Məhkəmə qərarları › İş №1(032)-27/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-27/2023

22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-27/2023 22.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu olan, Sabirabad rayonu Ətcələr kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq girməklə soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 21 sentyabr 2022-ci il tarixdə, saat 05 radələrində Şirvan şəhəri, L-nt İbrahimov küçəsində 16 saylı binanın Zərərçəkmiş şəxs məxsus 11 saylı mənzilinin pəncərəsinin açıq olduğunu görüb, yaşayış sahəsinə pəncərədən qanunsuz daxil olub, mənzildə axtarış aparmaqla Zərərçəkmiş şəxs məxsus sonuncunun qiymətləndirdiyi içərisində 0,40 qəpik olan 30 manat dəyərində pul qabını taladığı zaman, zərər çəkmiş şəxs tərəfindən törətdiyi cinayət əməli aşkar edildikdə, bunu dərk edərək əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirməklə Zərərçəkmiş şəxs törətdiyi cinayət əməlini dayandırması ilə bağlı çağırışlarına məhəl qoymayıb, taladığı əmlakı özündə saxlamaqla pəncərədən tullanıb hadisə yerindən qaçaraq uzaqlaşıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 30 manat 40 qəpik maddi ziyan vurmaqla özgənin əmlakını açıq talayaraq soyğunçuluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 21 sentyabr 2022-ci il tarixdə, saat 05 radələrində Şirvan şəhərinin L-nt İbrahimov küçəsində 16 saylı binanın qarşısında olarkən birinci mərtəbədə yerləşən mənzilin pəncərəsinin açıq olduğunu və işıqlarının yanmadığını görüb, düşünmüşdür ki, yəqin evdə heç kim yoxdur. O, ətrafa baxıb sakitçilik olduğunu görüb pəncərəyə yaxınlaşmış, pəncərədə olan setkanı çıxarıb kənara qoymuş və pəncərədən mətbəx otağına daxil olmuş və mətbəx otağından keçib qonaq otağına keçmiş, həmin otaqda bir ədəd çanta görüb həmin çantanın içərisinə baxdıqda bir ədəd pul qabı görmüş və pul qabını götürüb cibinə qoyan zaman səs eşitmiş və başa düşmüşdür ki, evdə adam var. O, tez mətbəxə gəlmiş və sakitcə əyilmiş vəziyyətdə durmuşdur. Həmin vaxt bir nəfər qadın mətbəxin işığını yandırıb onu görmüş və o, həmin qadına səs etməməsinə işarə vermiş, lakin qadın səs edib kimisə çağırdığı üçün o, mətbəxin pəncərəsindən çölə tullanıb oradan qaçıb getmişdir. Hadisə yerindən bir qədər aralaşdıqdan sonra pul qabının içərisinə baxdıqda orada 40 qəpik pul olduğunu görmüşdür. 21 sentyabr 2022-ci il tarixdə isə Şirvan şəhər ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşıb oğurluq etməkdə şübhəli olduğu üçün onu polis şöbəsinə dəvət etmişlər. O da, polis əməkdaşları ilə Şirvan şəhər polis şöbəsinə gəlmiş və polis şöbəsində cinayət törətdiyini etiraf etmişdir. Həmin qadına qarşı heç bir fiziki zor tətbiq etməmiş, yalnız pəncərədən çıxıb qaçmış, həmin mənzildən ifadəsində qeyd etdiyi əşyalardan başqa heç nə oğurlamamışdır. Əməlindən peşmandır. Təqsirləndirilən şəxsin təqsirli olması onun öz ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs X2 ifadəsində 21 sentyabr 2022-ci il tarixdə, saat 05 radələrində onlar yaşadıqları evdə olarkən evin mətbəxindən səs gəlmiş, həmin vaxt qorxduğundan atası Tahir Dəmirovu çağırmış və evin mətbəxindən səs gəldiyini bildirmişdir. O, evin mətbəxinə tərəf gəlmiş və mətbəxin işığın yandırmış və mətbəxdə bir nəfər şəxsin oturduğunu görmüş, həmin şəxs əli ilə işarə edərək, ona sakit durmağını bildirmiş, həmin şəxsin əlində özünə məxsus pul qabını görmüş, atası Tahirə səslənərək evin mətbəxində kənar şəxsin olmasını bildirmiş, bu zaman həmin şəxs yerindən durub mətbəxin pəncərəsindən çıxaraq qaçıb getmişdir. Bundan sonra onlar həmin şəxsin dalınca pəncərədən baxsalar da, onu görə bilməmişlər. Bundan sonra onlar evə baxmışlar və nəsə oğurlanıb oğurlanmamasını yoxlayan zaman ona məxsus 30 manat dəyərində pul qabının yerində olmadığını görmüş, həmin pul qabının içərisində təxminən 40 qəpik pul olmuşdur. Bundan həmin günün səhəri atası Tahir Dəmirov polis şöbəsinə gələrək bu barədə ərizə ilə şikayət etmişdir. Ona məxsus mənzildən başqa əşya oğurlanmamışdır. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şübhəli şəxs qismində tutulmaya dair protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə məxsus fərdi yaşayış evinə hansı qaydada daxil olması, hansı qaydada soyğunçuluq etməsi və digər xüsusatları əyani olaraq olaraq hadisə yerində göstərmişdir.( i.v.133-138) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Həsənov X1 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 2800 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu ildə Sabirabad rayon Məhkəməsinin qərarı ilə cərimə cəzası 06 ay azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək, 03 il 01 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasının sonu ilə azad olunmuşdur. (i.v 115-120) xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və hal hazırda ailəsi və uşaqları Ətcələr kəndində yaşayır. Onun barəsində Həşimxanlı Kəns Ərazi Dairəsi Nümayəndəliyinə heç bir ərizə və şikayət daxil olmayıb. Şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü və xx.xx.2017-ci il təvəllüdlü uşaqları var. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsinə əsasən soyğunçuluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 180.2.3-cü maddəsi ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini təqsirləndirilən şəxsin əvvəllər də qəsdən cinayət əməl törətməsi və məhkumluq həyatı yaşaması onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmaması isə CM-nin 59.1.12-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs oğlu Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2 və 180.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 03 (üç) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halları nəzərə alır, əvvəllər də eyni xarakterli, yəni talama cinayətinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxsə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 21 sentyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxsə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar