Məhkəmə qərarları › İş №1(032)-4/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-4/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-4/2025 05.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:14 Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi , Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Salyan rayonu Yolüstü kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində Şirvan şəhər Məhəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarışı elan edilmiş, xx.xx.2024-cü il tarixdə tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 yaşadığı evinin həyətində saxladığı 2 baş iribuynuzlu heyvanları satıb ona qazanc əldə etdirəcəyi barədə yalan vəd verib onu aladaraq, ondan 10 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Salyan rayonu Düzənlik kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxladığı 02 baş ümumi dəyəri 3300 manat olan iribuynulu heyvanları ələ keçirib, həmin 02 baş iribuynuzlu heyvanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satmaqla əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs1 ümumilikdə 3300 (üç min üç yüz) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs2 yaşadığı evinin həyətində saxladığı 1 baş iribuynuzlu heyvanları satıb ona qazanc əldə etdirəcəyi barədə yalan vəd verib onu aladaraq, ondan 01 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Salyan rayonu Kolanı kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxladığı 01 baş ümumi dəyəri 3000 manat olan iribuynulu heyvanı ələ keçirib, həmin 1 baş iribuynuzlu heyvanı kəsib şəxsiyyəti istintaqa məlum olmayan şəxslərə satmaqla əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 (üç min) manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs3 həyətində saxladığı iribuynulu heyvanları satıb ona qazanc əldə etdirəcəyi barədə yalan vəd verib onu aladaraq, ondan 01 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Şirvan şəhəri, İ.Qayıbov küçəsi 21/21-də yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı 5 baş ümumi dəyəri 5500 manat olan iribuynuzlu heyvanlarını ələ keçirib, verdiyi vədə əməl etməyərək, həmin 5 baş iribuynuzlu heyvanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satmaqla əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyərək Zərərçəkmiş şəxs3 ümumilikdə 5500 (beş min beş yüz) manat xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs4 həyətində saxladığı xırdabuynuzlu heyvanları satıb ona qazanc əldə etdirəcəyi barədə yalan vəd verib onu aladaraq, ondan 04 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində saxladığı 7 baş ümumi dəyəri 1888 manat olan xırdabuynuzlu heyvanlarını ələ keçirib, həmin 7 baş xırda buynuzlu heyvanı şəxsiyyəti istintaqa məlum olmayan şəxsə satmaqla əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyərək, Zərərçəkmiş şəxs4 ümumilikdə 1888 (min səkkiz yüz səksən səkkiz) manat miqdarında maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etməklə ifadəsində göstərdi ki, 09 dekabr 2023-cü il tarixdə o, ət dükanında olan zaman Zərərçəkmiş şəxs1 onun mobil telefonuna zəng edərək “iki baş danam var, maddi vəziyyətim aşağıdır, heyvanları sənə satmaq istəyirəm” demiş, o da onu dükana dəvət etmiş, özlüyündə düşünmüşdür ki, Əlinin heyvanlarını satmaq adı ilə ondan alıb satsın və pulu öz maddi ehtiyaclarına xərcləsin. Bu xüsusda bir qədər düşünmüş, bir qədər sonra Əli onun ət dükanına gəlmiş, dükanda Əli ona heyvanların yaşı və çəkisi barədə məlumat vermişdir. O, Əliyə sabahı günü heyvanlara baxmaq üçün onun yaşadığı ünvana gələcəyini və heyvanları götürüb aparacağını demişdir. Bundan sonra Əli onunla sağollaşıb çıxıb getmişdir. Sabahı günü, yəni, 10 dekabr 2023-cü il tarixdə saat 11 radələrində o, özünə məxsus Qazel markalı yük maşını ilə Əlinin yaşadığı Salyan rayonunun Peyk kəndindəki ünvana getmiş, Əlinin ona dediyi heyvanlara həyətində yerləşən tövlədə baxmış, qiymətlə bağlı 3300 manata razılaşmış, əvvəlcə 100 manat Əliyə beh vermiş, 3200 manatı isə heyvanları satdıqdan sonra verəcəyini bildirmiş, əslində isə belə bir niyyəti olmamış, məqsədi Əlinin heyvanlarını satıb pulunu ələ keçirmək və həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmək olmuş, 100 manat pulu isə beh şəklində o, yalan bir görüntü formalaşdırmaq üçün Əliyə vermişdir. Məqsəd isə Əlini özünə inandırmaq olmuş, heyvanları yük maşınına yüklədikdən sonra Əli ilə sağollaşıb oradan uzaqlaşıb getmişdir. Heyvanları öz yaşadığı ünvanda olan tövləyə aparıb təxminən 2-3 gün orada bəsləmiş, sonra isə satmaq üçün Bakı şəhərinə aparıb Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində 3170 manata tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, 01 yanvar 2024-cü il tarixdə əvvəllər də tanıdığı Fəxrəddinin oğlu Coşqun ona zəng edərək “atamgilin danası var, onu kəs sonra sat və pulumuzu ver” demiş, o da, Coşquna “gəlib baxaram” demiş, qeyd etmişdir ki, onun Qaraçala qəsəbəsində ət dükanı var. O, həmçinin, iri və xırdabuynuzlu mal kəsib satmaqla məşğul olur. Daha sonra həmin günü saat təxminən 19 radələrində həmkəndlisi Güloğlanın oğlu Elməddin və tanışı Təbrizlə birlikdə Elməddinə məxsus Qazel markalı yük maşını ilə Fəxrəddinin evinə getmiş, Fəxrəddin onların gəlişlərini görüb çölə çıxmış, Fəxrəddinlə görüşüb oğlu Coşqunun ona dediklərini ona demiş, daha sonra Fəxrəddinlə birlikdə tövləyə getmiş, Fəxrəddinin yaşadığı ünvanda yerləşən tövlədə heyvana baxmış, heyvan erkək inək dana olmuş, Fəxrəddinlə heyvanın qiymətini yalnız heyvan kəsildikdən sonra çəkisinə uyğun 1 kiloqramı 12.50 qəpik olmaqla razılaşmışlar. Heyvan kəsildikdən sonra 3 gün müddətində pulu Fəxrəddinə verməli olmuş, əslində isə belə bir niyyəti olmamış, məqsədi Əlinin heyvanlarını satıb pulunu ələ keçirmək və həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmək olmuş, Fəxrəddinlə qiymətlə bağlı razılaşdıqdan sonra o, birlikdə gəldiyi şəxslər vasitəsilə heyvanı yük maşınına mindirib Qaraçala qəsəbəsində yerləşən ona məxsus ət dükanına gətirmiş, həmin günü heyvan orada qalmış, sabahı günü Fəxrəddini də ət dükanına dəvət etmiş, Fəxrəddinin gözü önündə heyvanı kəsib təmizləmiş, daha sonra heyvanı tərəzi vasitəsilə birlikdə çəkmişlər. Heyvanın əti 236 kiloqram təşkil etmiş, daha sonra Fəxrəddin dükandan çıxıb getmiş, Fəxrəddinə məxsus həmin kəsdiyi heyvanın ətini kənd ərazisində ayrı-ayrı şəxslərə satmış, pulu isə öz maddi ehtiyaclarına xərcləmişdir. Zərərçəkmiş şəxs2 dəymiş ziyandan 600 manat ödəniş etmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 3 ildir ki tanıyır. 26 dekabr 2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs3 zəng edərək, ondan həyətində saxladığı iribuynuzlu heyvanlarını almaq istədiyini bildirmiş, Ramildə ona razılıq vermi, sonra Ramilə demişdir ki, heyvanların şəkillərini çəkib ona “Watshapp” sosial şəbəkəsi vasitəsi ilə göndərsin baxsın, Ramildə heyvanların şəkillərini və videolarını çəkib ona göndərmiş, o da heyvanlara baxmış və bəyənmiş, sonra Ramilə demişdir ki, heyvanları alacaq. Ondan xəbər gözləsin. 01 yanvar 2024-cü il tarixdə o, Ramilin yaşadığı Şirvan şəhərinə İ.Qayıbov küçəsinə gəlmiş, həmin vaxt Ramillə 3 baş iribuynuzlu heyvanını 5000 manata ala biləcəyini demiş, Ramil də onunla razılaşmış, sonra Ramilə demişdir ki, heyvanların pulunu yanvar ayının 15-nə kimi verəcək. Ramildə ona razılıq vermiş, o, heyvanları çağırdığı Qazel markalı avtomobilə yükləmiş və aparmış, həmin 3 baş iribuynuzlu inəyi Salyan rayonu Noxudlu kəndində yerləşən heyvan bazarında 4800 manata satmışdır. Zərərçəkmiş şəxsə dəymiş ziyandan 3200 manat ödəniş edə bilmişdir. Bundan başqa ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs4la danışaraq, ondan xırdabuynuzlu heyvan almaq istədiyini bildirmiş, Elşad da ona demişdir ki, həyətində xırdabuynuzlu heyvanları vardır. Bundan sonra o, sonuncunun yaşadığı Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsinə gəlmişdir. Orada o, Elşadın həyətinə gəlmiş və Elşad ona həyətyanı sahəsində saxladığı xırdabuynuzlu heyvanlarını göstərmiş, o da həmin heyvanların içərisindən 7 baş xırda buynuzlu heyvanı seçmiş, sonra Elşadla həmin heyvanların dəyərini 1888 manat olaraq qiymətləndirmşlər və o, Elşada demişdir ki, heyvanların pulun ona yanvar ayının 15-nə kimi verəcəkdir. Elşad da onunla razılaşmış, o da 7 baş xırda buynuzlu heyvanı gəldiyi avtomobilə yükləmiş və oradan uzaqlaşıb getmişdir. Səhəri gün Elşadla Şirvan şəhərində görüşmüş və ona 200 manat pul vermiş, qalan 1688 manat pulu yanvar ayının 15-nə kimi verəcəyini bildirmişdir. O, həmin 7 baş xırdabuynuzlu heyvanı Salyan bazarında 2000 manata satmış, həmin 2000 manat pulu başqa şəxsə olan borcuna vermiş, sonrasında maddi vəziyyəti ilə əlaqədar Elşadın borcunu qaytarıb verə bilməmişdir. Bundan başqa o bildirmişdir ki, məqsədi zərəçəkmiş şəxslərdən iri və xırda buynuzlu heyvanları alıb sataraq qazanc əldə etmək və həmin qazancla həmin digər borclarını, həmdə zərərçəkmiş şəxlsərin borclarını qaytarmaq olmuş, lakin ziyana düşdüyündən verdiyi vədləri yerə yetirə bilməmişdir. Hazırda Zərərçəkmiş şəxs4 dəymiş ziyandan ümumilikdə 1200 manat ödəniş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 bildirdi ki, onun yaşadığı evin həytətyanı sahəsində olan tövlədə 4 baş iribuynuzlu heyvanı olmuş, o, həmin heyvanlardan iki başını satıb əldə olunan gəliri öz şəxsi ehtiyaclarına sərf etmək fikrində olmuş, bunun üçün 09 dekabr 2023-cü il tarixdə Salyan rayonu, Qaraçala qəsəbəsinə gəlmiş, orada ət dükanı olan Təqsirləndirilən şəxslə görüşüb bu barədə ona demiş, Vüsala tövləsində iki baş iribuynuzlu erkək inək heyvanının olmasını və satmaq istədiyini demiş, Vüsal da etiraz etmədən razılaşıb heyvanları almaq üçün gəlib baxacağını bildirmişdir. O, fikri belə imiş ki, o, heyvanları bazara çıxarmadan rahat formada tanıyıb bildiyi bir şəxsə satsın və pulunu alsın. Çünki, bazara getmək üçün bir qədər xərc lazım olmuş və bu iş bir qədər də əziyyət tələb etmişdir. Bunun üçün də belə bir qərar vermiş, sabahı günü, yəni 10 dekabr 2023-cü il tarixdə saat 17 radələrində Vüsal onun yaşadığı ünvana gəlmiş, onun yanında heç kəs olmamış, o, tək gəlmişdir. Vüsalla görüşüb onu öz həyətində yerləşən tövləyə aparmış, tövlədə Vüsal heyvanlara baxmış, daha sonra Vüsal ondan heyvanların qiymətini soruşmuş, o da, iki baş erkək heyvanı Vüsala 3500 manata satacağını bildirmiş, daha sonra Vüsal bir qədər qiyməti aşağı salmağını xahiş etmiş, yekun olaraq iki baş heyvanı 3300 manata razılaşmışlar. Vüsal yerindəcə ona 100 manat pul vermiş, qalan 3200 manatı isə heyvanları kəsib satdıqdan sonra təxminən 10 gün ərzində verəcəyini bildirmişdir. O da, Vüsala inanıb onunla razılaşmışdır. Vüsal heyvanları Qazel markalı yük maşınına yükləyib aparmış, 10 gün müddət keçdikdən sonra o, Vüsalın mobil telefon nömrəsinə zəng edib pullarını istəmiş, Vüsal da ona “əmioğlu narahat olma, Bakıya heyvan vermişəm, 30 min manat alacağım var, pulu alan kimi sənin pulunu verəcəm” demişdir. O, yenə də Vüsala inanıb gözləmək məcburiyyətində qalmış, təxminən 1 həftə sonra yenidən Vüsala zəng edib pulunu istəmiş və ona bacısının xəstə olduğunu və müalicəsi üçün pul lazım olduğunu bildirmişdir. Vüsal ona “Bakıdan alacağımı ala bilmirəm, ona görə də sənin pulunu qaytara bilmirəm” demişdir. O da əlindən heç bir şey gəlmədiyini görüb dözüb gözləmək qərarına gəlmiş, bundan sonra Vüsala dəfələrlə zəng etsə də və onunla görüşüb söhbət etsə də, Vüsal hər dəfəsində onu aldatmışdır. Bundan sonra o, məcbur qalıb polisə şikayət etmişdir. Bundan başqa o bildirmişdir ki, Təqsirləndirilən şəxs iki baş iribuynuzlu erkək inək heyvanını ondan kəsib satacağı və bunun müqabilində ona 3300 manat pul verəcəyi vədi ilə almış və onu aldatmışdır. Ona dəymiş ziyan ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 2023-cü ilin dekabr ayının sonlarında oğlu X1 həyətində olan erkək heyvanı satmaq üçün birlikdə hərbi xidmət keçdiyi Yolüstü kənd sakini Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə danışıb ona bir baş erkək heyvan (dana) satmaq istədiyini demiş, Vüsal da ona gəlib heyvana həyətdə baxacağını bildirmiş, 01 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Vüsal iki nəfər şəxslə birlikdə onun yaşadığı ünvana gəlmiş, Vüsal ona heyvana baxmaq istədiyini demiş, daha sonra o, oğlanları Coşqun və Cavidanla birlikdə Vüsalı tövləyə aparmışlar. Vüsal tövlədə heyvana baxıb çəkisinin təxminən 250 kiloqram olmasını şifahi söyləmiş, o da heyvanı təbii ki, çəkisinə uyğun satmaq istədiyini bildirmiş, onun təxmininə görə isə heyvanın 300 kiloqram çəkisi olmalı olmuş, daha sonra Vüsalla heyvanı kəsib təmiz çəkisinə uyğun hesablamaq barədə razılaşmışlar. Aralarında olan razılşamaya görə 1 kiloqram ətin qiyməti 12.5 manatdan hesablanmalı olmuş, Vüsal da buna etiraz etmədən razılaşmışdır. Bundan sonra Vüsal heyvanı Qazel markalı yük maşınına yükləyib aparmış, sabahı günü o, oğlu Cavidanla birlikdə Vüsalın Qaraçala qəsəbəsində yerləşən ət dükanına getmiş, Vüsal ət dükanında heyvanı kəsmiş, heyvanın çəkisi 250 kiloqram təşkil etmiş, bundan sonra o, Vüsalla yekun məsələləri danışıb söhbət etmişdir. Vüsal 3 gün ərzində ona 3000 manat pul verəcəyini bildirmişdir. Bundan sonra o, oğlu Cavidanla birlikdə çıxıb getmişdir. 3 gün müddət keçməsinə baxmayaraq Vüsal onun pulunu verməmiş və onun aldatmışdır. Təqsirləndirilən şəxs ona dəymiş 3000 manat ziyandan 600 manat ödəmişdir. Vüsal ona söz vermişdir ki, qalan pulu ödəyəcəkdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 bildirdi ki, Təqsirləndirilən şəxs Məcnun oğlunu Salyan rayonunda ət kəsimi ilə məşğul olan və heyvan alqı-satqısı ilə məşğul olan bir şəxs kimi tanıyıra, sonuncu ilə aralarında tanışlığı vardır, lakin heç bir ədavət və düşmənçilikləri yoxdur. Mahiyyəti üzrə bildirmişdir ki, 26 dekabr 2023-cü il tarixdə o, yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs ona zəng edərək, heyvan almaq istədiyini, ondan onun almaq istədiyi heyvanlardan olub olmadığını soruşmuş, o da həyətində iribuynuzlu heyvan olmasını bildirmişdir. Bundan sonra Vüsal ona demişdir ki, ona heyvanların şəkillərini çəkib ona “Watshapp” sosial şəbəkəsi vasitəsi ilə atmağını demişdir. O da heyvanların şəkillərini çəkib ona göndərmişdir. Sonra Vüsal demişdir ki, ona göndərdiyi şəkilləri kiməsə göndərəcəyini sonra ona xəbər edəcəyini bildirmişdir. 01 yanvar 2024-cü il tarixdə saat 12 radələrində Vüsal yaşadığı evə gəlmiş və heyvanları almaq istədiyini, lakin heyvanların pulun nağd verə bilməyəcəyini, heyvanların pulun yanvar ayının 15-i verəcəyini bildirmişdir. O da Vüsalı tanıdığından onun təklifini qəbul etmişdir. Sonra ümumilikdə 5 baş iribuynuzlu heyvanın qiymətini 5500 manat olaraq müəyyən etmişlər. Sonra yaşadığı evin həyətinə “Qazel” markalı avtomobil gəlmişdir. Vüsalla birlikdə heyvanları avtomobilə yükləmişlər. Sonra Vüsal “Qazel” avtomobilinə minib getmiş, o, yanvar ayının 15-nə kimi gözləmiş, lakin Vüsaldan xəbər olmamışdır. Sonra o, onunla əlaqə saxlayan zaman pulunu verəcəyini deyirmiş, sonradan Vüsalın mobil nömrəsinə də zəng çatmamışdır.Ona dəymiş 5500 manat ziyandan 3200 manat ödəniş edilmişdir. Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyəcəkdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs4 bildirdi ki, Təqsirləndirilən şəxs Salyan rayonunda ət kəsimi ilə məşğul olan və heyvan alqı-satqısı ilə məşğul olan bir şəxs kimi tanıyır. 04 yanvar 2024-cü il tarixdə o, yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs ona zəng edərək, heyvan almaq istədiyini, ondan onun almaq istədiyi heyvanlardan olub olmadığını soruşmuş, o da həyətində iri və xırda buynuzlu heyvan olmasını bildirmişdir. 04 yanvar 2024-cü il tarixdə saat 16 radələrində Vüsal yaşadığı evə gəlmiş və heyvanları almaq istədiyini, lakin heyvanların pulun nağd verə bilməyəcəyini, heyvanların pulun yanvar ayının 15-i verəcəyini bildirmiş, o da Vüsalı tanıdığından onun təklifini qəbul etmiş, sonra ümumilikdə 7 baş xırda buynuzlu heyvanın qiymətini 1888 manat olaraq müəyyən etmişlər. Sonra yaşadığı evin həyətinə gəldiyi avtomobillə həyətindən 7 baş xırdabuynuzlu heyvanı avtomobilə yükləmişlər. Sonra Vüsal gəldiyi avtomobillə getmiş, o yanvar ayının 15-nə kimi gözləmiş, lakin Vüsaldan xəbər olmamış, sonra o, onunla əlaqə saxlayan zaman pulunu verəcəyini demiş, sonradan Vüsalın mobil nömrəsinə də zəng çatmamış, bundan sonra aldadıldığını başa düşmüşdür. Hazırda ona dəymiş ziyan məbləğindən ümumulikdə 1200 manat ödəniş etmiş, qalan 688 (manat pul ödənilməsə də təqsirləndirilən şəxsdən şikayətçi deyil. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, Təqsirləndirilən şəxs tanıyır. Vüsalla heç bir düşmənçilik və ədavəti olmamış, onu yaşadığı evdə atası dörd baş heyvan saxlamış, həmin heyvanlardan bir başı erkək heyvan olmuş, atası erkək heyvanı satmaq üçün saxlamışdır. 2023-cü ilin dekabr ayının sonlarında qardaşı Coşqun əsgər yoldaşı Vüsalla danışıb heyvanı satmaq istədiyini ona demişdir. Vüsal da telefonda ona heyvana baxacağını demiş, 01 yanvar 2024-cü il tarixdə Vüsal qazel markalı yük maşını ilə onların evinə gəlmiş, atası Fəxrəddin və qardaşı Coşqunla birlikdə o, heyvana baxmış, atası ilə aralarında olan razılaşamaya əsasən heyvan kəsilməli və ətin qiyməti təmiz çəkisinə uyğun bir kiloqramı 12.5 manatdan hesablanmalı olmuş, Vüsal heyvanı götürüb aparmış, sabahı günü o, atası ilə birlikdə Vüsalın Salyan rayonu, Qaraçala qəsəbəsində yerləşən ət dükanına getmişlər. Orada Vüsal heyvanı kəsmiş, heyvanın çəkisi 250 kiloqram təşkil etmiş, Vüsal 3 gün ərzində atasına 3000 manat pul verəcəyini bildirmiş, lakin, həmin müddət keçsə də Vüsal pulu verməmiş və atasını aldatmışdır. O və atası dəfələrlə Vüsala zəng edib pulu istəsələr də Vüsal hər dəfəsində yalan vədlər verib onları aldatmış bundan sonra da atası polisə şikayət etmək məcburiyyətində qalmışdır. İş materiallarında olan və məhkəmə baxışından tədqiq edilmiş : xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanması və aidiyyəti üzrə Şirvan şəhər X5 Bölməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli “şübhəli olan şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2024-cü il tarixdə, saat 22:10-da şübhəli şəxs qismində tutulmuşdur . xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 4(032)-55/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Şirvan Şəhər Məhkəməsinin 4(032)-126/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 02 (iki) ay , yəni 04 avqust 2024-cü il tarixədək uzadılmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşməklə istintaq ********* nömrə altında aparılması və cinayət işi üzrə əməlin Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, xx.xx.1981-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan rayonu, Yolüstü kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarışının elan edilməsi, tapıldıqda həbsə alınmaqla həbsdə saxlama yerinin Azərbaycan Respublikası Penitensiar Xidməti 3 saylı İstintaq Təcridxanası müəyyən edilməsi və qərarın icrasının Şirvan şəhər Polis şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli,3-13-111/2-31299/24 saylı məktubundan görünür ki, xx.xx.2024-cü il tarixli 1(032)-132/2024 nömrəli cinayət işi üzrə verilmiş axtarış qərarına əsasən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində xx.xx.2024-cü il tarixdə Şirvan ŞPŞ-nin CAB-da 261241/24 nömrəli axtarış işi açılmış xx.xx.1981-ci il təvəllüdlü, Salyan rayonu Yolüstü kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri ərazisində yeri müəyyən edilərək tutulmuş və Şirvan şəhər PŞ-nin MSY-nə təhvil verilmişdir. Təqsirləndirilən şəxs barəsində açılmış ********* nömrəli axtarış işinə xitam verilmişdir. xx.xx.2024-cü il tarixli (saat 20.25) axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Bakı şəhər ərazisində yeri müəyyən edilərək tutulmuş və Şirvan şəhər PŞ-nin MSY-nə təhvil verilmişdir. Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 adlı iki azyaşlı uşağı vardır. Yolüstü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədə göstərilir ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və İsmayıllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 05 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa İsmayllı rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 05 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Hazırda məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinin məzmunundan görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Həmin qərarın 31-ci bəndinə əsasən şəxs hər dəfə müstəqil yaranmış niyyətlə həm ayrı-ayrı şəxslərə, həm də eyni şəxsə qarşı bir neçə dələduzluq cinayəti törətdikdə, ələ keçirilmiş əmlakın dəyərinin toplanmasına yol verilmir və bu əməllər hər bir epizod üzrə ələ keçirilmiş əmlakın məbləğindən asılı olaraq müstəqil qiymətləndirilməlidir. Vahid qəsdlə əhatə olunan istər bir neçə şəxsə, istərsə də eyni şəxsə qarşı törədilən dələduzluq, ümumilikdə, vurulmuş zərərin miqdarına uyğun olaraq tövsif edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2-ci və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə; xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177-182ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin tərkibini təşkil edir. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın qismən ödənilməsini CM-nin 59.1.14-cü maddələrinə, yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci və 178.2.4-cü maddələrinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. İş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şirvan şəhər Məhəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Şirvan şəhər Məhəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməklə axtarışı elan edilmiş və xx.xx.2024-cü il tarixdə tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edilərkən həmin hal nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 178.2.2-ci və 178.2.4-cü maddləri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 vurulmuş 3000 (üç min) manat maddi ziyandan 600 (altı yüz) manat, Zərərçəkmiş şəxs4 vurulmuş 1888 (bir min səkkiz yüz səksən səkkiz) manat maddi ziyandan 1200 (bir min iki yüz) manat, Zərərçəkmiş şəxs3 vurulmuş 5500 (beş min beş yüz) maddi ziyandan 3200 (üç min iki yüz) manat pulun zərərçəkmiş şəxslərə ödənilməsi nəzərə alınmalıdır. Zərərçəkmiş şəxslərə izah olunmalıdır ki, dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüquqları vardır. İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 344-347, 349, 351- 353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu 07 ay 05 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 02 (iki) il 25 (iyirmi beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi ziyan ödənilməmiş zərərçəkmiş şəxslərə onlara dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqlarının olması izah edilsin. İş üzrə ekspertiza xərcinin və mülki iddianın olmaması nəzərə alınsın . İş üzrə maddi sübut olan bir ədəd “DVD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar