Məhkəmə qərarları › İş №1(032)-3/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-3/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-3/2023 24.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:20-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli yolla talayıb oğurluq etmiş və qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib, üzərində daşımışdır. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə tanışı X9 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, 17 aprel 2022-ci il tarixdə, saat 17 radələrində X4 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə həmin evin həyətinə hasardan aşmaq yolu ilə, daha sonra isə yaşayış sahəsi hesab olunan evə pəncərənin şüşəsini söküb çıxarmaqla, qanunsuz daxil olub, evin yataq otağında asılqandan asılmış gödəkcənin cibindən Əlifağa Qasımova məxsus 2000 (iki min) manat və həmin dövrün məzənnəsi ilə 1700 manat təşkil edən 1000 ABŞ dollar pulu gızli olaraq talayıb, zərərçəkmiş şəxs Əlifağa Qasımova ümumilikdə 3700 (üç min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,498 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib, üzərində saxlamaqla daşımış və 06 may 2022-ci il tarixdə, saat 21:30 radələrində Şirvan şəhər polis şöbəsinin Cinayət axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz saxladığı həmin çəkidə narkotik vasitə olan heroin əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə icalsında təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə aydır ki, narkotik vasitə istifadə edir. 05 may 2022-ci il tarixdə səhər saatlarında yaşadığı evdən çıxaraq mağazaya gedən zaman yerdə bir ədəd sellofan büküm görmüş və həmin büküm diqqətini cəlb etdiyi üçün onu yerdən götürüb içərisinə baxmış, narkotik vasitə heroin olduğunu görmüşdür. Heroindən istifadə etdiyi üçün bükümü cibinə qoymuşdur ki, sonra istifadə etsin. 06 may 2022-ci il tarixdə, saat 21 radələrində yaşadığı evin yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişdirlər. Polis əməkdaşları üzərində narkotik vasitələrin qanunsuz gəzdirilməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını demişlər, həmin vaxt ətrafda çoxlu sayda insan olduğu üçün, həmçinin üzərində heroin olduğu üçün şəxsi axtarış aparılmasına etiraz etmişdir. Bu zaman polis əməkdaşları onu polis şöbəsinə dəvət etmişlər. O da etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin Təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil təyin olunmuş, vəkilin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onu təqdim etməyini təklif etdikdə, o, əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb masanın üzərinə qoymuş və bildirmişdir ki, həmin bükümdə heroin var. Həmin büküm onun və digər iştirakçıların iştirakı ilə açıldıqda içərisində narkotik vasitə olan heroin olması müəyyən olunmuşdur. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, lakin qanunsuz heç bir əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamıdır. Daha sonra protokol tərtib olunmuş, o da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Əməlindən peşmandır. Amma ittiham olunduğu oğurluq əməli üzrə özünü təqsirli bilmir, həmin oğurluğu o etməmiş, polis şöbəsində oğurluğu boynuna götürməyi üçün onu döymüşlər, təzyiq altında etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsində göstərmişdir ki, 17 aprel 2022-ci il tarixdə, saat 17:00 radələrində yaşadığı Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən həyət evindən küçəyə çıxmış, əvvəllər tanıdığı Natiqi görmüş, pul lazım olduğu üçün Şahid1 evindən oğurluq etmək qərarına gəlmişlər. Bir qədər çöldə gözləyib ətrafa nəzər saldıqda, evdə kiminsə olub-olmamasına baxıb, Natiqlə Mehmanın evinin yanına gəlmişlər. Mehmanın evinin çöl qapısı bağlı olduğu üçün həyətin hasarından aşıb həyətə daxil olmuşlar, evin qapısının bağlı olduğunu görmüşlər. O, Natiqlə birlikdə qapının pəncərəsini çıxararaq evə daxil olmuş, həmin vaxt Natiqin əlini şüşə kəsdiyi üçün əli qanamışdır. Girmiş olduğu birinci otaqda olan paltarları və əşyaları axtarsa da qiymətli heç bir şey tapa bilməmişlər. Daha sonra həmin otaqdan girişi olan ikinci otağa daxil olmuşlar, otaqda olan şkafı və yanında asılqandan asılmış olan paltarları axtarmağa başlamışlar. Şkafı axtarsalar da heç bir şey tapa bilməmişlər. Daha sonra şkafın yanında asılmış vəziyyətdə olan paltarları yerə töküb paltarların ciblərini bir-bir axtarmağa başlamışlar. Paltarların ciblərini axtaran zaman Natiq paltarın birinin cibindən 1200 (min iki yüz) manat pul tapmış, Natiq həmin pulun 600 (altı yüz) manatını ona qalan 600 (altı yüz) manatını isə özünə götürmüşdür. Pulu götürdükdən sonra onlar evdən çıxmışlar. Natiq öz yaşadığı evə, o da öz yaşadığı evə getmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulun hamısını öz şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra Natiqi görməmişdir. Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də onun təqsirli olması ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş X6 ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında oğlu Şahid1 və ailə üzvləri ilə yaşayır, evdə otağı ayrıdır və həmin otaqda tək qalır. Oğlu Şahid1 Şirvan şəhərində yerləşən Yağ-piy zavodunda fəhlə işləyir. X10 2020-ci ildə vəfat etmişdir. O arvadı sağ olan zaman sonuncu ilə bazarda alver edib pul qazanmış və pulları yığmışdır. Həmçinin o özü 303 manat təqaüd də alır. Arvadı ilə alver etdiyi zaman yığdığı pullardan evdə gizlətmiş, həmçinin həmin pulların bəzilərini oğlu Mehmana verib onları ABŞ dollarına çevirib evdə gizlətmişdir. Evdə ümumilikdə 7000 manat və 1000 ABŞ dollar pul olub. Həmin pulları arvadı ilə evin hər bir otağında gizlətmişdir. Oğlu Mehmanın da otağında 2000 manat və 1000 ABŞ dollar pul gizlətmişdir. 17 aprel 2022-ci il tarixdə səhər saatlarında oğlu və ailə üzvləri ilə birlikdə Neftçilər küçəsindəki evdən çıxıb kənd evləri yaşayış massivinə gələrək oradakı evdə qalmışdır. Növbəti gün oğlu Şahid1 Neftçilər küçəsindəki evə getmiş və sonradan onu yığıb demişdir ki, özünün yataq otağında onların gizlətdikləri 2000 manat və 1000 ABŞ dollar pul oğurlanmışdır. O da Mehmana demişdir ki, bu barədə polisə məlumat versin. Mehman da həmin vaxt DİN «102» xidmətinə zəng vurub məlumat vermiş və polis şöbəsinin əməkdaşları evə gəlib baxış keçirdikdən sonra Mehman evdən oğurluq olması ilə bağlı ərizə və izahat vermiş, lakin Mehman həmin vaxtı izahatında pulun özünə məxsus olduğunu demişdir. Əslində isə pul ona məxsusdur. Təqsirləndirilən şəxs iafadəsi yerində yoxlanılarkən oğurluğu hansı şəraitdə törətdiyini etiraf edib göstərmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 3700 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, atası Əlifağa təqaüdçüdür, anası Fazilə isə 2020-ci ildə vəfat etmişdir. Atası illər əvvəl pul yığmağa başlamış və hər dəfə yığdığı pulları yaşadıqları evdə ona verməklə evdə ayrı-ayrı yerlərdə gizlətməyini xahiş etmişdir. O da pulları evdə otaqlarda gizlətmişdir. Atası 7000 manat pul yığmış, həmçinin ona mili pul verib həmin pulu ABŞ dollarına çevirməyi xahiş etmişdir. O da atasının ona verdiyi pulu 1000 ABŞ dollarına çevirmişdir. Pullardan 2000 manatı və 1000 ABŞ dolları o, yaşadıqları evin özlərinin yataq otağında olan paltar dolabının yanındakı gödəkcəsinin cibində gizlətmişdir. 17 aprel 2022-ci il tarixdə səhər saatlarında ailəsi və atası ilə birlikdə Şirvan şəhərində kənd evləri yaşayış massivində olan evlərinə getmiş, gecəni həmin evdə qalmışlar. Növbəti gün, səhər saatlarında o, ailəsi ilə Neftçilər küçəsindəki evlərinə getmiş, atası isə kənd evlərindəki evdə qalmışdır. O, evə gəldikdən sonra qonaq otağında əynini dəyişmək istədikdə yatağın üzərində və divarda kiçik qan izi görüb, həmçinin yataq otağındakı gödəkcəsinin yerdə olduğunu görüb tez həmin gödəkcəyə yaxınlaşmış və ciblərinə baxdıqda gödəkcənin cibində olan 2000 manat və 1000 ABŞ dollar pulun olmadığını görüb evə oğrunun daxil olduğunu başa düşmüşdür. O, dərhal atasına zəng vurmuş və atası ona polisə müraciət etməyini demişdir. O da DİN «102» xidmətinə məlumat vermiş, sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və evə baxış keçirmişlər. Şirvan şəhər polis şöbəsinə gəlib ərizə və izahat vermişdir. Evdə 7000 manat pul olmuş, lakin həmin pullar ayrı-ayrı yerlərdə gizlədilib, ola bilsin təhqiqatçı fikrini səhv başa düşüb gödəkcənin cibində 7000 manat olduğunu yazıb, əslində gödəkcənin cibində 2000 manat və 1000 ABŞ dollar pul olub və həmin pullar atası Əlifağa Qasımova məxsus olmuşdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şirvan şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, 06 may 2022-ci il tarixdə xidmətdə olarkən icraatına məlumat daxil olmuşdur ki, ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni daşımaqla saxlayır və istifadəsi ilə məşğul olur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərarın icrası ilə əlaqədar o, Şirvan ŞPŞ-nin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3 və Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X2 ibarət əməliyyat qrupu yaradılmışdır. 06 may 2022-ci il tarixdə, saat 21 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə getmişlər. Həmin küçədə yaşadığı evin yaxınlığında yolun kənarında Təqsirləndirilən şəxs görmüşlər və barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər polis şöbəsinə dəvət etsinlər. Təqsirləndirilən şəxs yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirdikdə, Təqsirləndirilən şəxs onların polis əməkdaşı olduğunu görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar Təqsirləndirilən şəxs polis şöbəsinə gətirməyə müvəffəq olmuşlar. Polis şöbəsində olarkən Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuş, vəkil Müdafiəçi1 gəldikdən sonra isə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı, axtarışın videokamera vasitəsi ilə aparılacağı bildirilmiş və buna hər hansı bir etirazının olub olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra videoçəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Bu zaman Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla qadağan olunmuş narkotik vasitə, silah və döyüş sursatı, həmçinin cinayət xarakterli digər əşya və predmet vardırsa onları könüllü təqdim etsin. Təqsirləndirilən şəxs də əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan büküm çıxarıb təqdim etmiş və həmin bükümdə narkotik vasitə heroin olmasını bildirmişdir. Daha sonra şəxsi axtarışa başlanılmış,axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər qanunsuz əşya, maddə və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin Cinayət axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: İstintaq zamanı Təqsirləndirilən şəxs ilə əlbir olmaqla oğurluq cinayətini törətmiş şəxsin X9 olması müəyyən olunmuş, sonuncu 10 may 2022-ci il tarixdə vəfat etdiyindən onun barəsində cinayət təqibinin başlanılması 22 iyul 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən rədd edilmişdir.(i.v.102-103, 205-219) Hadisə yerinə baxış keçirilməsi haqqında 18 aprel 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evidir.(i.v.6-9) İfadəsinin yerində yoxlanılması zamanı çəkilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 məxsus fərdi yaşayış evinin həyətinə və evə hansı qaydada daxil olduqlarını, evin hansı otaqlarında axtarış apardıqlarını, evdə hansı otaqdan və haradan pul aşkar etdiklərini əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadələrini təsdiq etmişdir. (i.v.74-78) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ilə birlikdə cinayət əməli törətmiş Natiq adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə birlikdə cinayət əməli törətmiş Natiq adlı şəxs 30 sentyabr 1968-ci il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş X7r və sonuncu 10 may 2022-ci il tarixdə vəfat etmişdir. Bununla yanaşı törədilmiş oğurluq cinayəti zamanı təqsirləndirilən şəxsləri kənardan görən hər hansı bir şəxsin olub-olmaması ilə bağlı keçirilmiş əməliyyat-axtarış tədbirləri və profilaktiki söhbətlər müsbət nəticə verməmişdir.(i.v.102 İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs X4 məxsus fərdi yaşayış evinin həyətinə və evə hansı qaydada daxil olduqlarını, evin hansı otaqlarında axtarış apardıqlarını, evdə hansı otaqdan və haradan pul aşkar etdiklərini əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadələrini təsdiq etmişdir. ( i.v 74-84) Təqsirləndirilən şəxs 06 may 2022-ci il tarixdə, saat 21:35-də saxlanılmış, həmin tarixdə, saat 22:00-da şübhəli şəxs qismində tutulmuş, 08 may 2022-ci il tarixdə, saat 10.00-da təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polsin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v.128-129, 154-155) Şəxsi axtarış və götürmə aparılması haqqında 06 may 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz rəngli şalvarının sol yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. ( i.v 136-138) Şəxsi atxraış və götürülmə aparılmasına dair diskin texniki Məhkəmə-kimyəvi ekspertizasının 07 may 2022-ci il tarixli, 18/506 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «… Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...» sözləri yazılmış kağız paketin içərisindəki 1 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,498 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata sərf edildi-0,05 qr, qalıq- 0,448 qram. ( i.v 144-147) Məhkəmə-narkoloji ekspertizasının 14 iyul 2022-ci il tarixli, 3804 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. ( i.v 201-202) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə eləcə də 06 may 2022-ci il tarixdə üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroini satmaq məqsədinin olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. ( i.v 184) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 27 may 2022-ci il tarixli, 511 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. ( i.v 183) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( i.v 174) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Bundan əlavə məhkəmə təqsirləndirilən şəxsin oğurluq əməlində özünü təqsirli bilməməsi ilə əlaqədar verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür.Belə ki, istintaq zamanı törətdiyi əməlin baş verdiyi hadisə yerini əyani göstərməyi, cinayəti digər şəxslə birlikdə törətməsini geniş şərh edərək ibtidai istintaq zamanı ətraflı ifadələr verməsi bir daha təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadələrinin həqiqətdən kənar olmasını sübut edir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin yuxarıda sadalanan obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, həmçinin zərərçəkmiş şəxsin də ona qarşı şikayətçi olmasını, vurulmuş ziyanın həcmini, ödənilməməsini diqqətdən qaçırmır və təqsirləndirilən şəxs barəsində ittiham olunduğu hər bir maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 2 gün həbsdə saxlama müddətin nəzərə alınmasını, cəza çəkmə müddətinin əvvəlinin xx.xx.2022-ci il tarixdən hesablanmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X12 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,448 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 69 manat 10 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin, zərərçəkmiş şəxsə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3–cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 09 (doqquz ) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 2 gün həbsdə olduğu müddət nəzərə alınmaqla təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 20 may 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X12 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,448 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 69 (altmış doqquz) manat 10 (on) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Zərərçəkmiş şəxsə izah edilsin ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar