Məhkəmə qərarları › İş №1(032)-26/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-26/2023

08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-26/2023 08.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11:10-da Şirvan şəhər Məhkəməsinin hakimi X5 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şirvan şəhəri, T.İsmayılov küçəsi, ev 19, mənzil 47-də qeydiyyatda olmaqla, Şirvan şəhəri, Niyazi küçəsi, ev 37A-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhərində, Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhərində yerləşən X1 işlətdiyi «Az-Granata» adlı şərab evinin qarşısında sonuncu ilə görüşərək tanışı Şahid2 Rafail oğluna olan 13600 manat borcunu qaytarmasını bildirməklə, qaytarmadığı təqdirdə döymək və vurmaqla şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, cinayətkar əməlinin davamı olaraq Alı Təhməzovun onun hədəsini real qəbul etməsi üçün 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində «Az-Granata» adlı şərab evinin qarşısında Alı Təhməzovla təkrar görüşərək 13600 manat borcunu 2022-ci ilin iyul ayının 25-nə kimi qaytarmasını, həmin pulu təyin olunmuş vaxta ödəmədiyi təqdirdə yaşadığı ünvanı, yaşadığı ünvandan və iş yerindən çıxış və geri qayıdış saatlarını deməklə, şəxsiyyəti üzərində zor tətbiq edərək sağlamlığına ağır zərər vuracağı ilə Alı Təhməzovu hədələmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə ittiham üzrə təqsirli bildi, ifadə verərək göstərdi ki, Şahid2 Rafail oğlunu tanıyır, sonuncu ilə münasibətləri yaxşı olmuşdur. X2 da uzun müddətdir ki, tanıyır, onunla dost kimi münasibətləri olmuşdur, aralarında əvvəllər düşmənçilik və ədavətləri olmamışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Elnurla görüşən zaman söhbət edərək tanışları olan Alının onu aldatmasını, işlədiyi firmanın spirtli içkilərini satıb pulunu verməməsini, bu səbəbdən onu şirkətdə işdən çıxaracaqlarını söyləmişdir. O da Alı ilə dost münasibətinin olmasını, bu barədə sonuncudan soruşub dəqiqləşdirəcəyini demişdir. Bundan 3-4 gün sonra axşamüstü saatlarında Alıya zəng edib 16 nömrəli məktəbin yaxınlığında yerləşən çayxananın yanına gəlməsini, onunla söhbət edəcəyini söyləmişdir. Biraz sonra Alı ora gəlmişdir. Alı ilə söhbət edib Elnur ilə olan söhbətlərini bildirib Elnura 13600 manat pul borcunun olması barədə söyləməsini bildirmiş və Alıya borcunun olması halında həmin pulu Elnura qaytarmasını, Elnurun barəsində hər yerdə bu barədə söyləməsini bildirmişdir. Alı da ona borcunun olmadığını söyləmişdir. O da əsəbiləşərək Alıya demişdir ki, Elnurun pulunu qaytarsın, əks təqdirdə onu vuracaq və döyəcək, başına oyun açacaq. Alı da pulu az-az ödəyəcəyini bildirmişdir. Bundan 7-8 gün sonra saat 19 radələrində ona məxsus “Opel Astra” markalı, **-HN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərində yerləşən “Rövşən” şadlıq sarayının qarşısında olan Alının kirayə əsasında işlətdiyi mağazanın qarşısından keçərkən Alının mağazanın qarşısında olmasını görmüş, avtomobili saxlayıb şüşədən Alıya səslənmiş və Alı avtomobilə yaxınlaşıb əyləşmiş, o, Alıya söhbət etməklərini söyləmiş, Alı da mağazanı bağlayıb gəlməsini söyləmişdir. Sonra avtomobildən yerə enib mağazanı bağladıqdan sonra yenidən geri qayıtmışdır. Avtomobili idarə edib oradan uzaqlaşmış, “Şəhidlər Xiyabanının” yanından geri qayıdıb Alının işlətdiyi mağazanın yanına gəlmişlər. Alı orada avtomobildən yerə enib getmişdir. Yolda olarkən Alıdan Elnurla görüşüb-görüşməməsini, aralarında olan borc məsələsini həll edib-etməməsini soruşmuş, Alı da ona Elnurla görüşməməsini və yenə də Elnura borcunun olmadığını söyləmişdir. O da Alıya Elnurun barəsində söylədikləri nüfuzuna xələl gətirəcəyini, iş həyatına mənfi təsir edəcəyini söyləmiş, həmçinin Alıya Elnura pulu ödəməsini, ödəmədiyi təqdirdə yaşadığı ünvanı, işə gedib-gəldiyi vaxtları bildiyini, onu döyəcəyini, vuracağını demişdir. Alı da Elnurla görüşüb özünün söhbət edəcəyini bildirmişdir. Alı işlətdiyi mağazanın yanında avtomobildən yerə enib getdikdən sonra o, çıxıb getmişdir. Bundan sonra bir daha Alı ilə rastlaşmamış və Alını görməmişdir. Alı ilə söhbət zamanı yanlarında başqa şəxslər olmamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxslə barışmış, ona dəymiş ziyanı aradan qaldırmış, iş üzrə icraata xitam verilmsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 ifadə verərək göstərdi k, 2019-cu ildən etibarən “VİP Stasus” adlı şirkətin Şirvan şəhəri və Hacıqabul rayonu ərazisində satış nümayəndəsi işləmişdir. xx.xx.2022-ci il tarixdə isə işdən çıxmışdır. Həmin şirkət Azərbaycan Respublikasının ayrı-ayrı şəhərlərində və rayonlarında spirtli içkilərin satışını həyata keçirir. Şəhərlərin və rayonların satış nümayəndələri vardır. Şirkət spirtli içkiləri öz nümayəndələri vasitəsilə ona göndərir, o da spirtli içkiləri Şirvan şəhərində yaşayan Elnur adlı şəxsin qaynatasının evinə yığır, daha sonra isə spirtli içkiləri həmin ünvandan Amid adlı şəxsin vasitəsilə ayrı-ayrı mağazalara və marketlərə paylatdırır. Mağazalardan və marketlərdən pullar yığıldıqdan sonra pulları Elnura çatdırır. Elnur öz növbəsində həmin pulu deməsinə görə şirkətə ödəyir. 2019-cu ildən xx.xx.2022-ci il tarixədək olan müddətdə o, şirkətin ona vermiş olduğu spirtli içkiləri ayrı-ayrı mağazalara və marketlərə paylamış və həmin müddət ərzində də şirkət ona aylıq 700, 800 manat məvacib vermişdir. Şirkətin ona vermiş olduğu spirtli içkilərin pulundan onun şirkətə ümumilikdə şirkətin deməsinə görə 13600 manat pul borcu qalmışdır. Əslində isə onun şirkətə 5300 manat pul borcu vardır. O, həmin pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş və şirkətə də həmin pulu qaytaracağını bildirmişdir. Lakin şirkət onun onlara bildirdiyi 5300 manat pul ilə razılaşmır və ondan 13600 manat pul istəyir. Şirkətlə aralarında olan mübahisədən sonra o, xx.xx.2022-ci il tarixdə işdən çıxmış və onlara olan 5300 manat pul borcunu ödəyəcəyini bildirmişdir. Şirkət dedikdə o, Elnurun özünü nəzərdə tutur. Yəni şirkətin adından Elnur onunla danışır. xx.xx.2022-ci il tarixdə saat təxminən 17:00 radələrində o, özünə məxsus olan işlətdiyi “Rövşən” şadlıq sarayının qarşısında olan “Az-Granata” adlı spirtli içkilərin satışını həyata keçirdiyi şərab evində olan zaman Elnur onun olduğu yerə gəlmişdir. Şərab evinə daxil olmuşdur. Həmin vaxt şərab evində ondan başqa heç kim olmamışdır. Elnur onunla söhbət edən zaman onun “VİP Status” adlı spirtli içkilərin satışı ilə məşğul olan şirkətə 13600 manat pul borcunun olduğunu və həmin pulu qısa müddətdə ödəməli olduğunu bildirmişdir. O da Elnura yenidən şirkətə o qədər borcunun olmadığını, 5300 manat borcunun olduğunu, həmin pulu da aybaay ödəyəcəyini bildirmişdir. Elnur ona pulu tam olaraq ödəməyini, ödəmədiyi halda isə onu tutduracağını bildirirək hədə-qorxu gəlmişdir. Daha sonra Elnur şərab evindən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 21:00 radələrində özünə məxsus olan işlətdiyi “Rövşən” şadlıq sarayının qarşısında olan “Az-Granata” adlı spirtli içkilərin satışını həyata keçirdiyi şərab evində olan zaman əvvəllər tanıdığı Ceyhun adlı şəxs onun olduğu yerə gəlmişdir. Şərab evinə daxil olmuşdur. Həmin vaxt şərab evində ondan başqa heç kim olmamışdır. Ceyhun onunla söhbət edən zaman onun “VİP Status” adlı spirtli içkilərin satışı ilə məşğul olan şirkətə 13600 manat pul borcunun olduğunu və həmin pulu qısa müddətdə ödəməli olduğunu bildirmişdir. O da Ceyhuna onun şirkətə olan borcunun aidiyyəti olmadığını demişdir. Ceyhun da hörmətsizlik etməməyini, pulu tam olaraq ödəməyini, ödəmədiyi halda isə onu vuracağını və döyəcəyini bildirirək hədə-qorxu gəlmişdir. O, Ceyhunun bu sözlərindən qorxmuş və sonuncuya pulu az-az ödəyəcəyini bildirmişdir. Ceyhun pulun bütöv şəkildə Elnura çatmalı olduğunu bildirmişdir. Daha sonra Ceyhun şərab evindən çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 20:30 radələrində o, dostları Azad və Təbriz ilə birlikdə özünə məxsus olan “Az-Granata” adlı şərab evinin qarşısında oturmuşdur. Həmin vaxt Ceyhun yenidən “Opel” markalı avtomobillə şərab evinin qarşısına gəlmişdir. Təbriz və Azad da Ceyhunun oraya gəldiyini görmüşlər. Ceyhun adı ilə ona səslənərək onu öz yanına çağırmışdır. O da Ceyhunun yanına getmişdir. Ceyhuna yaxınlaşan kimi Ceyhun ona hörmətsizlik etdiyini, pulun təcili olaraq çatmalı olduğunu bildirmişdir. O da hal-hazırda pulunun olmadığını demişdir. Ceyhun ona ayın 25-dək pulun çatmalı olduğunu, çatmadığı təqdirdə onu vuracağı ilə hədələmişdir. Həmçinin Ceyhun ona evə getdiyi və gəldiyi vaxtları da bildiyini demişdir. Bundan sonra Ceyhun onu avtomobil ilə obyektin qarşısına qoyub çıxıb getmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyan aradan qaldırılmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, qərar qəbul edərkən bu halın nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 Rafail oğlu bildirdi ki, 2019cu ildən etibarən “VİP Stasus” adlı şirkətin Şirvan şəhəri , Hacıqabul rayonu, Neftçala rayonu, Salyan rayonu, Sabirabad rayonu və Saatlı rayonları ərazisində bölgə müdiri vəzifəsində işləmişdir. Alı Təhməzov isə Şirvan şəhəri və Hacıqabul rayonları üzrə 2019cu ildən etibarən satış nümayəndəsi işləmişdir. Alı Təhməzov xx.xx.2022-ci il tarixdə işdən çıxmışdır. Alı Təhməzov ilə münasibəti yaxşı olmuşdur. “VİP Status” adlı şirkət Azərbaycan Respublikasının ayrı-ayrı şəhərlərində və rayonlarında spirtli içkilərin satışını həyata keçirir. Şəhərlərin və rayonların bölgə müdirləri və satış nümayəndələri vardır. Şirkət spirtli içkiləri öz nümayəndələri vasitəsilə onlara göndərmiş, o da spirtli içkiləri Şirvan şəhərində yaşayan Alıya təhvil vermişdir. Alı da həmin spirtli içkiləri ayrı-ayrı mağazalara satmışdır. Ayın sonu isə satılmış spirtli içkilərin pulunu yığıb ona gətirmişdir. 2019-cu ildən 2022-ci ilin iyul ayının 01-dək olan müddətdə Alı şirkətin vermiş olduğu spirtli içkiləri ayrı-ayrı mağazalara satmaqla şirkətə ümumilikdə 21300 manat pul borcu qalmışdır. O, Alıdan bunu soruşduqda Alı pulun mağazalar tərəfindən verilmədiyini bildirmişdir. O da öz növbəsində mağazalardan bunu soruşduqda mağazalar Alının dediklərinin əksinə olaraq pulu Alıya verdiklərini bildirmişdir. Həmin vaxt o, bilmişdir ki, Alı pulu mənimsəmişdir. O, pulu Alıdan alıb şirkətə qaytarmaq üçün xx.xx.2022-ci il tarixdə saat 17:00 radələrində Alı ilə Alının özünün icarə əsasında işlətdiyi “Rövşən” şadlıq sarayının qarşısında olan “Az- Granata” adlı spirtli içkilərin satışını həyata keçirdiyi şərab evinin önündə görüşmüşdür. Alıya 21300 manat pul borcunu ödəməsini bildirmişdir. Alı ona 8000 manatlıq Gəncə şəhərinə spirtli içki göndərdiyini, 5300 manatlıq Lerik rayonuna spirtli içki göndərdiyini, pulun həmin yerlərdən gələn kimi üstünü düzəltməklə geri qaytaracağını bildirmişdir. Lakin bir neçə gün keçməsinə baxmayaraq Alı pulu qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə dostu Təqsirləndirilən şəxs ilə görüşüb söhbət edərkən söhbət əsnasında Alının borcunun qaytarmaması barədə Ceyhuna danışmışdır. Ceyhun ona narahat olmamağı, Alı ilə söhbət edəcəyini və pulu qaytarmasını deyəcəyini bildirmişdir. Bu söhbətdən bir neçə gün sonra Ceyhunla Şirvan şəhərində rastlaşdıqda, sonuncu Alı ilə söhbət etdiyini və Alının pulu qaytaracağını dediyini bildirmişdir. Ceyhunun “VİP Status” adlı şirkətlə heç bir əlaqəsi yoxdur. “VİP Status” adlı şirkətdə işlədiyinə dair hər-hansı sənəd mövcud deyildir. Şirkətlə onun arasında əmək müqaviləsi olmamışdır. Məvacibi o, malları satıb pulu şirkətin tez-tez dəyişən sürücülərinə verdikdən sonra faizdən gələn gəlir əsasında alır. Stabil maaşı yoxdur. “VİP Status” adlı şirkət “Ulduz” metrostansiyasının yaxınlığında yerləşir. O, Ceyhuna Alıdan şirkətə olan borcunu almasını deməmiş, sadəcə aralarında olan söhbət zamanı Ceyhuna bu barədə danışmış və Ceyhun Alı ilə söhbət edəcəyini demişdir. Ceyhuna Alının pulu verəcəyi təqdirdə pul və ya başqa hər hansı bir dəyərli əşya təklif etməmiş, Ceyhun da ondan belə bir şey istəməmişdir. Alıya pulu vermədiyi təqdirdə sonuncunu vuracağı ilə hədələməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 Səmədağa oğlu bildirdi ki, X2 tanıyır, onunla münasibəti normal olmuşdur. 2022-ci ilin iyul ayının 14-də toy məclisi etmişdir. Toy məclisi keçirilməmişdən əvvəl toyda verilmiş spirtli içkiləri Alının işlətdiyi “Az- Granata” şərab evindən götürmüşdür. Toy məclisindən sonra yəni, xx.xx.2022-ci il tarixdə spirtli içkilərin pulunu vermək üçün “Az-Granata” şərab evinə getmişdir. Alını orada görüb Alıya olan borcunu ödəmişdir. Daha sonra o, Alı ilə ortaq dostları olan Azadla birlikdə şərab evinin qarşısında stolda oturub su içmişlər. Həmin vaxt yəni, xx.xx.2022-ci il tarixdə saat təxminən 20 radələrində əvvəllər tanıdığı qonşuları olan X4 şərab evinin qarşısına gəlmişdir. Ceyhun Alıya səslənərək yanına çağırmışdır. Alı da Ceyhunun yanına getmiş və Ceyhunun idarə etdiyi “Opel” markalı avtomobilə əyləşmişdir. Ceyhun avtomobili idarə edərək Alı ilə birlikdə yanlarından uzaqlaşmışdır. Təxminən yarım saat sonra Ceyhun idarə etdiyi avtomobillə geri qayıtmışdır. Alı avtomobildən düşüb yanlarına gəlmişdir. O, Alıdan hər-hansı probleminin olub-olmadığını soruşmuşdur. Alı da ona əvvəllər işləmiş olduğu “VİP Status” adlı spirtli içkilərin satışı ilə məşğul olan şirkətə müəyyən qədər borcunun olduğunu və həmin şirkətin mütəmadi olaraq ayrı-ayrı şəxsləri üstünə göndərdiyini bildirmişdir. Alının deməsinə görə Ceyhun da həmin şəxslərdən biri olmuşdur. O, Alı və Azadla biraz söhbət etdikdən sonra evə getmiş, Alı da obyekti bağlayaraq çıxıb getmişdir. Alı ilə Ceyhunun arasında olan söhbətdən onun xəbəri olmamışdır. Alının deməsinə görə Ceyhun Alıdan əvvəllər şirkətə olan borcunu istəmiş, Ceyhunla qonşuluqda yaşamış, onunla hər-hansı düşmənçilik və ədavət olmamışdır. Şahid2 Rafael oğlunu tanımır, onunla Alının arasında olan münasibətlərdən məlumatı yoxdur. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 14 iyul 2022-ci il tarixdə saat 17 radələrində Şirvan şəhərində yerləşən X1 işlətdiyi «Az-Granata» adlı şərab evinin qarşısında sonuncu ilə görüşərək tanışı Şahid2 Rafail oğluna olan 13600 manat borcunu qaytarmasını bildirməklə, qaytarmadığı təqdirdə döymək və vurmaqla şəxsiyyəti üzərində zor tətbiq edəcəyi ilə hədələmiş, cinayətkar əməlinin davamı olaraq Alı Təhməzovun onun hədəsini real qəbul etməsi üçün 17 iyul 2022-ci il tarixdə saat 21 radələrində «Az-Granata» adlı şərab evinin qarşısında Alı Təhməzovla təkrar görüşərək 13600 manat borcunu 2022-ci ilin iyul ayının 25-nə kimi qaytarmasını, həmin pulu təyin olunmuş vaxta ödəmədiyi təqdirdə yaşadığı ünvanı, yaşadığı ünvandan və iş yerindən çıxış və geri qayıdış saatlarını deməklə, şəxsiyyəti üzərində zor tətbiq edərək sağlamlığına ağır zərər vuracağı ilə Alı Təhməzovu hədələmiş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 134-cü maddəsinin tərkibini yaradır. Buna baxmayaraq məhkəmə hesab edir ki, məhkəmədə işin icraatına xitam verilməsi əsasları müəyyən edildiyindən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalıdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X3 məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığı və ona dəymiş ziyan aradan qaldırıldığı üçün iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1,128,129,130,131.2,133.1,134,142.1,143,156.1,157.1 və 158.1-ci maddəsində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında Dövlət ittihamçısı çıxış edərək Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X3 ilə barışmasını və ona dəymiş ziyanı aradan qaldırmasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunmasını məhkəmədən xahiş etdi. Odur ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X3 barışmaları, dəymiş ziyanın ödənilməsi, şikayət və tələbin olmaması barədə ərizələr verdiyindən, habelə cinayət təqibinə xitam verilməsi barədə təqsirləndirilən şəxsin razılığı olduğundan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351 -353,384-cü maddələrim rəhbər tutub, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icratına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar