Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 1(032)-36/2025 02.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi ilə, X8 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət edən şəxs X10 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, xx.xx.1994-cü il tarixində Hacıqabul rayonu, Axtaçı-ünvan 1 ünvanında qeydiyyatda olan X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi, onun həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, X10 Azərbaycan Respublikasının vətəndaşı X6 rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Onunla rəsmi nikahlarından iki övladları dünyaya gəlmişdir. Türkiyə Respublikasının Bakırköy 7-ci Ailə Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı ilə nikahlarına qarşılıqlı razılıq əsasında xitam verilmiş, razılaşmanını şərtləri qeyd edilən qərarda öz əksini tapmışdır. Həmin qərar Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 dekabr 2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasında tanınmışdır. O, uzun illərdir ki, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğuldur və yükdaşıma fəaliyyəti göstərən “DYNAMEX EXPRESS" MMC-nin təsisçisidir. X6 ilə ailə münasibətlərinə xitam verildikdən sonra, o və ailəsi ona və ailəsinə maddi mənfəət əldə etmək məqsədilə hədə-qorxu gəlmiş, Türkiyə Respublikasında barəsində dəfələrlə polis orqanlarına şikayətlər ünvanlamış, lakin şikayətlərinin hər hansı bir hüquqi əsası olmaması səbəbilə etdiyi şikayətlər rədd olunmuşdur. X2 barəsində etdiyi böhtan dolu şikayətlərin hər hansı bir nəticə vermədiyini gördükdən sonra, bu dəfə “İnstagram” sosial şəbəkəsində özünün yaratdığı “pamuknevresim.az” satış səhifəsi vasitəsilə Daxili İşlər Nazirliyinin və müxtəlif xəbər saytlarının “İnstagram”da olan səhifələrini etiketləməklə paylaşım və həmin paylaşımda onun əleyhinə böhtan dolu məlumatlar paylaşmış və polisdən barəsində tədbir görülməsini tələb etmişdir. Belə ki, həmin paylaşımda X6 təsisçisi olduğu şirkətin adını çəkməklə ona böhtan atmaqla bildirmişdir ki, “...bu insan mənim iki uşağımı qaçırdıb...o insanın orada məhkumluqları (sabıkaları) da çoxdur...”. Türkiyə Respublikasının Bakırköy 7-ci Ailə Məhkəməsinin 14 sentyabr 2022-ci il tarixli qərarı ilə uşaqların onun yanında saxlanılması qərara almışdır. Onu öz uşaqlarını qaçırmaqda ittiham etməsi böhtandan başqa bir şey deyildir. Məhkəmə qərarı ilə onun yanında saxlanılmış uşaqları hara qaçırda bilər? İkincisi çoxlu məhkumluğunun olduğunu bildirməklə onu nüfuzdan salmağa, ona cinayətkar damğası vurmağa çalışmışdır. Halbuki, o, Azərbaycan Respbublikasında qanuni əsaslarla qalaraq, sahibkarlıq fəaliyyəti ilə məşğuldur və Azərbaycan dövləti qarşısında bütün öhdəliklərini dəqiq və vicdanla yerinə yetirir. Təsisçisi olduğu "xxxx" MMC-də Azərbaycanda 90 nəfər, Türkiyədə də 40 nəfər olmaqla 130 nəfər çalışır və ailəsini maddi cəhətdən təmin edir. Azərbaycan Respublikasında barəsində hər hansı cinayət işi olmamış, hər hansı məsuliyyətə cəlb edilməmişdir. Eləcə də, Türkiyə Respublikasında barəsində hər hansı cinayət işi olmamış, hər hansı məsuliyyətə cəlb edilməmişdir. Bu barədə Türkiyə Respublikasının Ədliyyə Nazirliyindən verilmiş arayışı da hazırki şikayətinə əlavə etmişdir. Onun sosial şəbəkədə paylaşım edərək barəsində həqiqətə uyğun olmayan, böhtan məlumatlar verməsində və bunu ictimaiyyətə çatdırmasında yeganə bir səbəb var. Belə ki, ondan hədə-qorxu yolu ilə maddi mənfəət əldə edə bilməyəcəyini gördükdən sonra, onun və şirkətin barəsində yalan məlumatlar yaymaqla cəmiyyət arasında nüfuzdan salmaq, onu cinayətkar kimi qələmə vermək və Azərbaycanda sahibkarlıq fəaliyyəti göstərməyinə maneə olmaq olmuşdur. Belə ki, o, “Whatsapp” sosial şəbəkəsi vasitəsilə paylaşımı etməmişdən əvvəl ona paylaşım edəcəyi barədə hədə-qorxu dolu səs yazısı göndərmişdir. Həmin səs yazısını da video-diskə əlavə etmişdir. Daha sonra etdiyi böhtanlara görə məsuliyyətə cəlb ediləcəyini bildikdən sonra “pamuknevresim.az” səhifəsinin adını “parvinab94” dəyişmiş və bir müddət sonra isə həmin paylaşımı səhifədən silmişdir. Amma buna qədər 180 mindən çox izləyicisi olan səhifədə böhtan dolu paylaşımları minlərlə adam izləmiş, beləliklə də onun nüfuzuna, şərəf və ləyaqətinə ciddi zərbə vurmuşdur. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X10 25 aprel 2025-ci il tarixə təyin olunmuş məhkəmə hazırlıq iclasında işin məhkəmə baxışına təyin olunmasını və X4 cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X10 18 aprel 2025-ci il və 02 may 2025-ci il tarixlərinə təyin olunmuş məhkəmə hazırlıq iclasına gəlməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəməyə gəlməmişdir. Məhkəmə, X4 iştirakı olmadan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasının keçirilməsini mümkün hesab etmişdir. Xüsusi ittiham qaydasında verilmiş şikayətə və ona əlavə edilmiş sənədlərə dair məhkəmənin mövqeyi: Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan dedikdə, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmasıdır. Azərbaycan Respublikası CPM-nin 300.1-ci maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə (AR CPM-300.1.2) xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə (AR CPM-300.1.3( AR CPM-nin 302.1-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: 302.1.1. şikayət həmin məhkəməyə aid olmadıqda; 302.1.2. şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə; 302.1.3. şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda; 302.1.4. cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə; 302.1.5. barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməli olduqda; 302.1.6. cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda; 302.1.7. şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə; 302.1.8. şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2—302.1.4, 302.1.6—302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə. Azərbaycan Respublikası CPM-nin 302.1.1-302.1.4-cü maddələrinə münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyası 03 aprel 2025-ci il tarixli 1(106)- 378/2025 nömrəli qərarında qeyd olunan müddəalara münasibətini bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 302.1.5-ci maddəsində barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməl ictimai və ya ictimai-xüsusi qaydada təqib edilməsi ilə bağlı məhkəmə şikayətdə ictimai və ya ictimai xüsusi ittiham qaydasında təqib aparılacaq cinayət tərkibinin əlamətlərini müəyyən etməmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətlərinin olub olmaması ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cinayətin 4 zəruri tərkib əlaməti vardır ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə əməlin subyekti və subyektiv cəhəti, mübahisələndirilməsə də, əməlin obyektinin mövcudluğu şikayətə əlavə edilmiş sənədlərdə öz əksini tapmamışdır. Əməlin dispozitiv şərtlərini tərkib əlamətləri ilə müqayisə etməzdən əvvəl bir daha məhkəmə münasibət bildirir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma zamanı şəxs məsuliyyətə cəlb edilir. Xüsusi ittiham qaydasında verilmiş şikayətdə “Sabıka” sözünün Azərbaycan dilinə rəsmi tərcüməsi təqdim edilməmiş, formal tərcümə təqdim edilməklə “məhkumluq olduğu” qeyd edilməklə müraciət edilmişdir. Bundan başqa xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 nüfuzdan salan məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatdında yayıldığını bildirmişdir. İş materiallarına əlavə edilmiş “pamuknevresim.az” səhifəsinin izləyici sayı-yəni həmin şəxsin paylaşdıqlarını görəcək şəxslərin sayını müəyyənləşdirmək mümkün deyildir. Daha sonra həmin səhifənin adının dəyişilərək “pervinab94” olması qeyd edilmiş olsa da səhifələrin adlarının dəyişdirilməsi ilə bağlı dəlillərini təsdiq edəcək sübutlar təqdim edilməmişdir. İstər ali məhkəmənin və ya istərsə də konstitusiya məhkəməsinin qərarlarında yayılmaya dair mövqe belədir ki, məlumat ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə edilir. Lakin izlənilən videonun ən azı iki nəfər tərəfindən müşahidəsini təsdiqləyən dəlillər iş materiallarına əlavə edilməmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş Bakırköy Ailə Məhkəməsinin qərarı ilə xüsusi ittiham qaydasında şikayət vermiş X10 ilə X6 arasında olan nikah pozulmuş və uşaqlar atanın himayəsində qalmış olsa da ana ilə görüş həftənin hər günü müəyyən edilmişdir. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs vermiş olduğu ərizədə bildirmiş olsa da ki, “bu insan mənim iki uşağı qaçırıb” ifadəsi böhtandır, lakin qaçırmadığını anasından gizlətmədiyinə dair şikayət ərizəsinə dəlillər təqdim etməmişdir. Məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdəmüddəasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, 18 aprel 2025-ci il və 02 may 2025-ci il tarixlərinə məhkəmənin şikayət vermiş şəxsin müraciəti ilə bağlı hazırlıq iclasları təyin edilmiş lakin xüsusi ittiham qaydasında şikayət vermiş şəxs ikinci iclasa gəlmiş olsa da ilkin və üçüncü hazırlıq iclaslarında məhkəmənin yeri və vaxtı barədə xəbərdar olunmasına baxmayaraq gəlməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir formada məlumat verməmişdir. Məhkəmənin 1-ci və 3-cü hazırlıq iclaslarına üzürlü səbəb olmadan xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin gəlməməsi xüsusatının həmin maddənin dispozitiv şərtlərini əhatə edib-etmədiyini qanunvericiliyin müvafiq maddələrində, eyni zamanda konstitusiya məhkəməsinin və ali məhkəmənin qərarlarında yanaşdığı mövqeyə istinad etməklə məhkəmə qeyd edir ki, təkrarlıq müxtəlif vaxtlarda ona daxil olan əməllərin törədilməsi və ya hərəkətin iki dəfə törədilməsidir. İstər qanunvericilikdə, istərsə də hər hansı bir xüsusi norma təkrarçılığın ardıcıl olmasını mütləq şəkildə şərtləndirməmişdir. Odur ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin üzürlü səbəblər olmadan məhkəmənin hazırlıq iclasına təkrarən gəlməməsi məhkəmənin xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarılmasına əsas olan hallardan biri olaraq müəyyən edilmişdir. Məhkəmə xüsusi ittiham qaydasında verilmiş şikayəti, ona əlavə edilmiş sənədləri və yuxarıda qeyd edilənləri nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, X10 xüsusi ittiham qaydasında vermiş olduğu şikayət ərizəsində X4 instaqram sosial şəbəkəsində “pamuknevresim.az” səhifəsində “...bu insan mənim iki uşağımı qaçırdıb...o insanın orada məhkumluqları (sabıkaları) da çoxdur...” bildirməklə barəsində yalan məlumatlar yayaraq onu nüfuzdan salmaq istədiyini, daha sonra sonuncunun istifadəsində olan “pamuknevresim.az” səhifəsinin adını “parvinab94” olaraq dəyişməsini göstərmişdir. Lakin iş materiallarına əlavə edilmiş sübutlara nəzər yetirdikdə görünür ki, “pamuknevresim.az” səhifəsinin izləyici sayının nə qədər olduğunu müəyyən etmək mümkün deyil. Bundan başqa “pamuknevresim.az” səhifəsinin adının “parvinab94” olaraq dəyişdirilməsi və “sabıka” sözünün azərbaycan dilinə tərcümə olunması barədə sübut məhkəməyə təqdim olunmamışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs vermiş olduğu ərizədə bildirmiş olsa da ki, “bu insan mənim iki uşağı qaçırıb” ifadəsi böhtandır, lakin qaçırmadığını anasından gizlətmədiyinə dair şikayət ərizəsinə dəlillər təqdim etməmişdir. Habelə törədilmiş cinayət barədə məlumatlar tam göstərilməli olduğu halda, törədilmiş əməlin nə vaxt törədilməsi xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilməmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.2-ci maddəsinə əsasən törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği) göstərilməlidir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.7-ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində qeyd olunur ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfındən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan normaya əsasən şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından irəli gəlir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, dedikdə yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinin dispozisiyasından görünür ki, əməlin böhtan olması üçün məlumat şəxsin şərəf və ləyaqətini ləkələməli və ya onu nüfuzdan salmalı, kütləvi şəkildə yayılmalı və yalan məlumat olmalıdır. Xüsusi ittiham qaydasında şikayət verən şəxs tərəfindən “sabıka” sözünün azərbaycan dilinə tərcümə olunması barədə məhkəməyə sübut təqdim edilmədiyindən həmin sözünün nə anlama gəldiyi və həmin sözün şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan ifadə olub-olmaması məhkəməyə aydın olmamışdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, “pamuknevresim.az” səhifəsinin izləyici sayının nə qədər olduğunu müəyyən etmək mümkün olmadığından, xüsusi ittiham qaydasında şikayət verən şəxs X10 tərəfindən “pamuknevresim.az” səhifəsinin adının “parvinab94” olaraq dəyişdirilməsi və “sabıka” sözünün azərbaycan dilinə tərcümə olunması barədə sübut məhkəməyə təqdim olunmadığından, xüsusi ittiham qaydasında şikayət verən şəxs X10 məhkəmənin hazırlıq iclasına təkrarən gəlmədiyindən və məhkəməyə təqdim etdiyi şikayət ərizəsi Azərbaycan Respublikası CPM-nin 293.3.2-ci maddəsinə əsaslanmadığından xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 302.1.3, 302.1.7, 302.1.8, 302.2.3 və 300.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Erşan Tuna X1 Azərbaycan Respublikası CM-nin 147.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsi üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina olunsun. Qərardan 20 gün müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-36/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №1(032)-36/2025
02.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver