Məhkəmə qərarları › İş №1(032)-31/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-31/2023

05.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-31/2023 05.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:55-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Əlövsəd oğlunun, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1, müdafiəçi Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmək məqsədilə 15 iyun 2022-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs2 Əlövsəd oğluna məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə, hasardan tullanmaqla qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, Zərərçəkmiş şəxs2 məxsus evin həyətində olan məhkəmə-əmtəşünaslıq ekspertizasının rəyinə əsasən hər birinin dəyəri 120 manat olmaqla cəmi 300 manat dəyərində iki ədəd dəmir qapıları gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 240 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 12 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin inzibati binasının yanına gələrək, həmin binanın birinci mərtəbəsindəki pəncərələrinin hər birinin dəyəri 150 manat olmaqla cəmi 600 manat dəyərində 4 ədəd laylarını və mehmanxananın zirzəmisində olan hər metrinin dəyəri 5 manat olmaqla cəmi 125 manat dəyərində 25 metr kanalizasiya borularını gizli olaraq talayıb, zərər çəkmiş hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 725 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 20 sentyabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə, açıq vəziyyətdə olan darvaza yerindən qanunsuz olaraq yaşayış sahəsinə daxil olub, Zərərçəkmiş şəxs3 məxsus 300 manat dəyərində evin iki laylı dəmir qapısını sındırmaqla yerindən çıxararaq, həmçinin evin həyətində olan yarımtikilinin plastik materialdan olan 150 manat dəyərində pəncərəsini güc tətbiq etməklə yerindən çıxarıb, gizli olaraq talamaqla, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3 ümumilikdə 450 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 03 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Şirvan şəhəri ərazisindən keçən «Kür» çayının kənarında olarkən Zərərçəkmiş şəxs4 məxsus həmin çaydan torpaq sahəsinin suvarılması ilə bağlı quraşdırılmış su mühərrikinin yanına gəlib, su mühərrikinin 500 manat dəyərində su soyuducusunu, 100 manat dəyərində yağ soyuducusunu, 100 manat dəyərində elektrik ötürücüsünü və hər birinin dəyəri 50 manat olmaqla cəmi 100 manat dəyərində iki ədəd yağ dövriyyə borusunu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 800 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını ələ keçirmək məqsədilə 03 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Şirvan şəhəri ərazisindən keçən «Kür» çayının kənarında olarkən Zərərçəkmiş şəxs5 məxsus həmin çaydan torpaq sahəsinin suvarılması ilə bağlı quraşdırılmış su mühərrikinin yanına gəlib, su mühərrikinin 450 manat dəyərində su soyuducusunu, 100 manat dəyərində yağ soyuducusunu, 50 manat dəyərində elektrik ötürücüsünü gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 ümumilikdə 600 manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, əvvəllər bir dəfə Şirvan şəhər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş, bundan əlavə bir neçə dəfə marketdən ərzaq məmulatları oğurlayaraq inzibati məsuliyyətə cəlb edilmişdir. Lakin, hazırki cinayət işi üzrə heç bir oğurluq etməmiş, zərərçəkmiş şəxs qismində tanınmış şəxslərin heç birinin malını və ya mülkünü oğurlamamışdır. Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş, polis əməkdaşları ondan həmin ünvanlardan oğurluq edib-etməməsi soruşulmuş, o isə bildirmişdir ki, nəinki soruşulan ünvanlardan, ümumiyyətlə heç bir ünvandan oğurluq etməmişdir. Bundan sonra polis əməkdaşları ona bildirmişlər ki, həmin oğurluq cinayətini özü törətdiyini bildirsin, əks halda işinin daha da ağır olacağını bildirdi. O, həmin vaxt polis əməkdaşları tərəfindən ona təzyiq olunacağından, onu döyəcəklərindən və işinin daha da ağır olacağından qorxaraq ibtidai istintaq zamanı etirafedici ifadələr vermişdir. Nə ibtidai istintaq zamanı müdafiəçiyə, nə də ki, barəsində həbs qətimkan tədbiri seçilərkən məhkəmədə hakimə bu barədə heç bir söz deməmişdir, aidiyyəti orqanlara şikayət və ya müraciət etməmişdir. Hal-hazırda düzgün ifadə verdiyini bildirib, qərar qəbul edərkən nəzərə alınmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin ünvanlarından heç bir şeyi oğurlamaması barədə ifadəsini qəbul etmir və bildirir ki, təqsirləndirilən şəxsin ifadəsi işin hallarına uyğun gəlmir və özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməli onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin ifadələri, baxış, ifadələrin yerində yoxlanması və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Əlövsəd oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə o, ünvan 4 ünvanında yerləşən özünə məxsus olan yaşayış olmayan evinə gəlib baş çəkdikdə, evin həyətində olan iki ədəd bağa daxil olmaq üçün nəzərdə tutulmuş dəmir qapıların yerində olmadığını görüb harada olmalarını müəyyən etmək məqsədilə evin həyətyanı sahəsini gəzmişdir. Lakin həmin dəmir qapıların ünvanda olmadığını müəyyən edib oğurlanmasını düşünmüş və yenə də axtarmaq məqsədilə bir neçə gün gözləmişdir. O, ünvan 5 ünvanında yerləşən özünə məxsus olan evində yaşamadığı və gec-gec gəldiyi üçün onun bu hadisədən qabaqda həmin ünvanda oğurluq hadisəsi baş vermiş və hələdə oğurluq hadisəsinin baş verməsini müəyyən etdiyi vaxtdan sonra ətraf ərazidə özü bir neçə gün soraqlaşma aparmış, lakin baş vermiş hadisə barədə qəti fikrə gələ bilmədiyi və hadisəni törədən şəxsin kim olduğunu tapa bilmədiyi üçün xx.xx.2022-ci il tarixdə DİN-in 102 xidmətinə zəng vuraraq, ünvan 5 ünvanında yerləşən özünə məxsus olan evindən iki ədəd dəmir qapıların naməlum şəraitdə oğurlanmasını və həmin əməli törətmiş şəxslərin tapılaraq məsuliyyətə cəlb olunması üçün bir sıra tədbir görülməsini xahiş etmişdir. Bundan sonra polis əməkdaşları adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə qeyd edilən ünvana gəlmiş, sonuncu ona məxsus olan evdən oğurluq etdiyini bildirmişdir. Uzunluğu 1,50 metr, eni isə 0,80 metr olan hər iki dəmir qapıların oğurlanması nəticəsində ona ümumilikdə 240 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yerləşən Kür çayının ətrafında meşə massivinin kənar hissəsində olan münbit torpaqları illik icarəyə götürmüşdür. Həmin ərazidə yonca əkir. Kürdən suyun torpağa verilməsindən ötrü 2021-ci ildə su mühərrikinin ayrı-ayrı hissələrini alaraq yığdırıb istifadə etmişdir. Gündəlik olaraq o, torpaq sahəsinə və əkmiş olduğu yoncaya nəzarət etmək məqsədilə əraziyə getmişdir. 03 oktyabr 2022-ci il tarixində o, günorta saatlarında əraziyə getmişdir. Saat 13 radələrində o, ərazidən ayrılmış və evə gəlmişdir. Həmin vaxta kimi su mühərriki saz vəziyyətdə işləmişdir. 04 oktyabr 2022-ci il tarixdə o, yenidən səhər saat 09 radələrində sahəsinə gəlmişdir. Bu vaxt ilkin olaraq o, qeyd etdiyi su mühərrikinə doğru getmişdir. Mühərrikə baxan vaxtı mühərrikin su soyuducusunun, yağ soyuducusunun, elektrik ötürücüsünün yəni dinamanın və iki ədəd yağ dövriyyə borusunun yerində olmadığını görmüşdür. Ətrafa nəzər salsa da, həmin əşyaları görə bilməmişdir. Həmin əşyalar mühərrikin üzərindən çıxarılaraq oğurlandığını müəyyən etdikdən sonra qərara gəlmişdir ki, DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat versin. Həmin vaxt DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və eləcə də, Şirvan şəhər Polis şöbəsinə ərizə ilə müraciət etmişdir ki, bu barədə qanuni tədbir görülsün. Hadisə 03 oktyabr 2022-ci il tarixdə saat 13 radələrindən 04 oktyabr 2022-ci il tarixdə saat 09 radələrinədək olan müddət ərzində baş vermişdir. Bundan sonra polis əməkdaşları adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə qeyd edilən ünvana gəlmiş, sonuncu ona məxsus olan mühərrikinin su soyuducusunu, yağ soyuducusunu, elektrik ötürücüsünü yəni dinamanın və iki ədəd yağ dövriyyə borusunu oğurladığını bildirmişdir. Ona məxsus olan su mühərrikinin su soyuducusunun oğurlanması ilə bağlı 500 manat, yağ soyuducusunun oğurlanması ilə bağlı 100 manat, elektrik ötürücüsünün yəni dinamanın oğurlanması ilə bağlı 100 manat və iki ədəd yağ dövriyyəsi borusunun biri 50 manat olmaqla 100 manat dəyərində boruların oğurlanması ilə bağlı ümumilikdə ona 800 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən Kür çayının ətrafında meşə massivinin kənar hissəsində olan münbit torpaqları illik icarəyə götürmüşdür. Həmin ərazidə yonca əkir. Kürdən suyun torpağa verilməsindən ötrü 2017-ci ildə su mühərrikinin ayrı-ayrı hissələrini alaraq yığdırıb istifadə etmişdir. Gündəlik olaraq o, torpaq sahəsinə və əkmiş olduğu yoncaya nəzarət etmək məqsədilə əraziyə getmişdir. 03 oktyabr 2022-ci il tarixində o, günorta saatlarında əraziyə getmişdir. Saat 17 radələrində o, ərazidən ayrılmış və evə gəlmişdir. Həmin vaxta kimi su mühərriki saz vəziyyətdə işləmişdir. 04 oktyabr 2022-ci il tarixdə o, yenidən səhər saat 09 radələrində sahəsinə gəlmişdir. Bu vaxt ilkin olaraq o, qeyd etdiyi su mühərrikinə doğru getmişdir. Mühərrikə baxan vaxtı mühərrikin su soyuducusunun, yağ soyuducusunun və elektrik ötürücüsünün, yəni dinamanın yerində olmadığını görmüşdür. Ətrafa nəzər salsa da, həmin əşyaları görə bilməmişdir. Həmin əşyalar mühərrikin üzərindən çıxarılaraq oğurlandığını müəyyən etdikdən sonra qərara gəlmişdir ki, DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat versin. Həmin vaxt DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş və eləcə də, Şirvan şəhər Polis şöbəsinə ərizə ilə müraciət etmişdir ki, bu barədə qanuni tədbir görülsün. Hadisə 03 oktyabr 2022-ci il tarixdə saat 17 radələrindən 04 oktyabr 2022ci il tarixdə saat 09 radələrinədək olan müddət ərzində baş vermişdir. Bundan sonra polis əməkdaşları adını sonradan bildiyi Təqsirləndirilən şəxs ilə birlikdə qeyd edilən ünvana gəlmiş, sonuncu ona məxsus olan mühərrikinin su soyuducusunu, yağ soyuducusunu, elektrik ötürücüsünü yəni dinamanın və iki ədəd yağ dövriyyə borusunu oğurladığını bildirmişdir. Ona məxsus olan su mühərrikinin su soyuducusunun oğurlanması ilə bağlı 450 manat, yağ soyuducusunun oğurlanması ilə bağlı 100 manat və elektrik ötürücüsünün yəni dinamanın oğurlanması ilə bağlı 50 manat ümumilikdə ona 600 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmamışdır, dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, 8 aydır ki, Bakı şəhərində qalır. Həmin vaxtdan bəri Şirvan şəhərinə gəlməmiş, həmçinin 8 ay bundan əvvəl ünvan 6 ünvanında yerləşən özünə məxsus fərdi yaşayış evində hər şey yerində olmuşdur. Valideynlərini itirdiyi üçün o, tək yaşayır. Qeyd etdiyi evinin darvazası yoxdur, həmin darvazanı borcu olduğu üçün satmış və hazırda həyətinə giriş açıq vəziyyətdədir. 25 sentyabr 2022-ci il tarixdə Bakı şəhərindən evinə gəldikdə görmüşdür ki, evinin giriş qapısı olan dəmirdən iki laylı qapısı yerində yoxdur. Həmçinin həyətdə tikdirdiyi əl evinin plastik pəncərəsidə yerində yoxdur. Qonşulardan bu barədə soruşduqda onlar bu barədə məlumatlarının olmadığını bildirmişlər. Qeyd etdiyi dəmir qapının və plastik pəncərənin oğurlanmasına əmin olduqdan sonra həmin gün DİN-in 102 xidmətinə zəng vurub bu barədə məlumat vermişdir. Həmçinin Şirvan şəhər Polis şöbəsinə bu barədə ərizə ilə müraciət etmişdir. Qeyd etdiyi evinin giriş qapısı olan iki laylı dəmir qapını 300 manata, həyətdə olan əl evinin plastik pəncərəsini isə 150 manata almışdır. Qeyd etdiyi əmlaklarının oğurlanması nəticəsində ona ümumilikdə 450 manat dəyərində maddi ziyan dəymişdir. Ona dəymiş ziyan aradan qaldırılmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə prospektində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətində inzibatçı işləyir. Mehmanxana 24 saat fəaliyyət göstərir, lakin o, özü orada daima olmur. 12 sentyabr 2022ci il tarixdə saat 22 radələrinə kimi mehmanxanada olmuş, sonradan isə yaşadığı evə getmişdir. Növbəti gün, səhər saatlarında mehmanxanaya gəldikdə, mehmanxananın kənar hissəsində olan 4 ədəd pəncərənin hər birinin bir layı yerində yoxdur. O, həmin pəncərə laylarının oğurlandığını başa düşdüyü üçün mehmanxananı tam gəzmiş və 4 lay pəncərədən əlavə həmin mehmanxananın zirzəmisindən 25 metr kanalizasiya borusunun oğurlandığını da aşkar etmişdir. Oğurlanmış pəncərə laylarının hər biri 125 manat dəyərində olmuş, kanalizasiya borusunun hər metri isə 5 manat olmuşdur. O, oğurluq cinayətinin törədilməsini aşkar edən kimi bu barədə ASC-nin İdarə Heyətinin sədri Ramiz Səmədova məlumat vermiş və sonuncu bununla əlaqədar Şirvan şəhər polis şöbəsinə ərizə vermişdir. "xxxx" ASC tərəfindən təqdim edilmiş etibarnamədə ASC-yə dəymiş ziyan təqribən göstərilmişdir. ASC-yə ümumilikdə 725 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxs 4 lay pəncərəni və əlavə həmin mehmanxananın zirzəmisindən 25 metr kanalizasiya borusu oğurladığını təsdiq etmişdir. Onlara dəymiş ziyan aradan qaldırılmış, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 sentyabr 2022ci il tarixli 9/5265 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 1,50x0,80 metr ölçüdə dəmir qapının orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin iyul ayına orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 120 manat, 02 ədədi 240 manat müəyyən olunur. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının 01 dekabr 2022-ci il tarixli 7277 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək oğurluq etmədiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər ayrı-ayrılıqda ifadələrində Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı onlara məxsus əşyaların oğurlanmasını təsdiq etdiyini bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə qiymət verərək onu qəbul etmir, həmin ifadələr işin halları ilə təkzib olunur. Məhkəmə iclasında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Əlövsəd oğlu, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyanın ödənilmədiyini bildirmiş, digər Zərərçəkmiş şəxs3 və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs1 onlara dəymiş ziyanın tam şəkildə ödənilməsini, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakılar qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanın qismən ödənilməsini, yaşayış yerindən müsbət xasiyyətləndirilməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi və cəzalarını ağırlaşdıran halların olmamasını nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4№-li qərarının 3cü bəndində qeyd olunmuşdur ki,…məhkəmələr böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-in 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza tədqiqatının 50 manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. İş üzrə 1640 manat pulun zərərçəkmiş şəxslərə qaytarılmaması nəzərə alınmalı və onlara mülki icraat qaydasında məhkəməyə müraciət olunması izah olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346-349, 351-353, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə ekspertiza tədqiqatının 50 manat miqdarında dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Zərərçəkmiş şəxslərə maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Etibar Hümbətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar