Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-42/2024 30.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 10:50-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1960-cı il tarixdə Cəlilabad rayonu, Bayxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı olan, orta təhsilli, evli, Şirvan şəhəri, Yaşıllaşdırma idarəsində sahə rəisi vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 10 avqust 2023-cü il tarixdə, saat 20:30 radələrində Şirvan şəhəri, M.Rəsulzadə küçəsində yerləşən "Balıq evi” kafesində spirtli içki içdikdən sonra ictimai yer hesab olunan həmin kafenin qarşısında ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət olunan hərəkətlər etməklə, özünün şəxsiyyətini başqa şəxsin fövqündə qoyaraq, ətrafda olan şəxslərin gözü qarşısında onu nalayiq söyüşlərlə söyüb təhqir etməklə itələyərək fiziki ağrı yetirmiş, bundan sonra həmin tarixdə saat 21:00 radələrində xuliqanlıq hərəkətlərini davam etdirərək yenidən ictimai yer hesab olunan Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15 saylı binanın arxasında ictimai qaydanı kobud surətdə pozaraq, səs-küy salıb, heç bir əsaslı səbəb olmadan, ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış və birgəyaşayış qaydalarına qarşı etinasızlıq göstərməklə, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, özünün şəxsiyyətini başqa şəxsin fövqündə qoyaraq, Zərərçəkmiş şəxs yumruqla dəfələrlə baş nahiyəsindən qəsdən vurmaqla ona “başın sağ təpə-gicgah sərhədində əzilmiş cırılmış yara, baş beyinin sağ təpə payında hemorragik kontuzion ocaq” ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bu səbəbdən hadisə yerinə çoxlu sayda vətəndaşların dalaşma səslərini eşidib toplaşmasına, ictimai qaydanın ümumilikdə 15 dəqiqə ərzində pozulmasına səbəb olan qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhəri, Yaşıllaşdırma idarəsində sahə rəisi vəzifəsində işləyir. Təxminən 6-7 ay bundan əvvəl Zərərçəkmiş şəxs 300 manat pulu aylıq 15 faizini ona ödəməklə götürmüş və hər ay həmin pulun faizi olaraq 40 manat Zərərçəkmiş şəxs ödəmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng vurub ona olan borcunu istəmiş və ona indi vaxtı olmadığını sonra görüşəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə, axşam saat 20:30 radələrində yaşadığı evdən çıxıb Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində yerləşən “Balıq Evi” kafesinə tək gəlmiş, kafenin çölündə tək oturub pivə sifariş etmiş və yanına Zərərçəkmiş şəxs yaxınlaşmış, ona oturub çay içməsini təklif etmişdir. Lakin Eldar onun oturduğu masada otursa da təklifinə əhəmiyyət verməmiş və ona olan 300 manat borcunu tələb etmişdir. O da ona 20 manatı indi, qalan 20 manatı isə sabah verəcəyini bildirsə də Eldar buna razı olmamış və onlar mübahisə etməyə başlamışlar. Mübahisə zamanı o, söyüş söyərək əli ilə Eldarın sinəsindən itələmiş, həmin vaxtı səsə “Balıq Evini” işlədən Elmira xanım yaxınlaşmış və onlara iradını bildirib oturduqları masadan durmaqlarını və oranı tərk etmələrini bildirmişdir. Elmira xanımın sözündən sonra onlar iksi də həmin masadan qalxıb 5-10 metr kənara keçmiş və həmin vaxtı Eldar ona əl-qol atmağa başlamış və onun üz nahiyyəsindən yumruqla vurmuşdur. Bu vaxtı onların səs-küyünə Elmira və yoldan keçən qadınlar gələrək onları aralamış və iksi də kənarlaşmışlar. Bundan sonra Eldar həmin yerdən uzaqlaşmış və o, yenidən Elmiranın kafesinə getmiş, Eldarın onun ünvanına işlətdiyi sözlər ona pis təsir etdiyi üçün onun arxası ilə getmiş və Eldarın Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15 saylı binanın arxasında hərəkətdə olmasını görüb onu arxadan səsləmiş, Eldar həmin yerdə dayanmışdır. O, Eldara yaxınlaşıb ona cavab verməsini tələb etmiş, Eldar onun sözünə məhəl qoymadığı üçün orada yenidən mübahisələri düşmüş və o, Eldarın baş nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi ilə vurmuş, həmin vaxtı Eldar yerə yıxılmış, və ətrafda insanlar olduğu üçün o, oradan uzaqlaşıb “Balıq Evi” kafesinə qayıdıb saat 23:30-a dək olan müddət ərzində həmin kafedə bir neçə bakal pivə içdikdən sonra yaşadığı ünvana getmişdir. Həmin günü Eldarın həyat yoldaşı Sevda ona zəng vuraraq onlara etdikləri hərəkətin düzgün olmamasını bildirib Eldarı onun vurduğunu və onun baş nahiyyəsindən xəsarət almasını bildirmişdir. Hazırda zərərçəkmiş şəxslə barışmışdır, əməlindən peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyləri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Mikayıl Abdıyevin ona 300 manat pul borcu olmuşdur. Mikayılın Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Balıq evi” kafesində mütamadi olaraq oturduğunu bildiyi üçün xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, yaşadığı evdən çıxıb Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Balıq Evi” kafesinə tək getmiş və həmin kafenin çölündə Mikayılın tək oturub pivə içdiyini görüb ona yaxınlaşmış, Mikayıl ona çay təklif etmiş, o, isə çay içmək istəmədiyini bildirib, Mikayılın ona olan 300 manat borcunu tələb etmişdir. Həmin vaxt Mikayıl ona 300 manatının olmadığını bildirmiş və aralarında sözlə mübahisə yaranmışdır. Bundan sonra səsə “Balıq Evini” işlədən Elmira xanım yaxınlaşmış və onlara iradını bildirib oturduqları masadan durmaqlarını və oranı tərk etməklərini bildirmişdir. Elmira xanımın sözündən sonra onlar iksi də həmin masadan qalxıb 5-10 metr kənara keçmiş və həmin vaxt Mikayıl onunla mübahisə etməyə başlamış, onu uca səslə ətrafda olan insanların qarşısında söyüb təhqir etmiş və onunla əl-qol ilə dalaşmışlar. Mikayıl onu hər iki əli ilə yumruğunu sıxaraq sinəsindən itələmiş, bu vaxt onların səs-küyünə Elmira və yoldan keçən qadınlar onları aralamış onlar ikisi də kənarlaşmış və bundan sonra o, həmin yerdən uzaqlaşmışdır. Bundan az sonra o, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 15 saylı binanın arxasında hərəkətdə olarkən arxadan Mikayılın onu səslədiyini eşidib dayanmış, Mikayıl ona yaxınlaşmış və Mikayıl yenidən onun və ailəsinin ünvanına uca səslə nalayiq söyüşlər söyüb onun arxa hissədən baş nahiyyəsinə bir neçə dəfə yumruq zərbəsi ilə vurmuş, həmin vaxt o, özünü itirərək yerə yıxılmış və həmin vaxt özündə olmadığı üçün gözünü açan zaman Şirvan şəhər Mərkəzi Xəstəxanasında olduğunu görmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində o, H.Əliyev adına istirahət parkı ilə hərəkət edərək Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi,15 saylı binanın arxa hissəsində bir nəfər şəxsin yerdə uzandığını və başından qan axmasını görüb ona yaxınlaşmış və həmin şəxsin onunla birlikdə işləyən Zərərçəkmiş şəxs olmasını görmüş, Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid2 zəng vurub həyat yoldaşı Eldarın yerdə uzanması barədə məlumat verib ünvanı demişdir. Bundan sonra Şahid2 həmin yerə gəlmiş və o, həmin yerdən uzaqlaşıb evinə getmişdir. Həmin günün səhəri o, Sevdanın işlədiyi çay evinə gələn zaman Sevda ona bildirmişdir ki, Eldarı Təqsirləndirilən şəxs vurub. Şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Balıq Evinin” müdiri vəzifəsində işləyir. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs müştəri kimi tanıyır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında o, işlədiyi “Balıq Evində” olmuşdur. Bu vaxtı tanıdığı Mikayıl onun işlədiyi kafeyə gəlmiş və çöl masada əyləşib ondan bir bakal pivə istəmiş və o, gətirib Mikayıla bir bakal pivə vermiş, Mikayıl həmin pivəni içib təkrar yenə də pivə istəmişdir. Bundan bir neçə dəqiqə sonra Mikayılın əyləşdiyi masaya tanıdığı Eldar gəlmiş, bundan sonra Eldarla Mikayılın arasında sözlə mübahisə yaranmış və Mikayıl Eldarın ünvanına nəlayiq ifadələr işlətdiyi üçün o, onlara yaxınlaşıb oturduqları masadan durub getmələrini bildirdikdən sonra Eldar və Mikayıl masadan durub 5-10 metr kənara keçib yenidən mübahisə etməyə başlamışlar. O, Eldar və Mikayılın əlbəyaxa olduqlarını görüb onlara yaxınlaşmış və onları ayırmışdır. Bundan sonra Mikayıl gəlib yarım qalan pivəsini içib, bilmədiyi istiqamətdə getmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 və Şahid3 göstərdiklərini təsdiq edərək onlarla eyni məzmunlu ifadə vermişdir. (i.v -57) Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Məhkəmə tibbi ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 420 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-başın sağ təpəgicgah sərhədində əzilmiş cırılmış yara, baş beyinin sağ təpə payında hemorragik kontuzion ocaq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 10 avqust 2023-cü il tarixdə kənar şəxs tərəfindən getirilə bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (i.v 15-17) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. (i.v.27-28) Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi PHŞ-nin Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞ-nin 09 oktyabr 2023-cü il tarixli, 18-1-35/2-802/2023 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanası PHŞdə ruhi-əsəsb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur.(i.v 29) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı Şirvan-Salyan Regional filialının 06 noyabr 2023cü il tarixli, 3-17-1/2-261384/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 1 saylı Şirvan-Salyan Regional filialından heç bir növ sosial müavinət, pensiya və təqaüd almır. (i.v.51) İş üzrə verilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli, 3/19/2241/2023 nömrəli cavabdan məlum olur ki, əməliyyat tapşırığındakı hallar üzrə bir sıra əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində baş vermiş hadisə zamanı cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş ümumi normalardan kənara çıxan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli xuliqanlıq hərəkətləri olmuşdur.(i.v 63) xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. (i.v 64) 05 dekabr 2023-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v 74) 05 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir.(i.v 94) Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir iradı və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə cinayət işi ilə bağlı tətbiq etdiyi hüuqu: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Xuliqanlığın əsas tərkibini təsbit edən Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair “17 fevral 2006-cı il tarixli,habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsiinn 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən aydın olur ki,xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan,cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi,yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın xüsusiyyəti onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun,hədənin tətbiq edilməsi,əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət qeyd edilən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına,cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının,birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək,eqoizmini nümayiş etdirib,özünü başqalarının fövqündə qoymaq kimi,son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq,cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir.Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir.Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 398.1.1-ci maddəsinin «şəxs insan ləyaqətini alçaldan və ictimai mənəviyyatı təhqir edən sərxoş vəziyyətdə ictimai yerlərə gəldikdə…» müddəasının Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinə, 71-ci maddəsinin İİ hissəsinə və 80-ci maddəsinə uyğunluğunun yoxlanılmasına dair» 27 avqust 2004-cü il tarixi, «B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 17 fevral 2006-cı il taixli qərarlarında və "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü tarixli qərarlarında «ictimai qayda» və «ictimai qaydanı pozan hərəkətlər» anlayışlarına, ümumən xuliqanlıq hərəkətlərinə izah verilmişdir. Məhz həmin qərarların ruhundan və təbiətindən çıxış edərək məhkəmə hesab edir ki, hadisə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında şəxsi münasibət zəminində başlasa da təqsirləndirilən şəxsin sonrakı hərəkətləri ictimai qaydanın qərəzli şəkildə kobud pozulmasına yönəlmişdir və qərəzli xuliqanlıq hərəkətləridir Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Məhkəmənin cinayət işi və cəza təyini ilə bağlı mövqeyi və əsaslandığı hallar Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CMnin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən peşman olmasını, səmimi etirafını cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yaşının 60-dan yuxarı olmasını, mövcud yüngülləşdirici halları və ağırlaşdırıcı halın olmamasını nəzərə alaraq onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə işləri cəzasının təyin olunmasını, hökmün icrasının Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməsini məqsədəmüvafiq olması qənaətinə gəlir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancından 10 % dövlət nəfinə tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yeri üzrə çəksin və cəzaçəkməsinin əvvəli onun qazancından ilkin tutulmaların aparıldığı vaxtdan hesablansın. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən, onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-42/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-42/2024
30.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver