə gəlirləri” şöbəsində vergi müfəttişi vəzifəsində işlədiyi vaxtda etibardan sui istifadə və aldatma yolu ilə qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını qəsdən ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs aldadaraq ona Şirvan şəhəri, S.Zeynalov küçəsində 84 kv/m torpaq sahəsi alacağı və adına sənədləşdirəcəyinə dair yalan vəd verib, Zərərçəkmiş şəxs xeyli miqdarda 5500 (beş min beş yüz) manat pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2003-cü il tarixdən xx.xx.2017-ci il tarixədək Şirvan şəhər bələdiyyəsində işləmiş, öz ərizəsi ilə işdən azad edilmişdir. Zərərçəkmiş şəxs tanıyır. Onunla münasibəti normal olmuşdur. 2017-ci ilin mart-aprel aylarında Nəriman ilə görüşən zaman Nəriman ona avtoyuma məntəqəsi tikdirmək istədiyini və bunun üçün torpaq sahəsi almaq istədiyini demiş, o da Nərimana torpaq sahəsi tapacağımı bildirmiş, bir neçə gün sonra yalandan Nərimana Şirvan şəhəri, S.Zeynalov küçəsində 84 kv/m torpaq sahəsi tapdığını və həmin torpaq sahəsini onun üçün ala biləcəyini demiş, Nəriman onunla razılaşmış və onlar birlikdə Şirvan şəhəri, S.Zeynalov küçəsinə getmişlər. O həmin küçədə boş sahədə yerləşən təsadüfi torpaq sahəsini Nərimana göstərdikdən sonra Nərimana həmin torpaq sahəsini almaq üçün 6500 (altı min beş yüz) manat pul lazım olduğunu bildirmiş, bir neçə gün sonra o Nərimanla Şirvan şəhər Bələdiyyəsinin qarşısında görüşmüş, Nəriman ona hal-hazırda 6500 (altı min beş yüz) manat pulunun olmadığını, ona torpaq sahəsi almaq üçün 5500 (beş min beş yüz) manat verə biləcəyini demiş, o Nərimanla razılaşmış və Nəriman ona Şirvan şəhər Bələdiyyəsinin qarşısında 5500 (beş yüz beş yüz) manat pul vermişdir. Pulu Nərimandan aldıqdan sonra o, həmin torpaq sahəsini almaq üçün heç bir hərəkət etməmiş, bir müddət sonra yəni, xx.xx.2017-ci il tarixdə işdən azad olunmuş və həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hal-hazırda Nərimana dəymiş ziyanı ödəmiş, ondan almış olduğu pulu qaytarmışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və digər istintaq sənədləri ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Sərxan oğlunu 2016-cı ilin sonlarından etibarən tanıyır. 2017-ci ilin mart-aprel aylarında o Şirvan şəhəri, S.Zeynalov küçəsində avtoyuma məntəqəsi açmaq üçün torpaq sahəsi axtarmış, Vidadi ilə rastlaşmış, Vidadi ona torpaq sahəsi almaq üçün tanışları ilə əlaqə saxlayacağını və ona torpaq sahəsi alacağını bildirmiş, o razılaşdıqdan sonra Vidadi ona Şirvan şəhəri, S.Zeynalov küçəsində 84 kv/m torpaq sahəsini tapdığını demişdir. O, Vidadi ilə torpaq sahəsinə getmiş, Vidadi ona alacağı olan torpaq sahəsini göstərmiş, o həmin vaxtlar Vidadinin Şirvan şəhər Bələdiyyəsində işlədiyini nəzərə alaraq ona inanmış, Vidadi ilə torpaq sahəsinə baxdıqdan sonra Vidadi ondan 6500 (altı min beş yüz) manat pul istəmiş, o Vidadiyə həmin məbləğdə pulunun olmadığını və ona 5500 (beş min beş yüz) manat verə biləcəyini demiş, Vidadi onunla razılaşdıqdan sonra 2017ci ilin mart-aprel aylarında o, Şirvan şəhər Bələdiyyəsinin yaxınlığında Vidadiyə 5500 manat pul vermiş, Vidadi ilə sövdələşməsi olan zaman qohumu Şahid da onun yanında olmuş, lakin o Vidadiyə pul verən zaman Rafiq onun yanında olmamışdır. Pulu Vidadiyə verdikdən sonra təxminən 6 ay ərzində Vidadi ilə dəfələrlə əlaqə saxlamış, Vidadi hər dəfə torpaq sahəsinin tezliklə onun adına sənədləşdiriləcəyini bildirsə də, bu baş tutmamışdır. Sonuncu dəfə Vidadi ilə sonuncu tutulmazdan təxminən 2 ay əvvəl əlaqə saxlasa da Vidadi onun zənglərinə cavab verməmişdir. Vidadinin onu aldatdığını və dələduzluq yolu ilə pulunu ələ keçirdiyini bilmişdir. Hazırda ona vurulmuş ziyan tam ödənilmiş, Vidadi ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Hər iki şəxslə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 2017-ci ilin mart-aprel aylarında Nəriman ona Şirvan şəhəri, S.Zeynalov küçəsində torpaq sahəsi almaq istədiyini və həmin torpaq sahəsini almaq üçün Təqsirləndirilən şəxsla danışdığını bildirmiş, o Nərimandan torpaq sahəsinin harada yerləşməsini soruşmuş, Nəriman onu torpaq sahəsinin yerini göstərmək üçün həmin yerə yəni, Şirvan şəhəri, S.Zeynalov küçəsinə aparmış, Vidadi də həmin yerə gəlmiş, Nəriman ilə Vidadi onun yanında söhbət zamanı sözügedən Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən torpaq sahəsini onun adına sənədləşdirəcəyinə dair vəd vermiş, sabahısı gün o Şirvan şəhərində Nərimanı görən zaman Nəriman ona Vidadiyə torpaq sahəsini onun adına sənədləşdirməsi üçün 5500 (beş min beş yüz) manat pul verməsini demiş, o da pulu nahaq yerə əvvəlcədən verdiyini bildirmiş, Nəriman da ona Vidadiyə etibar etdiyini və ona inandığını demişdir. Bir neçə ay sonra Vidadini Şirvan şəhərində görmüş və ondan Nərimanın işinin nə yerdə qaldığını soruşmuş, Vidadi də Nərimanın işini qısa müddətdə düzəldəcəyini bildirmiş, həmin vaxtlarda o Nərimanla Şirvan şəhərində rastlaşan zaman Nəriman Vidadinin onu aldatdığını və pulu geri qaytarmadığını ona demişdir. 2023-cü ildə isə o, Nərimanın həmin məsələyə dair polisə müraciət etdiyini bilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v.21) Şirvan şəhər Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətdə Şirvan şəhər Bələdiyyəsinin “Bələdiyyə gəlirləri” şöbəsində vergi müfəttişi vəzifəsinə işləmişdir. Təqsirləndirilən şəxs öz ərizəsi ilə Şirvan şəhər Bələdiyyəsinin xx.xx.2017-ci il 34 nömrəli əmri ilə işdən azad edilmişdir. (i.v.28) 07 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, 09 avqust 2023-cü il tarixdə cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-in 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 25 avqust 2023-cü il tarixdə saat 23:30-da Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin MSY-yə təhvil verilmiş, 26 avqust 2023-cü il tarixdə cinayət işi üzrə dayandırılmış icraat təzələnmiş, barəsində Şirvan şəhər Məhkəməsinin 28 avqust 2023-cü il tarixli qərarı ilə həbsetmənin əvvəli 25 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v.22-83) «Şirvan şəhər Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6- 35/2-520/2023 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 7də qeydiyyatda olan 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloği kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 37) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 14 avqust 2023-cü il 3-17-1/2-182197/2023 nömrəli məktubundan görünür ki, Şirvan şəhəri, H.Əliyev küçəsi ev 7-də qeydiyyatda olan 1967-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan Regional filialından heç bir növ sosial müavinət, pensiya və təqaüd almır. (i.v.95) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin 06 sentyabr 2023-cü il tarixli 3-21-3-38/2-2394/2023 nömrəli məktubundan görünür ki, daşınmaz əmlakın dövlət reyestrinin mövcud arxiv materialları və elektron məlumat bazasına əsasən, Təqsirləndirilən şəxs adına hər hansı bir daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı məlumat yoxdur. (i.v.84) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarına əsasən hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CMnin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə dəymiş ziyanın tam olaraq ödənilməsini CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək barəsində azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən 03 ay 24 gün həbsdə saxlanılma müddətinin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikas CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən 03 ay 24 gün müddətində həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 18 (on səkkiz) gün təyin edilmiş cəzadan çıxılsın, qəti olaraq ona 01 (bir) il 04 (dörd) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan ünvan 3 ünvanını hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, hökm qanunu qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar