Məhkəmə qərarları › İş №1(032)-244/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-244/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-244/2023 06.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:19 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Əbülfət oğlunun, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 Ağamməd oğlunun, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.4-cü maddəsi ilə 02 (iki) il 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq fərdi yaşayış evinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o özgə əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü 19 avqust 2023cü il tarixdə saat 21:30 radələrində ünvan 5-da yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daş hasardan və pəncərədən keçməklə qanunsuz olaraq daxil olub, vahid niyyətlə evin yataq otağında olan dolabın içərisindəki sandıqçadan 1323 manat dəyərində 583/585 əyarlı, 15,57 qram çəkidə sarı rəngli 1 dəst qızıl boyunbağı-qolbağı, 1124 manat dəyərində 583/585 əyarlı, 13,22 qram çəkidə sarı rəngli, üzərilərində “İTALY 585” damğası olan 1 dəst qızıl sırğa cütü-üzüyü, 252 manat dəyərində 583/585 əyarlı, 2,97 qram çəkidə üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan, qırmızımtıl rəngli 1 ədəd qızıl üzüyü, 129 manat dəyərində 583/585 əyarlı, 1,52 qram çəkidə üzərində rəngsiz şəffaf və 2 ədəd yaşıl rəngli qaşı, həmçinin “585” damğası olan 1 cüt qızıl sırğanı, 5 manat dəyərində qiymətsiz metal ərintisindən olan, 11,22 qram çəkidə üzərilərində ümumilikdə 3 ədəd ağ rəngli qaşı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzüyü, 3 manat dəyərində qiymətsiz metal ərintisindən olan, 10,17 qram çəkidə qırmızımtıl rəngli 1 ədəd qolbağı və 200 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3036 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək vermiş olduğu ifadəsində bildirdi ki, Şirvan şəhər sakini Zərərçəkmiş şəxs uzun müddətdir ki, tanıyır, belə ki, Cavid onunla qonşuluqda yaşayır, Cavid və ailəsi də, onu yaxşı tanıyır, münasibətləri qonşu kimi yaxşı olmuşdur. 2022-ci ildə ailə həyatı qurmuş, toy məclisinə görə müxtəlif şəxslərdən borc və Şirvan şəhər bazarından qızıl-zinət əşyaları almış, lakin onların pulunu verə bilməmişdir. Maddi cəhətdən sıxıntısı olmuş, azadlığın məhdudlaşdırılması cəzasına məhkum ediləndən sonra bir neçə ay iş axtarmış, lakin tapa bilməmişdir. Buna görə oğurluq etmək qərarına gəlmiş, 19 avqust 2023-cü il tarixdə təxminən saat 21 radələrində yaşadığı evin qarşısında olarkən qonşusu Cavidi evin həyət qapısını bağlayıb ailəsi ilə birlikdə maşınla harasa getdiyini görmüş, onlar da, onu görmüşlər. Həmin vaxt Cavidin yaşadığı evdən oğurluq etmək qərarına gəlmiş, onlar gedəndən biraz sonra təxminən saat 21:30 radələrində tək hasarın üstündən tullanıb evin həyətinə daxil olmuş, evin həyətində olan çardağın altında olan stolun üstünə çıxıb evin pəncərəsində olan jalüzü aralayıb evə daxil olmuşdur. Qonaq otağından birbaşa yataq otağına keçib orada olan dolabı açıb baxdıqda sandıqçanı görmüş, sandıqçanın içərisində olan qızıl-zinət əşyaları, 1 dəst komplekt qızıl dəsti, yəni 1 cüt sırğa, 1 ədəd boyunbağı, 1 ədəd qolbağ və 1 ədəd üzük, 1 cüt uşaq sırğası, 1 ədəd üzük, eyni formalı 1 cüt sırğa və 1 ədəd üzük, 1 ədəd qolbağ, 2 ədəd 100 manatlıq, yəni 200 manat nağd pulu götürüb cibinə qoymuş, başqa heç bir otağa daxil olmadan və axtarmadan evə daxil olduğu pəncərədən bayıra çıxmış, evin həyətinə daxil olduğu hasardan tullanıb evin həyətindən bayıra çıxmışdır. Oğurladığı əşyaları və 200 manat pulu cibində evə aparmış, həmin vaxt evdə ondan başqa heç kim olmamış, evdən 1 ədəd sellofan götürüb onun içərisinə qoyub özü yatan otaqda dolabın üstündəki səbət qoyulan sellofanın altında gizlətmişdir. Evdə yaşayan şəxslərdən heç kimə oğurluq etdiyini deməmiş, oğurladığı əşyaları aparıb Şirvan şəhərində satmaq fikri olub ki, pul düzəldib borclarını qaytarsın. Yekun olaraq o, əməlindən peşman olduğunu, zərəçəkmiş səxsə dəymiş zərərin ödənildiyini və onunla barışdığını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında Zərərçəkmiş şəxs Əbülfət oğlu ifadə verərək göstərdi ki, 19 avqust 2023-cü il tarixdə təxminən saat 21 radələrində atası, arvadı və iki azyaşlı uşaqları yaşadığı evdən çıxıb yaxınlıqda olan “Füzuli” istirahət parkına avtomobili ilə getmişlər, orada təxminən 1 saat gəzdikdən sonra evə geri qayıtmışlar. 20 avqust 2023-cü il tarixdə səhər təxminən saat 5 radələrində yuxudan oyanıb işə getmək istəyərkən həyat yoldaşı Jalə qonaq otağının pəncərədən olan jalüzün aralı olduğunu ona demiş, o, evə kiminsə daxil olduğundan şübhələnmiş və dərhal Jaləyə yataq otağındakı dolabın içərisində sandıqçada qızıl-zinət əşyalarının yerində olub-olmadığına baxmağını söyləmişdir. Jalə ilə birlikdə sandıqçanı açıb baxdıqda içərisində qızıl-zinət əşyaları, bujiteriyalar və 200 manat nağd pulun oğurlandığını aşkar etmişlər. Sonuncu dəfə Jalə həmin sandıqçanın içərisinə 19 avqust 2023-cü il tarixdə təxminən saat 18 radələrində baxmış, həmin vaxt qızıl-zinət əşyaları, bujiteriyalar və 200 manat nağd pul orada olmuşdur. Evindən olan oğurluqla bağlı qonşusu Vüqarın oğlu Ehtibardan şübhələnmiş, çünki Ehtibar bundan əvvəl də, qonşudan qızıl-zinət əşyaları oğurlamış, həmçinin 19 avqust 2023-cü il tarixdə axşam saat 21 radələrində ailəsi ilə birlikdə maşınla gedərkən Ehtibar küçədə olmuşdur. Sonradan polis əməkdaşları oğurluq edən həmin şəxsin Ehtibar olduğunu müəyyən etmişlər, oğurlanmış qızıllarını, bujiteriyaları və 200 manat pulu görmüş və tanımışdır. Ona məxsus oğurlanmış qızıl-zinət zinət əşyaları 1 dəst təxminən ümumilikdə 32 qramlıq 585 əyyarlı qızıl sırğa, üzük, boyunbağı və qolbağ, 2 qramlıq 585 əyyarlı 1 ədəd qızıl sırğa, 3 qramlıq 585 əyyarlı 1 ədəd qızıl üzük olmuşdur. Bundan başqa yataq otağındakı dolabın içərisində sandıqçada 1 ədəd bujiteriya qolbağ, 1 cüt bujiteriya sırğa və 1 ədəd üzük olmuş və 200 manat nağd pul olmuşdur. Oğurluq nəticəsində ümumilikdə ona 3036 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Sonrakı məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs Əbülfət oğluna məhkəmə bildirişi verilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, 19 avqust 2023-cü il tarixdə təxminən saat 21 radələrində ailə üzvləri ilə birlikdə yaxınlıqda olan Şirvan şəhərində yerləşən Füzuli istirahət parkına getmişlər, orada təxminən 1 saat gəzdikdən sonra yaşadığı evə geri qayıtmışlar. 20 avqust 2023-cü il tarixdə səhər təxminən saat 5 radələrində namaza oyanmış, qonaq otağının pəncərəsində olan jalüzün aralı olduğunu görmüş və bunu Cavidə demişdir. Onlar dərhal yataq otağında dolabın içərisində sandıqçadakı qızıl-zinət əşyalarının yerində olub-olmadığına baxdıqda içərisində qızıl-zinət əşyaları, bujiteriyalar və 200 manat nağd pulun oğurlandığını görmüşlər. Sonuncu dəfə oğurluq olan sandıqçaya 19 avqust 2023-cü il tarixdə təxminən saat 18 radələrində baxmış, həmin əşyalar və pul yerində olmuşdur. Onlar bu barədə Şirvan polisinə məlumat vermiş və həyat yoldaşı Cavid polisə ərizə təqdim etmişdir. Sonradan Şirvan polis işçiləri yaşadığı evdən oğurluq edən şəxsin onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki Şirvan şəhər polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. 20 avqust 2023-cü il tarixdə icraatına daxil olmuş ünvan 5-da yaşayan Zərərçəkmiş şəxs məxsus yaşadığı evdən qızıl-zinət əşyaları, bujiteriya əşyaları və 200 manat nağd pulu oğurlayan naməlum şəxs və ya şəxsləri müəyyən etmək məqsədilə tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, qeyd edilən oğurluq hadisəsini törətməsi ehtimal olunan ünvan 1-də qeydiyyatda olan Təqsirləndirilən şəxs müəyyən edilərək Şirvan ŞPŞ-nə gətirilmiş, Təqsirləndirilən şəxs ŞPŞ-nın İstintaq bölməsində izahat verdikdən sonra onun yaşadığı ünvan 4 ünvanındakı evə gedilmiş, orada Təqsirləndirilən şəxs oğurladığı qızılzinət, bujiteriya əşyaları və 200 nağd manat pulu polis əməkdaşına təqdim etmişdir. Qeyd edilənlərlə bağlı protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarında olan: 20 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 avqust 2023-cü il tarixdə saat 10:40-da şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi qərara alınmışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli , 4(032)-248/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 20 avqust 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi” haqqında protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs yaşadığı ünvan 5 ünvanıdır. Təqsirləndirilən şəxs 19 avqust 2023-cü il tarixdə təxminən saat 21:30 radələrində qonşusu Zərərçəkmiş şəxs yaşadığı ünvan 6 ünvanındakı fərdi yaşayış evinə qanunsuz daxil olub yataq otağında dolabın içərisindəki sandıqçadan qızıl-zinət, bujiteriya əşyaları və 200 manat nağd pulu oğurlayıb yaşadığı Şirvan şəhəri, Xaqani küçəsi 21, ev 618 nömrəli evdə yataq otağında dolabın üstündə, səbət qoyulan sellofanın altında gizlətmiş və özü oğurladığı qızıl-zinət, bujiteriya və 200 manat nağd pulu təqdim etmiş, istintaq zamanı həmin qızıl-zinət, bujiteriya əşyalar və 200 manat pul götürülərkən zərər çəkmiş şəxsə təqdim olunmuş və zərər çəkmiş şəxs evindən oğurlanmış qızılların və bujiteriyaların məhz həmin qızıl və bujiteriya olduğunu bildirmişdir. 22 sentyabr 2023-cü il tarixli, 3-16-16/2-6/4611-9/6658 nömrəli məhkəməəmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sarı rəngli 1 dəst boyunbağı-qolbaq 583/585 əyarlı, sarı rəngli, üzərilərində “İTALY 585” damğası olan 1 dəst sırğa cütü-üzük 583/585 əyarlı, üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan, qırmızımtıl rəngli 1 ədəd üzük 583/585 əyarlı, üzərində rəngsiz şəffaf və 2 ədəd yaşıl rəngli qaşı, həmçinin “585” damğası olan 1 cüt sırğa 583/585 əyarlı qızıldan, üzərilərində ümumilikdə 3 ədəd ağ rəngli qaşı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzük və qırmızımtıl rəngli 1 ədəd qolbaq qiymətsiz metal ərintisindən (Mis, Sink və.s) hazırlanmışdır. Təqdim olunan məmulatların üzərlərində qaş olanların qaşları qiymətli qaşlara aid deyildir. Ekspertiza tədqiqatına təqdim edilmiş 583/585 əyarlı, 15,57 qram çəkidə sarı rəngli 1 dəst qızıl boyunbağı-qolbağın 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti 1323 manat, 583/585 əyarlı, 13,22 qram çəkidə sarı rəngli, üzərilərində “İtaly 585” damğası olan 1 dəst qızıl sırğa cütü-üzüyün 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti 1124 manat, 583/585 əyarlı, 2,97 qram çəkidə üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan, qırmızımtıl rəngli 1 ədəd qızıl üzüyün 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti 252 manat, 583/585 əyarlı, 1,52 qram çəkidə üzərində rəngsiz şəffaf və 2 ədəd yaşıl rəngli qaşı, həmçinin “585” damğası olan 1 cüt qızıl sırğanın 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti 129 manat, qiymətsiz metal ərintisindən olan, 11,22 qram çəkidə üzərilərində ümumilikdə 3 ədəd ağ rəngli qaşı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzüyün 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti 5 manat və qiymətsiz metal ərintisindən olan, 10,17 qram çəkidə qırmızımtıl rəngli 1 ədəd qolbağın 2023-cü ilin avqust ayına olan orta bazar qiyməti 3 manat müəyyən olunur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının Hacıqəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən 02 il 04 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin 29 noyabr 2023-cü il tarixli, 134485- 2023/10-25 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilən azadlığın məhdudlaşdırılması cəzası ilə bağlı hökmün icrası barədə göstəriş və hökmün surəti xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə daxil olmuş və məhkum xx.xx.2023-cü il tarixdə qeydiyyata düşmüşdür. xx.xx.2023-cü il tarixə kimi Təqsirləndirilən şəxs cəzasının 02 ay 01 günü çəkilmiş, 01 il 10 ay 03 gün çəkilməmiş cəzası qalmışdır. “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 31 avqust 2023-cü il tarixli, PHŞ-6-35/2-635/2023 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ünvan 7 ünvanında qeydiyyatda olan 1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Şirvan ŞMPnın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs Əbülfət oğlunun məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nikah haqqında akt qeydindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 nikahı haqqında Şirvan şəhər Qeydiyyat şöbəsində **********8072022 №-li akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə “Həsənov” və arvada “Həsənova” soyadı verilmişdir. xx.xx.2022-ci il tarixdə 508109 №-li AZ-İİ seriyalı şəhadətnamə verilmişdir. Doğum haqqında akt qeydindən görünür ki, X3 xx.xx.2023-cü ildə Bakı şəhərində anadan olmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X4r. Şirvan şəhər Qeydiyyat şöbəsində **********6102023 №-li akt qeydi tərtib olunmuş, xx.xx.2023-cü il tarixdə 913897 №-li AZ-İV seriyalı şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü 19 avqust 2023-cü il tarixdə saat 21:30 radələrində ünvan 5-da yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə daş hasardan və pəncərədən keçməklə qanunsuz olaraq daxil olub, vahid niyyətlə evin yataq otağında olan dolabın içərisindəki sandıqçadan 1323 manat dəyərində 583/585 əyarlı, 15,57 qram çəkidə sarı rəngli 1 dəst qızıl boyunbağı-qolbağı, 1124 manat dəyərində 583/585 əyarlı, 13,22 qram çəkidə sarı rəngli, üzərilərində “İTALY 585” damğası olan 1 dəst qızıl sırğa cütü-üzüyü, 252 manat dəyərində 583/585 əyarlı, 2,97 qram çəkidə üzərində rəngsiz şəffaf qaşları, həmçinin “585” damğası olan, qırmızımtıl rəngli 1 ədəd qızıl üzüyü, 129 manat dəyərində 583/585 əyarlı, 1,52 qram çəkidə üzərində rəngsiz şəffaf və 2 ədəd yaşıl rəngli qaşı, həmçinin “585” damğası olan 1 cüt qızıl sırğanı, 5 manat dəyərində qiymətsiz metal ərintisindən olan, 11,22 qram çəkidə üzərilərində ümumilikdə 3 ədəd ağ rəngli qaşı olan, sarı rəngli 1 dəst sırğa cütü-üzüyü, 3 manat dəyərində qiymətsiz metal ərintisindən olan, 10,17 qram çəkidə qırmızımtıl rəngli 1 ədəd qolbağı və 200 manat nağd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 3036 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməl isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, CM-in 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddəti CM-in 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla qismən birləşdirilməklə qəti cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan qızıl-zinət və bijuteriya əşyalarının Zərərçəkmiş şəxs Əbülfət oğluna qaytarılması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş 3036 (üç min otuz altı) manat maddi ziyanın zərərçəkmiş şəxsə ödənilməsi nəzərə alınmalıdır. Ekspertiza tədqiqatının dəyəri - 128 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırki hökmlə təyin edilmiş cəzaya əvvəlki Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 03 (üç) gün müddəti Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü hesabı ilə hesablanmaqla 11 (on bir ) ay 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 20 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan qızıl-zinət və bijuteriya əşyalarının Zərərçəkmiş şəxs Əbülfət oğluna qaytarılması nəzərə alınsın. İş üzrə Zərərçəkmiş şəxs Əbülfət oğluna vurulmuş 3036 (üç min otuz altı) manat maddi ziyanın ona ödənilməsi nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri - 128 (yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar