Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-41/2025 22.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 13:30-da Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxx 1959-cu il tarixdə Sabirabad rayonu, Güdəcühür kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi ev 13, mənzil 36-da qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs avtomobil idarə edərkən yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduğu halda yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, 13 avqust 2024-cü il tarixdə saat 10 radələrində etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan Vaz-2106 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhəri Heydər Əliyev prospektində “Salyan dairəsi” adlanan ərazi istiqamətində hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitəsini yerindən tərpətməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalı olduğu halda və həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almaq üçün texniki imkanı olduğu halda, bunlara riayət etməyib, Şirvan şəhəri Heydər Əliyev prospektində yolun kənarında avtomobil yolunu keçmək istəyən piyada Zərərçəkmiş şəxs idarə etdiyi avtomobillə vurub, ehtiyatsızlıqdan sonuncuya sağ mil sümüyünün aşağı 1/3-nin sınığı, sağ ənsə-gicgah sərhədində əzilmiş-cırılmış yara, sağ bazu qurşağında qançır, hər iki dizdə, sol baldırın aşağı 1/3-də, sol ayaq pəncəsində sıyrıqlar kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törədib, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xəstəxanaya aparmayaraq, baş vermiş hadisə barədə hüquq mühafizə orqanlarına məlumat verməyib hadisə yerindən qaçmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, etibarnamə əsasında Vaz-21063 markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 13 avqust 2024-cü il tarixdə, saat 10 radələrində idarə etdiyi avtomobillə Hacıqabul rayonundan Şirvan şəhər istiqamətində saatda 30-40 km sürətlə hərəkətdə olmuşdur. Şirvan şəhəri, H.Əliyev prospektində «Esoil» yanacaqdoldurma məntəqəsinin qarşısına çatdıqda fikirli olduğundan yolu keçən piyada Zərərçəkmiş şəxs görməyərək idarə etdiyi avtomobillə vurmuş və dərhal avtomobili yolun kənarında saxlayıb avtomobildən düşərək Zərərçəkmiş şəxs yaxınlaşmış, sonuncunun huşunu itirdiyini görüb avtomobilinə əyləşdirərək yaşadığı evə gətirmişdir. Yaşadığı evdə Zərərçəkmiş şəxs kömək edib başından gələn qanı silmiş, ona ilkin yardım göstərmişdir. Zərərçəkmiş şəxs ayılıb nə baş verdiyini soruşduqda “hansısa avtomobilin onu vurduqdan sonra yolun kənarında huşsuz halda olduğunu, götürüb evinə gətirdiyini bildirmişdir”. Zərərçəkmiş şəxs qardaşının evinə getmək istədiyini bildirdikdən sonra idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs qardaşının evinə aparmışdır. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərdi ki, Zərərçəkmiş şəxs görməmiş, avtomobili idarə edən zaman fikirli olduğundan Zərərçəkmiş şəxs yalnız piyada keçidinə daxil olan anda görmüş və tormozlama aparsa da, aralarında olan məsafə çox yaxın olduğundan o, qadını vurmuşdur. Hadisə vaxtı idarə etdiyi avtomobildə nasazlıq olmamış, o, spirtli içki içməmiş və tək olmuşdur. O, piyadanı gördükdə artıq gec olduğundan hadisənin qarşısını almaq üçün hər hansı bir hərəkət edə bilməmişdir. Qorxduğu üçün Zərərçəkmiş şəxs sonuncunu vuran şəxsin özü olmadığını demiş və tibbi yardım göstərilməsi məqsədilə xəstəxanaya aparmamışdır. Zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı ödəməsini, Şəhid atası olmasını, özünün də 1-ci Qarabağ müharibəsinin iştirakçısı olduğunu nəzərə alaraq məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 08 radələrində yaşadığı Salyan rayonu, Qaraçala qəsəbəsindən avtobusla Şirvan şəhər Avtovağzalına gəlmişdir. Avtovağzaldan Hacıqabul rayonuna gedən avtobusa əyləşmiş və Hacıqabul rayon istiqamətində hərəkət etmişdir. Şirvan şəhərində yerləşən “Esoil” yanacaqdoldurma məntəqəsində avtobusdan düşmüşdür. Ardınca hərəkətini davam edərək yolun əks tərəfinə piyada keçidi ilə keçmək istəyərkən qarşı tərəfdən ağ rəngli avtomobilin gəldiyini görmüşdür. Avtomobilin onu vurmasından sonra huşunu itirdiyindən baş verənlər barədə məlumatı olmamışdır. Ayıldıqda tanımadığı bir həyətdə stulda əyləşdiyini və Təqsirləndirilən şəxs ona yardım etməsini görmüşdür. Təqsirləndirilən şəxs nə baş verdiyini soruşduqda sonuncu ona bir şəxsin avtomobillə vuraraq qaçdığını, onu isə yolun kənarında yaralı vəziyyətdə görüb avtomobilinə əyləşdirib öz evinə gətirdiyini qeyd etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan Şirvan şəhərində hər hansı bir qohumunun olub-olmamasını soruşmuşdur. O, Təqsirləndirilən şəxs qardaşıgilə getmək istədiyini bildirdikdən sonra avtomobillə qardaşının yaşadığı evə gətirilmişdir. Təqsirləndirilən şəxs qardaşının yaşadığı evin darvazasının qarşısında onu avtomobilindən düşürüb oranı tərk edərək çıxıb getmişdir. O, çətinliklə də olsa qardaşının yaşadığı evin darvazasını açaraq həyətə daxil olmuşdur. Qardaşı Əhməd və sonuncunun ailəsi onu bu vəziyyətdə görüb narahat olmuşlar və nə baş verdiyini soruşmuşlar. O, baş verənləri qardaşı və ailəsinə danışmış, bundan sonra onu bədənində ağrılar olduğundan Şirvan şəhər Mərkəzi xəstəxanasına gətirmişlər. Polislər tərəfindən araşdırma aparılarkən məlum olmuşdur ki, onu Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə vurmuş, xəstəxanaya aparmaq əvəzinə evlərinə aparmışdır. Ona isə yalandan onu başqa avtomobilin vuraraq qaçdığını demişdir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə başlanaraq məhkəməyədək istintaqı aparılmışdır. Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 14 avqust 2024-cü il tarixli protokol və həmin protokola edilmiş əlavədən görünür ki, yol-nəqliyyat hadisəsi Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Esoil” yanacaqdoldurma məntəqəsinin qarşısında baş vermişdir. Hadisənin baş verdiyi yolun hərəkət hissəsi düzdür, yol örtüyü asfalt betondur, yol örtüyü qurudur, yol örtüyünün eni 8 metr, hərəkət zolaqlarının sayı 4-dür. Qeyd edilən prospekt iki istiqamətli olmaqla, 4 hərəkət zolağına malikdir. “Yol hərəkəti haqqında” qanunda göstərilən 1.5 üfuqi nişanlama xəttləri ilə bölünmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskdə 02 ədəd videoqovluq vardır. 1-ci videoqovluğu açdıqda Şirvan şəhəri, Heydər Əliyev prospektində hərəkətdə olan ağ rəngli “Vaz-2106” markalı avtomobilin piyadanı vurması görüntüsü müşahidə olunur. 2-ci video qovluğu açdıqda “Vaz-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin küçədə bir nəfər qadını avtomobildən düşürməsi əks olunmuşdur. Videodiskdə qeyd olunan görüntülərə baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs videogörüntülərdə olan “Vaz-2106” markalı ağ rəngli **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin özünün idarə etdiyini, piyadanı istintaqa verdiyi ifadəsində göstərdiyi kimi özünün vurduğunu və sonradan qadını qardaşının evinə ötürdüyünü bildirmişdir. Məhkəmə-tibbi ekspertizasının 31 avqust 2024-cü il tarixli 419 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sağ mil sümüyünün aşağı 1/3-nin sınığı, sağ ənsə-gicgah sərhədində əzilmiş-cırılmış yara, sağ bazu qurşağında qançır, hər iki dizdə, sol baldırın aşağı 1/3-də, sol ayaq pəncəsində sıyrıqlar – küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 13 avqust 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. Yol-nəqliyyat hadisələri üzrə məhkəmə ekspertizasının 20 dekabr 2024-cü il tarixli 3- 16-16/2-8/3058 nömrəli rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “Vaz-2106” markalı **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisədən sonra zərərçəkmişə yardım göstərmədən və müvafiq orqanlara xəbər vermədən hadisə yerindən getdiyi şəraitdə onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Baş Dövlət Yol Polisi İdarəsinin Şirvan regional qeydiyyat-imtahan və texniki baxış şöbəsinin 13 yanvar 2025-ci il tarixli 3-13-16-7/2-296/2025 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə «B1,B» kateqoriyalı BD- 522626 nömrəli sürücülük vəsiqəsi verilmiş və hal-hazırda onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Təqsirləndirilən şəxs mülkiyyətində hər hansı nəqliyyat vasitəsinin olması barədə BDYPİ-nin mərkəzi informasiya sistemində məlumat mövcud deyil. Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X6 “Şirvan Rayon Mərkəzi Xəstəxanası” X5 06 dekabr 2024-cü il tarixli PHŞ-18-1-35/2-1708/2024 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixoloji-nevroloji kabinetdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X1 13 yanvar 2025-ci il tarixli, 3-17-1/2-4949/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşa görə sosial müavinət 220 manat, müharibə veteranlarına verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü 80 manat, həmçinin şəhid ailəsinin üzvü kimi Prezident təqaüdü 300 manat məbləğ ödənilir. 15 yanvar 2025-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddələrlə ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş maddi ziyanın tam ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını qeyd edilmişdir. 22 aprel 2025-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.1 maddəsi ilə aparılan cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 143cü və 146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirərək belə qənaətə gəlir ki, qeyd olunan sübutlar təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın həll edilməsi üçün kifayət edir və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin məhkəmə iclasında verdiyi ifadəsi, ekspertiza rəyləri və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək, tam sübuta yetirilmişdir. Məhkəmə bilavasitə məhkəmə istintaqında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, habelə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-in 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, onların kifayət etməsi nəticəsinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 263.1 və 264-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Cinayət işi üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, iş materiallarına əlavə edilmiş istintaq hərəkətlərinin protokolları, maddi sübutlar və digər təkzibedilməz və mötəbər sübutlarla Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozması və bunun nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurması tam təsdiq olunmuşdur. Həmçinin həmin sübutlarla təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxs hadisə yerindən qaçmışdır. 22 aprel 2025-ci il tarixli Şirvan Şəhər Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respuiblikası CM-nin 263.1-ci maddəsi ilə aparılan cinayət təqibinə CPM-nin 43.1.2-ci maddəsinə əsasən xitam verilməklə haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati məsuliyyət məsələsinin həll olunması üçün qərarın surəti Azərbaycan Respublikası Daxili X4 Şəhər Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Lakin nəzərə alınmalıdır ki, “Yol hərəkəti haqqında” Qanunda yuxarıda qeyd olunan vəzifələr baş vermiş hadisənin nəticələrinin ağırlaşdırılmasının qarşısının dərhal alınmasına və hadisə ilə bağlı obyektiv həqiqətin aşkar olunmasına yönəlsə belə, onlara riayət edilməməsi özü-özlüyündə məsuliyyətin yaranmasına səbəb ola bilməz. Məhz bu mövqedən çıxış edərək qanunverici yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslərin məsuliyyətə cəlb edilməsini yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qayda ilə şərtləndirmişdir (“Yol hərəkəti haqqında” Qanunun 81-ci maddəsi). Bu mənada, məsuliyyətin yaranması hüquqi, eləcə də cinayət-hüquqi nəticələr törətdiyi üçün buna səbəb olan hansı hərəkətin (və ya hərəkətsizliyin) edilməsi, o cümlədən məhz hansı vəzifənin yerinə yetirilməməsi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq qanunda dəqiq və aydın göstərilməlidir. Bu cür yanaşmanın əhəmiyyətinə Avropa ölkələrinin məhkəmə təcrübəsində də rast gəlmək olar. Belə ki, Belçikanın Konstitusiya Məhkəməsinin 2005-ci il 13 iyul tarixli qərarında göstərilmişdir ki, nullum crimen, nulla poena sine lege prinsipi bu ideyadan irəli gəlir ki, cinayət qanunu hər kəsə edəcəyi hərəkətlərin cəzalandırılmalı olub-olmamasını bilmək imkanını verən ifadələrdən ibarət olmalıdır. Bu, ilk növbədə, tələb edir ki, hüquqi müəyyənlik prinsipinə cavab verən kifayət qədər ətraflı və aydın ifadələrlə hansı hərəkətlərin cəzalandırılmalı olması qanunvericilikdə göstərilsin. Belə olan halda, hər hansı müəyyən hərəkəti edən şəxs bu hərəkətin səbəb ola biləcəyi nəticələri əvvəlcədən qiymətləndirə bilər. Bununla da, məhkəmələrə həddən artıq mülahizənin verilməsinin qarşısı alınmış olar. Korbely Macarıstana qarşı iş üzrə Avropa Məhkəməsinin Böyük Palatasının 19 sentyabr 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət-hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər, həmin maddə özündə daha ümumi prinsipləri ehtiva edir. Həmin prinsiplərə əsasən yalnız qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən edə bilər (nullum crimen, nulla poena sine lege), o cümlədən ittiham olunan şəxsin ziyanına, məsələn, analogiya üzrə, cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Bu prinsiplərin mahiyyətindən aydın olur ki, milli qanunvericilik cinayətin tərkibini dəqiq müəyyən etməlidir (§ 70). Qeyd olunmalıdır ki, yuxarıda sadalanan vəzifələrin yerinə yetirilməsi, ilk növbədə, nəqliyyat vasitəsinin sürücülərinin yol-nəqliyyat hadisəsi yerində qalması ilə şərtləndirilir. Bu səbəbdən, inzibati və cinayət məsuliyyətini müəyyən edən qanunvericilik aktları məhz yol-nəqliyyat hadisəsi yerindən qaçan nəqliyyat vasitəsinin sürücüsünə qarşı müxtəlif məsuliyyət tədbirləri nəzərdə tutmuşdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Xİİİ fəsli Yol-hərəkəti qaydaları əleyhinə inzibati xətalara həsr edilmişdir. Həmin Məcəllənin 151.3-cü maddəsi, digər məsələlərlə yanaşı, yol-nəqliyyat hadisəsi yerindən yayınmağa görə də inzibati məsuliyyət müəyyən edir. Yol-nəqliyyat hadisəsi daha ağır nəticələrə səbəb olduqda isə ictimai münasibətlər artıq cinayət qanununun müddəaları ilə tənzimlənir. Belə ki, CM-in 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda, cinayət məsuliyyəti yaranır. Bununla yanaşı, həmin Məcəllənin 264-cü maddəsi bu Məcəllənin 263-cü maddəsində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçmasını cinayət əməli kimi müəyyən edir. Göstərilənlər belə nəticəyə gəlməyə əsas verir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Bununla da, yol-nəqliyyat hadisəsi nəticəsində sağlamlığına az ağır zərər vurulmuş zərərçəkmiş şəxsə yol-nəqliyyat vasitəsini idarə edən şəxs barəsində dərhal düzgün məlumatı əldə etmək imkanı verilir. Müvafiq olaraq, cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən müraciətdə göstərildiyi kimi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Belə yanaşma həm də “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsində göstərilmiş vəzifələrin sürücü tərəfindən yerinə yetirilməsinə, bununla da, yolnəqliyyat hadisəsinin nəticələrinin dərhal mümkün qədər aradan qaldırılmasına xidmət edir. Məhz bu mövqedən çıxış edərək, Konstitusiya Məhkəməsinin Plenumu 29 yanvar 2004-cü il tarixli Qərarında göstərmişdir ki, CM-in 264-cü maddəsi “Yol hərəkəti haqqında” Qanuna uyğun olaraq yol-nəqliyyat hadisəsi zamanı mexaniki nəqliyyat vasitəsinin sürücüsünü zərərçəkmişə ilkin tibbi yardım göstərilməsi üçün bütün mümkün tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərərçəkənlər həyat üçün təhlükəli xəsarətlər aldığı hallarda isə onları səmt üzrə gedən nəqliyyat vasitəsində yaxınlıqdakı tibbi müəssisəyə göndərmək, bu mümkün olmadıqda, öz nəqliyyat vasitəsində aparmaq kimi vəzifələri yerinə yetirməyə müəyyən mənada vadar edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, «Yol hərəkəti haqqında» Qanuna müvafiq olaraq sürücü yol-nəqliyyat hadisəsindən zərər çəkmiş şəxslərə kömək göstərmək üçün mümkün olan tədbirləri görməyə, «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur («Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin İY hissəsi). Qanunun bu tələbindən irəli gələn vəzifələri yerinə yetirməyən sürücülərin məsuliyyət məsələsini həll edərkən məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yol-nəqliyyat hadisəsi yerindən qaçması müvafiq olaraq CM-nin 263-cü və ya 263-1-ci maddələri ilə yanaşı, həm də CM-nin 264-cü maddəsində nəzərdə tutulmuş cinayətin tərkibini yaradır. Məhkəmələr CM-nin 263 və ya 263-1-ci maddəsi ilə yanaşı həm də CM-nin 264-cü maddəsi ilə təqsirləndirilən şəxslər barəsində işlərə baxarkən nəzərə almalıdırlar ki, CMnin 264-cü maddəsinin qeydi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin şərh edilməsinə dair” 10 aprel 2012-ci il tarixli qərarının müddəaları nəzərə alınmaqla təfsir olunmalıdır. Bu isə o deməkdir ki, şəxsin CM-nin 264-cü maddəsi ilə cinayət məsuliyyətini istisna edən əsas kimi o hallar nəzərdən keçirilə bilər ki, yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisədən dərhal sonra, zərərçəkmişə kömək göstərilməsi ilə əlaqədar hadisə yerini tərk etməzdən əvvəl özünün şəxsiyyəti barədə məlumatları zərər çəkmiş şəxsə (tərəfə) çatdırmış olsun, yaxud da zərərçəkmişin aparıldığı tibb müəssisəsində və ya zərərçəkmişi tibb müəssisəsinə çatdırdıqdan dərhal sonra başqa vasitələrlə özünü bəlli etsin. Məhkəmələrin diqqəti həm də ona cəlb edilsin ki, CM-nin 264-cü maddəsinin qeydindən irəli gələn mənaya, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 10 aprel 2012-ci il tarixli və “Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66- cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” 29 yanvar 2004-cü il tarixli Qərarlarında əksini tapmış hüquqi mövqeyə görə, yol-nəqliyyat hadisəsini törətmiş şəxsin hadisə yerindən qaçması CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozan şəxsin yalnız özünü zərər çəkmiş şəxsə (tərəfə) bəlli etmədən hadisə yerini tərk etməsini deyil, həm də özünü istər hadisə yerində, istərsə də başqa yerdə (məsələn, polis orqanlarına müraciət etməklə) bəlli etsə də, zərər çəkmiş şəxsi təhlükədə qoyaraq hadisə yerindən qaçmasını ehtiva edir, yəni CM-nin 264-cü maddəsi CM-nin 143-cü maddəsinə münasibətdə xüsusi norma kimi çıxış edir. Buna görə, CM-nin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrə səbəb olmuş yol-nəqliyyat hadisəsini törətmiş şəxsin zərərçəkmişi təhlükədə qoymaqla bu kimi hallarda özü haqqında məlumat verməsi onun CM-nin 264-cü maddəsi ilə məsuliyyətini istisna edən əsas kimi qiymətləndirilə bilməz. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, yol hərəkəti qaydalarını pozan Təqsirləndirilən şəxs barəsində qeyri-bəraətverici əsaslarla xitam verilən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində göstərilən, yəni yol hərəkəti qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ehtiyatsızlıqdan sağlamlığıa az ağır zərər vurulması ilə nəticələndiyi halda o, Azərbaycan Respublikası “Yol Hərəkəti haqqında” qanunun 37-ci maddəsinin 4-cü bəndinin «təcili tibbi yardım» maşını çağırmağa, ekstremal hallarda zərərçəkmişləri eyni səmtə gedən nəqliyyat vasitəsi ilə xəstəxanaya yola salmağa, bu mümkün olmadıqda isə özünün nəqliyyat vasitəsi ilə yaxınlıqdakı müalicə müəssisəsinə çatdırmağa borcludur tələblərini pozmaqla hadisə yerindən qaçmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə cəza təyin edərkən qəsdin obyektinin yol hərəkətinin və nəqliyyat vasitələrinin istismarının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin təşkil etməsini, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini, az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş maddi ziyanı tamamilə ödəməsini müvafiq olaraq Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə, əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, şəhid ailəsi üzvü olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. AR CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə iş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin sanksiyası hədləri daxilində cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 43.3-cü maddəsinə əsasən xüsusi və ya hərbi rütbədən, fəxri addan yaxud dövlət təltifindən məhrum etmə, nəqliyyət vasitələrini idarə etmə hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növləri yalnız əlavə cəza kimi tətbiq edilir; 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-cü maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1-cü maddəsinə əsasən kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3-cü maddəsinə əsasən alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4-cü maddəsinə əsasən məhkumun islah olunmasına kömək edən digər vəzifələr. 52-1.4-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması altı aydan beş ilədək müddətə təyin edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 264-cü maddəsi ilə təqsirli bilinərək törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan “Vaz-2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Ekspertiza tədqiqatının dəyəri – 85 manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE**********0002088501 hesaba köçürülməlidir. Məhkəmə şərh olunanları və Azərbaycan Respublikası CPM-nın 344-347-ci, 351- 353-cü, 381-ci , 384-cü, 385-ci maddələrini rəhbər tutub, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə Şirvan şəhər ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut olan “Vaz-2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılması üçün mülkiyyətçisinə təhvil verilməsi nəzərə alınmaqla, hadisənin videogörüntüləini özündə əks etdirən 01 ədəd disk isə cinayət işi materiallarına əlavə olunsun. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizası xərci olan - 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzi, X2 kod 210005, VÖEN **********, m/h AZ 41NABZ********************, SFİFT BİK CTREAZ22, VÖEN **********, AZ34CTRE**********0002088501 hesaba köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Əli İmanov
Məhkəmə qərarları › İş №1(032)-41/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-41/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver