Məhkəmə qərarları › İş №1(032)-4/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-4/2023

25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-4/2023 25.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 15.20-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs fərdi yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki,özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 08 aprel 2022-ci il tarixdə, saat 16 radələrində Quliyeva Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin yanına gəlib, əvvəlcə darvazadan keçmək yolu ilə evin həyətinə, daha sonra isə dəmir barmaqlığı güc tətbiq edərək sındırmaqla pəncərədən yaşayış sahəsi hesab edilən fərdi yaşayış evinə qanunsuz daxil olaraq, evin həyətindən zərərçəkmiş şəxsin qiymətləndirdiyi bir ədəd 250 manat dəyərində 10 litr tutumlu samovarı, ümumilikdə 250 manat dəyərində dəmir boruları, evdən bir ədəd 200 manat dəyərində mexaniki tikiş maşınını, bir ədəd 250 manat dəyərində şirəçəkən maşını, ümumilikdə 150 manat dəyərində alüminium materialından olan qazan və tavaları gizli yolla talamaqla Zərərçəkmiş şəxs ümumilikdə 1100 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 08 aprel 2022-ci il tarixdə, saat 10 radələrində maddi vəziyyətdən çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. Qonşuluqda S.Ə.Şirvani küçəsində Sevil adlı qadının vəfat etdiyini və evində heç kimin qalmadığını, qızı Yeganənin isə hərdən gəlib evə baxdığını bildiyi üçün qərara gəlmişdir ki, həmin evə daxil olub oradan oğurluq etsin. Həmin gün saat 16 radələrində yaşadığı evdən çıxaraq Zərərçəkmiş şəxs məxsus yaşayış olmayan evə yaxınlaşmış, həyət evinin darvazasını aralayıb həyətə daxil olmuş, həyətdə darvazanın yaxınlığında yerdə dəmir boruların və bir ədəd samovarı görmüşdür. O, həmin əşyaları darvazanın yanına qoymuş, evin pəncərəsinin dəmir barmaqlarının bir ədədini güc tətbiq edərək sındırmış və pəncərədən evə daxil olmuşdur. Evdə bir qədər axtarış apardıqdan sonra evdən alüminium qazan və tavaları, şirəçəkən maşın, mexaniki tikiş maşınını götürüb onları həyətə çıxarmış və digər əşyaların yanına yığmış, sonra küçəyə çıxaraq taksi axtarmağa başlamışdır. Yaxınlıqda VAZ-2104 markalı avtomobil olduğunu görüb yaxınlaşmış, sürücüyə evində əşyalar olduğunu, onları Şirvan şəhəri köhnə bazar deyilən əraziyə aparmalı olduğunu demişdir. Taksi sürücüsü də razılaşmış və Yeganənin evinin yanına gəlmişlər. Oğurladığı əşyaları darvazadan çölə çıxarmış və taksiyə qoyub onları köhnə bazar adlı əraziyə aparmışdır. Taksi sürücüsünə 5 manat pul verdikdən sonra taksi sürücüsü çıxıb getmişdir. Daha sonra oğurladığı əşyaları tanımadığı şəxslərə köhnə bazar ərazisində satmış və ümumilikdə 80 manata yaxın pul əldə etmişdir. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə vurmuş ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahid ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs göstərdi ki, anasına məxsus ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi var. X1 2022-ci ilin fevral ayında öz əcəli ilə vəfat etmişdir. Anasıvəfat etdikdən sonra o, hərdən gəlib həmin evə nəzarət edir. Sonuncu dəfə 06 aprel 2022-ci il tarixdə həmin evə gəlib baxmış və hər şey öz yerində olmuşdur. 13 aprel 2022-ci il tarixdə o evə nəzarət emək üçün gəldikdə evin həyətinə daxil olub, həyətə nəzər saldıqda həyətdə olan müxtəlif ölçüdə borular yerində yoxdur. Daha sonra evə baxdıqda, görmüşdür ki, evin pəncərəsinin dəmir barmaqlıqları sındırılmış, 250 manat dəyərində 10 litr tutumlu samovarın, bir ədəd 200 manat dəyərində mexaniki tikiş maşınının, bir ədəd 250 manat dəyərində şirəçəkən maşının, ümumi dəyəri 150 manat olan alüminium qazan və tavaların yerində olmadığını görüb həmin əşyaların oğurlandığını başa düşmüşdür. O dərhal baş vermiş hadisə ilə bağlı DİN «102» xidmətinə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqə sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və hadisə yerinə baxış keçirmişlər. Daha sonra ərizə yazaraq polis əməkdaşlarına təqdim etmişdir. Həyətdən oğurlanmış dəmir boruların ümumi dəyəri 250 manat təşkil edir. Oğurluq nəticəsində ümumilikdə 1100 manat ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan tam ödəndiyindən heç bir şikayəti yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, özünə məxsus Vaz-2104 markalı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 2022-ci ilin aprel ayının əvvəllərində Şirvan şəhərinin S.Ə.Şirvani küçəsi ilə Ş.Şükürov küçəsinin kəsişməsində taksilər dayanan yerdə durub sərnişin gözləmişdir. Həmin vaxt Şirvan şəhər sakini kimi tanıdığı Ceyhun adlı şəxs ona yaxınlaşaraq S.Ə.Şirvan küçəsində metal əşyalarının olduğunu, həmin əşyaları Şirvan şəhərinin köhnə bazar deyilən ərazisinə aparmaq lazım olduğunu bildirmişdir. O da etiraz etməyib, Ceyhunun göstərdiyi qaydada S.Ə.Şirvani küçəsində tanımadığı evin yanına gəlmişlər. Orada Ceyhun ona gözləməyini bildirib, yaxınlıqda olan ev tərəfə getmiş, bir neçə dəqiqə sonra Ceyhun əlində dəmir borularla gəlib həmin əşyaları avtomobilin arxa yük yerinə qoymuş, sonra təkrar gedib bir neçə dəqiqə sonra əlində samovar və başqa hazırda xatırlamadığı məişət əşyaları ilə gəlib həmin əşyaları avtomobilin arxa oturacaqlarının üzərinə qoymuşdur. Daha sonra o, Ceyhunu Şirvan şəhərinin köhnə bazar deyilən ərazisinə aparıb düşürtmüş və Ceyhun ona 5 manat pul vermişdir. Bundan sonra o Ceyhunu görməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, oğurluq baş verdiyi yeri ünvan 2 ünvanda yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evidir. (i.v 6-10) İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ünvan 2 ünvanda Zərərçəkmiş şəxs məxsus evə hansı qaydada daxil olduğunu, əşyaları haradan oğurlamasını və həmin əşyaları hansı qaydada evin həyətindən çıxardığını göstərməklə ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir. (i.v.41-44) “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsin 21 iyun 2022-ci il tarixli, 604 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ŞPM-nin ruhi-əsəb və narkoloji, nevroloji kabinetlərində qeydiyyatda yoxdur. (i.v.74) Verilmiş əməliyyat tapşırığına cavab olaraq Şirvan şəhər polis şöbəsinin məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ünvan 4 ünvanından oğurluq cinayəti törədilən zaman sonuncunun yanında hər hansı bir şəxsin olub-olmaması, o cümlədən oğurlanmış əmlakların kimə və ya kimlərə satılmasını müəyyən etmək məqsədilə bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Keçirilmiş əməliyyataxtarış tədbirlərinə baxmayaraq müsbət nəticə əldə edilməmişdir. (i.v.77) Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v.67) Təqsirləndirilən şəxs barəsində Şirvan şəhər Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, xx.xx.2022-ci il tarixdə Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlini səmimi olaraq etiraf etməsini, peşman olmasını, gənc olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasını, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, ümumilikdə 02 ay 03 gün həbsdə saxlanılma müddətin nəzərə alınmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikas CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, habelə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək, ümumilikdə 02 ay 03 gün həbsdə saxlanılma müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş cəzadan 04 ay 06 gün çıxılmaqla qəti olaraq ona 01 (bir) il 07 (yeddi) ay 24 gün (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclas zalından dərhal azad olunsun. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, hökm qanunu qüvvəyə minənədək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan ünvan 1 saylı evi hər gün saat 22 :00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulsun. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar