Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-33/2024 30.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 15:40-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1973-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 13, mənzil 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, qəsdən, satış məqsədi olmadan qanunsuz olaraq 03 (üç) ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 3,58 qram, 4,28 qram və 3,49 qram olmaqla ümumi çəkisi – 11,35 qram olan bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən və vaxtda əldə edib əynindəki şalvarının sol yan cibində daşıyaraq saxlamış, 04 sentyabr 2023-cü il tarixdə, saat 14:50 radələrində Təqsirləndirilən şəxs Şirvan şəhəri, N.Nərimanov küçəsində qanunsuz narkotik dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Şirvan şəhər polis şöbəsinə gətirilərək şəxsi-axtarış nəticəsində üzərində olan həmin 03 (üç) ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri – 3,58 qram, 4,28 qram və 3,49 qram olmaqla ümumi çəkisi – 11,35 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq qanunauyğun qaydada rəsmiləşdirilib, qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan marixuanadan istifadə edir. 03 sentyabr 2023-cü il tarixdə axşam saatlarında yaşadığı N.Nərimanov küçəsində gəzən zaman yerdən 03 ədəd kağız bükülü tapmış, o həmin bükülüləri açıb içərisinə baxdıqda bükülülərdə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görüb həmin bükülülərin içərisində olan qurudulmuş marixuanadan istifadə etmək üçün şalvarının sol yan cibinə qoyub saxlamış, 04 sentyabr 2023-cü il tarixdə, saat 14:50 radələrində yaşadığı Şirvan şəhəri, N.Nərimanov küçəsində polis işçiləri ona yaxınlaşıb ona polis şöbəsinə getməyini təklif etmiş, polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkilişlə onun razılığı ilə üzərinə şəxsi-axtarış keçirilmiş, şəxsi-axtarış zamanı əynindəki şalvarının sol yan cibində saxladığı 03 ədəd kağız bükümün içərisində qurudulmuş marixuana narkotik vasitəsini aşkar edilib götürülmüşdür. Bükülüləri zərfə qoyaraq möhürləmiş, sonra isə polis əməkdaşları bu barədə protokol tərtib etmiş, o həmin protokolla tanış olmuş, protokola və zərfə imza etmişdir. X3 Şirvan şəhər sakini kimi tanımışdır. Məhərrəmlə arasında heç bir münasibət olmamışdır. Məhərrəm Rzayevə, eləcə də hər hansı başqa şəxsə narkotik vasitə olan qurudulmuş marixuana satmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, şəxsi-axtarış və götürmə protokolu, ekspertiza rəyləri, maddi sübut və digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, 04 sentyabr 2023-cü il tarixdə polis şöbəsində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, xx.xx.1973-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs hazırda Şirvan şəhəri ərazisindədir və üzərində narkotik vasitə vardır, həmçinin o narkotik vasitələrin satışı, saxlaması və istifadəsi ilə məşğuldur. O bu barədə rəhbərliyə məlumat vermiş, əməliyyat tədbirinin keçirilməsi barədə qərar qəbul etdikdən sonra Şirvan ŞPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə təxminən saat 14:50 radələrində Şirvan şəhəri, N.Nərimanov küçəsinə getmiş, Faiqi həmin küçədə hərəkətdə olarkən görmüş, ona yaxınlaşıb özlərini təqdim etmiş, onlarla polis şöbəsinə getməsini bildirmiş, Faiq də etiraz etməyib onlarla polis şöbəsinə gəlmiş, polis şöbəsində vəkil dəvət edilmiş, Faiqə hüquq və vəzifələri izah edildikdən sonra vəkilin iştirakı ilə onun üstünə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Faiqin əynindəki şalvarının sol yan cibindən 03 ədəd kağız büküm və həmin kağız bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olunmuş, sorğu-sual zamanı Faiqin özü həmin 03 ədəd kağız bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin qurudulmuş marixuananı yaşadığı küçədə yerdən tapdığını və gəzdirməkdə məqsədinin gələcəkdə istifadə etmək olduğunu bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş həmin kütlə müdafiəçi-vəkilin iştirakı ilə və video çəkilişlə qablaşdırılaraq zərfə qoyularaq 55 saylı möhürlə möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, iştirakçılardan irad və təklif daxil olmamış, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. İbtidai istintaqda şahid qismində dindirilmiş və ifadəsi məhkəmə iclasında tədqiq edilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. (i.v 149-173) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 04 sentyabr 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs hüquqları 04 sentyabr 2023-cü il tarixdə, saat 14:50-də məhdudlaşdırılmış, 15:40-da Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. (i.v 18) 04 sentyabr 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs üzərində 03 ədəd büküm narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmiş, daha sonra əynində olan tünd göy rəngli şalvarın sol yan cibindən 3 ədəd kağız bükümü və sağ yan cibindən isə qara rəngli “Samsung” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş, və təqdim etdiyi həmin bükümlərin içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. (i.v 30) Məhkəmə iclasında nümayiş etdirilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı 01 ədəd DVD diskə köçürülmüş görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona təklif edilir ki, üzərində qanunla saxlanması qadağan edilmiş əşya varsa təqdim etsin. Şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan tünd göy rəngli şalvarının sol yan cibindən üç ədəd kağız bükümü və sağ yan cibindən isə qara rəngli “Samsung” markalı mobil telefon çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisində narkotik vasitə marixuana olduğunu bildirir. Büküm qablaşdırılır və zərf möhürlənir, şəxsi atxarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir qanunsuz əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsinin video kadrları əks olunan kompakt disk maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v: 32, 191-198) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 sentyabr 2023-cü il tarixli, 18/878 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 03 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri – 3,58 qram, 4,28 qram və 3,49 qram, ümumi çəkisi – 11,35 qram olan bitki mənşəli kütlələr təkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsualla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (i.v 42) 06 sentyabr 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v 64) Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs döyüş zonasına hərbi xidmət keçərkən 1992-ci ilin sentyabr ayında aldığı və xx.xx.2020-ci ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Mərkəzində canlı şəxsi məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Odlu silah mərmi partlamasından sonrakı başın təpə nahiyyəsində bir ədəd, başın sağ alın nahiyyəsində iki ədəd, sağ almacıq sümüyü proyeksiyasında bir ədəd, üst dodaq nahiyyəsində bir ədəd, çənəaltı nahiyyədə bir ədəd köhnə çapıq toxumalar” və xx.xx.1992ci ildən xx.xx.1992-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu travma-diaqnoz: “Sağrı nahiyyəsinin və hər iki diz oynağının əzilmiş yarası” hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.(i.v 78) 06 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Məhkəməsi tərəfindən əvvəli 04 sentyabr 2023-cü il tarixdən hesablanmaqla 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v 88) 21 noyabr 2023-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. (i.v 18-191) Azərbaycan Respublikası”Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin 25 sentyabr 2023-cü il tarixli, 18-1-35/2-751/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMX-nın ruhi əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v 144) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fondu 1 saylı X1 25 sentyabr 2023-cü il tarixli, 3- 17-1/2-221165/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan- Salyan (Şirvan, Hacıqabul) Regional filialından əlilliyə görə heç bir növ sosial müavinət, əmək pensiyası almır. Təqsirləndirilən şəxs müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alır. (i.v 145) Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 146-147) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzindən daxil olmuş xx.xx.2023-cü il tarixli 6538 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nıəzərə alaraq, həmçinin öz vəziyyətini tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 166-167) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 Hüquqi Şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 2944 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda hər-hansı psixi xəstəliyin əlamələri aşkar olunmur. Bunu cinayət işi materialları, həmçinin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s. sübut edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər psixiatrik müəssisələrə müraciət etməmiş, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər-hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsiin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur.(i.v 169-170) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 01 noyabr 2023-cü il tarixli 3-16-16/2-5/1397/2023 saylı rəyindən görünür ki, təqdim edilmiş sensorekranlı “Android” əməliyyat sistemi ilə təhciz olumuş “Samsung Galaxy A5” markalı arxa tərəfindəki markalama gğstəricisinə görə “SM-A510F” modelli “3534xx/xx/056385/7” imei kodlu mobiı smartfon hal-hazırda işlək vəziyyətdədir. “Samsung Galaxy A5” markalı “SM-A510F modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvir ilə (parol password) mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmadı.(i.v 174-177) 21 noyabr 2023-cü il tarixli “ sübutların qiymətləndirilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş ekspertiza tədqiqatından sonra qalan 11,23 qram narkotik vasitə olan qurudulmuş marixuana iş üzrə maddi sübut tanınmış və PŞ-də maddi sübutlarin saxlanma otağına təhvil verilmişdir. (i.v 191-198) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (köhnə redaksiyada) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin və psixotrop maddənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür». Bundan başqa, qeyd olunan qərarın 26-cı bəndində qeyd olunur ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir. Törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir. Onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs oğlunun 2 (iki) azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, törətdiyi əməldən peşman olmasını, səmimi etirafını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, xx.xx.2023-cü il tarixli 6538 saylı rəyinə əsasən müayinə zamanı Təqsirləndirilən şəxs kannabiodlərin qəbulu nəticəsində asılılq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nıəzərə alaraq, həmçinin öz vəziyyətini tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,23 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi-axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işinin materiallarına saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 99 (doxsan doqquz) manat, 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən İ Qarabağ müharibəsində iştirak etməsini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdən 04 ay 26 gün müddətində həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikas CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən 04 ay 26 gün müddətində həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 09 (doqquz) ay 22 (iyirmi iki) gün çıxılsın, qəti olaraq ona 02 (iki) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin və cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 13, 3 nömrəli mənzilini hər gün saat 22:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, hökm qanunu qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 99 manat 48 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut kimi tanınmış – Şirvan şəhər Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 11,23 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə maddi sübut şəxsi-axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd kompakt disk cinayət işinin materiallarına saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-33/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-33/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver