Məhkəmə qərarları › İş №1(032)-39/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-39/2024

25.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-39/2024 25.07.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 09:45 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər (mülki iddiaçılar) - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs (mülki cavabdeh) - Təqsirləndirilən şəxs, Müdafiəçi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxx 1986-cı il tarixdə Masallı rayonu, Yeddioymaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Masallı rayonu, Yeddioymaq kəndində qeydiyyatda olan, barəsində Abşeron rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həmçinin, Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs1 5000 manat müqabilində Sabirabad rayon Surxayobası kənd tam orta məktəbinə direktor vəzifəsinə, sonuncunun X15u isə 2500 manat pul müqabilində İçərişəhər Mühafizə İdarəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib, vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin fevral ayında Abşeron rayonu, Xırdalan şəhərində Zərərçəkmiş şəxs1la görüşüb ondan 1300 manat, Zərərçəkmiş şəxs1 tərəfindən 01 mart 2023-cü il tarixdə Sabirabad rayonu, Nizamikənd kəndində yerləşən «OBA» adlı mağazada quraşdırılmış «MilliÖn» ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan X4 məxsus olan “Leobank”-a aid 4098-5844-5880- 0800 nömrəli bank kartı hesabına göndərilmiş 5000 manat, Zərərçəkmiş şəxs1 tərəfindən 03 mart 2023-cü il tarixdə ünvan 1 ünvanda yerləşən «AL market» adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan X4 məxsus olan “Leobank”-a aid 4098-5844-5880-0800 nömrəli bank kartı hesabına göndərilmiş 1200 manat pulu ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar təşkil edən 7500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını qəsdən ələ keçirmək niyyəti ilə Zərərçəkmiş şəxs2 X16a 1500 manat pul müqabilində əlillik dərəcəsi təyin etdirəcəyinə dair yalan vəd verib, vahid niyyətlə əhatə olunan qəsdlə cinayətdən xəbəri olmayan Zərərçəkmiş şəxs1 vasitəsilə 06 mart 2023-cü il tarixdə sonuncu tərəfindən Sabirabad rayonu, Qaragüney kəndində yerləşən “Gülşən- Elşən” adlı mağazada quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan X4 məxsus olan “Leobank”-a aid 4098-5844-5880-0800 nömrəli bank kartı hesabına göndərilmiş 1000 manat, 18 mart 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 tərəfindən ünvan 2 ünvanında yerləşən “Mil Super” adlı marketdə quraşdırılmış “MilliÖn” ödəmə terminalı vasitəsilə cinayətdən xəbəri olmayan X7 məxsus olan 5243-7544-4007- 8994 nömrəli bank kartı hesabına göndərilmiş 500 manat pulu ələ keçirməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək bildirdi ki, 2023-cü ilin fevral ayında Sumqayıt şəhərində yaşadığı binanın qarşısında kənd təsərüffatı mallarının satışı ilə məşğul olan Zamiq adlı şəxslə aralarında münasibət yaranmış, Zamiqlə bir dəfə söhbət edən zaman sonuncu ona tanışının Sabirabad rayonunda yerləşən orta məktəbə direktor vəzifəsinə işə düzəlmək istədiyini bildirib bu məsələdə ona köməklik etməsini istəmişdir. O, Zamiq Hüseynova yalandan bildirmişdir ki, Təhsil Nazirliyində Dövlət İmtahan Mərkəzində tanışı var, həmin şəxsdən xahiş edər, onun vasitəsi ilə Zamiqin tanışını orta məktəbə direktor vəzifəsinə işə düzəlmək üçün kömək edər. Zamiq tanışı Alim adlı şəxsə zəng vurmuş, Alimə bildirmişdir ki, «sənin işini düzəldə bilən şəxs tapmışam. Həmin şəxs sənə imtahanda köməklik göstərəcək». 2023-cü ilin fevral ayında Alim və Zamiq Bakı şəhərinə gəlmişlər. Zamiq onu Alimlə tanış etmiş, Alim ona bildirmişdir ki, «məni Sabirabad rayonunda yerləşən adını hazırda xatırlamadığı kəndlərdən birinə direktor vəzifəsinə təyin etdir». O, Alimə bildirmişdir ki, «səni vəzifəyə təyin etdirə bilərəm. Bunun üçün 5000 manat pul lazımdır». Alim ona «həmin pulu verəcəm. Lakin mənə sübut elə ki, mənim işimi düzəldəcəksən» dedikdə o, Alimdən şəxsiyyət vəsiqəsi istəmişdir. Alimdən şəxsiyyət vəsiqəsini alıb şəklini çəkmiş, sonra vəsiqəni Alimə qaytarmışdır. Alimə bildirmişdir ki, «səndən indi pul istəmirəm. Nə vaxt işin düzələr onda pulu verərsən». O, həmin günün səhəri telefonunda olan proqram vasitəsilə Alimə mesaj göndərmişdir ki, hazırda Təhsil Nazirliyində sənədlərin qeydiyyatdan keçmişdir. Həmin günü Alim ona zəng vurmuş, mesaj gəldiyini, sənədlərinin qeydiyyatdan keçdiyini bildirmişdir. Alim ona görüşüb pulu vermək istədiyini demiş, o da Alimə «sənə kart şəkli göndərəcəm, pulu karta göndər» demişdir. O, Xırdalan şəhərində binaların qarşısında meyvə-tərəvəz satan Devran Mustalıyevə bildirmişdir ki, kartını ona versin, kartına pul atacaqlar, həmin pulu çıxarsın. Devran Mustalıyev kartını ona vermiş və o, kartın şəklini Zərərçəkmiş şəxs1 göndərərək Alimə karta 5000 manat pul göndərməsini demişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 Devran Mustalıyevin kart hesabına 5000 manat pul göndərmişdir. O, həmin pulu Abşeron rayonunda kartdan çıxarmışdır. Həmin pulu maddi ehtiyaclarına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng vurmuş, ona bildirmişdir ki, oğlu Əlfağa Hüseynov hazırda heç bir yerdə işləmir. Oğlunu işə düzətmək istəyir, ona bir iş tapsın. O, Alimə bildirmişdir ki, oğlunu İçərişəhər Mühafizə Xidmətinə işə düzəldə bilər, ayda 700 manat maaşı olacaq. Zərərçəkmiş şəxs1 onunla razılaşmış, oraya işə düzəlmək üçün nə qədər pul vermək lazım olduğunu soruşmuşdur. O, Alimə 3000 manat pul müqabilində oğlunu işə düzəldə biləcəyini demiş, Alim isə 2500 manat pul verə biləcəyini bildirmişdir. O, Zərərçəkmiş şəxs1 ilə razılaşmış, Zərərçəkmiş şəxs1 xx.xx.2023-cü il tarixdə Devran Mustalıyevin kart hesabına 1200 manat pul göndərmişdir. Təqribən 1-2 gün sonra Alim ona zəng vurmuş, Bakı şəhərinə gəldiyini, onunla görüşmək istədiyini bildirmişdir. Sonra o Alimlə Xırdalan şəhərində görüşmüşdür. Abşeron rayonu, Xırdalan şəhərində yerləşən marketin qarşısında Alim ona 1300 manat pul vermiş və oğlunun nə vaxt işə çıxacağını soruşmuşdur. Cavabında isə Alimə ondan xəbər gözləməsini bildirmişdir. Sonra Zərərçəkmiş şəxs1 ondan ayrılıb getmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng vurub dostunun oğlunun təqaüdünün kəsildiyini, təqaüdünü bərpa etdirmək lazım olduğunu demişdir. O, Alimə bildirmişdir ki, təqaüdünü bərpa etdirə bilər. Bunun üçün 3000 manat pul lazımdır. Zərərçəkmiş şəxs1 bildirmişdir ki, 1500 manat pul verə bilər. O, Zərərçəkmiş şəxs1 ilə razılaşmış və sonuncu X1 hesabına xx.xx.2023-cü il tarixdə 1000 manat pul göndərmişdir. Sonradan xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ona zəng vuraraq qonşusunun qalan 500 manat pulu düzəltdiyini və həmin pulu ona göndərmək istədiyini bildrimişdir. O isə Abşeron rayonunda yaşadığı binanın qarşsına çıxmış, orada kənd təsərüffatı malları satan X8 ona pul atılacağını bildimiş və bu məqsədlə ondan bank kartını istəmiş və kartın şəklini Alimə göndərmişdir. Alim xx.xx.2023-cü il tarixdə həmin kart hesabına 500 manat pul göndərmiş, və o, kartdan 500 manat pulu çıxardaraq, həmin kartı Bagali Səddama qaytarmışdır. Sonralar Zərərçəkmiş şəxs1 mütamadi olaraq onunla əlaqə saxlamış, hər dəfə ona işinin düzələcəyini bildirərək onu aldatmışdır. Devran Mustalıyevin və Bagali Səddam adlı şəxslərin onun Zərərçəkmiş şəxs1 aldatdığından məlumatları olmamışdır. Belə ki, həmin şəxslərə kart hesabına pulu qohumlarının göndərdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, hal-hazırda Sabirabad rayonu, Surxayoba ümumi kənd tam orta məktəbində müəllim işləyir. X15 2022-ci ilin yanvar ayında hərbi xidmətdən geri qayıtmış, onu işə düzəltmək qərarına gəlmişdir. O, əsgər yoldaşı olan hazırda Sabirabad rayonu, Qasımbəyli kəndində yaşayan Zamiq Nəzərova zəng vurmuşdur. Zamiqə oğlunu işə düzətmək istədiyini bildirmiş, bu sahədə tanışının olub-olmamasını soruşmuşdur. Zamiq Nəzərov ona Təqsirləndirilən şəxs adlı tanışının olduğunu bildirmişdir. O, Zamiqə bildirmişdir ki, oğlunun işə düzəldilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə danışsın. Bir neçə gün sonra Zamiq Nəzərov ona zəng vurmuş, bildirmişdir ki, Təqsirləndirilən şəxsla danışmış, sonuncu oğlunu işə düzəldə biləcəyini demişdir. Abşeron rayonuna gedib Təqsirləndirilən şəxs ilə danışmaq lazımdır. O, Zamiq Nəzərovla birlikdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkına getmiş və Zamiq onu Təqsirləndirilən şəxs ilə tanış etmişdir. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs oğlunu işə düzəltmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona oğlunu 2500 manat pulun müqabilində İçərişəhər Mühafizə polisinə işə düzəldə biləcəyini və oğlunun 800 manat əmək haqqı alacağını bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmış, 2023-cü ilin fevral ayının sonlarında Təqsirləndirilən şəxsla Abşeron rayonu, Xırdalan şəhərində görüşərək sonuncuya ilkin olaraq 1300 manat pul vermişdir. Təqsirləndirilən şəxs pulu ondan aldıqdan sonra ona bildirmişdir ki, oğlu işə çıxdıqdan sonra ona əlavə olaraq 1200 manat da pulu verəcəkdir. O, oğlunun sənədlərinin surətini Təqsirləndirilən şəxs göndərmişdir. Təqsirləndirilən şəxsla bundan sonra mobil telefonla danışmağa başlamışdır. O, söhbət zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvələr Surxayoba tam orta məktəbində direktor vəzifəsində işləmişdir. Hazırda həmin işdən çıxmışdır. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, onu direktor vəzifəsinə geri qaytara bilər. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, direktor olmaq üçün imtahandan keçmək lazımdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, Təhsil Nazirliyində adamı vardır. Həmin şəxs onu imtahansız direktor vəzifəsinə təyin etdirə bilər və buna görə 5000 manat pul verməlidir. O, Təqsirləndirilən şəxs direktor vəzifəsinə təyin edildikdən sonra pulu verəcəyini bildirmişdir. Cavabında isə Təqsirləndirilən şəxs bildirmişdir ki, pulu əvvəlcədən verməlidir. O da razılaşmış və Təqsirləndirilən şəxs ona pulu köçürmək üçün kart şəkli göndərəcəyini bildimişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng vurub danışdıqdan sonra Sabirabad rayonu, Nizamikənd kəndində yerləşən “Oba” marketə getmiş, Əkbər ona X4 məxsus olan 4098-5844-5880-0800 kart şəkli göndərmiş, o, həmin kart hesabına 5000 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs bu kart hesabının kimə məxsus olduğunu soruşduqda sonuncu ona həmin kart hesabının onun işini həll edəcək adamın kartı olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs ona yenidən zəng vuraraq demişdir ki, 1200 manat pulu göndərsin, oğlu işə çıxacaq. xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Muğan prospekti, ev 28-də yerləşən “Al” market adlı mağazadan “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 1200 manat pul göndərmişdir. Onunla Təqsirləndirilən şəxs arasında münasibət yaranmışdır. Həmin vaxtlarda onun qonşusu Ramin ona yaxınlaşmış və bildirmişdir ki, əlilik dərəcəsi almaq istəyir. Ondan köməklik göstərməyini xahiş etmişdir. O, Raminə bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı tanışı vardır, həmin tanışından xahiş edər, mümkün olsa işini düzəldər. Ramin ona bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə danışsın, ona köməklik göstərsin. O, həmin günü Təqsirləndirilən şəxs ilə mobil telefonla danışan zamanı sonuncuya bildirmişdir ki, onun qonşusu vardır, əlillik dərəcəsi almaq istəyir, əlilik dərəcəsi almaq üçün adam lazımdır, bu sahədə tanışı varsa əlillik dərəcəsi alsın. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, əlillik dərəcəsi düzəldə bilər. Bunun üçün 1500 manat pul lazımdır. O, Əkbərin sözlərini qonşusu Raminə demiş, Ramin ona bildirmişdir ki, pulu tapıb verə bilər, Əkbərə desin ki, ona köməklik göstərsin. xx.xx.2023-cü il tarixdə Ramin ona yaxınlaşmış, bildirmişdir ki, 1000 manat pul hazırdır, həmin pulu Əkbərə göndərsin. O, xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən “Elşən-Gülşən” mağazasında olan “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs ona göndərdiyi kart hesabına 1000 manat pul göndərmişdir. 18 mart 2023-cü il tarixdə qonşusu Ramin ona 500 manat pul vermişdir. Bildirmişdir ki, Təqsirləndirilən şəxs kart şəkli göndərmiş, həmin pulu karta göndərmək lazımdır. Ramin ona həmin kartın şəklini göndərmişdir. xx.xx.2023-cü il tarixdə o, X9 məxsus olan 5243-7544-4007-8994 nömrəli kart hesabına Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 1/16 T-də yerləşən “Mill Super” adlı mağazada olan “MilliÖn” ödəmə terminalı vastəsilə həmin 500 manat pulu göndərmişdir. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs zəng vurmuş, bildirmişdir ki, pulu göndərmişdir. Təqsirləndirilən şəxs tezliklə işlərin düzələcəyini bildirmişdir. Lakin həmin vaxtdan sonra Təqsirləndirilən şəxs dəfələrlə zəng vursa da mobil telefonuna zəng çatmamışdır. Baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar ona 7500 manat maddi ziyan dəymişdir, ona dəymiş ziyan ödənilməmiş, pulun ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsin barəsində qanuni və ədalətli qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, halhazırda Sabirabad rayonu, Surxayoba ümumi kənd tam orta məktəbində gözətçi işləyir. X16 2020-ci ildə 2-ci Qarabağ müharibəsinin iştirakçısdır. Oğlu müharibə zamanı xəsarət almışdır. Oğluna əlillik dərəcəsi verilməmişdir. O, oğluna əlillik dərəcəsi düzəldə bilən adam axtarmış, tanıdığı adamlara bildirmişdir ki, oğluna əlillik dərəcəsi düzəltdirmək istəyir, tanıdığı adam olsa ona desinlər. 2023-cü ilin mart ayında Surxayoba kənd orta məktəbində Zərərçəkmiş şəxs1 oğluna əlillik dərəcəsi düzəltdirmək istədiyini bildirmiş, Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxs tanıyır, həmin şəxs oğluna köməklik göstərə bilər. O, Zərərçəkmiş şəxs1 bildirmişdir ki, Təqsirləndirilən şəxs zəng vursun. Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs zəng vurmuşdur. Təqsirləndirilən şəxs ilə mobil telefonla danışmışlar, Alim Təqsirləndirilən şəxs bildirmişdir ki, tanışının qazi oğluna əlillik dərəcəsi düzətdirmək lazımdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, bu sahədə tanışları var, əlillik dərəcəsi düzəltdirə bilər, bunun üçün 1500 manat pul lazımdır. Əkbər həmin pulu əlillik dərəcəsi verən komissiyanın sədrinə verəcəyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla razılaşmışdır. xx.xx.2023-cü il tarixdə Alimlə görüşmüş və ona 1000 manat pulun hazır olduğunu bildirmişdir. Alim xx.xx.2023-cü il tarixdə Sabirabad rayonu, Qaragüney kəndində yerləşən “Elşən-Gülşən” mağazasında olan “MilliÖn” ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına 1000 manat pul göndərmişdir. 18 mart 2023-cü il tarixdə 500 manat pul hazırlamış, Alimgilə getmiş, həmin pulu Alimə vermiş, sonuncuya bildirmişdir ki, pulu Təqsirləndirilən şəxs göndərsin. 18 mart 2023-cü il tarixdə Alim X2 məxsus olan 5243-7544-4007-8994 nömrəli kart hesabına Şirvan şəhəri, Tofiq İsmayılov küçəsi, 1/16 T-də yerləşən “Mill Super” adlı mağazada olan “MilliÖn” ödmə terminalı vasitəsilə həmin 500 manat pulu göndərmişdir. Pulu göndərdikdən sonra Təqsirləndirilən şəxs zəng vurmuşlar. Təqsirləndirilən şəxs hər dəfə bildirmişdir ki, sənədlər hazırdır, tezliklə komissiya təşkil olunacaq, oğluna əlillik dərəcəsi veriləcək. Bir müddət Təqsirləndirilən şəxsla əlaqə saxlamış, sonradan Təqsirləndirilən şəxs mobil telefonuna zəng çatmamışdır. Əkbər oğluna nə əlillik dərəcəsi düzəltmiş, nə də ki, pulunu geri qaytarmamışdır. Baş vermiş dələduzluq hadisəsi ilə əlaqədar ona 1500 manat maddi ziyan dəymişdir, ona dəymiş ziyan ödənilməmiş, pulun ödənilməsini tələb edir. Təqsirləndirilən şəxsin barəsində qanuni və ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: 28 sentyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanılmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X5 icraatına qəbul edilmişdir; 29 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilmişdir; 02 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, Abşeron rayon prokuroru tərəfindən Abşeron RPİ-nin “Cinayətlər haqqında ərizə və məlumatların uçotu” kitabında HK-1/4503 nömrə ilə qeydə alınmış material üzrə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayev tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərar əsassız olduğundan ləğv edilmiş, material əlavə araşdırma aparılması üçün Abşeron RPİ-nin TŞ-nə qaytarılmışdır; 17 avqust 2023-cü il tarixli törədilmiş cinayət haqqında məlumatın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizə və izahatında qeyd etdiyi xüsusatların Sabirabad RPŞ-nin inzibati ərazisi olması nəzərə alınaraq toplanmış materialın Azərbaycan Respublikası CPM-nin 216.1-ci maddəsinə müvafiq olaraq ərazi aidiyyəti üzrə araşdırmanın davam etdirilməsi üçün Sabirabad RPŞ-nə göndərilmişdir; 07 sentyabr 2023-cü il tarixli materialın ərazi aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, Zərərçəkmiş şəxs1 müraciəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün ərazi aidiyyəti üzrə Şirvan ŞPŞ-nə göndərilmişdir; Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhər Binəqədi rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cəzası 03 ilə endirilmiş, Salyan rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 09 ay 21 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Bundan başqa Masallı RPŞ-də barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2023cü il tarixdə məhkəməyə göndərilmişdir; 01 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Abşeron rayon Məhkəməsinin 21 oktyabr 2023-cü il tarixli, 4(012)-788/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Abşeron rayon polis şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə seçilmiş həbs qətimkan tədbirinin müddəti 02 ay, yəni xx.xx.2023-cü il tarixədək uzadılmışdır; 01 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır; 01 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır; 01 noyabr 2023-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsindən, həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir; 02 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; “Masallı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 02 noyabr 2024-cü il tarixli, 18-1-60/2-1291/2023 nömrəli məktubunda göstərilmişdir ki, Masallı rayon Yeddioymaq kənd sakini xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs “Masallı rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsin psixo-nevroloji və narkoloji kabinetində dispanser qeydiyyatda durmur; Azərbaycan Respublikası Masallı rayon İcra Hakimiyyəti başçısının İİ Yeddioymaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 20 nömrəli xasiyyətnamədə Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Masallı rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 1(050)-221/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmışdır; Şirvan Apellyasiya Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(106)-367/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Masallı Rayon Məhkəməsinin 1(050)-221/2023 saylı, 04 dekabr 2023-cü il tarixli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır; Zərərçəkmiş şəxs1 tərəfindən təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 7500 manat məbləğində dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir; Zərərçəkmiş şəxs2 tərəfindən təqdim edilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 1500 manat məbləğində dəymiş ziyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir; şəxsin qohumluq əlaqələri barədə məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il təvəllüdlü X12, xx.xx.2010-cu il təvəllüdlü X14 və xx.xx.2013-cü il təvəllüdlü X13 adlı uşaqları var; Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməllərini törətməsi, yəni etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrarən və xeyli miqdarda dələduzluq cinayətini törətməkdə təqsirli olması, onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X6 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respbulikası CM-nin 59.1.4-cü maddəsinə, əməlini etiraf edib, peşman olmasını Azərbaycan Respbulikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Əkbərov X10 rayon Məhkəməsinin 04 dekabr 2023-cü il tarixli, 1(050)-221/2023 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, hazırda cəza çəkməkdədir. Həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini yuxarıda qeyd edilən cinayətə görə məhkum olunmazdan əvvəl törətmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 04 dekabr 2023-cü il tarixdən hesablanmalı və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində təyin edilən cəzanın növünü və onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə əsas olmuş halların aradan qalxmamasını nəzərə alaraq hesab edir ki, hökm qanuni qüvvəyə minənədək barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd qəbz cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Eyni zamanda mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddialar əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 65-ci bəndinə əsasən məhkəmələr mülki iddialara baxarkən cinayət prosesində mülki iddianın verilməsi, sübut olunması və həll edilməsi üzrə məsələləri tənzimləyən CPM-in 179-188-ci, eləcə də 346.1.17, 353.2.9, 353.3.4, 353.4.10, 353.5.3, 353.5.4, 354-cü maddələrinin tələblərinə əməl etməlidir. O cümlədən nəzərə alınmalıdır ki, CPM-in 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar cinayət-prosessual qanunda nəzərdə tutulmadıqda mülki prosessual qanunvericliyin normalarının cinayət prosesində tətbiq edilməsinə yol verilir. Həmin Qərarın 67-ci bəndinə əsasən məhkəmə hökm çıxararkən verilmiş hər bir mülki iddia üzrə onun təmin edilib-edilməməsi, kimin xeyrinə və hansı hissədə təmin edilməsi məsələlərini həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 7500 manat məbləğində dəymiş ziyanın sonuncudan tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs və eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs 1500 manat məbləğində dəymiş ziyanın sonuncudan tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etməsi, bunun nəticəsində zərərçəkmiş şəxslərə ayrı-ayrılıqda 7500 manat və 1500 manat ziyan vurulması təsdiq edildiyindən, həmçinin, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxs və eyni zamanda mülki cavabdehin mülki iddianın təmin edilməsinə etiraz etmədiyindən təmin edilməli, Təqsirləndirilən şəxs 7500 (yeddi min beş yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs1, 1500 (min beş yüz) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçılar tərəfindən ödənilmiş 95 (doxsan beş) manat və 35 (otuz beş) manat dövlət rüsumu Təqsirləndirilən şəxs onların xeyrinə tutulmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Masallı rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(050)-221/2023 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş 04 (dörd) ədəd qəbz cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 7500 manat dəymiş ziyan və 95 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 1500 manat dəymiş ziyan və 35 manat dövlət rüsumu tutularaq Zərərçəkmiş şəxs2 ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar