Məhkəmə qərarları › İş №1(032)-37/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-37/2025

25.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-37/2025 25.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 12:00-da Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, K3 katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2007-ci ildə Əli Bayramlı (Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq xeyli miqdarda, təmiz çəkisi 0,156 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək, yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə daşımaqla saxlamış, Şirvan ŞPŞ-nin Cinayət-axtarış bölməsinin əməkdaşların keçirdikləri təxirəsalınmaz qaydada yaşayış yerlərinə və torpaq sahəsinə daxil olmaq və baxış keçirmə əməliyyat-axtarış tədbirləri nəticəsində 06 noyabr 2024-cü il tarixdə saat 12:57-dən 13:07-ə qədər olan müddət ərzində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman yataq otağındakı xalçanın altından 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,156 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadə verib göstərdi ki, təxminən 5 aydır ki narkotik vasitə marixuana və metamfetamindən istifadə edir. 2024-cü ilin noyabr ayının 5-də axşam saatlarında Şirvan şəhərində yerləşən “İstanbul” adlı restoranın qarşısında 2- 3 gündür ki tanıdığı Nurlan adlı şəxs ilə görüşüb, 30 manat qarşılığında ondan 02 ədəd büküm almışdır. Həmin bükümlərdən biri narkotik vasitə olan marixuana digəri isə psixotrop madə olan metamfetamin olmuşdur. Bundan sonra o, yaşadığı ünvan 1 ünvanına gedərək aldığı bükümləri yataq otağındakı xalçanın altında saxlamışdır. 06 noyabr 2024-cü il tarixdə evdə olarkən polis əməkdaşları yaşadığı evə videoçəkiliş ilə daxil olaraq baxış keçirtmiş və özünün yerini bildirməsi ilə yataq otağındakı xalçanın altında saxladığı bükümləri aşkar etmişlər. Bundan sonra həmin bükümlər polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra o, polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində olarkən hüquqlarının müdafiəsi üçün vəkil dəvət olunmuş və vəkilin də iştirakı ilə yaşadığı ünvandan aşkar olunaraq götürülmüş narkotik vasitə və psixotrop maddəyə baxış keçirilmişdir. Həmin bükümlər ayrı-ayrılıqda tərəzidə ölçülmüş, ölçmə zamanı narkotik vasitə marixuanın çəkisi 3,90 qram, psixotrop maddə metamfetaminin çəkisi isə 2,10 qram olmuşdur. Polis əməkdaşları tərəfindən hər hansı psixi və ya fiziki təsirə məruz qalmamış, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, narkotik vasitə, psixotrop maddəni aldığı Nurlan adlı şəxsin soyadı, adı, ünvanı barədə məlumatı olmamışdır.Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər polis şöbəsinin CAB-nin rəisi Şahid1 ifadə verib göstərdi ki, 06 noyabr 2024-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması barədə Şirvan şəhər Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması məqsədilə tərəfindən Şirvan ŞPŞ-nin PPXB-nin polis nəfəri Şahid2, CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4, ƏRQ-nin kiçik inspektoru, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılaraq əməliyyat tədbirləri keçirilmiş, 06 noyabr 2024-cü il tarixdə videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanına daxil olunmuş, evin yataq otağında olan Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, narkotik vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs yataq otağındakı xalçanın altına baxılmasını onlara bildirmiş, yataq otağındakı xalçanın qaldırdıqda orada 02 ədəd büküm olduğu müəyyən olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həmin bükümlərin nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümlərin “patı” və “nəşə” olduğunu bildirmiş, daha sonra aşkar edilmiş 02 ədəd büküm zərfə qoyularaq qablaşdırılmış, əməliyyat-axtarış tədbiri yekunlaşdığından Təqsirləndirilən şəxs şəhər polis şöbəsinə gətirilərək aidiyyəti üzrə təhvil verilmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə qurudulmuş marixuananı Şirvan şəhər sakini Nurlan adlı şəxsdən aldığını bildirmişdir. Nurlan adlı şəxsin barəsində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin heç bir nəticə verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə şahidlər Şahid4 və Şahid2 məhkəməyə gəlmədiyindən onların ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid4 və Şahid2 həmin ifadələrində məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verib göstərilən xüsusatları təsdiq etmişlər. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdə, saat 15:55-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 08 noybar 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında və qətimkan tədbiri seçilməsi barədə qərarlardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş və barəsində barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 06 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, yaşayış yerinə, torpaq sahəsinə daxil olma və baxış keçirilməsi və əşyaların götürülmüəsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evindən xalçanın altından 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 01 ədəd bükümdə qurdulmuş marixuanaya bənzər kütlə və 01 ədəd “TECNO SPARK” markalı mobil telefon aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanından aşkar edilərək götürülmüş 01 ədəd bükülüdə psixotrop maddə metanfetamin, 01 ədəd bükülüdə narkotik vasitə olan marixuana qablaşdırıldığı bir ədəd zərf təkrar açılaraq həmin bükülülərə baxış keçirilmiş, həmin bükülülərin biri qızılı rəngdə kağız bükülüdən, digəri göy rəngli kağız bükülüdən ibarət olmuşdur. Qızılı rəngli kağız bükülünü açdıqda içərisində kristallik formada psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Göy rəngli kağız bükülünü açdıqda içərisində narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanından aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə və narkotik vasitə marixuanaya oxşar kütlələrin təmiz çəkisini elektron tərəzidə ölçülmüş və psixotrop maddə metanfetaminə bənzər kütlənin çəkisi qablaşdırma ilə birlikdə 2,10 qram, narkotik vasirə marixuanaya bənzər kütlənin çəkisi isə qablaşdırma ilə birlikdə 3,90 qram göstərmişdir. Sonra isə həmin bükülü qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı sorğu edilərkən Təqsirləndirilən şəxs həmin psixotrop maddəyə və narkotik vasitəyə oxşar kütlələri “Nurlan” adlı şəxsdən aldığını, Nurlan adlı şəxs ilə Şirvan şəhərində yerləşən “İstanbul” restoranının qarşısında görüşərək 30 manat qarşılığında həmin bükümləri aldığını bildirmişdir. İş materiallarında olan Kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 07 noyabr 2024-cü il tarixli 3-16-16/2-18/899-900 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış...” sözləri yazılmış kağız paketdən 01 ədəd təmiz çəkisi- 0,156 qram olan ağımtıl rəngli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi- 0,06 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Metamfetaminin təmiz çəkisi- 0,156 qram, tədqiqata sərf edildi- 0,05 qram, qalıq- 0,106 qramdır. Marixuananın təmiz çəkisi- 0,06 qram, tədqiqata sərf edildi- 0,02 qram, qalıq- 0,04 qramdır. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini və narkotik vasitə olan qurudulmuş marixuananı haradan və hansı mənbədən əldə etməsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyataxtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Həmçinin «Nurlan» adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat axtarış tədbirləri müsbət nəticə verməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək üçün müvafiq əməliyyat tədbirləri həyata keçirilmiş, məxfi aqentlər təlimatlandırılmış, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan «Şirvan şəhər Mərkəzi Xəstəxanası» X6 15 noyabr 2024-cü il tarixli 18-1-35/2-1607/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan Şəhər Mərkəzi Xəstəxanası PHŞ-in polikilinika şöbəsinin narkoloji psixo-nevroloji kabinetinlərində qeydiyyatında yoxdur. İş materiallarında olan 18 noyabr 2024-cü il tarixli Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-də heç bir məlumat yoxdur. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 23 dekabr 2024-cü il tarixdə verilmiş 6752 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Şirvan şəhər İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 19 dekabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində şəhər nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. İş materiallarında olan 07 noyabr 2024-cü il tarixli Məhkəmə-tibbi ekspertizasının 542 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. İş materiallarında olan Məhkəmə-narkoloji ekspertiza üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2024-cü il tarixli 7639 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 20 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə marixuananın 0,06 qram çəkisi Azərbaycan Respublikası İXMnin 206-cı maddəsinin tərkibini yaratdığından barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti aidiyyəti üzrə Şirvan şəhər X5 Təhlükəsizlik bölməsinə göndərilmişdir. İş materiallarında olan Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs anası X2 infeksion və parazitar xəstəliklərlə təzahür olunan insanın immun çatışmazlıq virus (İİÇV) xəstəliyi, İİV-infeksiyası İV kliniki mərhələ diaqnozu ilə orqanizmin funksiyalarının 80 faiz pozulmasına görə ikinci qrup əlildir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda təqsiri tam sübuta yetirilmişdir. İstintaq orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddələri ilə tövsif edilmişdir. O, həmin maddənin sanksiyası çərçivəsində cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, himayəsində ikinci qrup əlil anasının olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasının ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdən 08 noyabr 2024-cü il tarixədək həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməli, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. Ekspertiza tədqiqatının dəyəri – 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülməlidir. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,106 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə marixuananın 0,06 qram çəkisi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaratdığından barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər X5 Təhlükəsizlik bölməsinə göndərilməsi nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353 və 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 noyabr 2024-cü il tarixdən 08 noyabr 2024-cü il tarixədək həbsdə olduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. Ekspertiza tədqiqatının dəyəri - 63 manat 90 qəpik məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X1 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE******************** hesaba köçürülsün. İş üzrə maddi sübut olan və Şirvan ŞPŞ-nin maddi sübutların saxlanılması anbarında saxlanılan tədqiqata sərf edildikdən sonra qalan 0,106 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilərək götürülmüş narkotik vasitə marixuananın 0,06 qram çəkisi Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibini yaratdığından barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər X5 Təhlükəsizlik bölməsinə göndərilməsi nəzərə alınsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar