Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-3/2024 13.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15.15-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Şirvan şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respblikası CM-nin 234.2-ci maddəsi ilə itttiham olunur ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 475 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində daşımaqla saxlamış, 24 mart 2023-cü il tarixdə, saat 16:30-da Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynindəki açıq mavi rəngli gödəkçənin sol iç hissəsində olan bir ədəd sellofan torbada təmiz çəkisi 475 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatdadır və orada ailə üzvləri ilə birlikdə yaşayır. O, əvvəllər 3 dəfə məhkum olunmuş, sonuncu dəfə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından 2022-ci ilin may ayında vaxtından əvvəl şərti azad edilmişdir. Uzun müddətdir ki, tapanda narkotik vasitə, el arasında “nəşə” adlanan qurudulmuş marixuanadan istifadə etmişdir. Son vaxtlar müxtəlif ünvanlarda usta kimi işləmiş, narkotik vasitələrdən istifadə etməmişdir. Saxlanıldığı gün də üzərində narkotik vasitə olmamışdır. Əvvəllər məhkum olunduğuna görə onu polis şöbəsinə aparmış və üzərinə narkotik vasitə qoymuşlar. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24 mart 2023-cü il tarixdə, təxminən saat 16 radələrində Şirvan şəhəri, 1 May küçəsində yaşadığı evin yaxınlığında yerdə bir ədəd sellofan torba görmüş və onun marağını cəlb etdiyi üçün həmin torbanı yerdən götürüb açmış, tanıdığı üçün içərisinə baxan zaman içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını bilmiş və həmin qurudulmuş marixuananı tapmış olduğu sellofan torbada əynindəki mavi rəngli gödəkçənin sol iç hissəsinə özü istifadə etmək məqsədi ilə qoymuşdur. Yaşadığı küçədə həmin marixuanadan az bir hissəsini istifadə etmiş, onu həmin vaxt heç kim görməmiş, bundan sonra tapmış olduğu qurudulmuş marixuananı sellofan torba ilə birlikdə yenidən əynindəki gödəkçənin sol iç hissəsinə qoymuşdur. 1 May küçəsində yaşadığı evə piyada gedərkən təxminən saat 16:30 radələrində yolun kənarında bir neçə mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə saxlamağında, narkotik vasitədən istifadə etməyində şübhəli olduğunu və üzərində şəxsi axtarış aparacaqları üçün Şirvan şəhər polis şöbəsinə dəvət etmiş, o, da etiraz etməmişdir. Polis əməkdaşları ilə birlikdə Şirvan şəhər polis şöbəsinə getmişdir. Polis şöbəsində olarkən otaqların birində ona hüquqlarının müdafiə olunması üçün dövlət hesabına vəkil dəvət edilmiş, videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmağa başlanılmış, axtarış aparılan zaman əynində olan açıq mavi rəngli gödəkçənin sol iç hissəsində saxladığı bir ədəd sellofan torbada narkotik vasitə qurudulmuş marixuananı masanın üzərinə qoymuş və həmin torbanın içərisində narkotik vasitə qurudulmuş marixuana olmasını söyləmişdir. Üzərindən aşkar edilib götürülmüş sellofan torbada narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş, çəkisinin 478,8 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı polis əməkdaşına bir ədəd sellofan torbada olan narkotik vasitə qurudulmuş marixuananı yaşadığı evin yaxınlığından tapdığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananı 24 mart 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Şirvan şəhəri, 1 May küçəsində gəzən zaman yerdən tapmış, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamış, yalnız istifadə etmişdir. Yalnız el arasında nəşə kimi tanınan qurudulmuş marixuanadan istifadə etmiş, onu da, ki, tapanda gündəlik 1 kibrit qutusunda çəkmiş, narkotik vasitədən istifadə edərkən tək olmuş, yanında heç kim olmamışdır. Onun narkotik vasitə istifadə etməyindən ailə üzvlərinin və ya yaxınlıqda yaşayan qonşularının xəbəri olmamışdır.(i.v 62-64) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 24 mart 2023cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadə etməkdə və satışında şübhəli olması barədə ona daxil olan məlumat və tərəfindən qəbul edilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar əsasında ŞPŞ-nin ƏİÜ rəis müavini, polis polkovnik leytenantı Farid Vəliyev, CAB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı İnqilab Məmmədzadə və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən Təqsirləndirilən şəxs yeri müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 16:30 radələrində Şirvan şəhəri, 1 May küçəsində yaşadığı evin yaxınlığında yolun kənarında hərəkət edən zaman saxlanılıb şəhər polis şöbəsinə gətirilmişdir. Şəhər polis şöbəsinin inzibati binasının otaqlarının birində saat 17:00-da videoçəkiliş vasitəsilə onun, vəkilin və polis əməkdaşı Şahid2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq rəngli mavi gödəkçənin sol iç hissəsindən bir ədəd sellofan torba aşkar olunmuş, həmin sellofan torba açılıb içərisinə baxış keçirildikdə içərisində narkotik vasitə marixuanaya bənzər kütlənin olması müəyyən edilmişdir. Elektron tərəzi vasitəsilə həmin narkotik vasitəyə bənzər kütlə çəkilən zaman həmin kütlənin çəkisinin 478,8 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd sellofan torbada narkotik vasitə marixuanaya bənzər kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılmış, üzəri möhürlənmiş, bu barədə baş təhqiqatçı İnqilab Məmmədzadə tərəfindən protokol tərtib olunmuşdur. Həmin protokol onun, digər polis əməkdaşı, vəkil və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmədə suallara cavab olaraq təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında narkotik vasitələrin satışı, istifadəsi və daşınması barədə olmasına baxmayaraq, onun narkotik vasitələri satmasını təsdiq edən hər hansı sübutun əldə edilməməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: xx.xx.2023-cü il tarixli, 725 nömrəli raportdan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Təqsirləndirilən şəxs özünü şübhəli apardığından və üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğundan, xx.xx.2023-cü il tarixdə, saat 16:30 radələrində Şirvan şəhəri, 1 May küçəsində yaşadığı evin yaxınlığında yolun kənarında saxlanılmışdır. xx.xx.2023-cü il tarixli təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərində qanunsuz əldə etdiyi narkotik vasitəni qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəlidir. xx.xx.2023-cü il tarixdə Şirvan şəhrəri, 1 May küşəsində yaşadığı evin yaxınlığında yolun kənarında hərəkət edərkən və üzərində qanunsuz əldə etdiyi narkotik tərkibli vasitə gəzdirməsi ehtimal olunur, məlumat etimad doğuran və qərəzsiz mənbədən daxil olmuşdur. Təqsirləndirilən şəxs 24 mart 2023-cü il tarixdə, saat 16:30-da saxlanılmış, həmin tarixdə, saat 16:49-da şübhəli şəxs qismində tutulmuş, 24 mart 2023-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 24-25, 70-73) Şəxsi axtarış və götürmə aparılması haqqında 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan açıq mavi rəngli gödəkcənin sol iç cibində bir ədəd polietilen sellofan bükümündə narkotik vasitə marixuanaya bənzər kütlə aşkar olunmuşdur. (i.v 32-33) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan açıq mavi rəngli gödəkcənin sol iç cibindən bir ədəd sellofan torbanı çıxarıb masanın üzərinə qoyaraq içərisində narkotik vasitə marixuana olduğunu bildirir. Təqsirləndirilən şəxs suallara cavab olaraq özünün istifadəsi üçün üzərində saxladığını bildirir. Sellofan torba qablaşdırılır və zərf möhürlənir, əlavə axtarış zamanı təqsirləndirilənin üzərində heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. (i.v 34) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X1 Bölməsinin 25 mart 2023-cü il tarixli, 18/345 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə 01 ədəd sellofan torbada, təmiz çəkisi-475 qram olan maddə bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf edildi - 0,10 qr, qalıq-474,90 qr. qalmışdır. (i.v.41-42) xx.xx.2023-cü il tarixli məktuba əsasən xx.xx.2023-cü il tarixli əməliyyat-tapşırığına cavab olaraq bildirilir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı kimdən, hardan əldə etməsi dəqiq məlumatın olmaması, narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitə qurudulmuş marixuananı istifadə etməsi müəyyən edilmişdir. Narkotik vasitələrdən istifadə etməsindən ailə üzvlərinin və yaxınlıqda yaşayan qonşularının xəbərləri olmamışdır. (i.v 111) Məhkəmə-narkoloji ekspertizasının 03 iyun 2023-cü il tarixli 3437 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.127-128) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən və Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə Şirvan şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmiş cəzasının çəkilməmiş 01 (bir) ay 28 (iyirmi səkkiz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.(i.v.99-101,113-115) “Şirvan şəhər mərkəzi xəstəxanası” X5 arayışından görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX PŞ-nin narkoloji kabinetində “Profilaktik” qeydiyyatdadır.(i.v. 102) Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və tədqiqatdan sonra çəkisi 474,90 qram qalan narkotik vasitə marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Şirvan ŞPŞ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. (i.v 134-143) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-111/2-26635/23 nömrəli məktubdan görünür ki, ***-***- **-** mobil nömrəsi Təqsirləndirilən şəxs məxsusdur. Məktubun qoşmasına zəng sms nömrələri və anten dairəsi əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli cinayət işinin materialları ilə tanış etmə barədə protokolun qeyd hissəsində təqsirləndirilən şəxs və müdafiəçisi iş materialları ilə tanış olduğunu, marixuananı satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını, özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildimişdir. (i.v 148) Məhkəmə cinayət işi ilə bağlı tədbiq etdiyi hüquq: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-nin 234.2-ci maddəsi satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyətini müəyyən edir. Göründüyü kimi qanunun mənasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Bu isə o deməkdir ki, şəxsin narkotik vasitələri satmaq üçün əldə edib saxlaması haqda nəticəyə gəlmək üçün məhz sadalanan məqsədlərin hər hansı birini izləyərək narkotik vasitələri əldə edib saxlaması sübut edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin AR CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmadığından onun əməli AR CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddənin sanksiyası daxilində ədalətli cəza təyin edilməlidir. Belə ki, məhkəmə istintaq orqanının təqsirləndirilən şəxsə AR CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini, həmin sübutlara şəxsə qeyd olunan maddə ilə ittiham irəli sürülməsi üçün kifayət etməsi baxımından qiymət verilməsini zəruri hesab edir və aşağıdakıları qeyd edir: İlk növbədə iş materiallarında olan 24 mart 2023-cü il tarixli raportda özünü şübhəli apardığından və üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə gəzdirməyə kifayət qədər əsaslar olduğuna görə, “Əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi haqqında” həmin tarixli qərara əsasən isə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı barədə deyil, narkotik vasitəni qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli kimi qeyd edilmiş, o, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq şəxsi axtarış və götürmə zamanı üzərindən narkotik vasitə marixuana aşkar edilmiş, o, həmin maddəni şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmçinin ilkin istintaq zamanı istər şübhəli şəxs qismində, istərsə də təqsirləndirilən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddəni tapdığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını və narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirmişdir. Bununla yanaşı, barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimata məhkəmə iclasında baxılan zaman da Təqsirləndirilən şəxs izahatında uzun müddət narkotik vasitə olan marixuana istifadə etdiyini, heç vaxt narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, üzərindən aşkar edilmiş narkotik vasitəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Həmçinin təqsirləndirilən şəxs müdəfiəçisinin iştirakı ilə iş materialları ilə tanış olan zaman da etdiyi qeydlərində özünü irəli sürülmüş ittihamla qismən - narkotik vasitələrin istifadəsində təqsirli bilməsini qeyd etmişdir. Təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin çəkisinə münasibətdə isə məhkəmə qeyd edir ki, aşkar edilmiş narkotik vasitə marixuananın satışına və ya həmin maddənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən digər hər hansı sübutun olmadığı səbəbindən özü-özlüyündə həmin maddənin məhz satış məqsədi ilə əldə edilərək saxlanılmasının göstəricisi kimi qiymətləndirilə bilməz. Göstərilən bu hallar onu deməyə əsas verir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixitrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 nömrəli qərarında ifadə olunmuş Ali Məhkəmənin Plenumunun hüquqi mövqeyini nəzərindən qaçırmışdır. Belə ki, həmin Plenum qərarının 9-cu bəndinin 2-ci abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Plenum qərarının izahı ilə müqayisə etməklə hazırki işin hallarına baxdıqda görünür ki, Təqsirləndirilən şəxs götürülmüş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 475 qram olması müəyyən edilsə də, onun digər istehlakçılarla razılıq əldə etməsi, məhz özünün satış üçün narkotik vasitəni əldə etməsi, narkotikin çəkilməsi üçün avadanlığın olması kimi hallar müəyyən edilməmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, nə ibtidai istintaq dövründə, nə də ki, məhkəmə istintaqı zamanı onun narkotik maddələrin satışı ilə məşğul olması, satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik maddələrlə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Halbuki, məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mütləq qaydada mötəbər sübutlarla (məsələn, “müştəri” ilə telefon danışıqları, sms yazışmaları, “müştərilərin” psixotrop maddələrlə bağlı sifarişləri, “şərti alıcı” ilə bağlı hərəkətlər və sair) təsdiq olunmalıdır. Həmçinin, məhkəmə istintaqı zamanı dindirilmiş şahidlərdən də (polis əməkdaşları) heç biri təqsirləndirilən şəxsin narkotik maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması və daşınmasında təqsirli bilinməsi üçün əsas ola biləcək hər hansı tutarlı sübuta dayanan məlumat verməmiş, sadəcə olaraq təqsirləndirilən şəxsin üzərindən yuxarıda qeyd olunan narkotik maddənin aşkar edilib götürülməsi faktını təsdiq etmişlər. Narkotikin satışını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında da aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə şahid ifadələrinə münasibətdə əməliyyat məlumatı əsasında əməliyyat tədbiri keçirərək təqsirləndirilən şəxsi saxladıqlarını, təqsirləndirilən şəxsin hər hansı şəxsə narkotik vasitə satmasının şahidi olmamaqla satış niyyəti ilə əldə etməsinə dair hər hansı fakta istinad etmədiklərinə dair ifadə verdiklərini nəzərə alaraq həmin şahid ifadələrinin şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmaması qənaətindədir. İstintaq orqanının təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürərkən istinad etdiyi digər sübut növü məhkəmə-kimyəvi ekspertizasının rəyi olmuşdur ki, həmin rəyə münasibətdə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsi işin mübahisəsiz halıdır və həmin rəy təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik maddənin növünü və miqdarını təsdiq etməklə həmin maddənin hansı məqsədlə əldə edilərək saxlanılmasını müəyyən edən sübut növü kimi qiymətləndirilə bilməz. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs məxsus mobil telefon nömrəyə 01 yanvar 2023-cü il tarixdən 25 mart 2023-cü il tarixədək daxil olan və çıxan zənglərin, SMS mətnlərinin məhkəmə zamanı tədqiqi zamanı da təqsirləndirilən şəxsin satış məqsədilə narkotik vasitə əldə etməsi, onu kiməsə satmağa cəhd etməsi, satması, bununla əlaqədar sövdələşmə aparması təsdiq olunmadı. Məhkəmə hesab edir ki, narkotik vasitənin miqdarına, daxil olmuş, lakin öz təsdiqini mötəbər, mümkün, ziddiyyətsiz, əsaslı, ən əsası isə bütün şübhələrdən kənar qalan standartlara uyğun sübutlarla tapmayan mülahizə xarakterli məlumata istinad edərək şəxsin narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məğul olması qənaətinə gəlinməsi və ehtimallar əsasında şəxsə həmin maddə ilə cəza təyin edilməsi nə cinayət qanunvericiliyinin qanunçuluq, nə də ədalət prinsipləri ilə bir araya sığmır. Bununla yanaşı, iş materiallarında olan və məhkəmə araşdırması zamanı tədqiq edilmiş tələbnamədən görünür ki, təqsirləndirilən şəxs sonuncu iki dəfə məhz narkotik vasitələrin əldə etmə, daşıma və istifadəsinə görə məhkumluq həyatı yaşamış, məhkəmənarkoloji ekspertizasının müvafiq rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Göründüyü kimi, təqsirləndirilən şəxsdə məhz narkotik maddələrin qəbulu nəticəsində yaranmış narkomaniya xəstəliyi aşkar olunur ki, bu hal özü də təqsirləndirilən şəxsin əldə edərək üzərində saxladığı marixuananı şəxsi istifadəsi üçün əldə etməsinin real və inandırıcı olmasına dəlalət edən hallardan biridir. Göründüyü kimi, ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs əməlinin tövsifində həlledici rol oynamasına baxmayaraq təqsirləndirilən şəxsdən aşkar edilərək götürülmüş narkotik vasitəni əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasını müəyyən etməmiş və sadəcə heç bir sübuta dayanmayan ehtimallar əsasında ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilməsini məqbul hesab etmiş, ittiham aktında hər hansı bir sübuta istinad etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsini daha ağlabatan və inandırıcı hesab etməklə onun üzərindən aşkar edilmiş narkotikin satmaq məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirir. Həmçinin, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi üzərində heç bir narkotik vasitənin olmamasına dair ifadəsinə qiymət verərək onu qəbul etmir və bildirir ki, həmin ifadə işin halları ilə təsdiq olunmur. Məhkəmə bu hala münasibətdə təqsirləndirilən şəxsin ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, qismən etirafedici izahat və ifadələr verməsini, özünü narkotik vasitələrin istifadəsində təqsirli bilməsini, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməməsini diqqətən qaçırmır və bu ifadələri özünü müdafiə etmək cəhdi kimi qiymətləndirir. Məhkəmə yuxarıda sadalananları hazırkı iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə ittiham olunduğu əməli CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Qeyd edilən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona həmin maddə ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən, cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi müəyyən edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlu Şirvan şəhər Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 05 may 2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 28 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halların olmamasını və ağırlaşdırıcı hal kimi əməlində cinayətlərin residivinin olmasını nəzərə alır, onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının C.M-nin 65.2-ci maddəsinə əsasən təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və X4 maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 474,90 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 35 (otuz beş) manat, 97 (doxsan yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.-ci maddəsi (köhnə redaksiyada) ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu -24 mart 2023-cü il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – X4 maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 474,90 qram çəkidə narkotik vasitə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 35 (otuz beş) manat 97 (doxsa yeddi) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-3/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-3/2024
13.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver