Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-29/2023 12.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16.25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1978-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğ olmayan, İİ dərəcə əlil olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 26 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında yerləşən evdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə vaxtı sonuncunu qəsdən sol bud nahiyyəsinə təpik zərbəsi vuraraq Zərərçəkmiş şəxs sol budun yan səthinin hematoması kimi ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qəsdən Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə baxışında Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2013-cü ildə evlənmiş, bu nikahdan bir övladı olmuşdur. Maddi vəziyyəti pis olduğuna və narkomaniya xəstəliyindən əziyyət çəkdiyinə görə arvadı ilə mütəmadi olaraq aralarında mübahisələr yaranmağa başlamışdır. 26 noyabr 2022-ci il tarixdə təmirdən sonra evdə qalan bir neçə ədəd metlağı satmış, həmin günü saat 19 radələrində arvadı həmin metlağı nə səbəbə satdığını soruşmuş və arvadına cavab olaraq satdığını bildirmişdir. Bundan sonra aralarında mübahisə yaranmış, mübahisə zamanı arvadı Bəsti evdən çıxaraq atasının yaşadığı Hacıqabul rayonuna gedəcəyini bildirmiş, o Bəstiyə cavab olaraq getməməsini demiş və əsəbiləşdiyi üçün arvadı Bəstinin bud nahiyəsindən bir dəfə təpik zərbəsi vurmuşdur. Bundan sonra arvadı Bəsti atasının yaşadığı evə gedəcəyini bildirərək evdən çıxıb getmişdir. Sonradan arvadı Bəstinin onun barəsində şikayət etdiyini öyrənmiş, polis şöbəsinə dəvət olunmuş və izahat vermək üçün polis şöbəsinə getmişdir. Narkotik aludəçisidir, buna görə də ailəsində problemlər yaranır, törətdiyi əmələ, ailəsini incitdiyinə görə hərəkətlərinə tənqidi yanaşır və hesab edir ki, azadlıqdan məhrum edilsə bəlkə bir müddət pis vərdişlərdən kənar qalar və bu onun islah olunmasına kömək edər. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, 2012-ci ildə Təqsirləndirilən şəxs ilə evlənmiş və bu nikahdan 1 övladı olmuşdur. Əvvəllər münasibətləri normal olmuş, lakin son vaxtlar Rafael tüfeyli həyat tərzi yaşamağa başlamış, heç bir səbəb olmadan mübahisələr yaratmışdır. 26 noyabr 2022-ci il tarixdə, saat 19 radələrində hamam otağına getmiş, otaqda təmir üçün aldığı metlağın yerində olmadığını görmüş, bu səbəbdən Rafaelin satdığını fikirləşmiş, ondan metlağın harada olmasını soruşmuşdur. Həmin vaxtı Rafael ilə aralarında mübahisə yaranmış və mübahisə zamanı Rafael onun sol bud nahiyyəsinə təpik zərbəsi endirmişdir. Bundan sonra söhbətin böyüyəcəyini fikirləşmiş və evi tərk etmiş, evdən çıxdıqdan sonra şikayət etmək qərarına gəlmiş və bu barədə DİN-nin “102” xidmətinə zəng edərək məlumat verdiyini bildirmişdir. Rafael həmçinin narkotik vasitələrin aludəçisi olmaqla bərabər, evdə azyaşlı qızlarının yanında belə narkotik vasitələrdən istifadə etməkdən çəkinmir, pis vərdişlərə malik olan digər dostlarını da evə gətirərək, onların yanında alkoqol qəbul edir. Bununla əlaqədar özü polis qurumuna müvafiq məlumat vermiş, onun şikayəti hazırda da araşdırılır. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayətçidir, ona ən ağır cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Şirvan şəhər mərkəzi xəstəxanasının 01 dekabr 2022-ci il tarixli, 1232 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində “Opoidlərin qəbulu nəticəsində narkamaniya xəstəliyi” diaqnozu ilə qeydiyyatdadır. (i.v. 15-16) Təyin edilmiş məhkəmə-tibbi ekspertizasının 27 noyabr 2022-ci il tarixli, 339 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol budun yan səthinin hematoması. Yuxarıda qeyd olunan xəsarət küt əşya təsirindən əmələ gəlməklə müxtəlif şəraitlərdə eyni zamanda müayinə olunanın göstərdiyi şəraitdə yəni kənar şəxs tərəfindən vurulması zamanı əmələ gələ bilər. Müddəti hadisə günü 26 noyabr 2022-ci il tarixə uyğundur. Yuxarda qeyd olunan xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v. 44-45) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsindən göndərilmiş tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin 18 mart 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-ci bəndinə əsasən cəzadan azad olunmuşdur. (i.v. 46) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Hazırki iş üzrə zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə qarşı şikayətçidir və belə olan halda şəxsin göstərilən əsaslarla cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir hal məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar qismində İİ qrup əlil olması məhkəmə tərəfindən nəzərə alınır. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə işin obyektiv hallarını, Təqsirləndirilən şəxs şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını, cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmasını, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını, zərərçəkmiş şəxsin ona qarşı şikayətçi olmasını, Təqsirləndirilən şəxs pis vərdişlərə malik olmaqla ailə üzvlərinə mənfi təsir göstərməsini, onun özünün əməlinə tənqidi yanaşmasını nəzərə alır və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 351-353-cü,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-29/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-29/2023
12.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver