Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-32/2025 17.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxx 2001-ci il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, X6 küçəsi, ev 10, mənzil 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 4(032)-208/2024 saylı, 06 noyabr 2024-cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmaqla «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 03 noyabr 2024-cü il tarixdə saat 16 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri, X8 küçəsində 2 nömrəli binanın sol tərəfində yerləşən şəhid Xəqani bulağının qarşısında arvadı Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib, xuliqanlıq niyyəti ilə ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək ətrafda olan çox sayda insanların gözü qarşısında sonuncunun üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqində qoyub, onu nalayiq söyüşlərlə söyüb təhqir edərək cibindən çıxardığı kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı, istifadəyə yararlı, soyuq silah hesab edilməyən mətbəx bıçağından silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol bel nahiyəsinə qəsdən bir dəfə vuraraq ona “belin sol tış hissəsində deşilmiş-kəsilmiş yara” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarət yetirməklə ictimai qaydanın pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilib ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, Zərərçəkmiş şəxs ilə əvvəllər münasibəti yaxşı olmuşdur. 2024-cü ilin avqust ayından Ayşən ilə aralarında bir neçə dəfə mübahisə olmuş, ona görə Zərərçəkmiş şəxs ondan boşanmaq üçün mediasiyaya müraciət etmişdir. Sonuncu dəfə 03 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində Zərərçəkmiş şəxs ona “sən işləmirsən, bunun üçün atamın yaşadığı evə getmək istəyirəm” demiş, o isə Ayşənə iş axtardığını, atasının evinə getməməsini istəmiş, Ayşən isə onun sözünə baymayaraq anası Şahid1 zəng vuraraq Şirvan şəhərində yerləşən evinə gəlməsini istəmişdir. Həmin gün saat 14 radələrində Şahid1 yaşadığı evə gəlmiş, həmin vaxt evdə özü, nənəsi Gülsüm və Ayşən olmuşdur. Onlar evdə oturub söhbət etmişlər, Ayşənə atasının evinə getməməsini, özünə iş tapacağını demiş, Ayşən isə onunla razılaşmamış, atasının yaşadığı evə gedəcəyini söyləmişdir. Həmin gün saat 15 radələrində Ayşən əşyalarını yığıb anası Cəvahir və nənəsi Gülsüm ilə birlikdə evdən çıxmışdır. Bundan sonra yaşadığı evin qonaq otağında olan meyvə bıçağını götürüb şalvarının cibinə qoymuş, sonra özü də binanın həyətinə düşmüşdür. Ayşən, nənəsi və qaynanası Cəvahir Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən avtobus dayanacağına getmişlər. Dayanacaqda Ayşən və anası üç nömrəli maşurutu gözləmiş, həmin küçədə olan “Şəhid Xəqani” adlı bulağa Ayşən yaxınlaşıb əlini yumağa başlamış, Ayşənə yaxınlaşıb anasını yola salmağı və onun getməməsini demişdir. Ayşən isə razılaşmayaraq ona atasının yaşadığı evə gedəcəyini dediyi zaman cibindən bıçağı çıxarıb onun bel nahiyəsindən bir dəfə vurmuşdur. Bundan sonra Ayşən qışqırmağa başlamış, o, isə sakitcə oradan piyada uzaqlaşaraq Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Ayşəni kimin xəstəxanaya aparması barədə heç bir məlumatı olmamışdır. Hadisə Şirvan şəhəri X8 küçəsində 03 noyabr 2024-cü il tarixdə saat 16 radələrində, qısa zamanda baş vermiş, orada kənar şəxslər olmamış, dərhal hadisə yerindən getdiyindən sonradan kimlərinsə gəlib-gəlməməsini görməmişdir. Hadisə zamanı spirtli içki qəbul etməmişdir. Ayşənin ondan boşanıb atasının evinə getməsinə etiraz etməsi, Ayşən isə əhəmiyyət verməyib gedəcəyini deməsi səbəbindən yaşadığı evin qonaq otağından götürdüyü bıçağı cibindən çıxarıb onun bel nahiyəsindən vurmuşdur. Hadisə zamanı Zərərçəkmiş şəxs ona xəsarət yetirməmişdir. Əməlindən peşmandır. Təqsirləndirilən şəxs son olaraq özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bildiyini, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və ona dəymiş ziyanın ödənildiyini nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, həmin nikahdan övladı olmamışdır. Təqsirləndirilən şəxs ilə münasibətləri əvvəllər normal olmuşdur. Təqsirləndirilən şəxs 2024-cü ilin avqust ayından heç bir yerdə işləməmiş, Şövqiyə iş tapıb işləməsini söyləmiş, Şövqi isə iş tapa bilmədiyini demişdir. Ona görə Şövqi ilə aralarında bir neçə dəfə mübahisə olmuşdur. 02 avqust 2024-cü ildə Təqsirləndirilən şəxs boşanmaq üçün mediasiyaya müraciət etmiş, mediasiyaya müraciət etsə də, Şövqi ilə birlikdə yaşamışdır. 03 noyabr 2024-cü il tarixdə, saat 14 radələrində anası Şahid1 yaşadığı evə gəlmiş, anasına da Şövqinin işləmədyini, ona görə də, ata evinə getmək istədiyini demişdir. Şövqi isə ona getməməsini dedikdə ona daha bu şəraitdə yaşamaq istəmədiyini, ata evinə getmək istədiyini söyləmişdir. Həmin gün saat 16 radələrində evdən paltarlarını yığıb anası ilə evdən çıxmış, Şövqi və Şövqinin nənəsi Gülsüm də onlarla birlikdə çıxıb Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən dayanacağa getmişlər. Onlar orada üç nömrəli marşrutu gözləmişlər ki, marşrutla Salyan dairəsinə, oradan da, Sabirabad rayonuna getsinlər. Dayanacağın yaxınlığında olan “Şəhid Xəqani”nin büstü olan bulağa gedib əlini yuyan zaman Təqsirləndirilən şəxs ona yaxınlaşıb onun bel nahiyəsinə bıçaq ilə bir dəfə vurmuş, bundan sonra o, qışqırmağa başlamış, Şövqi isə ondan uzaqlaşmışdır. Onun səsinə anası və Gülsüm gəlmişdir. Həmin şəxslər təcili tibbi yardıma zəng vurmuşlar, bir müddət sonra Şirvan şəhəri, F.X.Xoyski küçəsinə təcili tibbi yardım gəlmiş, onu həmin avtomobil ilə Şirvan ŞMX-na aparmışlar. Şirvan ŞMX-da müalicə aldıqdan sonra yaşadığı evə buraxılmışdır. Təqsirləndirilən şəxs onun bel nahiyəsinə xəsarət yetirmiş və onun sağlamlığına yüngül zərər dəymişdir. Hadisə 03 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Şirvan şəhəri, X8 küçəsində baş vermişdir. Hadisə vaxtı onların yanında heç kim olmamış, ətrafda isə kənar şəxslərin olubolmamasını görməmişdir. Zərərçəkmiş şəxs son olaraq Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayətinin olmadığını bildirərək bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun övladıdır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə təxminən iki il olar ailə həyatı qurmuşdur. Onların arasında dəfələrlə ailədaxili mübahisələri olmuş, boşanmaları üçün müraciət etmişlər. Onlar öz aralarında barışdığından bir neçə ay öncə Şövqinin nənəsi Gülsümün Şirvan şəhəri, F.X.Xoyski küçəsindəki evdə yaşamışlar, hadisədən təxminən 2-3 gün əvvəl Ayşənlə mobil telefonla əlaqə saxladıqda Ayşənin narahat olduğunu bilmiş, səbəbini soruşduqda Ayşən mobil telefonu söndürmüşdür. Ona görə çox pis olub xx.xx.2024-cü il tarixdə, təxminən saat 13:20 radələrində Ayşənin yaşadığı Şirvan şəhərindəki evə getmişdir. Ayşən evdə ona Şövqinin işləmədiyini, maddi durumlarının ağır olduğunu, daha həmin evdə qala bilməyəcəyini, onunla getmək istədiyini demişdir. Həmin vaxt Şövqi də evdə olmuş, Şövqidən heç bir söz soruşmayıb təxminən saat 16 radələrində qızı Ayşən ilə birlikdə Sabirabad rayonu, Bulduq kəndinə getmək üçün binanın qarşısına düşmüşlər. Onların arxasınca Şövqinin nənəsi Gülsüm, onun da arxasınca Şövqi gəlmişdir. Qızı ilə birlikdə binanın həyətində dayanacaqda dayanıb üç nömrəli marşrutu gözləmişlər, onların yanında Şövqi və Gülsüm də dayanmışdır. Ayşən binanın həyətində “Şəhid Xəqani” adlı bulağının qarşısına əl-üzünü yumağa getmiş, Şövqi də, onların yanlarından aralanıb Ayşənin yanına getmişdir. Gülsüm ilə onların arasında təxminən 3-4 metr məsafə olmuş, Şövqi Ayşənin qulağına söz demək istəmiş, elə həmin anda Ayşən uca səslə qışqıraraq onu çağırmış, Şövqinin onu vurduğunu demiş, ağlamağa başlamışdır. Gülsümlə birlikdə dərhal Ayşənə yaxınlaşıb Ayşənin belindən xəsarət aldığını görmüşlər, həmin vaxt orada səs-küy yaranmış, Şövqi əlində bıçaqla çıxıb getmişdir. Bu barədə DİN-nin 102 xidmətinə və Təcili tibbi yardıma zəng etmiş, az sonra həmin yerə təcili tibbi yardım avtomobili gəlmiş və Ayşəni həmin avtomobilə mindirib xəstəxanaya aparmışlar. Hadisə baş verən zaman yaxınlıqda özü və Gülsüm olmuş, kənar şəxslər oraya sonradan toplaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, ilk dəfə məhkəmə iclasında görmüşdür. Yaşadığı mənzilin eyvanında siqaret çəkən zaman səs-küy eşitmiş, sonradan maraqlandıqda bıçaqlanma hadisəsi olmasını bilmişdir. Yaşadığı mənzilin eyvanından hadisə yeri görünmür. İbtidai istintaq zamanı qeydə alınan ifadəsini oxumamış, yalnız imzalamışdır. Ümumiyyətlə həmin vaxt yaşadığı mənzildən həyətə düşməmiş, hadisəni görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Hadisə baş vermiş qəsəbəyə gəlmiş, adamların toplaşmasını görmüş, maraqlandıqda bıçaqlanma hadisəsi olmasını bilmişdir. Zərərçəkmiş şəxsi təcili tibbi yardım avtomobilinə mindirilərkən görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə əvvəllər mehriban yaşamışlar. Hadisə günü evdə olmuşlar, yemək yedikdən sonra həyətə düşmüşlər və Ayşən anasının evinə getməsini bildirmiş, Şövqi də getməməsini istəmişdir. Hadisə yerində o, Şövqi, Ayşən və anası Cəvahir olmuşdur. Ayşənin anası Cəvahir ilə söhbət edən zaman qəflətən Ayşən “Şövqi məni vurdu” deyə qışqırmışdır. Anası Ayşənin yanına getmişdir. Şövqinin Ayşəni vurmasını görməmişdir. Səs-küy və ya söyüş olmamışdır. Sonradan ora kənar şəxslər toplaşmış, Ayşəni təcili yardım avtomaşını ilə xəstəxanaya aparmışlar. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X1 icraatına qəbul edilmişdir; zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır; şübhəli şəxsin tutulması haqqında 04 noyabr 2024-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə saat 18:55-də tutulmuşdur; məhkəmə-tibbi ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 536 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər - belin sol tış hissəsində deşilmiş - kəsilmiş yara - iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 03 noyabr 2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 06 noyabr 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 06 noyabr 2024-cü il tarixli, 4(032)-208/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 04 noyabr 2024-cü il tarixdən hesablanmışdır; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 09 dekabr 2024-cü il tarixli, 18-1-35/2-1720/2024 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.2001-ci il təvəllüdlü, Sabirabad rayonunda anadan olmuş, Şirvan şəhəri, X6 küçəsi, ev 10, mənzil 2-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Əliyev X4 şəhər Mərkəzi Xəstəxanası PHŞin poliklinika şöbəsinin narkoloji və psixo-nevroloji kabinetlərində qeydiyyatda yoxdur; cinayət işini icraata qəbul etmək haqqında 21 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 18/934 nömrəli, 26 noyabr 2024-cü il tarixli rəyindən görünür ki, - tədqiqat təqdim edilmiş bir ədəd bıçaq - kustar üsul ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, istifadəyə yararlıdır, soyuq silah hesab edilmir; Zərərçəkmiş şəxs 07 yanvar 2025-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur; Şirvan şəhər İcra Hakimiyyəti başçısının Bayramlı qəsəbə İnzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi şikayət daxil olmamışdır; təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 15 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 27 yanvar 2025-ci il tarixli, 4(032)-16/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 15 (on beş) gün müddətinə, yəni 19 fevral 2025-ci il tarixədək uzadılmışdır; Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, barəsində baxılan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin CM-nin 128-ci maddəsinə tövsif edilməsini və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməyini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, ona vurulmuş zərəri ödəməyini, əməlindən səmimi peşman olmağını nəzərə alaraq CM-nin 128-ci maddəsi üzrə cinayət təqibinə xitam verilməsini xahiş edir; Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs işi üzrə zərərçəkmiş şəxsdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyanın tam ödənilmişdir, nəzərə alınmasını xahiş edir; Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, onun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 03 noyabr 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla onlara hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə əməli törətmiş şəxsin, zərərçəkmiş şəxs və şahidin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm istintaq, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm istintaq materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 03 noyabr 2024-cü il tarixdə, saat 16 radələrində Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən 2 nömrəli yaşayış binasının sol tərəfində aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı mənzildən götürdüyü, soyuq silah hesab edilməyən, təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı ilə vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Həm təqsirləndirilən şəxsin ifadəsi, həm də zərərçəkmiş şəxs və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, ittihamda qeyd edilən hadisə Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən 2 nömrəli yaşayış binasının sol tərəfində, “Şəhid Xəqani” bulağının yanında baş vermiş, həmin yerdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs olmuş, Şahid1 və Şahid2 onlardan aralıda dayanacaqda olmuş, yaxınlıqda başqa heç kim olmamış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasına səbəb isə sonuncunun ailə münasibətləri zəminində, Təqsirləndirilən şəxs işləməməsi, maddi ehtiyaclarını qarşılamamasını irad tutması, birlikdə yaşadıqları evi tərk etməsi olmuşdur. Baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs söyüş söyməmiş, ətrafda isə heç kim olmamışdır. Məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara, qanuna və öz daxili inamına əsaslanıb qiymət verərək belə nəticəyə gəlir ki, 03 noyabr 2024-cü il tarixdə baş vermiş hadisə məhz yuxarıda qeyd olunan şəraitdə baş vermiş, mübahisə Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən 2 nömrəli yaşayış binasının sol tərəfində olmuş və Zərərçəkmiş şəxs hərəkəti nəticəsində (ailə münasibətləri zəminində, yəni Təqsirləndirilən şəxs işləməməsini irad tutması, birlikdə yaşadıqları evi tərk etməsi nəticəsində) Təqsirləndirilən şəxs ona dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, xuliqanlıq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir. Başqa sözlə desək, cinayətin subyekti öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Xuliqanlıq niyyəti ilə deyil, digər motivlərlə, məsələn şəxsi münaqişə, barışmazlıq, nifrət zəminində və s. törədilən hərəkətlər xuliqanlıq kimi tövsif oluna bilməz. Bu baxımdan məhkəmə hesab edir ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirilsə belə, xuliqanlıq kimi qiymətləndirilə bilməz. Çünki, hadisə ətrafdan heç kimin olmadığı bir mühitdə baş vermiş, bundan əlavə Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn hərəkət və ya hərəkətsizlik kimi deyil, bilavasitə Zərərçəkmiş şəxs istiqamətlənən və onun davam etməkdə olan davranış kimi qiymətləndirildiyi qanunsuz hərəkətinə qarşı olan cavab hərəkətləri kimi təzahür etmişdir. Cinayət işinin qeyd olunan obyektiv halları Təqsirləndirilən şəxs ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və məhkəmə iclasında iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar aydınlaşdırılmaqla tam, hərtərəfli və obyektiv araşdırılmış, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan işin digər materialları ilə təsdiq edilmiş və sübuta yetirilmişdir (CPM-126.6). Məhkəmə dövlət ittihamçısını, zərərçəkmiş şəxsi, təqsirləndirilən şəxsi, onun müdafiəçisini və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsi ilə düzgün tövsif olunmamışdır, onun Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, məhkəmə istintaqı zamanı araşdırılaraq tədqiq edilən sübutlarla təsdiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasına əsasən xuliqanlıq dedikdə, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin edilməsi nəzərdə tutulur. Bununla da xuliqanlıq cinayətinin obyektiv tərəfi aşağıda göstərilən 3 əlamətlə xarakterizə edilir: 1) ictimai qaydanın kobud surətdə pozulması; 2) cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi; 3) vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi. Buna görə də, əməlin xuliqanlıq cinayəti hesab olunması üçün şəxsin hərəkətlərində bu cinayətin obyektiv tərəfinin yuxarıda göstərilən əlamətlərinin hər üçü mövcud olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə həmin maddə ilə məsuliyyət o vaxt yarana bilər ki, şəxsin əməlində eyni zamanda həm də Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi olmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 131-ci maddəsinin 1-ci hissəsinə və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 79-cu maddəsinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu məhkəmə təcrübəsinə dair məsələlər üzrə məhkəmələrə izahlar verir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər yalnız sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında hesab etmişdir ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq, başqa cinayətlərdən fərqləndirilməlidir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əmələri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya sair tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının tövsiyyəsinə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ilə olunan hərəkətlər başa düşülür. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı qərarının tövsiyyəsinə görə, şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Bundan başqa, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər - təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər - təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Məhkəmə təqsirləndirilən şəxsin yuxarıda qeyd edilən ifadəsini, Zərərçəkmiş şəxs sağlamlığına qəsdən yüngül zərər vurmaya aid xəsarətlər yetirilməsi cinayətin törədilməsində etiraf kimi qəbul edərkən, təqsirləndirilən şəxsin həmin ifadəsinin iş üzrə təyin edilmiş canlı şəxsin ekspertizasının 04 noyabr 2024-cü il tarixli, 536 nömrəli rəyi ilə də öz təsdiqini tapdığını nəzərə alır. Bundan əlavə, Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Ekspertin rəyi ilə razılaşılmadıqda bu barədə əsaslandırılmış qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Digər tərəfdən baş vermiş hadisəyə ətrafda olan şəxslərin şahid olması işdə olan sübutlarla öz təsdiqini tapmır. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslər Şahid3 və Şahid4 vermiş olduqları ifadələrində baş vermiş hadisəni görmədiklərini bildirmişlər. Hətta ibtidai istintaq zamanı qeydə alınmış ifadələrə yalnız imza etdiklərini, Şahid4 isə ümumiyyətlə oxuya və yaza bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətləri ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə yetirməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə, şahid qismində dindirilmiş şəxslər Şahid3 və Şahid4 ziddiyətli ifadələr verdiyini nəzərə alaraq onların ibtidai istintaq zamanı verdikləri ifadələri də mötəbər sübut hesab etmir. Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsinə əsasən şübhəli, təqsirləndirilən, zərərçəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz. Yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Beləliklə Təqsirləndirilən şəxs əməlində ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin və vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi ilə hədələmə, habelə özgənin əmlakının məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərin, yəni xuliqanlıq cinayətinin obyektiv tərəfinin bütün əlamətlərinin eyni anda mövcud olması məhkəmə istintaqında tədqiq edilmiş sübutlara öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə görə həmin Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmuyu ilə təsdiq edildiyi halda, ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət İşləri və İnzibati hüquqpozmalara dair işlər üzrə Məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında birmənalı olaraq göstərilmişdir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 №-li qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud şəkildə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli 1 nömrəli qərarının 2-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Hazırki cinayət hadisəsinin xx.xx.2024-cü il tarixdə, saat 16 radələrində Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən 2 nömrəli yaşayış binasının sol tərəfində baş verməsi və orada kənar şəxslərin olmaması, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs vurmasına səbəb isə sonuncunun hərəkətləri olduğu iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri ilə təsdiq edilmiş və bunun əksini sübut edən ibtidai istintaq orqanı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin nədən ibarət olduğu istintaq orqanı tərəfindən müəyyənləşdirilməmiş, məhkəmə iclasında tədqiq edilən sübutlarla həmin hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs hərəkətləri xuliqanlıq əməli kimi qiymətləndirilə bilməz. Çünki, Təqsirləndirilən şəxs hərəkətləri ictimai qaydaya, yəni cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sisteminə qarşı yönələn, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq edən hərəkət və ya hərəkətsizlik kimi deyil, ətrafdan heç kimin olmadığı bir şəraitdə yəni, Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən 2 nömrəli yaşayış binasının sol tərəfində, bilavasitə Zərərçəkmiş şəxs hərəkətlərinə qarşı olan cavab hərəkəti kimi ictimai qaydanı kobud surətdə pozmadan, cəmiyyətə açıqca hörmətsizlik göstərmədən, zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurma kimi təzahür etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-nin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər». Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. “Azərbaycan Respublikası CPM-nin 37.4, 39.1.9, 40.2 və 41.7-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2011-ci il tarixli Qərarının 2-ci və 3-cü bəndlərinə əsasən, Azərbaycan Respublikası CPMnin 37.4-cü maddəsinin tələblərinə görə, həmin Məcəllənin 37.3-cü maddəsində sadalanan ilk dəfə böyük ictimai təhlükə törətməyən şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası CPM-nin 37.3-cü maddəsində sadalanan az ağır və ya ağır cinayətlər üzrə ictimai-xüsusi ittiham qaydasında cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilə bilməz. Cinayət təqibi ictimai-xüsusi və ictimai ittiham qaydasında həyata keçirilərkən Azərbaycan Respublikası CM-nin 73-cü maddəsində nəzərdə tutulmuş hallar aşkar olunduqda bu Qərarın əsaslandırıcı hissəsində göstərilən şərtlərə riayət edilməklə icraatın məhkəməyədək mərhələsində təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Bu hal məhkəmə baxışının gedişində müəyyən edildikdə cinayət təqibinə müdafiə tərəfinin razılığı ilə xitam verilə bilər. Məhkəmə cinayətdə Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməsinə dair xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət məsuliyyətindən azad edilməli, barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırki iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin. CM-nin 73.2-ci maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan 01 (bir) ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-32/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-32/2025
17.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver