Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-33/2023 15.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12:10-da Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 12,051 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 08 iyun 2022-ci il tarixdə saat 12 radələrində Şirvan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı həmin çəkidə narkotik vasitə tiryək əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmədi, ifadə verərək göstərdi ki, əvvəllər narkotik vasitələrin müxtəlif növlərindən, əsasən də tiryək növündən istifadə etmişdir. Lakin hal-hazırda narkotik vasitələrdən istifadə etmir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində yaşadığı Şirvan şəhəri 1 May küçəsində, yaşadığı evin qapısında polis əməkdaşları oğurluq edilməsində şübhəli olduğunu bildirərək onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində tanımadığı polis əməkdaşları ətrafına yığılaraq onu təzyiq altına salmışlar, üzərinə narkotik vasitə olan tiryək yerləşdirmişlər və həmin tiryəkin özünə məxsus olmasını bildirməyini tələb etmişlər. O, təzyiq altında olduğu üçün qorxmuş, videoçəkiliş zamanı həmin narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Lakin həmin narkotik vasitə ona məxsus omamışdır. Bu barədə nə müdafiəçisinə, nə barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən hakimə, nə də ki, digər yerlərə məlumat verməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 göstərdi ki, hazırda Şirvan şəhər X3 mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 iyun 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirməsi, saxlaması və istifadəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, dərhal rəhbərliyə raportla müraciət etmiş və tərəfindən təxirəsalınmaz əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında özü, Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin rəisi, polis polkovnik-leytenantı Farid Vəliyev, baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Sahil Şıxalıyevdən ibarət əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə, saat 12 radələrində Şirvan şəhəri 1 May küçəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Şirvan şəhər Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə tiryək olduğunu və yaşadığı evin yaxınlığından keçən Kür çayının sahilindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya vasitə aşkar edilməmişdir. Şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, əlavə və düzəliş edən olmamış, düzgünlüyü iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şirvan şəhər Polis Şöbəsində ona qarşı qeyri qanuni hərəkətlərə yol verilməmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etdi. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən 1 ədəd bükümdə narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə tiryək olduğunu və yaşadığı evin yaxınlığından keçən Kür çayının sahilindən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işi materialına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 08 iyun 2022-ci il tarixli 18/638 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” sözləri yazılmış kağız paketin içərisindəki 1 ədəd ağ rəngli sellofan bükümdə, təmiz çəkisi 12,051 qram olan maddə xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə tiryəkdir. Tədqiqata sərf edildi- 0,05 qram, tədqiqatdan sonra narkotik vasitənin çəkisi 12,001 qram qalmışdır. Azərbaycan Respublikası Səhiyyə nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator Məcburi-narkoloji tibbi yoxlamanın 25 noyabr 2022-ci il tarixli 7143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma haqqında protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuş, 10 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş və Şirvan şəhər Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 4(032)-137/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İHB-nin 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş DİN-in BƏSİİ-dən verilmiş 01 avuqst 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 16 iyul 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 13 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnsitiya qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin cinayət işi materialları ilə və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təkzib olunmasını nəzərə alıb, hesab edir ki, Təqsirləndirilən şəxs ona qarşı CM-in 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirli bilinməlidir. Beləliklə ibtidai istintaqın başlandığı vaxtdan başlayaraq, müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirildiyi, təqsirləndirilən şəxs qismində ifadə verdiyi və barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılan vaxtadək, sonradan isə ibtidai istintaqın qurtarması barədə məlumat vermə və cinayət işi materialları ilə tanış etmə protokolları tərtib edilənədək təqsirləndirilən şəxs bir dəfə də olsun ona qarşı irəli sürülmüş ittihamla razı olmamasını və ya özünü təqsirli bilməməsini göstərməmiş, bu barədə vəsatət verməmişdir. Yalnız məhkəmə baxışında özünü təqsirli bilməməsini və üzərində şəxsi axtarış zamanı 12,051 qram çəkidə tiryəkin olmamasını göstərmişdir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni, təmiz çəkisi 12,051 qram çəkidə xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin tərkibini yaradır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkil etməsini, cinayət əməlinin qəsdən törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini, cinayətin ictimai təhlükəliliyini azalda bilən halın olmamasını nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal olduğunu, cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə xidmət etmədiyindən, ona müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli hökm çıxarıldığı tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 12,001 qram narkotik vasitə olan tiryək Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən müvafiq qaydada məhv edilməlidir. Ekspertiza tədqiqatının dəyəri 30 manat 40 qəpik Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Məhkəmə şərh olunanları nəzərə alıb və Azərbaycan Respublikası CPM-nın 351-353,384-cü maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 08 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək 2 gün həbsdə saxlanılma müddəti təyin edilmiş cəzadan çıxılaraq qəti olaraq ona 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilsin, məhkəmə iclas zalında həbsə alınsın, hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri – 30 manat 40 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 12,001 qram narkotik vasitə olan tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-33/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-33/2023
15.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver