Məhkəmə qərarları › İş №1(032)-252/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-252/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-252/2023 13.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16:40-da Şirvan şəhəri Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, qaynaqçı işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə itttiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarında narkotik vasitəni əldə edib özündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 2,38 qram, 4,79 qram, 4,25 qram, 3,49 qram və 12,61 qram olmaqla ümumi çəkisi – 27,52 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynində olan qara rəngli şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 21 avqust 2023-cü il tarixdə saat 16:00 radələrində Şirvan şəhəri, M.Qədirov küçəsində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən qanunsuz narkotiklərin dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Şirvan şəhər polis şöbəsinə gətirilib və həmin tarixdə saat 17:05-dən 17:20-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində üzərində olan həmin 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 2,38 qram, 4,79 qram, 4,25 qram, 3,49 qram və 12,61 qram olmaqla ümumi çəkisi – 27,52 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadə verib göstərdi ki, narkotik vasitə olan marixuanandan mütəmadi istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri, M.Qədirov küçəsində yaşadığı evin həyətində əvvəllər özü üçün əkib becərdiyi bir ədəd çətənə kolundan qurudaraq yığdığı narkotik vasitə olan qurudulmuş marixuana üzərində olduğu zaman Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər, polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduqları üçün barəsində şəxsi axtarış aparılmasından ötrü polis şöbəsinə dəvət etmişlər, o da etiraz etməyərək polislərlə birlikdə Şirvan şəhər Polis Şöbəsinə getmişdir. Polis şöbəsində ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuşdur. O, həmin siyahıdan hüquqların. müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə razılığı əsasında üstünə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olduğu təqdirdə onu təqdim edilməsi təklif edilmiş, o isə üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet kağızı bükümündə narkotik vasitə kimi tanıdığı qurudulmuş marixuananı və həmin şalvarının sol yan cibindən isə 01 (bir) ədəd qara rəngli “Nokia 112” markalı mobil telefonu çıxararaq təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində aparılmış şəxsi axtarış zamanı qeyd olunanlardan əlavə qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sorğu zamanı üzərindən aşkar olunmuş kibrit qutularının içərisində və salfetka bükümündə olan narkotik vasitə - qurudulmuş marixuananı həyətyanı sahədə əkib-becərdiyi bir ədəd çətənə kolundan qurudaraq əldə etdiyini bildirmişdir. Polis əməkdaşlarının, vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə marixuana olan kibrit qutularını zərfə qoyaraq möhürləmişlər. Daha sonra bu barədə protokol tərtib edilmiş, həmin protokolla tanış olaraq protokola və zərfə imza etmişdir. O, həmçinin əvvəllər narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, 21 avqust 2023-cü il tarixdə evinə qonaq gələcək qızının görə biləcəyndən ehtiyat edərək içərisində narkotik vasitə qurudulmuş marixuana olan kibrit qutularını və salfet bükümü sonradan özü istifadə etmək üçün başqa yerdə gizlətmək məqsədi ilə cibinə qoyduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, Şirvan şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 avqust 2023-cü il tarixdə polis şöbəsində olan zaman məxfi əməkdaşdan məlumat daxil olmuşdur ki, xx.xx.1968-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri ərazisindədir və onun üzərində narkotik vasitə vardır. Həmçinin, o, narkotik vasitələrin saxlaması və istifadəsi ilə məşğuldur. Bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan şəhər Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili polis leytenantı Şahid2 ilə birlikdə təxminən saat 16:00 radələrində Şirvan şəhəri, M.Qədirov küçəsinə getmişlər, İlhamı həmin küçədə hərəkətdə olarkən görmüşlər, ona yaxınlaşaraq özlərini təqdim etmişlər, İlhama polis şöbəsinə gəlməsini bildirdikdə o etiraz etməyib onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində İlhama hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunduqda İlham həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Seçdiyi vəkil Müdafiəçi1 iştirakı ilə videoçəkiliş vasitəsilə İlhamın razılığı əsasında sonuncunun üstünə şəxsi-axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı İlhama üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olduğu təqdirdə onu təqdim etməyi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümündə narkotik vasitə kimi tanınan qurudulmuş marixuanaya bənzər maddə və həmin şalvarının sol yan cibindən isə 01 (bir) ədəd qara rəngli “Nokia 112” markalı mobil telefonunu təqdim etmişdir. Daha sonra Şirvan şəhər Polis Şöbəsinin CAB-nın baş əməliyyat müvəkkili Şahid2 Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır və axtarış zamanı qeyd olunanlardan əlavə qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Sorğu zamanı İlham üzərində aşkar olunmuş kibrit qutularının içərisində və salfet bükümündə olan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddəni həyətyanı sahəsində əvvəllər əkib-becərdiyi çətənə kolundan əldə edib qurutduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçinin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyulub möhürlənmiş və bu barədə protokol tərtib edilərək doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verib göstərdi ki, Şirvan şəhər polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 avqust 2023-cü il tarixdə polis şöbəsində olan zaman iş yoldaşı Şahid1 məxfi əməkdaşdan məlumat daxil olmuşdur ki, Şirvan şəhəri, M.Qədirov küçəsi ev 12 D ünvanda yaşayan Təqsirləndirilən şəxs hal-hazırda Şirvan şəhəri ərazisindədir və onun üzərində narkotik vasitə olduğu, həmçinin o, narkotik vasitələri əldə edib saxlaması və istifadəsi ilə məşğul olması bildirilmişdir. Bu barədə rəhbərliyə məlumat verildikdən sonra Şirvan şəhər PŞ-nin CAB-ın əməliyyat müvəkkili, Şahid1 ilə birlikdə təxminən saat 16:00 radələrində Şirvan şəhəri, M.Qədirov küçəsinə getmişlər. İlhamı həmin küçədə hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özlərini təqdim etmişlər. İlhama onlarla polis şöbəsinə gəlməsini bildirmiş, İlham da etiraz etməyib onlarla polis şöbəsinə getmişdir. Polis şöbəsində vəkil dəvət edilmiş, İlhama hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı İlhamın əynində olan qara rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümündə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuşdur. Sorğu-sual zamanı İlham özü həmin 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümünün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı yaşadığı M.Qədirov küçəsindəki evin həyətyanı hissəsində əkib-becərdiyi çətənə kolundan əldə edib qurutduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamışdır. Protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ iç hissəsindən bir ədəd sellofan torba aşkar olunmuş, həmin sellofan torba açılıb içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 avqust 2023-cü il tarixli protokoldan və diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümdə narkotik vasitə kimi tanınan qurudulmuş marixuanaya bənzər maddə və həmin şalvarın sol yan cibindən isə 01 (bir) ədəd qara rəngli “Nokia 112” markalı mobil telefonu aşkar olunaraq götürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 22 avqust 2023-cü il tarixli, 18/833 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərində...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 4 ədəd kibrit qutusunda ayrıayrılıqda təmiz çəkiləri–2.38 qram, 4.79 qram, 4.25 qram, 3.49 qram, 1 ədəd slafet bükümündə təmiz çəkisi-12.61 qram, ümumi çəkisi-27.52 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın ümumi çəkisi-27.52 qram, tədqiqata sərf edilən miqdarı-0,1 (hər ob-0.02qram) qram, qalıq-27.42 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş “məhkəmə-bioloji ekspertiza” üzrə 28 avqust 2023-cü il tarixli, 18/842 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərinfdən götürülmüş 4 ədəd kibrit qutusunda və 1 ədəd salfet bükümdə olan marixuanalar eyni tərkiblidir. Marixuananın ümumiçəkisi-27.42 qram, tədqiqata sərf edilən miqdarı-0,1 (hər ob-0.02qram) qram, qalıq-27.32 qramdır. Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 05 sentyabr 2023-cü il tarixli 5695 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli məktuba əlavə olunmuş 01 ədəd DVD RW tipli kompakt diskə və "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023cü il tarixli məktuba əlavə olunmuş 01 ədəd DVD RW tipli kompakt diskə baxış keçirilmiş, baxış zamanı təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin öz adına olması müəyyən olunmuşdur. Baxış zamanı həmin mobil nömrələrdən göndərilən və daxil olan məlumatlarda cinayət işi üzrə əhəmiyyət kəsb edəcək narkotik vasitələrin və ya psixotrop maddələrin alqı-satqısına dair məlumat aşkar olunmamışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 21 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdə, saat 16.50-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 23 avqust 2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 23 avqust 2023-cü tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi” haqqında 23 avqust 2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. “Qətimkan tədbiri seçmə barədə” 23 avqust 2023-cü tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 07 sentyabr 2023-cü il tarixdə verilmiş 5029 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 4 ünvanında yaşayır. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və ya şifahi şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə yəni, satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı ittiham verilmişdir. Məhkəmə, iş üzrə irəli sürülmüş sübutlara əsasən təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin hüquqi tövsif məsələsini araşdıraraq belə bir nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni əldə edərək saxlaması və daşıması düzgün olaraq müəyyən edilsə də, həmin narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması sübuta yetirilməmişdir. Nəzərə alınmalıdır ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı dəqiq və birmənalı şəkildə müəyyənləşdirilmişdir. Qeyd olunan Qanunun həmin maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmçinin, Qanununun 1.0.5-ci maddəsində dəqiq müəyyən edilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər başa düşülür. Göründüyü kimi, bu Qanunun mənasına görə qanunsuz dövriyyə geniş anlayışdır və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda əldə edilməsi əməlini də özündə ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» olan 4 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, «Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Plenum qərarının 11-ci bəndinin üçüncü hissəsində göstərilir ki, «təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir.» Məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından görünür ki, Təqsirləndirilən şəxs şatış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, daşıma və saxlama ilə bağlı irəli sürülmüş ittihamın əsasında yalnız sonuncudan üzərindən aşkar olunmuş həmin 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümündə narkotik vasitə qurudulmuş marixuananın olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə ilkin olaraq Təqsirləndirilən şəxs barəsində 22 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə cinayət işi başlayaraq bir sıra istintaq hərəkətləri icra etmiş, sonradan hər hansı əsas olmadan həmin narkotik vasitənin Təqsirləndirilən şəxs tərəfindən şəxsi istehlakı üçün deyil, onun niyyətinin satış məqsədi olması ilə bağlı nəticəyə gəlib barəsində istintaqı aparılan cinayət işini 23 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif etmişdir. Lakin nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, əməliyyat tapşırığı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz ilk gündən ona məlum olan həmin ehtimal və mülahizə əsasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürmüşdür. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. İttiham tərəfinin təqdim etdiyi şahidlər Şahid1 və Şahid2 istər ibtidai istintaq dövründə, istərsə də məhkəmə baxışı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs hər hansı şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması ilə bağlı əməliyyat məlumatının olmadığını bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri – 2,38 qram, 4,79 qram, 4,25 qram, 3,49 qram və 12,61 qram olmaqla ümumi çəkisi – 27,52 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal narkotik vasitə qəbul edən Təqsirləndirilən şəxs həmin narkotik vasitəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitə satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Belə ki, 21 avqust 2023-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümündə narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs barəsində cinayət təqibi başlanan andan barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilənədək, bütün izahat və ifadələrində üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olması və həmin vasitəni satmaq niyyətinin olmaması və narkotik vasitəni məhz şəxsi istifadəsi üçün əldə etməsi müəyyən olunur. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız Azərbaycan Respublikasının CM-i ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMnin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. CPM-nin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hesab edir ki, ittiham orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2ci maddəsi ilə ittiham verilərkən onun həmin cinayətdə təqsirli olmasını sübut edə bilməmiş, bu barədə ittiham ehtimallar üzərində qurulmuş, ittiham orqanı sübut kimi istinad etdiyi ifadələri yuxarıda qeyd edilən CPM-nin 144-145-ci maddələrinin tələblərinə uyğun qiymətləndirməmişdir. Hazırkı cinayət işində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmədə həyata keçirilmiş məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş ittiham üzrə onun təqsirliliyi sübuta yetirilməmişdir. Həmin Məcəllənin 144-cü maddəsinin tələbinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunmalı, bir-birilə müqayisə edilməli, yeni sübutlar toplamaqla əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilir ki, məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs 04 (dörd) ədəd kibrit qutusunda və 01 (bir) ədəd salfet bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 2,38 qram, 4,79 qram, 4,25 qram, 3,49 qram və 12,61 qram olmaqla ümumi çəkisi – 27,52 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş və üzərində daşımaqla saxlamış, bu barədə əməliyyat məlumatları almış Şirvan şəhər polis şöbəsinin əməkdaşları 21 avqust 2023-cü il tarixdə saat 16:00 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şirvan şəhəri, M.Qədirov küçəsində saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibində həmin bükümdə və çəkidə qurudulmuş aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 12-ci qrafasına əsasən təmiz halda 5 qram qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddə qurudulmuş marixuana təmiz çəkisi 27.52 qram qeyd olunan siyahıya əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir . Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin əməlləri törətmiş şəxsin CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə və maddənin sanksiyasında nəzərdə tutulmuş bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalardırılmasına səbəb olur. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Odur ki, Təqsirləndirilən şəxsa CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsilərinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı həbsdə saxlama müddəti nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti bir günə iki gün hesablanmaqla müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalı, üzərinə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri - 99 manat 48 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. Azərbaycan Respublikası CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 27,32 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 356, 358 və 384-cü və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 21 avqust 2023-cü il tarixdən 23 avqust 2023-cü il tarixədək şübhəli şəxs kimi həbsdə olduğu 2 gün müddət 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 99 manat 48 məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 27,32 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar