Məhkəmə qərarları › İş №1(032)-42/2023

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-42/2023

14.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-42/2023 14.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 14.25-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1976-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 (üç) ay 04 (dörd) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs fərdi yaşayış yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını ələ keçirmək məqsədilə 31 may 2022-ci il tarixdə, saat 23 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin həyətinə hasardan tullanmaqla keçib, oradan Zərərçəkmiş şəxs məxsus evə pəncərəni açma yolu ilə qanunsuz olaraq daxil olub, evdən zərər çəkmiş şəxsin qiymətləndirdiyi 548 manat dəyərində 60 metr uzunluğunda 10x4 mm ölçülü elektrik naqilini, 240 manat manat dəyərində 2x16 mm ölçülü 60 metr uzunluğunda elektrik naqilini, 54 manat dəyərində 4x2 mm ölçülü 30 metr uzunluğunda elektrik naqilini, 15 manat dəyərində 10 metr uzunluğunda əlavə elektrik naqilini, 205 manat dəyərində VAZ 2107 markalı avtomobilinin 2 ədəd ön işiqlarını, 2 ədəd arxa işıqlarını və elektrik naqillərini gizli talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 1062 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə alüdəçisidir, narkotik vasitələrdən asıllığı vardır. Son zamanlar maddi vəziyyətdən çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmiş, bu səbəbdən Şirvan şəhər ərazisində gəzib oğurluq etmək üçün münasib ev axtarmağa başlamışdır. 31 may 2022-ci il tarixdə, saat 23 radələrində Şirvan şəhərinin kənd evləri yaşayış massivində Şirvan şəhəri, F.X.Xoyski küçəsində olarkən işıqları sönmüş vəziyyətdə olan bir ev görmüş, həmin evdən oğurluq etmək qərarına gələrək küçədə bir qədər gözləmiş və heç kimin olmadığına əmin olduqdan sonra həmin evin həyətinin hasarından tullanaraq həyətə keçmişdir. O, həyətdə bir qədər axtarış aparıb həyətdə heç bir şey tapa bilmədiyindən evin plastik pəncərəsini açaraq evə daxil olmuş, pəncərədən daxil olduqda otaqda mis naqillər və VAZ-2107 markalı avtomobilə məxsus qabaq və arxa faraları görmüşdür. Qeyd etdiyi əşyaları özü ilə götürdüyü kisəyə yığmış və oradan çıxaraq yaşadığı evin yaxınlığında kisəni gizlətmişdir. Növbəti gün o, həmin naqilləri və avtomobil faralarını Şirvan şəhərində tanımadığı şəxsə 150 manata satmışdır. Əldə etdiyi pulu isə öz ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun ünvan 2 ünvanında özünə məxsus fərdi yaşayış evi vardır. Həmin evdə hazırda yaşayış olmadığından mütəmadi olaraq evə baş çəkmək üçün gedir. Qeyd etdiyi fərdi yaşayış evində özlərinə məxsus və atasının avtomobilinə məxsus avadanlıqlar saxlamışlar. 01 iyun 2022-ci il tarixdə, saat təxminən 16 radələrində evə baş çəkmək üçün getdikdə görmüşdür ki, otağın çöl plastik pəncərəsi açıq vəziyyətdədir. O, başa düşmüşdür ki, evə kənardan kimsə daxil olmuşdur. Evə girməzdən əvvəl DİN-in 102 xidmətinə zəng vuraraq bu barədə məlumat vermiş, polis əməkdaşları gəldikdən sonra evə daxil olmuşlar və evə baxış keçirdikdə evdə heç kim olmamışdır. Lakin evə baxdıqda təxmini evdə olan avadanlıqlardan 60 metrlik elektrik naqilinin həmin otaqda olmadığını görüb evdən tək naqilin oğurlandığını fikirləşərək polis şöbəsində izahat verərkən evlərində 100 manat dəyərində 60 metrlik naqilin oğurlandığı barədə izahat vermişdir. Lakin sonradan atası işlədiyi Zəngilan rayonundan gəldikdən sonra atası ilə birlikdə evə baxış keçirmişlər və müəyyən etmişlər ki, evdən 60 metrlik 10*4 ölçülü naqildən başqa 2*16 ölçülü 60 metr elektrik naqilinin, 4*2 ölçülü 30 metrlik elektrik naqilinin, 10 metr uzunluğunda əlavə elektrik naqilinin, atasına məxsus VAZ 2107 markalı avtomobilinin 2 ədəd ön işiqlarının və 2 ədəd arxa işıqlarının və elektrik naqillərinin oğurlanmasını aşkar etmişlər. 60 metr 10*4 ölçülü elektrik naqilinin oğurlanması nəticəsində 548 manat, 2*16 ölçülü 60 metr elektrik naqilinin oğurlanması nəticəsində ona 240 manat, 4*2 ölçülü 30 metrlik elektrik naqilinin oğurlanması nəticəsində 54 manat, 10 metr uzunluğunda əlavə elektrik naqilinin oğurlanması nəticəsində 15 manat, atasına məxsus VAZ 2107 markalı avtomobilinin 2 ədəd ön işiqlarının və 2 ədəd arxa işıqlarının və elektrik naqillərinin oğurlanması nəticəsində 205 manat maddi ziyan dəyməklə ümumilikdə 1062 manat maddi ziyan dəymişdir. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda Kamilin barəsində ən ağır cəza təyin edilməsini xahiş etdi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 01 iyun 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs Mahmudağa oğluna məxsus fərdi yaşayış evidir.(i.v.9-10) İfadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs Mahmudağa oğluna məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə hansı qaydada daxil olduğunu, həmin evdən hansı qaydada oğurluq etdiyini əyani göstərməklə hadisə yerində istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. (i.v 67-70) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 14 noyabr 2022-ci il tarixli, 1178 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji kabinetində «tiryək alkoloidlərin tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticəsində narkomaniya xəstəliyi» diaqnozu ilə qeydiyyatdadır. (i.v.78) Məhkəmə-narkoloji ekspertizasının 15 dekabr 2022-ci il tarixli 7611 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 91-92) Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə Azərbaycan Respublikası CM-nin 177, 180, 234-cü maddələri ilə məhkum olunmaqla sonuncu dəfə Şirvan şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xəzər rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay 04 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. ( i.v. 87-89) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs oğlunun Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri, Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 (üç) ay 04 (dörd) gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır, hazırda isə onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivi mövcuddur və bu hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab olunur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun əvvəllər həyat məhkumluq həyatı yaşamasını, islah olunmamasını, əməlində cinayətlərin residivinin olması kimi ağırlaşdırıcı halın mövcudluğunu və Azərbaycan Respublikasının CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi Hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün yarısından az ola bilməz tələbini nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının müvafiq rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar, mülki iddia və məhkəmə xərcləri yoxdur. Zərərçəkmiş şəxs dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341- 349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Zərərçəkmiş şəxs dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunsun. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar