Məhkəmə qərarları › İş №1(032)-25/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-25/2023

18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-25/2023 18.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14:45-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədilə cinayətdən xəbərsiz olan Şahid ona olan etibarından sui istifadə etməklə yüksək vəzifədə işləyən tanışları vasitəsilə ayrı-ayrı şəxslərə əlillik düzəltməsinə dair imkanının olmasına inandıraraq, bununla bağlı yalan məlumatlar verib, Şahid vasitəsilə Zərərçəkmiş şəxs müəyyən məbləğdə pul müqabilində birinci Qarabağ müharibəsində yaralanması ilə əlaqədar əlillik alacağına vəd verərək, aldadıb, vahid niyyətlə əhatə olunan qəsdlə Şahid vasitəsilə Zərərçəkmiş şəxs 2021-ci ilin sentyabr ayının ortalarında yaşadığı ünvan 2 ünvanında 300 manat, 2021-ci ilin oktyabr ayında Şirvan şəhər ərazisində 100 manat, 2021-ci ilin noyabr ayında Şirvan şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Azad market» adlı mağazada 500 manat, 2021-ci ilin dekabr ayında ünvan 4 ünvanının yaxınlığında 500 manat, 2022-ci ilin mart ayında yaşadığı ünvan 2 ünvanında 500 manat, 2022-ci ilin aprel ayında Şirvan şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Azad market» adlı mağazada 500 manat pulları alıb, ələ keçirərək, sonradan verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə vahid niyyətlə 2400 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şahid 1986-cı ildən tanıyır, onun sinif yoldaşı olub, aralarında düşmənçilik və ya ədavət olmayıb, münasibətləri həmişə yaxşı olub. 2021-ci ilin yay aylarında Əliqulu ilə Şirvan şəhərində rastlaşdıqda birlikdə oturub çay içmiş, aralarında olan söhbət zamanı Əliqulu demişdir ki, şəhid ailələri, əlillər, müharibə veteranları müdafiəsi İctimai birliyinin Şirvan şəhər şöbəsinin sədrinin müavini işləyir, həmçinin Şirvan şəhərində karate idman növü ilə tələbələrə dərs keçir. Əliqulu veteranlıq statusunun alınması ilə məşğul olduqlarını, bununla bağlı vətəndaşların sənədlərini toplayıb Müdafiə Nazirliyinə göndərdiklərini demişdir. Həmin vaxt o, Əliquluya demiş ki, yüksək vəzifədə işləyən tanışları var və onların vasitəsilə veteranlıq statusu həll edə bilər, bunun üçün müəyyən məbləğdə pul lazımdır. Əliqulu da ona demiş ki, bunun üçün nə qədər pul lazım olacaq, o da bildirmişdir ki, 2000 manata həll etmək olar. Əslində onun heç bir tanışı, yüksək vəzifədə işləyən hər hansı bir yaxını olmayıb, sadəcə pul qazanmaq üçün Əliquluya belə demişdir. Əliqulu ilə ayrıldıqdan sonra 2021-ci ilin sentyabr ayında Əliqulu ona zəng edib vətəndaşla danışdığını və veteranlıq statusu almaqda köməklik etməsini demiş, o əvvəl Əliquludan 300 manat pul istəmiş ki, arxiv idarəsindən sənədlər var, onları almalıdır. Əliqulu da 2021-ci ilin sentyabr ayının ortalarında yaşadığı evə gələrək 300 manat pulu ona vermişdir. O, həmin pulu alıb öz ehtiyaclarına xərcləmiş, sonradan Əliqulu ilə əlaqə saxlayıb 100 manat pul lazım olduğunu demiş, Əliqulu da 2021-ci ilin oktyabr ayında onunla Şirvan şəhər ərazisində görüşərək 100 manat pulu ona vermişdir. Əliqulunun həmin pulları kimdənsə alıb ona verdiyini bilirmiş, lakin kimdən aldığını dəqiq bilməmişdir. Əliquludan aldığı 100 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Bu məsələdən sonra Əliquluya zəng vuraraq veteranlıq statusu alınması ilə bağlı müəyyən yerlərə pul verməli olduğunu və 500 manat pul verməsini demiş, 2021-ci ilin noyabr ayında Əliqulu Şirvan şəhərinin Səməd Vurğun küçəsində yerləşən «Azad market» adlı mağazaya 500 manat pul qoymuş və o sonradan həmin pulu alıb öz ehtiyaclarına xərcləmişdir. Əliqulu ona zəng vurub işlə bağlı maraqlandıqda isə o, məsələnin tezliklə alınacağını və bu işlə məşğul olduğunu demişdir. Əslində isə bu məsələ ilə bağlı heç bir fəaliyyəti olmayıb. Bundan sonra o yenidən Əliquludan 500 manat pul istəmiş, Əliqulu da vətəndaşdan 500 manat alaraq 2021-ci ilin dekabr ayında həmin pulu ona özünün yaşadığı məhəllədə vermişdir. Bu qayda ilə sonradan Əliquludan 2022-ci ilin mart ayında yaşadığı evdə 500 manat, 2022-ci ilin aprel ayında isə «Azad market» adlı mağazaya qoyduğu 500 manatı almaqla həmin pulları da öz ehtiyaclarına xərcləmişdir. Əliquludan ümumilikdə 2400 manat pul almış, Şahid aldığı 2400 manat puldan heç nə verməmişdir. Şahid 2400 manat pul aldığı şəxsi o görməmiş və ya həmin şəxslə görüşməmişdir. Əliqulu ona həmin şəxsin yalnız adının Famil olduğunu demişdir. Hazırda zərərçəkmiş şəxslə barışdığını, əməlindən peşman olmasını və ona dəymiş ziyanı aradan qaldırdığını nəzərə alıb barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Şirvan OİL şirkətində Neft-Qaz çıxarmada operator işləyir, birinci Qarabağ müharibəsində iştirak etmiş və orada sağ ayağından yaralanmış, lakin heç bir əlillik almamış və təqaüd almır. 2021-ci ilin sentyabr ayında Şirvan şəhər sakini kimi tanıdığı Əliqulu adlı şəxslə rastlaşdıqda aralarında yaranmış söhbət əsnasında Əliquluya demişdir ki, əlillik almaq istəyir, Əliqulu da şəhid ailələri, əlillər, müharibə veteranları müdafiəsi İctimai birliyinində işlədiyini və ona kömək etməyə çalışacağını demişdir. Bundan sonra Əliqulu onunla bağlı sənədləri toplayıb Müdafiə Nazirliyinə göndərmiş, lakin oradan imtina gəlmişdir. Həmin ərəfə o Əliquludan xahiş etmişdir ki, ona hər hansı bir yolla kömək etsin. Əliqulu da ona kömək etməyə çalışacağını bildirmişdir. Bu məsələdən bir müddət keçdikdə Əliqulu ilə Şirvan şəhərində görüşdükdə ona bildirmişdir ki, bir nəfər tanışı var və həmin tanışı onun üçün əlilliyi həll edə bilər, lakin buna müəyyən məbləğdə pul lazımdır. O da Əliquludan həmin şəxslə danışmasını demişdir. Bundan sonra Əliqulu həmin şəxslə danışaraq ona demişdir ki, həmin şəxs onun əlillik almağını 2000 manata həll edə biləcəyini demiş, o da razılaşmışdır. Bu danışıqlarından sonra Əliqulu ilk dəfə 2021-ci ilin sentyabr ayının ortalarında adını sonradan bildiyi Vahid adlı şəxsin 300 manat istədiyini demiş, o da Əliqulu ilə Şirvan şəhərində görüşüb həmin 300 manat pulu vermişdir. Bundan sonra ayrı-ayrı vaxtlarda Əliqulu ilə görüşüb ümumilikdə 2100 manat da pul vermişidir. 2021-ci ilin oktyabr ayında Əliqulu ilə görüşüb 100 manat, 2021-ci ilin noyabr ayında 500 manat, 2021-ci ilin dekabr ayında 500 manat, 2022-ci ilin mart ayında 500 manat, 2022-ci ilin aprel ayında 500 manat pul vermişdir. Əliqulu hər dəfə pulları Vahid adlı şəxsə çatdırdığını demiş və Vahid adlı şəxsin həmin məsələni tezliklə həll edəcəyinə söz verdiyini bildirmişdir. Əliquluya ümumilikdə 2400 manat pul vermiş, sonradan əlillik məsələsi uzandığı üçün bu barədə Əliquluya dedikdə Əliqulu bildirmişdir ki, Vahid adlı şəxs onu aldatmış və zənglərinə cavab vermir, bununla bağlı Şirvan şəhər polis şöbəsinə müraciət etmişdir. Vahid adlı şəxsi o görməmiş, həmin şəxslə Əliqulu söhbət etmişdir. Əliqulu 2400 manat pulu Vahidə verdiyini demiş, hətta səhv etmirsə bir dəfə Əliqulu ona telefonunda Vahid adlı şəxsin səsini də qulaq asdırmış və Vahid həmin səsdə pulu götürdüyünü demişdir. Əliqulu özü ona əlillik məsələsini həll edəcəyinə söz verməmiş, Əliqulu həmin məsələni Vahid adlı şəxsin həll edəcəyini demişdir. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş maddi ziyan aradan qaldırılmış, şikayət və tələbi yoxdur, iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərmişdir ki, o, 2019-cu ildən hazırki vaxta kimi Şəhid ailələri, əlillər, müharibə veteranları müdafiəsi İctimai birliyinin Şirvan şəhər şöbəsinin sədrinin müavini işləyir. Bundan əlavə qeyri-rəsmi Şirvan şəhərində icarəyə yer götürüb orada karate idman növü ilə bağlı tələbələrə idman dərsi keçir. Birliyin əsas fəaliyyəti şəhid ailələrinə, əlillərə və müharibə veteranlarına hüquqi məsələlərdə yardım etməkdən ibarətdir. Həmin yardıma göstərilən şəxslərin hər hansı bir sənədlərinin toplanması və həmin şəxslərin məhkəmədə hər hansı bir mülki işi olduqda bununla bağlı onların yanında olub, köməklik göstərməkdən ibarətdir. Təqsirləndirilən şəxs 1986-cı ildən tanıyır, sinif yoldaşı olub, onunla aralarında heç bir düşmənçilik və ya ədavət olmayıb. Təqsirləndirilən şəxs sonuncu dəfə uzun müddət əvvəl görmüşdür və 2021-ci ilin yay aylarında Vahidlə Şirvan şəhərində rastlaşmış və birlikdə oturmuşlar. Vahidlə görüşüb söhbət edərkən ondan nə işlə məşğul olduğunu soruşduqda, o Şəhid ailələri, əlillər, müharibə veteranları müdafiəsi İctimai birliyinin Şirvan şəhər şöbəsinin sədrinin müavini işlədiyimi demişdir. Vahidlə tam ətraflı söhbət edərkən birliyin adından veteranlıq alınması ilə bağlı sənədlərin toplanması ilə bağlı müvafiq sorğuları verməklə sənədləri toplayıb Müdafiə Nazirliyinə verdiklərini və vətəndaşlara qanuni yolla həmçinin veteranlıq alınmasında köməklik göstərdiklərini demişdir. Bu zaman Vahid demişdir ki, veteranlıq sənədlərini özü də həll edə bilir, bununla bağlı yüksək vəzifəli tanışlarının olduğunu, pulu ilə hər adam üçün veteranlıq statusu ala biləcəyini demişdir. Həmin an yadına Famil adlı şəxs düşmüş, Zərərçəkmiş şəxs birliyə müraciət edərək veteranlıq alınması ilə bağlı sənədlərin toplanılmasında ona köməklik etməyini xahiş etmişdir. Onlar da bununla bağlı lazım olan sənədləri toplayıb Müdafiə Nazirliyinə göndərmişlər və Nazirlikdən Zərərçəkmiş şəxs veteranlıq statusunun verilməsindən imtina olunmuşdur, səhv etmirsə həmin vaxt Familin hərbi xidməti tam başa vurmadığı göstərilmişdir. Famil də ona əgər həmin işdə ona köməklik edə bilsə məlumat verməyini ondan xahiş etmişdir. Vahidlə aralarında bu cür söhbət olduqdan sonra o Vahiddən həmin məsələni həll etmək üçün nə qədər pul lazım olduğunu soruşduqda, ona 2000 manat pula bu məsələni həll edə biləcəyini demişdir. Bundan sonra o Famillə görüşüb məsələni danışmış və Vahid adlı tanışının 2000 manat müqabilində bu məsələni həll edəcəyini dediyini bildirmiş, Famil də razılaşmışdır. Bu məsələdən sonra Vahidlə danışaraq Familin sənədlərini vermiş və Vahid bundan sonra ondan 300 manat pul istəmişdir ki, arxiv sənədlərini götürmək üçün pul lazımdır. O, bu barədə Familə dedikdə, Famil 300 manat pulu gətirib birliyin yanında ona verçiş və o, həmin pulu 2021-ci ilin sentyabr ayının ortalarında Vahidlə onun evində görüşərək vermişdir. Bundan bir ay sonra Vahid yenidən 100 manat pul lazım olduğunu dedikdə, o yenə də eyni qayda ilə bu barədə Familə demiş və Famil həmin pulu ona verdikdən sonra pulu 2021-ci ilin oktyabr ayında Şirvan şəhər ərazisində Vahidlə görüşərək vermişdir. Bu məsələdən sonra eyni qayda ilə Vahidə 2021ci ilin noyabr ayında Şirvan şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Azad market» adlı mağazaya qoymaqla 500 manat, 2021-ci ilin dekabr ayında öz yaşadığı məhəllədə 500 manat, 2022-ci ilin mart ayında Vahidin yaşadığı evdə 500 manat, 2022-ci ilin aprel ayında Şirvan şəhəri, Səməd Vurğun küçəsində yerləşən «Azad market» adlı mağazaya qoymaqla 500 manat pul vermiş, lakin Vahid hazırki vaxta kimi nə Famil adlı şəxs üçün veteranlıq statusunu düzəltmiş, nədə ki, aldığı 2400 manat pulu geri qaytarmışdır. Bununla bağlı Vahidlə dəfələrlə «Vatsapp» mobil tətbiqi vasitəsilə danışıqları və yazışmaları olmuş, Vahid hər dəfə adını demədiyi müəllimin işi həll edəcəyini deyirmiş, sonradan isə həmin müəllimin 2400 manat pulu qaytaracağını demişi, lakin nə pul qaytarılmamışı, nədə ki, veteranlıq statusu düzəlməmişdir. O da buna görə məcbur qalıb Şirvan şəhər polis şöbəsinə gələrək ərizə ilə müraciət etmişdir. Vahid Zərərçəkmiş şəxs görməmiş, həmçinin Famil də Vahidi görməmişdir. Təqsirləndirilən şəxs ona aldığı 2400 manat pulu kimə verəcəyi ilə bağlı hər hansı bir söz deməmişdir, sadəcə adamlarının olduğunu demişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 29 oktyabr 2022-ci il tarixli 1135 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v. 44) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2500 manat cərimə cəzasına məhkum olunmuş, xx.xx.2018-ci il tarixdə CM-də dəyişikliklər edilməsi haqqında xx.xx.2017-ci tarixli qanun tətbiq edilərək cəzadan azad edilmişdir. (i.v.45-46) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən ələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinin məzmunundan görünür ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 41.3-cü maddəsinin tələbinə görə dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarır. Yuxarıda göstərilən qanunvericilik normalarının tələblərinə müvafiq olaraq, məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəmiş, onunla barışıq əldə etmiş, zərərçəkmiş şəxs isə məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş maddi ziyanın ödənilməsini və heç bir şikayət və tələbinin olmamasını bildirmişdir. İş materiallarında görünür ki, təqsirləndirilən şəxsin əvvəllər də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqəsirli bilinərək barəsində cərimə cəzası təyin edilmiş, artıq sözügedən hökmün icrası mərhələsində cəzadan azad edilmişdir.Bu səbəbdən də onun barəsində Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinin tələblərini tətbiq etməklə cinayət məsuliyyətindən azad edilməsi qanunamüvafiqdir. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Zərərçəkmiş şəxs, təqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə barışmasını nəzərə alaraq təqəsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün o, cinayət məsuliyyətindən azad olunmaqla barəsində cinayət təqibinə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 351-353,384-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etdiyi və ona dəymiş maddi ziyanı tamamilə ödədiyi üçün Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə barəsində cinayət təqibinə xitam verilsin və cinayət məsuliyyətindən azad olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar