Məhkəmə qərarları › İş №1(032)-34/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-34/2025

21.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-34/2025 21.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 09:41 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 , Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Şirvan şəhəri ünvan 1 ünvanda yaşamış, həbs qətimkan tədbirinin seçilməsi barədə Şirvan şəhər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli qərarı əsasında xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası ərazisində tutularaq Rusiya Federasiyası Soçi şəhəri Adler Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 Şirvan şəhəri, Mahir Mirzəyev küçəsindəki “El qəbirastanlığı”-nda yerləşən sonuncunun ailə üzvlərinin qəbirləri olan yeri dəmir barmaqlıqlar hasarlayacağı barədə yalan vəd verib, ondan vahid niyyətlə əhatə olunmuş qəsdlə 2023-cü ilin fevral ayında Rusiya Federasiyasından “Zalotoy Korona” vasitəsi ilə 500 manat və 300 manat olmaqla ümumilikdə 800 manat pulu cinayətdən xəbəri olmayan arvadı X3 adına göndərtdirməklə Şirvan şəhəri, X16 prospekti 1 saylı ünvanda yerləşən X20 Filialında ələ keçirib, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 onun fərdi yaşayış evinin həyətyanı sahəsində təmir tikinti işləri aparmaq barədə yalan vəd verib, ondan 2023-cü ilin fevral ayında ünvan 5 ünvanda 1500 manat pulu əlbəəl alıb, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3 mərhum atası X5 Hacıqabul rayonu Rəncbər kəndindəki “El qəbirastanlığı”-nda yerləşən qəbir daşını düzəltmək barədə yalan vəd verib, ondan 2023-cü ilin may ayında cinayətdən xəbəri olmayan qardaşı Şahid vasitəsi ilə Şirvan şəhərində vahid niyyətlə əhatə olunmuş qəsdlə 1500 manat pulu əlbəəl almaqla və mərhum anası X6 Hacıqabul rayonu Rəncbər kəndindəki “El qəbirastanlığı”nda yerləşən qəbir daşını təzələmək barədə yalan vəd verib, 2023-cü ilin may ayında mərhum X6 400 manat dəyərində qəbir daşını satmaq adı ilə yerindən söküb aparmaqla verdiyi vədə əməl etməyib, Zərərçəkmiş şəxs3 ümumilikdə 1900 (min doqquz yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs4 mərhum atası X11 və mərhum anası X4 Şirvan şəhəri, Mahir Mirzəyev küçəsindəki “El qəbirastanlığı”-nda yerləşən qəbir daşlarını düzəltmək barədə yalan vəd verib, ondan 02 sentyabr 2023-cü il tarixdə Şirvan şəhəri, T.İsmayılov küçəsində 1500 manat pulu əlbəəl alaraq, verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o özünü irəli sürülmüş ittihamın yanlız Zərərçəkmiş şəxs2 qarşı dələduzluq hissəsində təqsir bilir. Belə ki, Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasında vəfat etmiş oğluna qəbir daşı düzəltməsi üçün razılığa gəlmişlər .O, Tacəddinin oğlunun qəbir daşını düzəldib təhvil vermişdir. Bundan təxminən 1 il sonra Tacəddin ona qohumları və oğlunun qəbirlərinin ətrafına dəmir hasar düzəltməsi üçün sifariş vermiş, o Tacəddinlə bu işin görülməsi üçün razılaşmış, bunun müqabilində Tacəddin ona 2023-cü ilin fevral ayında ona 500 manat və 300 manat olmaqla, ümumilikdə 800 manat pul vermişdir. Lakin həmin vaxt işləri çox olduğundan, digər zərərçəkmiş şəxs Nazimin həyətində işlədiyindən o işi görə bilməmişdir. Sonradan Zərərçəkmiş şəxs2 dəymiş ziyanı tam ödəmiş, onunla barışıq əldə etmişdir. Bundan basqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs1 2012-ci ildən tanıyır, o Zərərçəkmiş şəxs1 pul almamışdır. O, 2023-cü ilin yanvar ayında özünə avtomobil almaq istədiyindən Zərərçəkmiş şəxs1la görüşüb ona bu barədə bildirmişdir. Zərərçəkmiş şəxs1 “Mercedes” markalı avtomobili olduğunu, ilkin ödəniş olaraq 1500 manat pul lazım olduğunu bildirmiş, həmin gün axşam həyat yoldaşı və qızı Sevil ilə birlikdə onların evinə getmişlər. İlkin ödəniş olaraq Mirnazimə 1500 manat pul vermiş, sonra isə nənəsinin pensiya kartını Mirnazimə verməklə qalan puldan 10 ay müddətində - 2023-cü ilin aprel ayından 2024-cü ilin fevral ayınadək Mirnazim aylıq 327 manat olmaqla, ümumlikdə 3270 manat pul götürmüş, qalan pulu onun həyətində işləməklə ödəmiş, ümumlikdə 8000 manat avtomobilə görə pul vermişdir. O, sonradan başqa hansısa adla Mirnazimdən pul almamışdır və sonuncuya borcu yoxdur. O, Rusiyaya getdikdən sonra avtomobili satmaq istəmiş, lakin Mirnazim avtomobili satmamış, o Mirnazim barəsində şikayətlər etdiyindən münasibətləri pozulmuş, ona görə də Mirnazim ondan şikayətçi olmuşdur. Bundan basqa, bildirmişdir ki, Şahid tanıyır. O, Şahid hissə-hissə olmaqla 1100 manat pul almış, bundan başqa ehtiyacı olduğundan iki dəfə 200 manat olmaqla faizə pul almışdır. Belə ki, Şahid ona 2023-cü ilin aprel-may aylarında zəng edərək demişdir ki, atasının qəbir daşını qoydurmaq, anasının isə qəbir daşını atasının qəbir daşına birləşdirib, ikinə bir baş daşı düzəltdirmək istədiyini demiş və bu işi ona təklif etmiş, Natiqlə razılaşmışlar. Bundan sonra o, qəbirlərin təmir işinə başlamış, belə ki, Natiqin atasının qəbirüstünün betonunu tökmüş, anasının qəbirinə də beton tökmüş və köhnə baş daşlarını söküb götürmüşdür. Həmin vaxtlarda Natiq ona hissə hissə olmaqla 2023cü ilin aprel-may aylarında 1500 manat pul vermişdir. Sonradan Natiq ona demişdir ki, anasının köhnə baş daşını satsın və həmin daşın pulun ondan alacağı pula çıxsın. O da Natiqə etiraz etməmişir. O, həmin daşı götürsə də, sata bilməmişdir. Natiqdən aldığı pulları öz ehtiyaclarına xərcləmişdir. Sonradan o, Rusiya Federasiyasına getmişdir. Onun Natiqə 1500 manat verəcəyi pul var. Bundan basqa, bildirmişdir ki, Zərərçəkmiş şəxs4 pul almamışdır. O, Zərərçəkmiş şəxs4 Mirnazimin evində 2023-cü ilin sentyabr ayında görmüşdür, Mehman Mirnazimdən uşağı xəstə olduğundan faizə pul istəmiş, Zərərçəkmiş şəxs4 3 gün Mirnazimin həyətində onun yanında işləmişdir. Mirnazim Zərərçəkmiş şəxs4 onun telefonunu girov götürməklə 100 manat faizə pul vermişdir. Zərərçəkmiş şəxs4 Mirnazimə görə ondan şikayət etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadə özünü müdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Təqsirləndirilən şəxs uzun müddətdir ki Şirvan şəhərində usta kimi tanımış, sonuncu dəfə 2023-cü ilin aprel ayında Mahir onun həyətində aqlay işi görmək üçün gəlmiş, onun həyətində iş görməsi müqabilində işlədiyi dövrdə Mahirə 500-600 manat pul ödəmiş, lakin Mahir işi yarım qoyaraq Rusiyaya getmişdir. Bundan başqa bir müddət Mahir həyətində iş görmüş, həmin vaxtda ona demişdir ki, həyətində əl evi kimi hissə düzəldə bilər, həmin əl evi həm yemək bişirmək üçün, həm də, əl-üz yuyan kimi istifadə edilə bilər. O da ona razılıq vermiş, 2023-cü ilin fevral ayında Mahir ondan yaşadığı ünvanda material pulu olaraq 1500 manat pul almış, iki-üç gün sonra Mahir ona Rusiya Federasiyasından zəng edərək, orada iş görəcəyini, aldığı 1500 manat pulunu oradan göndərəcəyini bildirmişdir. Ona demişdir ki, 2023-cü ilin dekabr ayına ona pul göndərəcəkdir. Lakin, Təqsirləndirilən şəxs dekabr ayında pul göndərməmişdir. Bundan sonra o, Şirvan şəhər polis şöbəsinə şikayət etmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 bildirdi ki, atası Adil Dadaşov 2022-ci ildə və anası Rəfiqə Dadaşova isə 2016-cı ildə vəfat etmişdir. O və qardaşı Natiq atası Adilin baş daşını düzətdirmək qərarına gəlmişlər. Bunun üçün qardaşına demişdir ki, baş daşı düzəldən usta tapsın. Qardaşı Natiq də bir müddət sonra ona zəng edərək, baş daşı düzəltmək üçün usta tapdığını, atalarının baş daşının düzəlməsi üçün ustanın 3000 manat pul istədiyini demişdir. O da razılaşmış və qardaşına demişdir ki, usta ilə danışsın. Bir müddət sonra qardaşı ona zəng edərək, usta ilə danışdığını və razılaşdığını demişdir. 2023-cü ilin may ayında o, 1500 manat pulu qardaşı Natiqin bank kartına göndərmişdir. Natiq də ona zəng edərək, pulu götürdüyü bildirmişdir. Bir müddət sonra qardaşı Natiq ona zəng edərək, Mahirin ona anaları Rəfiqənin də baş daşını təzələmək barədə bildirdiyini, köhnə baş daşını götürəcəyini və yerinə təzə baş daşı qoyacağını ona demişdir. O da qardaşı ilə razılaşmışdır. Bir müddət sonra qardaşı Natiq ona demişdir ki, Təqsirləndirilən şəxs ondan 1500 manat pulu almış, lakin heç bir iş görməmişdir. Həmçinin, Mahir anaları Rəfiqənin baş daşını da götürmüş, yerinə qoymamışdır. Mahir anası Rəfiqənin baş daşını düzəltməmiş, buna görə də əlavə olaraq onlara 400 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 bildirdi ki, atası X14 2016-cı ildə və anası X10 isə 2017-ci ildə vəfat etmişdir. O, maddi çətinliyi ilə əlaqədar valideynlərinə qəbir daşı düzətdirə bilməmişdir. 2023-cü ilin avqust ayında o, Şirvan şəhərində müxtəlif ünvanlarda Təqsirləndirilən şəxs yanında fəhlə işləmiş, həmin vaxtlarda o, Mahirdən öyrənmişdir ki, o qəbir daşı da düzəldir. O , Mahirdən anasının və atasının qəbir daşlarının düzəldilməsində kömək etməsini istəmiş və pulunu verəcəyini bildirmişdir. Mahir də onunla razılaşmış və onlar birlikdə Çılpaqlı qəsəbəsində yerləşən qəbirastanlığa getmişlər, orada Mahir valideynlərinin qəbirinə baxmış və ölçü apardıqdan sonra hər iki valideyninə bir qəbir daşı düzəldə biləcəyini , bir baş daşı qoya biləcəyini və həmin işinin xərci olaraq 3000 manat pul verəcəyini bildirmişdir. O Mahirə ilkin olaraq 1500 manat pul verə biləcəyini dedikdə Mahir də onunla razılaşmış, o da 2023-cü ilin sentyabr ayının 2-də o, Mahirə 1500 manat pulu əlbəəl yaşadığı ünvanın qarşısında vermişdir. Mahir də ona demişdir ki, ona valideynlərinin şəkillərini versin, özü bütün işi görəcəkdir, o da Mahirə valideynlərinin şəkillərini vermişdir. Bir ay müddətinə Mahir ona qəbir daşının düzəldilməsinə dair yalandan sözlər demiş, lakin 2023-cü ilin oktyabr ayında o, eşitmişdir ki, Mahir Rusiya Federasiyasına getmişdir. Ona dəymiş ziyan ödənilməmişdir.Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasının yeri və vaxtı barədə Zərərçəkmiş şəxs2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq ölkə hüdüdlarından kənarda olduğundan məhkəməyə gəlməmiş, məhkəmənin rəsmi elektron poçt ünvanına təqsirləndirilən şəxslə barışması, ona dəyən zərərin tam ödənilməsi, şikayət və tələbinin olmamasını, xarici ölkədə olduğundan məhkəmə iclasında iştirak edə bilmədiyini, onun iştirakı olmadan işə baxılmasını və qərar qəbul edilməsini bildirdiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayır. O, 1991-ci ildə Rusiya Federasiyası vətəndaşlığı almış, oğlu Həbib də Rusiya Federasiyası vətəndaşı olmuş, oğlu Həbib Rusiya və Ukrayna arasında baş verən müharibə zamanı 2022-ci ilin noyabr ayında şəhid olmuş, 2022-ci ilin noyabr ayının 22-də cənazəsi Azərbaycan Respublikasına gətirilərək Şirvan şəhəri, Çılpaqlı qəsəbəsində yerləşən qəbirəstanlıqda yoldaşı Məhbubə Kazımovanın yanında dəfn olunmuşdur. Dəfn mərasimi ilə əlaqədar Şirvan şəhərində olarkən Mahir adlı qəbir baş daşı düzəldən usta ilə yeznəsi Faiqin vasitəsi ilə tanış olmuş, o, Faiq, X1, Mahirlə görüşüb baş daşı düzəldirmək üçün onun işlədiyi Çılpaqlı qəbirstanlığına getmişlər. Oğlu rəhmətə getməyi ilə bağlı vəziyyəti pis odluğu üçün onun yanında olan əmisioğlu Hikmət Mahirlə baş daşı hazırlamağın qiymətini danışmış, Mahir onlara baş daşı düzəltmək üçün 1300 manat pul demiş, onlar onunla 1200 manata razılaşmış, o, həmin gün Mahirə 400 beh kimi pul vermiş, baş daşın hazırlayandan sonra ona isə xx.xx.2022-ci il tarixdə 800 manat pul vermiş, 2023-cü ilin yanvar ayının əvvəllərində o, Rusiya Federasiyasına qayıtmış, həmin ilin fevral ayında Mahirə zəng edərək, rəhmətə gedən yaxınlarının qəbirlərinin ətrafı üçün dəmir barmaqlıq düzəltməsini istəmiş, Mahir ona dəmir barmaqlıqların baha olduğunu, ona görə həmin işi 730 manata görəcəyini demiş, o da fevral ayında Zalatoy Karona vasitəsi ilə Mahirə 500 manat pul göndərmiş, bundan 3-4 gün sonra Mahir ona zəng edərək dəmir barmaqlıqları aldığını, işi tam görmək üçün daha 300 manat pul göndərməyini ona bildirmiş, o da Mahirə 300 manat pulu Zalatoy Karona vasitəsi ilə yollamışdır. Daha sonra Mahirin öz dediyi vaxtda ona zəng eliyib, işin nə yerdə qaldığını soruşduqda vaxtının olmadığını bir neçə günə hazırlayacağını bildirmişdir. O, Mahirə bir həftədən bir zəng edərək işin nə yerdə qaldığını soruşurmuş, lakin hər dəfəsində Mahir ona vaxtının olmadığını, bir neçə günə həll eliyəcəyini bildirmiş, bu hal bir neçə dəfələrlə baş verdiyinə görə o, Mahir tərəfindən aldadıldığını başa düşmüşdür. Bundan əlavə o bildirmişdir ki, o, Mahirə Rusiya Federasiyasından Zalatoy Karona vasitəsi ilə ümumilikdə 800 manat pul vermiş, o, Mahirə ümumilikdə 800 manat pulu rəhmətə getmiş yaxınlarının qəbirlərinin ətrafına dəmir barmaqlıqlar düzəltdirmək məqsədilə vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid göstərmişdir ki, atası Adil Dadaşov 2022-ci ildə və anası Rəfiqə Dadaşova isə 2016-cı ildə vəfat etmişdir. O və bacısı atası Adilin baş daşın düzətdirmək qərarına gəlmişlər. O, qəbir daşı ustası kimi tanıdığı Mahirlə danışmış, Mahir baş daşının düzəlməsi üçün usta 3000 manat pul istəyir. Sonra onlar aralarında müzakirə etmişlər və qəbirdaşını düzəltdirmək qərarına gəlmişlər. 2023-cü ilin may ayında o, 1500 manat pulu Mahirə vermişdir. Onlar həmçinin qərara gəlmişlər ki, Mahir anaları Rəfiqənin də baş daşını təzələsin. Lakin Təqsirləndirilən şəxs ondan 1500 manat pulu almasına baxmayaraq heç bir iş görməmişdir. Həmçinin, anaları Rəfiqənin baş daşını da götürmüşdür ki, onun da dəyəri 400 manat olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmaqla icraata qəbul edilib istintaqı aparılmışdır. Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. Cinayət işlərinin bir icraata birəşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşməklə ********* nömrə altında aparılması və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Cinayət işinin icraata qəbul edilməsi , bir icraata birəşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraata qəbul olunaraq Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşməklə iş üzrə istintaqın ********* nömrəsi ilə davam etdirilməsi, ********* nömrəli cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinə tövsif edilməsi qərara alınmışdır. Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 4(032)-41/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində qiyabi həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 3 ay həddində müəyyən edilmiş, həbsetmənin əvvəlinin tutulduğu andan hesablanması qərara alınmışdır. Cinayət işinin icraatının dayandırılması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli ,3-16-17/42/2-5468/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Rusiya Federasiyası DİO-nın əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə 3 saylı istintaq təcridxanasına gətirilmişdir. xx.xx.2024-cü il tarixli Rusiya Federasiyası Adler rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti xx.xx.2024cü il tarixədək uzadılmışdır. Rusiya Federasiyası Adler rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay 20 gün, yəni xx.xx.2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli cinayət işinin icraatının təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. Şirvan Şəhər Məhkəməsinin 4(032)-224/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay 09 gün müddətinə, yəni 29 yanvar 2025-ci il tarixinədək uzadılmışdır. Rusiya Federasiyası Baş Prokurorluğunun 16 yanvar 2025-ci il tarixli, 81/2-1474- 24 saylı məktubundan görünür ki, Rusiya Federasiyası Baş Prokurorluğu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə dələduzluğa görə cinayət məsuliyyətinə cəlb edilməsinə razılıq vermişdir. Şirvan Şəhər Məhkəməsinin 4(032)-17/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 20 gün müddətinə, yəni 18 fevral 2025-ci il tarixinədək uzadılmışdır. Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmənin rəsmi elektron poçt ünvanına göndərdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən zərər tam ödənilmişdir. Şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X24 “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X21 07 dekabr 2023-cü il tarixli 18-1-35/2-1092/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatı yoxdur. Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş 733 saylı xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2009-cu ildə anadan olmuş X7 atası Təqsirləndirilən şəxs , anası Xəyalə Hüseynovadır. Doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2016-cı ildə anadan olmuş X9 atası Təqsirləndirilən şəxs , anası Xəyalə Hüseynovadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün qismən etirafı, zərərçəkmiş şəxslərin və şahidiin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 1ci bəndində göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Həmin Qərarın 4-cü bəndinə əsasən məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Həmin Qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci maddəi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanı ödəməklə dəymiş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü maddəsinə, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın tam ödənilməməsini və onların şikayətçi olmalarını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə Zərərçəkmiş şəxs2 vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınmalıdır. Digər zərərçəkmiş şəxslərə izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ vardır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 oğluna, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar