Məhkəmə qərarları › İş №1(032)-41/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-41/2024

23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-41/2024 23.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 12:00 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X3 Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1993-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli qərarı ilə əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 01 ədəd Q- 60390 nömrəli silah, keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli çaxmaqlı, hamar təklüləli, odlu, yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngini-silahı, qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq gəzdirmiş 14 noyabr 2023-cü il tarixdə saat 11:20 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-tədbiri nəticəsində Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən yaşadığı evin yaxınlığında saxlanılaraq Şirvan şəhər polis şöbəsinin inzibati binasına gətirilmiş və üzərində axtarış aparılan zaman əynində olan qara rəngli qış gödəkçəsinin sol iç hissəsindən 01 ədəd Q- 60390 nömrəli silah, keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli çaxmaqlı, hamar təklüləli, odlu, yivsiz, lüləsi və qundağı kustar üsulla kəsilmiş, texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngi-silah aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etmədi, onlardan imtina edərək qeyd etdi ki, o, 14 noyabr 2023-cü il tarixdə, saat 11 radələrində Cavid adlı tanışı ilə birlikdə Şirvan şəhərində yanacaq doldurma məntəqəsinin yaxınlığında olan zaman mülki geyimdə olan beş nəfər polis əməkdaşı Cavidə yaxınlaşaraq “bizimlə polis şöbəsinə getməlisən” demişlər. Həmin vaxt o, polis əməkdaşlarından Cavidi nə əsasla saxladıqlarını soruşmuş, bundan sonra polis əməkdaşları ona “sən də bizimlə gedəcəksən” deyib onu da Cavidlə birlikdə polis şöbəsinə aparmışlar. Saxlanılan zaman üzərində odlu silah olmamışdır. Polis şöbəsində ona narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə hədə-qorxu gəlmişlər, narkotik vasitə istifadə etmədiyi üçün əvvəlcə polislərlə razılaşmamışdır. Polis şöbəsində ona təzyiq olunmuş, Təbriz və Ayxan adlı polis əməkdaşları tərəfindən döyülmüşdür. Üç gün polis şöbəsinin müvəqqəti saxlanılma yerində saxlanılmış, sonradan məcbur qalıb odlu silahın özünə məxsus olması barədə etirafedici ifadə verməyə razılaşmışdır. Polis şöbəsində ona olan fiziki zor nəticəsində xəsarət almış, lakin bununla bağlı müvafiq müraciət etməmişdir. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəməyə bu barədə bildirməmiş, əməli etiraf edərək, həmin silahı qohumları ilə arasında olan ədavətə görə üzərində gəzdirməsini demişdir. İstintaq zamanı müstəntiqə ifadə vermək istəməmiş, müstəntiq ona buraxacaqlarını deyib inanmışdır. 07 dekabr 2023-cü il tarixdə müstəntiq bayrama kimi buraxılacağını bildirib sənədlərə imza etməsini istəmiş, o da sənədlərə imza etmişdir. Polis əməkdaşları tərəfindən yanacaq doldurma məntəqəsi yaxınlığında tutulan zaman ətrafda olan adamlar da bu hadisəni görmüşlər. Hazırda düzgün ifadə verir, bunların nəzərə alınmasını xahiş edir. İbtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə yaşadığı Şirvan şəhəri, M.Mirzəyev küçəsində yerləşən evin yaxınlığında olan zibilliyin yanından keçərkən, orada olan zibillərin arasında bir ədəd odlu silah olduğunu görmüş, yaxınlaşıb həmin odlu silahı yerdən götürmüşdür. Həmin odlu silahın qundağı və lüləsi kəsilmiş “Obrez” təklülə olmasını görmüş, bu səbəbdən həmin odlu silahı oradan götürmüş və həmin yerdən uzaqlaşmışdır. Bundan sonra o, həmin silahı aparıb gizlətmişdir ki, sonra götürər. Bundan sonra o, xx.xx.2023-cü il tarixdə həmin silahı gizlətdiyi yerdən götürüb saat 11:20 radələrində Şirvan şəhəri, M.Mirzəyev küçəsində piyada hərəkətdə olarkən Şirvan ŞPŞ-nin mülki geyimli əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları üzərində odlu silahın qanunsuz gəzdirilməsində şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparılmasından ötəri onu polis şöbəsinə dəvət etmişlər. O da buna etiraz etməmiş və birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişlər. Polis şöbəsinin təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və o, həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil Müdafiəçi1 seçmişdir. Vəkil Müdafiəçi1 gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən odlu silah olduğu təqdirdə onu təqdim etməyi təklif edildikdə, üzərində olan 1 ədəd qundağı və lüləsi kəsilmiş “Obrez” təklülə odlu silahın olduğunu bildirdikdən sonra əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən 1 ədəd qundağı və lüləsi kəsilmiş “Obrez” təklülə odlu silahı təqdim etdikdən sonra həmin gödəkçəsinin sağ cibindən bir ədəd “İnoi” markalı mobil telefonuda təqdim etmişdir. Daha sonra polis əməkdaşı tərəfindən üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı qanunsuz heç bir əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra protokol tərtib olunmuş, oda bütün iştirakçılar kimi həmin protokollarla tanış olduqdan sonra ona imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi lüləsi və qundağı kəsilmiş odlu silah gəzdirməsi və saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, İTB-nin sahə polis nəfəri Şahid2 və TB-nin təhqiqatçısı X1 ibarət əməliyyat qrupu yaradıldıqdan sonra əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri M.Mirzəyev küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs hərəkətdə olmasını görüb sonuncuya yaxınlaşraq özlərini təqdim edib, barəsində üzərində qanunsuz yolla əldə etdiyi lüləsi və qundağı kəsilmiş odlu silah gəzdirməsi və saxlaması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Kənan Osmanlı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiə olunması üçün vəkillə təmin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən odlu silahın olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs üzərində 1 ədəd qundağı və lüləsi kustar üsulla kəsilmiş odlu silahın olduğunu bildirmişdir. Daha sonra əynində olan qara rəngli gödəkçənin sol iç hissəsindən 1 ədəd qundağı və lüləsi kustar üsulla kəsilmiş odlu silahı çıxarıb masanın üzərinə qoymuş və həmin silahın özünə məxsus olmasını bildirdikdən sonra o, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “İnoi” markalı mobil telefonu təqdim etmişdir. Bundan sonra təhqiqatçı Kənan Osmanlı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet, aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd qundağı və lüləsi kəsilmiş silah və mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Təqsirləndirilən şəxs Şahid2la onun tərəfindən səhər saatlarında saxlanılmış, ona qarşı heç bir təsir olunmamış və polis şöbəsinə gətirilən zaman müdafiəçi ilə təmin olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin İTB-nin polis nəfəri Şahid2 ifadəsində Şahid1 göstərdiklərini təsdiq edərək məhkəmə iclasında vermiş olduğu ifadəsi ilə oxşar ifadə vermişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs uşaq vaxtlarından tanıyır, qonşusudur. Polis əməkdaşları tərəfindən birinci Cavid tutulmuşdur. Nicat əlində sumka ilə yolun qarşı tərəfində olmuş, sonra Nicatı tutmuşlar. Nicatın nə isə deməsini eşitməmişdir. Cavidi avtomobilə otuzdurmuşlar, sonra Nicatı saxlamışlar. Hadisə yanacaq doldurma məntəqəsinin qarşısında baş vermiş, aralarında məsafə az olmuşdur. Saat dəqiq yadında qalmamış, təxminən günorta saatlarına yaxın olmuşdur. Orada üzərində polis yazısı olan polis avtomobili olmuş, həmçinin mülki geyimli polis əməkdaşlarından başqa polis geyimində olan şəxslər də olmuşdur. Polis avtomobilindən başqa orada qara rəngli avtomobil də olmuşdur. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, hər gün səhər saat səkkizdən on ikiyə qədər işdə olur. Təqsirləndirilən şəxs qonşu kimi tanıyır. Nicat öz həyətində usta kimi işləyir. Çay evinin qarşısında olan zaman Cavidin tutulmasını görmüşdür. Dərhal çay evinin içərisinə keçmiş, bu zaman Nicatın da saxlanılmasının şahidi olmuşdur. Nicatın döyülməsi ilə bağlı heç nə görməmişdir. Polis əməkdaşları mülki geyimdə olmuşdur. Cavidi və Nicatı dəqiq xatırlamasa da deyəsən iki nəfər aparmış, avtomobili görməmişdir. Hadisə zamanı Nicatın hansı geyimdə olması yadında qalmamışdır. Onların avtomobilə mindirilməsini və ətrafda polis avtomobilinin olmasını görməmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, “qazel” markalı avtomobilə daş yükləyən zaman Nicat yanına gəlmiş, ondan siqaret istəmiş, daha sonra isə dayısının nömrəsini istəmişdir. Bu zaman iki nəfər şəxs gəlib onun qolundan tutmuş, orada nə etməsini soruşmuş, o da daş yükləməsini bildirmişdir. Ona polis şöbəsinə getməli olduğu, günahı olmadığı təqdirdə buraxılacağı bildirilmişdir. Nicat onlardan “siz kimsiniz” deyə soruşmuş, həmin şəxslər polis əməkdaşları olmalarını bildirmişlər. Onların ikisini də polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində axtarış keçirilmiş, heç nə aşkar olunmamış, Nazim adlı polis əməkdaşı səhv gətirilməsini ona bildirmiş, bundan sonra o sərbəst buraxıldığı üçün evə getmişdir. Saxlanılan zaman Nicatın əynində gödəkcə, əlində isə səhv etmirsə selofan torba olmuşdur. Polis şöbəsində əvvəlcə onu otağa salmışlar. Nicata qarşı hər hansı bir təziqin və təsirin olmasını görməmişdir. Nicatla qonşu olmuş, münasibətləri pis olmamışdır. Saxlanılarkən polis əməkdaşları iki nəfər olmuşdur. İlkin olaraq onu saxlamışlar, polis şöbəsində Nicatın döyülüb-döyülməməsini görməmişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet, döyüş sursatı, odlu silah və ya başqa qanunsuz hər hansı bir əşya olduğu halda onları könüllü surətdə təqdim olunması təklif edilmiş, Şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində qundağı kəsilmiş təklülə odlu silah var. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol içəri tərəfindən 1 ədəd qundağı kəsilmiş odlu silaha bənzər predmeti çıxarıb masanın üzərinə qoymuşdur. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd “İnoi” markalı mobil telefonu çıxarıb masanın üzərinə qoymuş və həmin mobil telefonun özünə məxsus olmasını bildirmişdir. Üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş 14 noyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 11:50-də tutulmuşdur; Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 23/861 nömrəli, 15 noyabr 2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd Q-60390 N-li silah, keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli çaxmaqlı, hamar təklüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı kustar üsulla kəsilmişdir və hal hazıda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Qeyd: DİN-nin KTİ-nin “güllə-giliz” kartotekasında “fiziki-kimyəvi” ekspertiza tədqiqatı keçirilmədiyindən, qərarda göstərilən “ondan sonuncu dəfə nə vaxt atəş açılması müəyyən edilsin?” və “sonuncu dəfə həmin silahdan nə vaxt atəş açılmışdır?” suallarına cavab verilmədi; Cinayət işi materiallarına əlavə olunmuş 15 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İstintaq bölməsinə verilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 15 noyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X4 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş 15 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 4(032)-332/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır; Cinayət işi materiallarına əlavə olunmuş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən Şirvan ŞPŞ-nə daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə təqsirli bilinərək 08 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, “08 noyabr - Zəfər günü münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisinin xx.xx.2021-ci il tarixli qərarının 2.5-ci bəndinə əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Bundan başqa o, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmişdir; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 24 noyabr 2023-cü il tarixli, 18-1-35/2-1040/2023 nömrəli məktubunda göstərilmişdir ki, xx xxxxxxxx 1993-cü il tarixdə Əli-Bayramlı şəhərində doğulmuş, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Şirvan şəhəri M.Mirzəyev küçəsi ev 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-in ruhiəsəb və narkoloji kabinetdə qeydiyyatda yoxdur; Cinayət işi materiallarına əlavə olunmuş Şirvan şəhər Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli, 1(032)-220/2022 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; Cinayət işinə əlavə edilmiş Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 699 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şirvan İcra Hakimiyyəti başçısının 1 nömrəli İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinə yazılı və şifahi olaraq heç bir şikayət daxil olmamışdır; Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 601 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ilkin ziddiyyətli ifadəsinə, yəni Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə ilkin olaraq bildirdiklərinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) qiymət verərək onları qəbul etmir və bildirir ki, həmin ifadələr işin halları ilə təsdiq olunmur. Məhkəmə bu kontekstdə çıxış edərək qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın bütün mərhələsində (barəsində qətimkan tədbiri seçilərkən məhkəmə iclasında verdiyi ifadəsi daxil olmaqla) onunla bağlı olan istintaq hərəkətlərində müdafiəçi iştirak etməklə, etirafedici izahat və ifadələr vermiş, nə müdafiəçisinə, nə videoçəkiliş zamanı narazılığını, etirazını bildirməmişdir. Belə ki, ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilmiş və barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimata baxılarkən məhkəmə iclasında izahatında bildirmişdir ki, əvvəllər məhkum olunmuş, sonuncu dəfə, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Özünü ona qarşı irəli sürülmüş ittihamla təqsirli bilir. Üzərində silah gəzdirməsinə səbəb ata tərəfdən qohumları ilə münasibətlərinin pis olması, düşmənlərinin olmasıdır. Ona görə də, özünü müdafiə məqsədi ilə silah gəzdirmiş, cinayət törətmək niyyəti olmamışdır. O, maşın ustasıdır, fərdi əməklə məşğul olur. Şirvan şəhər Polis şöbəsində ona qarşı fiziki zorakılıq olmadığını bildirərək məhkəmədən vəsatətin təmin olunmamasını xahiş etmişdir. Şirvan şəhər prokurorluğundan 11 mart 2024-cü il tarixdə məhkəməyə daxil olmuş 310C-23 nömrəli materialdan görünür ki, Təqsirləndirilən şəxs döyülməsi barədə şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin, 310C-23 nömrəli materiala əlavə edilmiş 10345/2023 saylı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasına məxsus) məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthinin müayinəsi zamanı yeni xəsarət izləri aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 16 noyabr 2023-cü il tarixli, 601 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında Şirvan şəhər Polis şöbəsində ona qarşı qanunsuz təsirin olması barədə bildirdikləri aparılmış müvafiq araşdırma və məhkəmə-tibbi ekspertizasının rəyi ilə tam təkzib olunur. Eyni zamanda məhkəmə iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 vəsatəti əsasında dindirilmiş, cinayət işi üzrə əlavə şahidlərin vermiş olduğu ifadələrinə münasibətdə məhkəmə qeyd edir ki, həmin ifadələr arasında ziddiyyətlər mövcuddur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində hər gün evdən 12:30 radələrində çıxmasını, nəvələrini məktəbdən evə gətirməsini və nəvələrinin dərslərinin 13:30 radələrində bitməsini bildirsə də, Təqsirləndirilən şəxs (ifadəsində qeyd etdiyi kimi) həmin gün saat 11:00 radələrində saxlanılmışdır. Bundan başqa X2 ifadəsində Təqsirləndirilən şəxs saxlanılan zaman ətrafda üzərində polis yazısı olan polis avtomobili, polis geyimində olan şəxslər, əlavə qara rəngli avtomobil görməsini bildirmiş, halbuki iş materialları və təqsirləndirilən şəxsin özünün ifadəsi ilə deyilənlər tam təkzib olunur. Təqsirləndirilən şəxs ifadəsində Şahid3 yanında olan zaman saxlanılmasını bildirsə də, X2 ifadəsində Şahid3 yolun qarşı tərəfində olmasını bildirmişdir. Həmçinin, məhkəmə iclasında şahid qismində dindirilmiş X7 vermiş olduğu ifadəsində hər gün səhər saat səkkizdən on ikiyə qədər işdə olmasını bildirsə də, saat 11:00 radələrində Təqsirləndirilən şəxs saxlanılmasını görməsini, polis əməkdaşlarının iki nəfər olmasını bildirmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli olması şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan vaxtından əvvəl şərti azad edilmiş, cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər PŞ-nin inzibati binasında yerləşən maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd Q-60390 nömrəli silah, keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli çaxmaqlı, hamar təklüləli odlu yivsiz lüləsi və qundağı kustar üsulla kəsilmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngi-silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353, 356, 358, 381, 383, 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 14 noyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər PŞ-nin inzibati binasında yerləşən maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd Q-60390 nömrəli silah, keçmiş SSRİ-də Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli çaxmaqlı, hamar təklüləli odlu yivsiz lüləsi və qundağı kustar üsulla kəsilmiş texniki cəhətdən saz və atəş üçün yararlı olan ov tüfəngi-silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar