Məhkəmə qərarları › İş №1(032)-33/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-33/2025

15.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-33/2025 15.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ 12:30-da Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Abdullayev Qüdrət İmran oğlu və Zərərçəkmiş şəxs1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1993-cü il tarixdə Əli-Bayramlı(Şirvan) şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində Şirvan Şəhər Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, o, 14 noyabr 2024-cü il tarixdə, saat 10 radələrində ictimai yer hesab edilən Şirvan şəhəri Heydər Əliyev prospekti 58 ünvanında yerləşən "xxxx" ASC Şirvan regional enerji təchizatı və satışı idarəsinin inzibati binasının yaxınlığındakı yolda Abdullayev Qüdrət İmran oğlu ilə söhbət zamanı qeyri-rəsmi münasibətdə olduğu Şahid1 12 noyabr 2024-cü il tarixdə sonuncunun yaşadığı evin qarşısından öz avtomobilinə əyləşdirməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, Qüdrət Abdullayev və qeyrilərinin timsalında özünü qeyri müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu, istədiyi şəxsi istənilən yerdə cəzalandırmaq imkanına malik olmaqla başqalarından üstün olduğunu nümayiş etdirmək, qalmaqal salmaq məqsədilə öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyəti fövqündə qoyub, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş əxlaq normalarından kənara çıxmaqla ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərərək, digər şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlərə yol verib, ətrafdakı şəxslərin gözü qarşısında Abdullayev Qüdrət İmran oğlunu silah qismində istifadə etdiyi istintaqa yeri məlum olmayan bıçaqla vuraraq ona “sol çiyin qurşağının arxa səthində deşilmiş-kəsilmiş yara, burunda, sağ yanaqda, sol əlin İV-V daraq səviyyəsində səthi dəri kəsikləri” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt vətəndaşlıq borcunun yerinə yetirilməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirak edib onları ayırmaq istəyən lakin hakimiyyət nümayəndəsi olmayan Qüdrət Abdullayevin qardaşı oğlu Zərərçəkmiş şəxs1 isə həmin bıçaqla “sol bazunun yuxarı-orta 1/3-də, sağ əlin İ barmağın uc falanqasının yastıq hissəsində deşilmiş-kəsilmiş yaralar” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Abdullayev Qüdrət İmran oğlu ilə təxminən 4-5 ildir ki, tanışlığı var. xx.xx.2024-cü il tarixdə əvvəllər münasibətdə olduğu Lalə adlı qadının binalarının qarşısından keçərkən, Qüdrətin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobilin arxa oturacağına əyləşərək getdiyini görmüşdür. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Qüdrətə zəng vuraraq bu barədə maraqlanmış, Qüdrət ona and içərək həmin vaxt Kürdəmir rayonunda olduğunu bildirmişdir. Yanında adamlar olduğuna görə çox danışmaq istəməmiş və Qüdrətə Şirvan şəhərinə qayıdanda onunla görüşmək istədiyini demişdir. xx.xx.2024-cü il tarixdə saat 02 radələrində Qüdrətə təkrarən zəng vuraraq Şirvan şəhərinə gəlib-gəlməməyini soruşmaq istəmiş, lakin Qüdrət telefona cavab verməmişdir. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Qüdrətin qardaşı oğlu İmran ona zəng vuraraq əmisi Qüdrətlə söhbətinin nədən ibarət olmasını maraqlandıqda, o, Qüdrətin Laləni avtomobilinə əyləşdirərək aparmasına baxmayaraq yalandan and içərək həmin vaxt Kürdəmirdə olduğunu bildirməsini İmrana irad etmişdir. İmranla danışdıqdan sonra Qüdrətə zəng vuraraq harada olmasını soruşmuş, Qüdrət ona İmrangilin küçəsində müştəri evində usta işlədiyini demişdir. O, Qüdrətə küçəyə çıxmasını, onunla görüşmək istədiyini bildirmişdir. Həmin vaxt dostu Asiflə birlikdə olduğundan Asifdən onunla birlikdə getməsinin xahiş etmişdir. Onlar taksi ilə İmrangilin küçəsinə gəlmişlər. İmranla görüşüb söhbət edərkən qarşıdan Qüdrət piyada onların yanına gəlmişdir. Qüdrətlə kənara çəkilib söhbət edərək İmrangilin küçəsinə yaxın olan Şirvan şəhəri Azərişıq ASC-nin inzibati binasının arxasına doğru gəlmişlər. Binanın arxasında dayanıb əvvəllər münasibətdə olduğu Lalə adlı qadını xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı binanın qarşısından avtomobilinə götürdüyünü gördüyünü demişdir. Qüdrət təkararən onun sifətinə əlini toxunduraraq “sən öl vurmuş” ki, elə bir şey heç ola bilməz. Həmin vaxt o, Qüdrətin ona “yalandan sənöl vurduğuna” əmin olduğundan əsəbləşərək onun sifət nahiyəsinə yumruqla vurmuşdur. Bu vaxt İmranın onlara yaxınlaşmasını görüb fikirləşmişdir ki, yəqin onu vurmaq üçün yaxınlaşır. Bu səbəbdən də üzərində olan mətbəx bıçağını çıxraraq Qüdrət və onun qardaşı oğlu İmrana zərbələr endirmişdir. Həmin vaxt əsəbi olduğundan onların harasına xəsarət yetirdiyini bilməmişdir. Bundan sonra Qüdrət və İmran yerdən götürdükləri daşla üzərinə gəldiklərindən o, qaçıb oradan uzaqlaşmışdır. Evlərinə çatdıqda bıçağın üzərindən düşüb itdiyini bilmişdir. Hərəkətindən səmimi peşman olmuşdur. Aralarındakı mübahisə təxminən 4-5 dəqiqə davam etmiş, hazırda zərərçəkmiş şəxslərlə barışmışdır, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Abdullayev Qüdrət İmran oğlu ifadəsində göstərmişdir ki, Elxanı 2-3 ildir ki, tanıyır. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində Kürdəmir rayonunda bacısı evində qonaq olarkən Elxan ona zəng vuraraq aqressiv şəkildə danışmış, guya o, xx.xx.2024-cü il tarixdə axşam vaxtı Elxanın münasibətdə olduğu Lalə adlı qadını idarə etdiyi avtomobilə əyləşdirərək harasa aparmışdır. O, Elxana bildirmişdir ki, 2 gündür avtomobili ilə Kürdəmir rayonunda bacısı evində qonaq olmuşdur. Bundan sonra Elxan ona gələndən sonra əlaqə saxlamasını tapşırmışdır. Həmin günü Kürdəmir rayonundan gecə vaxtı gəldiyi üçün Elxana zəng vurmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində o, Şirvan şəhəri, “Energetik” küçəsində müştərinin bağ evində işləyərkən Elxan ona zəng vuraraq harada olmasını soruşmuş, o, Elxana hazırda bağ evlərində müştərinin evində işlədiyini bildirmişdir. Elxan ona küçəyə çıxmasını, onunla söhbət etmək istədiyini bildirmiş, o da Elxana etiraz etməmiş və razılaşmışdır. Küçəyə çıxıb biraz gözlədikdən sonra Elxanın gec gəldiyini görüb piyada qardaşı Adilgilin küçəsinə doğru getmişdir. Oraya çatanda görmüşdür ki, Elxan yanında gələn tanımadığı şəxslə birlikdə qardaşı oğlu İmranla söhbət edirlər. Onlara yaxınlaşıb görüşmüşdür. Elxan kənarda söhbət etməsini bildirmişdir. O, Elxana etiraz etməmiş və Şirvan "xxxx" ASC-nin inzibati binasının arxasına söhbət edə-edə getmişlər. Qardaşı oğlu İmranla Elxanın yanında gələn tanımadığı şəxs onların arxasınca söhbət edə-edə gəlmişlər. Söhbət edərkən Elxan ona yaşadığı qadın olan Laləni xx.xx.2024-cü il tarixdə axşam vaxtı avtomobilinə əyləşdirib aparmasını bildirmiş, o da Elxana həmin vaxtı Kürdəmir rayonunda bacısıgildə olmasını bildirmişdir. Onun düzgün danışdığına Elxanın inanması üçün atalarının qəbrinə and içmişdir. Həmin vaxt Elxan onun sifət nahiyəsinə yumruq vurmuşdur. O da cavab olaraq ona yumruq atmış, lakin onun atdığı yumruq Elxana dəyməmişdir. Həmin vaxt İmran və yanındakı şəxs onları aralamaq istəyərkən Elxan əlini belinə apararaq kəmərinə taxdığı bıçağı çıxarıb onun kürək nahiyəsinə bir zərbə vurmuşdur. O, Elxanın əlindən bıçağı almaq istəyərkən bıçaq sol əlini kəsmişdir. Qardaşı oğlu İmran onları aralamaq istəyərkən Elxan əlindəki bıçaqla İmranın da sol qoluna və sağ əlinə bıçaqla xəsarət yetirmişdir. Həmin vaxt o və qardaşı oğlu İmran özlərini müdafiə etmək üçün yerdən daş götürmüş, Elxan onu vuracaqlarından qorxaraq qaçıb çıxıb getmişdir. Bundan sonra Elxanın yanında gələn tanımadığı şəxs də çıxıb getmişdir. O da İmranla birlikdə İmrangilə getmişlər. Baş vermiş hadisə yerində Elxan, Elxanın yanında gələn adını bilmədiyi bir nəfər şəxs, qardaşı oğlu İmran və özü olmuşdur. Onlardan başqa orada heç kim olmamışdır. Münaqişə isə təxminən 5 dəqiqə davam etmişdir. Onlar Elxana heç bir xəsarət yetirməmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat təxminən 10 radələrində əmisi Abdullayev Qüdrət İmran oğlu onlara qonaq gəlmişdir. Əmisi ona bildirmiş ki, tanışı, Elxan ona zəng vuraraq onunla görüşmək istəyir. O əmisindən səbəbini soruşduqda əmisi Qüdrət bildirmişdir ki, Elxanın onunla niyə görüşmək istədiyindən məlumatı yoxdur. Əmisi gedəndən sonra Elxanı tanıdığı və telefon nömrəsi onda olduğu üçün Elxana zəng vuraraq əmisi Qüdrətlə nə problemi olduğunu soruşmuşdur. Elxan ona “gəlirəm sizin küçəyə sən də çıx əmini də çağırmışam söhbət edək” demişdir. O, həmin vaxt küçəyə çıxmış, təxminən 10 dəqiqədən sonra Elxan yanında bir nəfər tanımadığı şəxslə onların küçəsinə gəlmiş, Elxanla söhbət edərkən Elxan əmisi Qüdrətlə nə söhbətinin olması barədə ona bildirməmişdir. Həmin vaxt əmisi Qüdrət yaxınlaşdıqdan sonra onlarla görüşmüş və Elxan yanında gələn şəxsə və ona bildirmiş ki, “bizi bağışlayın Qüdrətlə söhbətim var” deyərək əmisi Qüdrətlə söhbət edə-edə küçələrinin yaxınlığında olan Şirvan Regional "xxxx" ASCnin inzibati binasının arxası istiqamətinə gedirmişlər. Elxanla birlikdə gələn oğlanla o isə arxasınca getmişlər. Elxan Qüdrətlə arasında olan söhbət zamanı Qüdrətə sifət nahiyəsinə yumruqla vurmuş, onlar dərhal yaxınlaşaraq onları aralamaq istəmiş, həmin vaxt Elxan kəmərinə taxdığı bıçağı çıxarıb Qüdrətin kürək nahiyəsinə bir zərbə vurmuş, o və Elxanın yanında gələn oğlan onları aralayarkən Elxan əlindəki bıçaqla onun sol qolunun çiyin nahiyyəsinə iki zərbə vurmuşdur. Həmin vaxtı Elxanın əlindən bıçağı almaq istəyərkən bıçaq sağ əlinin baş barmağını kəsmişdir. Qüdrət və o, yerdən daş götürmüşlər ki, özlərini müdafiə etsinlər. Bu vaxt Elxan qaçaraq onlardan uzaqlaşmışdır. Elxanın yanında gələn tanımadığı şəxs isə Elxanın dalınca getmişdir. Onlardan başqa orada heç kim olmamışdır. Münaqişə isə təxminən 5 dəqiqə davam etmişdir. Elxana heç bir xəsarət yetirməmişlər. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Elxan onun uşaqlıq dostudur. xx.xx.2024-cü il tarixdə, saat 10 radələrində Elxan onun yanına gəlmiş, Elxan kiminləsə telefonda əsəbi danışdıqdan sonra ondan xahiş etmişdir ki, onunla birlikdə getsin, birdən həmin adamla əsəbləşər, ona imkan verməsin ki, aralarında dava olsun. O, Elxandan nə məsələ olduğunu soruşduqda Elxan ona heç bir söz deməmişdir və Elxanla birlikdə taksi ilə Şirvan şəhəri, “Energetik” küçəsinə gəlmişlər. Küçəyə çatdıqda Elxan tanımadığı İmran adlı şəxslə görüşmüş və İmrana əmisi Qüdrətlə görüşmək üçün gəldiyini bildirmişdir. Təxminən 2-3 dəqiqədən sonra Qüdrət gəlmiş, Elxan Qüdrətlə kənara çəkilərək İmranla ona "xxxx" deyib küçə ilə həmin yerə yaxın olan Azərişıq ASC-nin inzibati binası istiqamətində söhbət edə-edə getmişlər. O da İmranla birlikdə onların arxasınca getmişdir. Binanın arxasına çatdıqda onlar dayanıb söhbət etməyə davam etmişlər. Qüdrət nəyəsə görə and içərək Elxanın sifətinə əlini toxundurub “sənöl” deyərkən Elxan Qüdrətin sifətinə yumruqla vurmuşdur. Bu vaxt o, İmranla birlikdə onlara tərəf qaçaraq onları aralamaq istəyəndə Elxan bıçaq çıxarıb Qüdrəti və İmranı vurmuşdur. O, dərhal Elxanı qucaqlayaraq onlardan aralamışdır. Həmin vaxt Qüdrət və İmran yerdən daş götürərək Elxanın üstünə gələndə Elxan qaçıb oradan uzaqlaşmışdır. Bundan sonra Qüdrət və İmranla biraz söhbət edərək onları sakitləşdirib oradan uzaqlaşıb iş yerinə gəlmişdir. Hadisə vaxtı onlardan başqa orada heç kim olmamışdır. Hadisə təxminən 4-5 dəqiqə davam etmiş, hadisə vaxtı heç bir xəsarət almamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə təxminən 2 il bundan əvvəl qeyri-rəsmi münasibətləri yaranmışdır. 2024-cü ilin avqust ayından Elxan ilə münasibətləri pozulmuş və onunla aralarında heç bir münasibət qalmamışdır. Elxan mütəmadi olaraq ona zəng vurub narahat etmiş və o, Elxana bildirirmiş ki, onu narahat etməsin. O, Abdullayev Qüdrət İmran oğlunu tanımır. Qeyd olunan xx.xx.2024-cü il tarixdə Qüdrət adlı şəxsin avtomobilinə əyləşərək heç bir yerə getməmişdir. Təqsirləndirilən şəxsla 2024-cü ilin avqust ayında xasiyyətləri uyğun gəlmədiyindən münasibətləri pozulmuşdur. Elxanla münasibəti olmadığı üçün baş vermiş hadisədən məlumatı olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 16 noyabr 2024-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir. 16 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 noyabr 2024-cü il tarixdə, saat 19:05-də şübhəli şəxs qismində tutulmuşdur. 18 noyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(032)-213/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 16 noyabr 2024-cü il tarixdən hesablanmaqla 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ilə Abdullayev Qüdrət İmran oğlu və sonuncunun qardaşı olan Zərərçəkmiş şəxs1 arasında 14 noyabr 2024-cü il tarixdə, saat 10 radələrində Şirvan şəhəri, H.Əliyev prospekti 58 ünvanında yerləşən "xxxx" ASC Şirvan RETS-nin inzibati binasının yaxınlığında baş vermiş mübahisə zamanı ictimai qayda pozulmuş, həmin mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaqla Qüdrət Abdullayevin bədən nahiyyəsinə xəsarət yetirmiş, həmçinin həmin vaxt Qüdrət Abdullayevin qardaşı oğlu Zərərçəkmiş şəxs1 onları ayırmaq istəyərkən Təqsirləndirilən şəxs əlində olan bıçaqla Zərərçəkmiş şəxs1 də xəsarət yetirmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X4 xx.xx.2024-cü il tarixli, 18-1-35/2-1709/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanasının PHŞ-nin Poliklinika şöbəsinin psixo-nevroloji və narkoloji kabinetində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 7818 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs Kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-tibbi ekspertizasının 17 dekabr 2024-cü il tarixli 557 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarət – sol bazunun yuxarı-orta 1/3-də, sağ əlin İ barmağın uc falanqasının yastıq hissəsində deşilmiş-kəsilmiş yaralar-iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 14 noyabr 2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-tibbi ekspertizasının 17 dekabr 2024-cü il tarixli, 559 nömrəli rəyində göstərilmişdir ki, Abdullayev Qüdrət İmran oğlunun bədən səthində aşkar olunan xəsarət – sol çiyin qurşağının arxa səthində deşilmiş-kəsilmiş yara, burunda, sağ yanaqda, sol əlin İV-V daraq səviyyəsində səthi dəri kəsikləri- -iti xassəyə malik alət təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 14 noyabr 2024-cü il tarixdə kənar şəxs tərəfindən bıçaqla yetirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə-psixiatrik ekspertizasının 27 dekabr 2024-ci il tarixli, 3791 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq dedikdə yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər başa düşülür. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalətvə humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Göründüyü kimi, xuliqanlıq hərəkətləri müxtəlif formada ifadə olunsa da, onların hamısı üç əlamətə malik olmalıdır. Yəni, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalı, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməli və nəhayət vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qeyd edilən qərarının 4cü bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Bu zaman təqsirləndirilən şəxsin hərəkətləri Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tam əhatə olunduğundan əməlin əlavə olaraq CM-nin 128 və ya 132-ci maddəsilə tövsif edilməsinə ehtiyac qalmır. Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi üçün əsasdır (8-ci bənd); xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib-edilməməsindən asılı olmayaraq, zavod və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə, silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür (9-cu bənd). “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil,hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrıayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. ”Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli qərarına müvafiq olaraq cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etməyə, gücünü nümayiş etdirməyə, qalmaqal salmağa cəhd edən xuliqanlıq motivindən irəli gələn hərəkətlər ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməklə silah olmayan lakin, silah kimi istifadə edilə bilən predmetdən istifadə edib ictimai qaydanı kobud surətdə pozmuş, habelə belə pozuntu ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə etmiş və zərərçəkmiş şəxslər üzərində zor tətbiqi göstərərək yüngül bədən xəsarəti ilə nəticələnən qərəzli hərəkət etmişdir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxsin ittiham olunduğu əməldə özünü təqsirli bilməsi, işin sübuta yetmiş halları, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar, zərərçəkmiş şəxslərin və şahid ifadələri ilə sübut edilmişdir. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsində təsbit edilmişdir ki, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. CM-nin 41.2-ci maddəsinin tələblərindən görünür ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. CM-nin 58.3-cü maddəsində təsbit edilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddələrində, cəzanın ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəslərində nəzərdə tutulmuşdur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, CM-nin 59.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. CM-nin 60.1-ci maddəsinin tələblərindən görünür ki, bu Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. CM-nin 61.2-ci maddəsində müəyyən edilmişdir ki, cəza təyin edilərkən bu Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Aparılmış məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Abdullayev Qüdrət İmran oğlu ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, sonuncu tərəfindən onlara vurulmuş ziyanın ödənilməsini və ona qarşı artıq heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Abdullayev Qüdrət İmran oğlu ilə barışıq əldə etməsi və onlara vurulmuş ziyanı ödəməsi Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən, əməlini səmimi etiraf etməsi, törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, gənc olması halları isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olaraq məhkəmə tərəfindən müəyyən edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-nin 48-ci maddəsinin, CM-nin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsi haqqında Konstitusiya Məhkəməsi Plenumunun müvafiq olaraq 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). “Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumnun 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmək, tərbiyələndirmək, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cəzanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə işin yuxarıda sadalanan obyektiv halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun islah olunmalı şəxs olmasını, cəzanın yüngülləşdirici hallarını,yəni zərərçəkmiş şəxslərin heç bir şikayət və tələbinin olmamasını, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, əməlini səmimi etiraf edərək özünü təqsirli bildiyini və ağırlaşdıran halların olmamasını, cəzanın məqsədini, törədilmiş cinayətin ictimai təhlükəsizlik əleyhinə cinayətlər kateqoriyasına aid olmasını, təqsirləndirilən şəxsə tətbiq olunacaq cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olması hallarını nəzərə almaqla təqsirləndirilən şəxs barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunması qənaətinə gəlir. Həmçinin cəzaçəkmə müddətinin əvvəlinin şübhəli şəxs qismində tutulduğu vaxtdan hesablanmalı və məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olduğunu hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, ibtidai istintaq və məhkəmə baxışı zamanı iş üzrə mülki iddia verilməmiş, məhkəmə xərcləri və maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 noyabr 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə maddi sübut, məhkəmə xərci yoxdur və mülki iddia verilməmişdir. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həbsdə saxlanılan məhkum tərəfindən isə apellyasiya şikayəti hökmün surətinin ona verildiyi andan 20 gün müddətində verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar