Məhkəmə qərarları › İş №1(032)-35/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-35/2024

16.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-35/2024 16.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 11:10-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Abuşova Pakizə Müşfiq qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qəsdən yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, 2023-cü ilin avqust ayının əvvəllərində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə Zərərçəkmiş şəxs yaşadığı Şirvan şəhəri, Füzuli küçəsində yerləşən “Üzən Nasoslar” stansiyasının təmir zavodunun inzibatı binasına qanunsuz daxil olduqdan sonra binadan 01 ədəd 50 manat dəyərində hidrafor, 01 ədəd 155 manat dəyərində su nasosu, uzunluğu 100 metr olan bir metrinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 250 manat dəyərində rezin su borusu, 05 ədəd hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 25 manat dəyərində vintil, hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində 02 ədəd sərinkeş, 01 ədəd 50 manat dəyərində soyuducu matoru və 01 ədəd 70 manat dəyərində köhnə kondisioneri gizli yolla talamaqla Zərərçəkmiş şəxs cəmi 650 (altı yüz əlli) manat məbləğində ziyan vurmaqla qəsdən yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli yolla talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır, 2023-cü ilin avqust ayının əvvəllərində yaşadığı Şirvan şəhəri, ünvan 2 ünvanında yerləşən həyət evindən küçəyə çıxmış, pul lazım olduğu üçün oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Həmin məqsədlə hasardan aşıb Şirvan şəhəri, Upramxor qəsəbəsində yerləşən “Üzən Nasoslar” stansiyasının təmir zavodunun inzibatı binasının həyətinə daha sonra isə pəncərədən binanın içərisinə daxil olmuşdur. Binanın içərisində gəzərkən binada çoxsaylı əşyaların olduğunu görmüş, binadan 01 ədəd hidrafor, 01 ədəd su nasosu, uzunluğu bir neçə metr olan rezin su borusu, 05 ədəd vintil, 02 ədəd sərinkeş, 01 ədəd soyuducu matoru və 01 ədəd kondisioneri bir-bir binadan çıxarıb binanın həyətinin çölünə yığmışdır. Bundan sonra o həmin yerdən uzaqlaşıb taksi axtarıb tapmış və yenidən geri qayıtmışdır. Əşyaları taksiyə yığdıqdan sonra taksiylə Şirvan şəhərində “kənd evləri” deyilən əraziyə aparmış və axşam saat 21:30 radələrində həmin ərazidə qaraçılara 50 manata satmışdır. Əşyaları alan tanımadığı şəxs əşyaların içərisində olan mis metallarını sökdükdən sonra qalıqlarını ona qaytarmışdır. O, əşyaların qalıqlarını əşyaları oğurladığı yerin təxminən 2,3 kilometrliyində atmışdır. Oğurluq nəticəsində əldə etdiyi 50 manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. 12 avqust 2023-cü il tarixdə pulu qurtardığı üçün yenidən oğurluq edib pul əldə etmək qərarına gəlmiş, həmin məqsədlə hasardan aşıb Şirvan şəhəri, Upramxor qəsəbəsində yerləşən “Üzən Nasoslar” stansiyasının təmir zavodunun inzibatı binasının həyətinə daha sonra isə həyətdə yerləşən hamama daxil olmuşdur. Hamamda olan su krantını qırıb yerindən qoparıb hamamdan çıxmaq istəyən zaman həmin binada yaşayan Qurban onu saxlamış və əlində olan su krantını əlindən alıb hamama qoymuşdur. O, Qurbana bir müddət əvvəl də binadan əşyalar oğurladığını etiraf etmişdir. Daha sonra Qurban ona oğurladığı əşyaları geri qaytarmağını bildirmişdir. O, uzaqlaşmaq üçün Qurbana yalan danışaraq əşyaları geri qaytaracağını demişdir. Qurban onu buraxdıqdan sonra qaçıb getmişdir. Hazırda dəymiş zərəri ödəmiş və zərərçəkmiş şəxslə barışmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 01 avqust 2023-cü il tarixində səhər saat yuxudan oyandıqdan sonra o əşyalarının olduğu otaqlara keçmiş, bu vaxt bloka giriş hissədən qarşıdakı otaqda yerləşdirmiş olduğum otaqda olan 01 ədəd 50 manat dəyərində hidrafor, 01 ədəd 155 manat dəyərində su nasosu, uzunluğu 100 metr olan bir metrinin qiyməti 2 manat 50 qəpik olmaqla ümumilikdə 250 manat dəyərində rezin su borusun, 05 ədəd hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 25 manat dəyərində vintil, hər birinin qiyməti 25 manat olmaqla ümumilikdə 50 manat dəyərində olan 02 ədəd sərinkeş, 01 ədəd 50 manat dəyərində soyuducu matoru və 01 ədəd 70 manat dəyərində köhnə kondisionerin oğurlandığını görmüşdür. Lakin həmin vaxt oğurluq barədə polisə məlumat verməmiş, 12 avqust 2023cü il tarixində isə binanın həyətyanı sahəsində olan zaman onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs hamamda görmüşdür. Həmin vaxt onun hamamda olan su kranının vintilini kənara qoyduğunu görmüş, oraya yaxınlaşdıqda Yaşar ondan üzrxahlıq edərək oradan uzaqlaşmışdır. Sonra da o həmin gün qonşusu Yaşarın evinə gedərək onun əvvəl də evindən oğurluq etdiyini bildirmişdir. Yaşar ondan dönə-dönə üzrxahlıq etmiş və oğurladığı əşyaları gətirib qaytaracağına söz vermişdir. Oğurluq nəticəsində ona 650 manat məbləğində maddi ziyan dəydiyini qeyd etmişdir. hazırda ona vurulmuş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur, onunla barışıb. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 13 avqust 2023-cü il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs hüquqları məhdudlaşdırılmış, saat 20:15-də Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində şübhəli şəxs qismində tutulmuşdur. (i.v.32) 15 avqust 2023-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (i.v. 45, 62-66) 15 oktyabr 2023-cü il tarixdə iş üzrə Təqsirləndirilən şəxs dəfələrlə sorğular vasitəsilə istintaqa çağırılmasına baxmayaraq o qərəzli şəkildə istintaqa gəlməkdən boyun qaçırmışdır. Bu səbəbdən Təqsirləndirilən şəxs ilə müvafiq istintaq hərəkətlərinin keçirilməsi mümkün olmamış və o cinayət prosesini həyata keçirən istintaq orqanından qaçıb gizləndiyi üçün barəsində “təqsirləndirlən şəxs barəsində axtarış elan olunması barədə” qərar qəbul edilmişdir. (i.v.75-78) 15 oktyabr 2023-cü il tarixdə cinayət işi üzrə təqsirləndirilən şəxsin barəsində axtarış elan edildiyinə görə ibtidai istintaq müddətinin lüzumsuz yerə axımını dayandırmaq məqsədi ilə Şahbazov X1 bölməsinə təhvil verilənədək iş üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmış, 07 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq istintaqa gəldiyi üçün iş üzrə müvafiq istintaq hərəkətlərinin keçirilməsi məqsədi ilə icraat təzələnmişdir. 15 avqust 2023-cü il tarixli ifadənin yerində yoxlanılması və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus Şirvan şəhəri, Füzuli küçəsində yerləşən “Üzən nasoslar” stansiyasının inzibati binasında yerləşən fərdi yaşayış evinə hansı qaydada daxil olduğunu, həmin evdən hansı qaydada oğurluq etdiyini əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Həmçinin ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs qeyd olunan evdən oğurladığı 01 ədəd hidrofor, 01 ədəd su nasosu, 01 ədəd sərinkeş, 01 ədəd soyuducu matoru və 01 ədəd kondisanerin qalıqlarını gizlətdiyi yeri göstərərək həmin maddi sübutlar götürülmüşdür. (i.v. 55-61) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 68) İş üzrə verilmiş 30 avqust 2023-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayəti törədən zaman onu kənardan görən hər hansı bir şəxsin olmasını, o cümlədən təqsirləndirilən şəxs tərəfindən talanmış əmlakların yerinin və onun cinayət əməlini törədərkən hər hansı bir şəxslə əlbir olub olmamasının müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. (i.v. 69) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 25 sentyabr 2023-ci il tarixli, 18-1-35/2-751/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v 74) İ-68340 nömrəli, İ-14850 nömrəli, İ-6737 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı”, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə medalı”, Azərbaycan Respublikası Prezidentinin 2021ci il 24 iyun tarixli 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə medalı ilə təltif olunmuşdur. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışmasını, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanı ödəməsini, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, “44 günlük Vətən müharibəsi”nin iştirakçısı olmaqla döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirməsinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı medalı”, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə medalı”, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2713 nömrəli Sərəncamı ilə “Zəngilanın azad olunmasına görə medalı ilə təltif olunmasını, cinayət işi üzrə yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmalı, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə yaşadığı Şirvan şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən orqanlara yaşayış yerinin və iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istinaq zamanı tutulduğu 02 (iki) gün müddət nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla təyin edilmiş cəzadan 04 (dörd) gün çıxılsın və qəti olaraq barəsində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, Füzuli küçəsi, 26 nömrəli mənzilini hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar