Məhkəmə qərarları › İş №1(032)-29/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-29/2024

23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-29/2024 23.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:40-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq 01 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,488 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sağ yan cibində daşıyaraq saxlamış, 12 sentyabr 2023-cü il tarixdə saat 16:45 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Alı Mustafayev küçəsində Təqsirləndirilən şəxs qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək, həmin gün saat 18:10-dan 18:45-dək müddətdə müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi-axtarış nəticəsində üzərində olan həmin 01 (bir) ədəd polietilen kəsiyi bükümündə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 0,488 qram miqdarında kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən istifadə etmiş, əvvəllər məhkum olunmuş, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 1 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Mahiyyəti üzrə bildirmişdir ki, 12 sentyabr 2023-cü ildə Şirvan şəhəri, Alı Mustafayev küçəsində yaşadığı evin yaxınlığında olarkən yerdə 01 (bir) ədəd sellofan bükülü görmüş, diqqətini cəlb etdiyi üçün götürüb içərisinə baxdıqda narkotik vasitə olan heroin olduğunu görmüş, həmin bükülünün içərisində olan heroindən istifadə etmək üçün şalvarının sağ yan cibinə qoyub saxlamış, həmin gün saat 16:45 radələrində o, Şirvan şəhəri, A.Mustafayev küçəsində yolun kənarında hərəkət edərkən polis əməkdaşları özünü şübhəli apardığına görə ona yaxınlaşıb birlikdə polis şöbəsinə getməyini təklif etmiş, o da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtaırş zamanı əynindəki şalvarının sağ yan cibindən özü qəbul etmək üçün saxladığı 01 ədəd polietilen bükülünün içərisində narkotik vasitəsi heroinə bənzər kütlə aşkar edilib götürülmüş, sorğu zamanı o bükülünün içərisində narkotik vasitə heroini olduğunu, 12 sentyabr 2023-cü il tarixdə səhər saatlarında Şirvan şəhəri, Alı Mustafayev küçəsində gəzən zaman yerdən tapdığını bildirmiş, polis işçiləri, vəkilin və onun iştirakı ilə üstündən aşkar edilib götürülmüş içərisində narkotik vasitə heroin olan polietilen bükülü zərfə qoyularaq möhürlənmiş, daha sonra isə polis işçiləri bu barədə protokol tərtib etmiş, o həmin protokolla tanış olmuş, düzgün tərtib olunduğuna görə o da digər iştirakçılar kimi protokola və zərfə imza etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 12 sentyabr 2023-cü il tarixdə polis şöbəsində olan zaman məlumat daxil olmuşdur. Şirvan şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla əldə etdiyi narkotik vasitəni saxlamaqda, istifadə etməkdə və satışında şübhəlidir, bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan ŞPŞnin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə xx.xx.2023-cü il tarixdə təxminən saat 16:45 radələrində Şirvan şəhəri, Alı Mustafayev küçəsinə getmiş, Maqsudu həmin küçədə görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş, Maqsuda onlarla polis şöbəsinə getməsini bildirmiş, Maqsud da etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və psixotrop maddə olduğu təqdirdə onu təqdim etmək təklif edilmiş, Təqsirləndirilən şəxs üzərində olan qara rəngli şalvarının sol yan cibindən bir ədəd “Redmi” markalı qara rəngli mobil telefon və 5 manat pul əskinası və "xxxx" kartı, həmin şalvarın sağ yan cibindən isə bir ədəd polietilen büküm çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə olan heroin olduğunu, 12 sentyabr 2023-cü il tarixdə səhər saatlarında tapdığını bildirmiş, sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış aparılmış, axtarış zamanı qeyd olunanlardan əlavə qanunsuz heç bir əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamış, sorğu zamanı Maqsud üzərindən aşkar olunmuş 01 ədəd polietilen bükümündə narkotik vasitə heroinə bənzər maddəni istifadə etmək məqsədilə üzərində saxladığını bildirmış, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyulmuş, möhürlənərək bu barədə protokol tərtib etdilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, iştirakçılar protokolun doğruluğunu imzalarla təsdiq etmişlər. Təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat öz təsdiqini tapmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 115-117) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 12 sentyabr 2023-cü il tarixli şübhəli şəxs tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 sentyabr 2023-cü il tarixdə, saat 16:45-də polis şöbəsinə gətirilmiş, həmin gün saat 17:40-da şübhəli şəxs qismində tutulmuş, və 13 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 11, 50-51) 12 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm və qara rəngli idman şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonu, 5 manat pulunu və 4169 7388 5107 2912 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartı çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi həmin sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. (i.v 29-30) Şəxsi axtarış və götürmə aparılmasına dair videogörüntünün əks olunduğu diskin məhkəmə baxışında nümayişi zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan büküm və qara rəngli idman şalvarının sol yan cibindən “Xiaomi” markalı mobil telefonu, 5 manat pulunu və 4169 7388 5107 2912 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartı çıxarıb masanın üzərinə qoymuş və təqdim etdiyi həmin sellofan bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, narkotik vasitə heroinə bənzər kütlə elektron tərəziyə qoyularaq çəkilən zaman maddənin çəkisi polietilen bükümü ilə birlikdə 0,53 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş maddə götürülərək müvafiq qaydada qablaşdırılmış, təqdim etdiyi “Xiaomi” markalı mobil telefon möhürlənmədən qablaşdırılmış, 5 manat pul və 4169 7388 5107 2912 nömrəli "xxxx" ASC-yə məxsus plastik kartı əhəmiyyət kəsb etmədiyi üçün geri qaytarılmışdır. (i.v.31) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2023-cü il tarixli, 18/907 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 0,488 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.(i.v 37-40) 13 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus qara rəngli “Redmi 9C” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefonun daxilində ***-***-**- ** saylı mobil nömrə olması müəyyən edilmişdir. (i.v 73) Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin 04 mart 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 29 aprel 2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmişdir. (i.v 88-89) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1saylı X1 25 sentyabr 2023-cü il tarixli, 3-17- 1/2-220720/2023 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan (Şirvan, Hacıqabul) Regional filialından heç bir növ sosial müavinət, pensiya və təqaüd almır. (i.v 91) Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X5 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X4 daxil olmuş xx.xx.2023-cü il tarixli 694/1 nömrəli sorğuya cavab məktubundan görünür ki, Şirvan şəhəri, Alı Mustafayev küçəsi ev 26-da qeydiyyatda olmaqla yaşayan Orucov X2 ŞMP-nın narkoloji kabinetində Tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi diaqnozu ilə qeydiyyatdadır. Ruhi-əsəb kabinetində qeydiyyatda yoxdur. (i.v 108) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 6336 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 118-119) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 11 oktyabr 2023-cü il tarixli 3-16-16/2-5/1316/2023 saylı rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “”Android 10” əməliyyat sistemi ilə təhciz olunmuş “Xiaomi Redmi 9C” markalı “M2006C3MG” modelli “**********10788, **********20783” imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Xiaomi Redmi 9C” markalı “M2006C3MG” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (01 yanvar 2023-cü il tarixdən 13 sentyabr 2023-cü il tarixədək olan müddət ərzində kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı, digər sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır.(i.v 120-123) 17 noyabr 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 0,438 qram narkotik vasitə olan heroin iş üzrə maddi sübut qismində tanınmış və polis şöbəsində maddi sübutların saxlanma otağına təhvil verilmişdir. (i.v 131-138, 142) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. (köhnə redaksiyada) Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin köhnə redaksiyada 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun əməlini səmimi etiraf etməsi və əməlindən peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlu sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada üzərindən götürülməmişdir. Hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları, onun əvvəllər də eyni xarakterli cinayət əməlinə görə məhkumluq həyatı yaşamasını, islah olunmamasını, bundan başqa əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 6336 saylı rəyə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X6 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,438 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 129 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli iş üzrə şübhəli şəxs qismində tutulduğu 12 sentyabr 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,438 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 129 manat 74 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar