Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-261/2023 20.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:25-də Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs və qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə xx.xx.2007-ci ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, fərdi əməklə məşğul oan, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs özgə əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü 22 avqust 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən maddi-nemətlərin yerləşdiyi təsərrüfat təyinatlı bina hesab edilən mətbuat köşkünə, həmin köşkün binasına sol tərəfdən pəncərəsinin şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb qanunsuz daxil olaraq vahid niyyətlə ikinci çəkməcədən 240 manat, həmin yerdən sağ tərəfdə yerləşən piştaxtanın altından isə 10 manat məbləğində qəpik pulları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 250 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə ifadə vermiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib bildirdi ki, 21 avqust 2023-cü il tarixdə yaşadığı evdə anası Fəridəyə Bakı şəhərində yerləşən “Meyvəli” bazarında işləməyə gedəcəyini demiş, təxminən 16-17 radələrində iş paltarlarını çantasına yığıb oradan yol maşını ilə Şirvan şəhərinə gəlmişdir. Həmin vaxt üstündə 20 manat pul olmuş, həmin pulu ona anası vermişdir. Şirvan şəhərində Fizuli parkında qohumu Arifi görmüş, onunla biraz parkda gəzişmiş, təxminən saat 23 radələrinə kimi Ariflə parkda gəzdikdən sonra onunla sağollaşmış və Arif çıxıb getmişdir. Onun mobil telefonu və saatı olmamış, piyada Şirvan şəhərində qatar yolu istiqamətində getmiş, yoldan keçən tanımadığı şəxsdən saatı soruşmuş, həmin şəxs ona saat 1-ə qalır demişdir. Artıq gecə olmuş, orada təxminən 15 dəqiqə gəzmiş, asfalt yolun kənarında qatar yolu ilə üzbəüz olan köşk görmüş, təxminən saat 01 radələrində oğurluq etmək qərarına gəlmiş, ona görə də, kənara baxmış, heç kimin olmadığına əmin olub yerdən daş parçası götürüb asfalt yolun kənarında, pilləkanların yanında olan, üzərində lotereya şəkilləri olan köşkün sol tərəfində olan giriş qapısının şüşəsini əlində olan daş parçası ilə sındırmış və dərhal sındırdığı şüşədən içəri daxil olub gümüşü rəngli televizorun altında olan ikinci çəkməcəni açmış və orada olan pulları götürüb cibinə qoymuşdur. Sonra sağ tərəfdə olan piştaxtanın altında olan çoxlu qəpikləri götürüb cibinə qoymuş, dərhal daxil olduğu yerdən bayıra çıxmışdır. Həmin pulları çantasına qoyub oradan uzaqlaşmış, dəmir yolunun üstündə, həmin yerdən bir qədər kənarda pulları saymış, 2 ədəd 50 manatlıq, 3-4 ədəd 5 manatlıq, 1 ədəd 10 manatlıq, 10 ədəd 20 manatlıq, qalanları 1 manatlıq pullar olmaqla cəmi 240 manat olmuşdur. Sonra qəpikləri saymış, 10 manat olmuş, ümumilikdə isə 250 manat pul olmuşdur. Həmin pulları çantasına yenidən qoyub dəmir yolunun üstü ilə biraz getdikdən sonra asfalt yola çıxmış, tanımadığı taksiyə əyləşib Şirvan şəhərində Salyan dairəsi adlanan yerə getmiş, səhərə kimi orada gözləmiş, səhər açılanda marşrutla Salyan rayonuna getmiş, lakin anasının onun oğurluq etdiyini biləcəyindən və tənbeh edəcəyindən qorxub evə getməmişdir. Ona görə də, 22 avqust 2023-cü il tarixdə səhər tezdən Salyan avtovağzalından marşrutla Bakı şəhərinə, Sədərək bazarında yerləşən Meyvəliyə getmiş, orada üç gün fəhlə işləmiş, elə orada gecələr boş Qazellərin içərisində yatmış, evə heç bir məlumat verməmişdir. 25 avqust 2023-cü il tarixdə Bakı şəhərində olan tanımadığı mağazaya daxil olub oğurladığı xırda pulları bütöv pula dəyişmiş və əynindəki cins şalvarın cibinə qoymuşdur. Həmin gün marşrutla Şirvan şəhərinə gəlmiş, Şirvan şəhərində olarkən polis əməkdaşları onu görüb polis şöbəsinə gətirmişlər. 21 avqust 2023-cü il tarixdən 22 avqust 2023-cü il tarixə keçən gecə köşkdən oğurladığı pulları istintaq bölməsinə təqdim etmiş və polis əməkdaşı ondan həmin pulu götürmüş, bu barədə fotoşəkillər çəkilmiş, protokol tərtib edilmiş, doğru yazıldığı üçün protokolda imza etmişdir. Bundan sonra ifadəsi yerində yoxlanılarkən sonradan adını bildiyi Niyazi adlı şəxsin mətbuat köşkünə necə daxil olduğunu, pulları haradan oğurladığı yeri anasının iştirakı ilə göstərmiş, bununla bağlı da fotoşəkillər çəkilmiş, protokol yazılıb ucadan oxunmuş, doğru yazıldığı üçün həmin protokolda imza etmişdir. Bundan başqa oğurluq etməmiş, həmin oğurluğu tək etmiş, heç kim onu cinayətə təhrik etməmişdir. Oğurluq nəticəsində zərərçəkmiş şəxsə vurulmuş maddi ziyan tam həcmdə ödənilmiş, sonuncu ilə barışıq əldə etmişlər. Əməlindən peşmandır. Məhkəmə baxışında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Sarvan QSC-də satış müdiri işləyir, ünvan 2 ünvanında yerləşən özünə məxsus mətbuat köşkü vardır. Həmin köşkü tanışı Şahid ilə birlikdə işlədir, o, olmayan zaman orada Elmas olur. Həmin köşkü hər gün səhər saat 8-də açırlar, axşam saat 20 radələrində isə bağlayırlar. 21 avqust 2023-cü il tarixdə saat 20 radələrində Elmas köşkü bağlayıb getmiş, xx.xx.2023-cü il tarixdə səhər saat 8 radələrində evdə olarkən Elmas ona zəng edərək köşkün giriş qapısının şüşəsinin sındırıldığını demiş, o, dərhal həmin yerə getmiş, ora gedib çatanda görmüşdür ki, köşkün giriş qapısının şüşəsi sındırılmış vəziyyətdədir. Qapını açıb içəri daxil olmuş, köşkdə olan mallara və pullara baxdıqda televizorun altlığında olan ikinci çəkməcədən müxtəlif məbləğdə kağız pulun və həmin yerdən sağ tərəfdə olan piştaxtanın altında müxtəlif məbləğdə qəpik pulların oğurlandığını aşkar etmişdir. Bunu görüb dərhal Şirvan polis şöbəsinə ərizə təqdim etmiş, polis əməkdaşları köşkə baxış keçirmişlər, fotoşəkillər çəkmişlər. Sonradan köşkə bir daha Elmas ilə birlikdə baxmış, malların siyahısı, pulları və lotereya biletlərini yoxladıqda lotereya biletlərinin yerində olduğunu görmüş, 240 manat kağız pul, 10 manat qəpik pul olmaqla cəmi 250 manat pulun oğurlandığını müəyyən etmişdir. Oğurluq hadisəsi xx.xx.2023-cü il tarixdə saat 20 radələrindən xx.xx.2023-cü il tarixdə saat 08 radələrinədək olan müddət ərzində olmuş, oğurluq nəticəsində ona konkret olaraq 250 manat maddi ziyan dəymişdir. Polis əməkdaşları oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini müəyyən etmişlər. Hazırda ona vurulmuş maddi ziyan, o cümlədən oğurluq törədilərkən sındırılmış şüşənin dəyəri tam həcmdə ödənilmiş, təqsirləndirilən şəxs onunla barışıq əldə etmişdir. Ona qarşı heç bir tələb və şikayəti yoxdur. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid ifadə verərək göstərdi ki, Şirvan şəhəri, F.Eynullayev küçəsində Zərərçəkmiş şəxs məxsus mətbuat köşkündə satıcı işləyir. Arabir Niyazi özü həmin köşkə gəlib nəzarət edir. Həmin köşkü hər gün səhər saat 8-də açır, axşam saat 20 radələrində isə bağlayır, 21 avqust 2023-cü il tarixdə saat 20 radələrində köşkü bağlayıb getmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 8 radələrində yaşadığı evdən çıxıb köşkə getdikdə orada köşkün giriş qapısının şüşəsinin sındırıldığını görmüş, dərhal istifadəsində olan mobil nömrə ilə Niyazinin mobil nömrəsinə zəng edib bu barədə məlumat vermiş, az sonra Niyazi həmin yerə gəlib qapını açıb içəri daxil olmuşlar, köşkdə olan mallara və pullara baxdıqda ilk öncə televizorun altlığında olan ikinci çəkməcədən müxtəlif məbləğdə kağız pulun oğurlandığını aşkar etmişlər. Oğurluq hadisəsi ayın sonuna yaxın olduğundan malların siyahısını və orada olan pulları dəqiq bilməmişdir. Niyazi bu barədə Şirvan polis şöbəsinə məlumat vermiş, polis işçilərinə ərizə təqdim etmiş, polis əməkdaşları gəlib köşkə baxış keçirib fotoşəkillər çəkmişlər. Niyazi polis şöbəsində izahat verdikdən sonra birlikdə köşkdə olan malların və pulların siyahısına baxmışlar, konkret olaraq 250 manat pulun əskik olduğunu müəyyən etmişlər. Daha sonra isə Şirvan polisinin işçiləri işlədiyi yerdən oğurluq edən şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən etmişlər. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 22 avqust 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən mətbuat köşküdür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Kriminalistik Tədqiqatlar İdarəsindən Şirvan ŞPŞ-nə daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-11/2-10704/2023 nömrəli məktubda göstərilmişdir ki, xx.xx.2023-cü tarixdə Zərərçəkmiş şəxs məxsus, ünvan 2-də yerləşən köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri xx.xx.2023-cü il tarixdə KTİ-yə daxil olmuşdur. Təqdim edilmiş əl izləri DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl əksləri ilə müqayisə edilmişdir. Müqayisəli tədqiqat nəticəsində yararlı olan əl izlərindən 04 ədədi (ADİS-in məlumat bankına Şirvan ŞPŞ-dən daxil olmuş) xx.xx.2007-ci ildə Salyan rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sol əlinin ovuc (04 dəfə) əksi ilə eynilik müəyyən edilmişdir. Digər eynilik aşkar olunmadı. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 avqust 2023-cü il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus mətbuat köşkünə qanunsuz daxil olub oradan 250 manat nağd pul oğurlaması, oğurlayarkən tək olması, Təqsirləndirilən şəxs başqa oğurluq hadisəsi törətməməsi, həmin hadisənin şahidlərinin və onun oğurluq etməsində ailə üzvlərinin xəbərinin olmaması müəyyən edilmişdir. İş materiallarında olan Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 3174 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar oluunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə hadisəni düzgün qavrayıb, düzgün ifadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs halhazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs eqosentrizm, məsuliyyətsizlik, başqalarının hiss və həyəcanlarına qarşı biganəlik kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Əqli və psixi inkişaf xüsusiyyətlərinə görə hadisəni düzgün qavramaq və düzgün ifadə vermək qabiliyyətinə malikdir. Onda yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyillilik müəyyən olunmadı. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmadı. Təqsirləndirilən şəxs əqli və psixi inkişafının xüsusiyyətlərinə görə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən hansı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizoloji affekt halında olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan Salyan rayon İcra Hakimiyyəti başçısının Qaraçala qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 17 noyabr 2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Salyan rayonu, Qaraçala qəsəbəsində yaşayır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayətin onun tərəfindən təqsirli olaraq törədilməsi cinayət işi üzrə toplanmış dəlillərin məcmusu ilə kifayət qədər sübuta yetirilir. Beləliklə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgə əmlakını tamah niyyəti ilə və əvəzsiz götürməkdən ötrü 22 avqust 2023-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən maddi-nemətlərin yerləşdiyi təsərrüfat təyinatlı bina hesab edilən mətbuat köşkünə, həmin köşkün binasına sol tərəfdən pəncərəsinin şüşəsini yerdən götürdüyü daş parçası ilə sındırıb qanunsuz daxil olaraq vahid niyyətlə ikinci çəkməcədən 240 manat, həmin yerdən sağ tərəfdə yerləşən piştaxtanın altından isə 10 manat məbləğində qəpik pulları gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 250 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməllər isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin tərkibini təşkil edir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Cinayət qanunverciliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, cəza təyin edilərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyəti, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, cinayətin xarakteri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin edilməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında » Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 №-li qərarının 11-ci bəndində tövsiyyə edilmişdir ki,yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-in 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi,təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar,cəzanı yüngülləşdirən və ağırlaqdıran hallar) hallardan başqa,həmçinin Azərbaycan Respublikası CM-in 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti,əqli və psixi inkişaf səviyyəsi,şəxsiyyətlərinin digər xüsusiyyətləri ,yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır.İlk növdəbə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin mülkiyyət münasibətlərinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Məhkəmə cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını və dəymiş ziyanın aradan qaldırmasını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə, eyni zamanda təqsirləndirilən şəxsin əməlindən peşman olması və yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, üzərinə Salyan rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə”qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan ünvan 2-də yerləşən köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi ziyanın ödənilməsi və məhkəmə xərclərinin olmaması nəzərə alınmaldır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Salyan rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Salyan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Salyan rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan ünvan 2-də yerləşən köşkdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş əl izləri cinayət işinin materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-261/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-261/2023
20.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver