Məhkəmə qərarları › İş №1(032)-26/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-26/2025

23.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-26/2025 23.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 1995-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, sonuncu dəfə Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri, Naxçıvan küçəsində yerləşən Pioner lagerdə yaşayan, barəsində 06 dekabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 16 avqust 2024-cü il tarixdə saat 00:20 radələrində Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən Pioner Lagerin həyətində olarkən onunla qonşuluqda yaşayan X1 Zərərçəkmiş şəxs ilə mübahisə edib, sonuncunu sifətindən yumruqla vuraraq, Zərərçəkmiş şəxs “çənənin sağ oynaq çıxıntısının yerinidəyişmiş sınığı” kimi xəsarət yetirməklə huşunun itirərək yerinə yıxılmasından sonra sonuncuların yanına yaxınlaşaraq, Zərərçəkmiş şəxs əlində olan 1 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonunun yerə düşməsini görüb, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə ətrafdakı şəxslərin onun cinayətkar əməlini görmədiyinə əmin olduqdan sonra həmin 1 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonu yerdən götürməklə hadisə yerindən uzaqlaşıb həmin mobil telefona dair sərəncamvermə hüququnu əldə etməklə, Zərərçəkmiş şəxs 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq edib bildirdi ki, 16 avqust 2024-cü il tarixdə, saat 00:20 radələrində yaşadığı Naxçıvan küçəsində tanışı Samitlə dayandığı vaxt onlardan təxminən 10-15 metr aralıda qonşusu Ramilin kiminləsə mübahisə etdiyini görmüşdür. Həmin vaxt o, mübahisənin nədən ibarət olmasını aydınlaşdırmaq məqsədi ilə onlara doğru hərəkət etmiş, Samit də onun arxasınca gəlmişdir. Ramilin yanına çatanda görmüşdür ki, onunla mübahisə edən, sonradan adının Vəli olduğunu bildiyi şəxs artıq yerdə huşsuz vəziyyətdə uzanıb. Həmin vaxt Ramil və Samit oradan qaçıb getmişlər. O da, həmin yerdən uzaqlaşmaq istəyərkən yerdə telefon olduğunu görmüş və ətrafa baxıb onu heç kimin görmədiyinə əmin olduğundan həmin telefonu götürərək hadisə yerindən uzaqlaşmışdır. Sonradan götürdüyü telefonu orada olan yarımtikilidə gizlədərək, evinə getmişdir. O, mobil telefonu götürməyi barədə heç kimə bir söz deməmişdir. Sonradan Vəlinin polis şöbəsinə şikayət etdiyini öyrənmiş, onun müraciəti əsasında həmçinin telefonun axtarışı həyata keçirilmişdir. Oğurluq nəticəsində tərəfindən Zərərçəkmiş şəxs dəymiş ziyan aradan qaldırılmışdır. Zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsin ona qarşı tələb və ya şikayəti yoxdur. Hazırda törətmiş olduğu əməldən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, 15 avqust 2024-cü il tarixdə, saat 22 radələrində yaşadığı evdən çıxmış və bibisi nəvəsi ilə birlikdə Şirvan şəhərinə gəlmiş, oradan da əmisioğlugilə getmişdir. Onlar 16 avqust 2024-cü il tarixdə, saat təxminən 00:20 radələrində şəhərin Naxçıvan küçəsinə gəlmişlər, oradan piyada əmisioğlugilin küçəsi ilə gedərkən birdən küçədə dayanmış şəxslərdən biri olan Ramil Şahverdiyev onlara yaxınlaşmışdır. Həmin vaxt telefon ilə danışmışdır. Ramil ondan “bizim küçəmizdə gecə yarısı nə işin var?” deyə soruşmuşdur. O da, Ramilə “məni sən tanımırsan?” deyə cavab vermişdir. Ramil Şahverdiyev də “səni tanımıram, kimsən sən?” deyə soruşmuşdur. O da Ramilə demişdir ki, “nişanlımgil də bu küçədə qalırlar, sən qaynatam İlyasdan soruş, o mənim kim olduğumu sənə deyəcək”. Bu zaman kənarda dayanmış Bayraməli və Samit adlı şəxslər onlara tərəf gəlmişlər. Həmin vaxt Ramil ona nalayiq formada “qorxursan məndən?” demiş, o da ona demişdir ki, “ayıbdı, söyüş söymə, telefonla danışıram”. O, bu sözü deyib, ondan aralanmaq istəyən zaman Ramil qəfildən yumruqla onun sifətinə vurmuş, yumruğun təsirindən yerə yıxılmış və huşunu itirmişdir. Bir müddət sonra o, əmisioğlugildə ayılmış və ayılan kimi telefonunun üstündə olmadığını görüb harda olmasını soruşmuş, ona demişlər ki, telefonu tapıb verəcəklər, ola bilsin küçədə düşüb. Sonra əmisioğlugil küçədə telefonunu axtarmışlar, lakin telefon tapılmamışdır. O, hadisənin səhəri günü Şirvan şəhər polis şöbəsinə gəlmiş və bu barədə şikayət etmişdir. Hadisə zamanı Ramilin onu yumruqla vurması səbəbindən çənəsinin əzilməsi nəticəsində xəsarət almış, hadisə zamanı digər heç kimlə mübahisəsi və dava-dalaşı olmamış, ona Ramil Şahverdiyev xəsarət yetirmişdir. Hadisə təxminən 10-15 dəqiqə ərzində baş vermiş, hadisə vaxtı ona məxsus “İphone 11 Pro Max” markalı 650 manat dəyərində mobil telefonu oğurlanmışdır. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmayan Şahid ifadəsində bildirdi ki, 15 avqust 2024cü il tarixdə, saat 20 radələrində yaşadığı evdən çıxmış və oradan Sabirabad rayonu Azadkənd kəndinə getmiş, orada Zərərçəkmiş şəxs ilə görüşmüşlər. Saat 22 radələrində Vəli ilə birlikdə oradan çıxıb Şirvan şəhərinə gəlmişlər, oradan da Vəlinin əmisioğlugilə taksi ilə getmişlər. 16 avqust 2024-cü il tarixə keçən gecə, saat təxminən 00:20 radələrində onlar şəhərin Naxçıvan küçəsinə gəlmiş, oradan piyada Vəlinin əmisioğlugilin küçəsi ilə gedərkən birdən küçədə dayanmış şəxslərdən biri olan Ramil Şahverdiyev onlara yaxınlaşmış, həmin vaxt telefonu ilə danışan Vəliyə səslənib “bizim küçəmizdə gecə yarısı nə işin var?” deyə soruşmuşdur. Vəli də Ramilə “məni sən tanımırsan?” deyə cavab vermişdir. Ramil Şahverdiyev də “səni tanımıram, kimsən sən?” deyə soruşmuşdur. Vəli də, ona demişdir ki, “qaynatamgildə bu küçədə qalırlar, sən qaynatam İlyasdan soruş, o mənim kim olduğumu sənə deyəcək”. Bu zaman kənarda dayanmış Bayraməli və Samit adlı şəxslər onlara tərəf hərəkət etməyə başlamışlar. Həmin vaxt Ramil Vəliyə nalayiq formada “qorxursan məndən?” demiş, Vəli də ona “ayıbdı, söyüş söymə, telefonla danışıram deyib, ondan aralanmaq istəyən zaman Ramil qəfildən yumruqla onun sifətinə vurmuş, Vəli yumruğun təsirindən yerə yıxılmış və huşunu itirmişdir. Həmin vaxt Vəlinin mobil telefonu yerə düşmüşdür. O, əvvəlcə Vəlinin əmisioğlunu çağırmış, sonra isə yerdə qalan Vəliyə yaxınlaşıb, onun vəziyyəti ilə maraqlanan zaman Ramil və yanında olan şəxslərin qaçıb uzaqlaşdıqlarını görmüşdür. Sonra yanlarına Vəlinin əmisioğlu Bəhruz gəlmiş, Bəhruz gələndən sonra onlar Vəlini Bəhruzgilə aparmışlar. Vəli bir müddət sonra ayılmış və telefonunu soruşmuş, onlar da Vəliyə demişlər ki, narahat olmasın, telefonu tapıb verəcəklər. Sonra Bəhruzla telefonu axtarmışlar, lakin telefon tapılmamışdır. Hadisə zamanı heç bir xəsarət almamış, hadisə təxminən 10-15 dəqiqə ərzində baş vermiş, hava qaranlıq olduğundan telefonu kimin götürməsini dəqiq görə bilməmişdir. Hadisə vaxtı heç kimin əlində əşya və ya başqa vasitə olmamışdır. Vəlini yalnız Ramil yumruqla vurmuş, digər şəxslər mübahisədə iştirak etməmiş, nə ona, nə də ki, Vəliyə heç bir xəsarət yetirməmişlər. Sonradan Vəliyə məxsus telefonun Təqsirləndirilən şəxs tərəfindən oğurlandığını bilmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 13 noyabr 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi, cinayət işinin ayrıca icraata ayrılması və cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır; Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-152/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuşdur. Belə ki, o, Hacıqabul rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin edilmiş həmin cəza 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, bundan başqa Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.3.3, 177.3.3, 185.2.1, 185.2.2-ci maddələri ilə təqsirli bilinərək Cinayət Məcəlləsinin 66.3, 67.1, 71.5-ci maddələrinə əsasən 09 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4, 185.2.1 və 185.2.2-ci maddələrinə tövsif edilməklə Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 07 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, bundan başqa Quba rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur; Təqsirləndirilən şəxs sonuncu hökmlə olan məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 oktyabr 2024-cü il tarixli, 9/7454 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd yaşıl rəngli, “İphone 11 Pro Max” markalı mobil telefonun satışı üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, istifadədə olması nəzərə alınmaqla 2024-cü ilin avqust ayına olan orta bazar qiyməti təxminən 550,00 manat müəyyən edilir; 18 noyabr 2024-cü il tarixli zərərçəkmiş şəxs kimi tanımaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 14 noyabr 2024-cü il tarixli, 18-1-35/2-1593/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxx 1995-ci il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, Şirvan şəhəri, L-nt İbrahimov küçəsi, ev 16, mənzil 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞ-in Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 517 nömrəli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; 06 dekabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; 06 dekabr 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 06 dekabr 2024-cü il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; 12 dekabr 2024-cü il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs 1 ədəd “İphone 11 Pro Max” markalı mobil telefonu təhvil almış, məhkəmə baxışınadək saxlamağı öhdəliyinə götürmüş, bununla bağlı heç bir şikayət və tələbi yoxdur; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən oğurluq cinayət əməlini törətməsi, yəni özgənin əmlakını gizli olaraq talaması və onun həmin əməli törətməkdə təqsirli olması özünün etirafedici, zərərçəkmiş şəxsin və şahidin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X4 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə cinayət nəticəsində dəymiş ziyanın aradan qaldırılması Azərbaycan Respbulikası CM-nin 59.1.13-cü maddəsinə, törətmiş olduğu cinayəti etiraf etdiyini və əməlindən peşman olmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu olmasına baxmayaraq həmin, eləcə də hazırda törətmiş olduğu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğuna görə bu hal Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmır və onun cəzasını ağırlaşdıran hal yoxdur. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə Hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də eyni kateqoriyalı cinayət törətməyə görə məhkum edilməsinə baxmayaraq, islah olunmamasını, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökmün çıxarıldığı tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun haqqında başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət işi üzrə maddı sübut kimi tanınmış 01 (bir) ədəd “İphone 11 Pro Max” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın aradan qaldırılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Dövlət nəfinə keçirilsin. Cinayət işi üzrə maddı sübut kimi tanınmış 01 (bir) ədəd “İphone 11 Pro Max” markalı mobil telefonun Zərərçəkmiş şəxs təhvil verilməsi, eyni zamanda Zərərçəkmiş şəxs dəymiş zərərin aradan qaldırılması nəzərə alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar