Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-43/2024 29.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:15 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi - Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında 28 avqust 1988-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu olan, bundan başqa Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli qərarı ilə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs Şirvan Apellyasiya Məhkəməsinin 1(106)-576/2018 saylı, 11 dekabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi üzrə təqsirli bilinərək 1 (bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, məhkumluğu ödənilmədiyi və ya qanunla müəyyən edilmiş qaydada götürülmədiyi halda, cavabdeh kimi ondan 05 may 2015-ci il tarixdən hesablanmaqla 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs qızına verilməsinə dair Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-1060/2015 saylı, 11 iyun 2015-ci il tarixli, həmçinin 07 dekabr 2015-ci il tarixdən hesablanmaqla 25 sentyabr 2015ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-209/2016 saylı, 26 yanvar 2016-cı il tarixli və 23 yanvar 2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-706/2017 saylı, 14 mart 2017ci il tarixli qətnamələrini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Şirvan şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 3(032)-609/2021 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 05 iyul 2021-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün ilkin təqdimat verilən 03 noyabr 2017-ci il tarixdən sonuncu təqdimat verilənədək, yəni 10 sentyabr 2021-ci il tarixinə kimi 13050 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş öz ifadəsi, zərərçəkmiş şəxsin, şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai istintaqda vermiş olduğu ifadəsini təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi üzrə təqsirli bilinərək 02 il 09 ay müdddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və hazırda cəzaçəkmə müəssisəsində cəzasını çəkir. Əməlindən peşmandır. İbtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs qonşuları kimi tanımış və münasibətləri yaranmışdır. Təxminən 2013-cü il tarixdə el adəti ilə ailə qurub birlikdə yaşamışlar. Evliliklərindən 09 sentyabr 2014-cü il təvəllüdlü X6, 25 sentyabr 2015-ci il təvəllüdlü X7 və 08 dekabr 2016-cı il təvəllüdlü X9 adlı övladları dünyaya gəlmişdir. Evləndikdən sonra Şirvan şəhərində yaşamışlar. Həmin vaxtlar kərpic zavodunda işləyərək yetərli qazanc əldə etmişdir. Zeynəb ilə münasibətləri yaxşı olsa da, tez-tez ayrılıb barışırmışlar. Sonuncu dəfə dalaşdıqdan sonra Zeynəb atası evinə çıxıb getmiş, o, evlərinə gedib barışmaq istəsə də, Zeynəb və ailəsi razı olmamışdır. Bu səbəbdən ayrılmaq qərarına gəlmişlər. Zeynəb himayəsində olan uşaqları tək saxlaya bilmədiyi üçün aliment tələbi ilə məhkəməyə müraciət etmiş, Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(032)-1060/2015 saylı, 11 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən ondan 05 may 2015-ci il tarixdən hesablanmaqla 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, Şirvan şəhər Məhkəməsinin 2(032)-209/2016 saylı, 26 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən ondan 07 dekabr 2015-ci il tarixdən hesablanmaqla 25 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi, Şirvan şəhər Məhkəməsinin 2(032)-706/2017 saylı, 14 mart 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 08 yanvar 2017-ci il tarixdən hesablanmaqla 08 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnamələri qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Kifayət qədər imkanının olmadığından və səhlənkarlıq etdiyindən alimenti ödəməmişdir. Məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyindən Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi üzrə təqsirli bilinərək 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını çəkib qurtardıqdan sonra Şirvan şəhərinə qayıtmışdır. Ondan yenidən alimentin ödənilməsi tələb olunmuşdur. Lakin imkanının kifayət qədər olmadığından və Zeynəb övladlarını ona göstərmədiyindən aliment ödənişləri aparmamışdır. Buna baxmayaraq uşaqla ünsiyyətin təmin edilməsi ilə bağlı, həmçinin yığılmış aliment borcunun silinməsi, möhlət verilməsi və ya hissə-hissə icra edilməsi barədə məhkəməyə müraciət etməmişdir. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Şirvan şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli inzibati qərarına əsasən 10 gün müddətinə inzibati həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini icra etməmişdir. Təqdimat verilən günə, yəni 10 sentyabr 2021-ci il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 13050 manat təşkil etmişdir. Həmin vaxtlar fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cəza çəkməkdən azad olunduqdan sonra verilən birdəfəlik pul müavinətindən aliment ödəməmiş və həmin pulları hara xərclədiyini xatırlamır. Məşğulluq Mərkəzində qeydiyyata dursa da, azadlıqda olduğu ərəfələrdə işlə təmin edilməsi üçün mərkəzə mütəmadi olaraq müraciət etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2013-cü il tarixdə qeyri-rəsmi ailə qurmuşlar. Həmin evlilikdən 09 sentyabr 2014-cü il təvəllüdlü X6, 25 sentyabr 2015-ci il təvəllüdlü X7 və 08 dekabr 2016-cı il təvəllüdlü X9 adlı övladları anadan olmuşdur. Evli olduqları vaxtlar Təqsirləndirilən şəxs daim spirtli içkilərdən istifadə etmiş, evdə əsassız mübahisələr yaratmışdır. Uşaqlar balaca olduğundan məcbur dözmüşdür. Bir neçə dəfə ayrılıb ata evinə getsə də, Mübariz gəlib yalvar-yaxar etdiyindən və uşaqlara baxmaq həm maddi, həm mənəvi çətin olduğundan bağışlayıb barışmışdır. Lakin sonuncu dəfə içkili vəziyyətdə balaca uşağını onun əlindən alıb evdən qovmuşdur. Valideynləri polis ilə gəldikdən sonra uşağı Mübarizdən almışlar və bundan sonra bir daha qayıtmamışdır. Təqsirləndirilən şəxs uşaqları ilə maraqlanmadığından ayrılmışlar və övladları onun himayəsində qalmışdır, övladlarını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 11 iyul 2015-ci il tarixli qətnaməsinə əsasən 05 may 2015-ci il tarixdən hesablanmaqla 09 sentyabr 2014-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi, həmin Məhkəmənin 26 yanvar 2016-cı il tarixli qətnaməsinə əsasən 07 dekabr 2015-ci il tarixdən hesablanmaqla 25 sentyabr 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi və 14 mart 2017-ci il tarixli qətnaməsinə əsasən 08 yanvar 2017-ci il tarixdən hesablanmaqla 08 dekabr 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Qətnamələr qanuni qüvvələrini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhər İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qətnamələrini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün 21 iyun 2021-ci il tarixli inzibati qərarına əsasən isə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. 10 sentyabr 2021-ci il tarixə ödənməmiş aliment borcu 13050 manat təşkil etmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər də, məhkəmə qətnaməsini icra etmədiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, azadlığa çıxdıqdan sonra nəticə çıxarmamış və heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs azadlıqda olduğu zamanlar fərdi əmək fəaliyyəti ilə məşğul olmuş, lakin alimenti ödəmək niyyəti olmamışdır. Qeyd edilən ödənilməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər İcra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)- 209/2016 saylı 26 yanvar 2016-cı il tarixli qətnaməsi üzrə verilmiş xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən əvvəli 07 dekabr 2015-ci ildən hesablanmaqla hər ay 80 manat sabit pul məbləğində bir uşağın saxlanılması üçün sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi 19 aprel 2016-cı il tarixdə şöbənin icraatına daxil olmuş, 20 aprel 2016-cı il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası ilə bağlı bildiriş borclu Təqsirləndirilən şəxs göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-1060/2015 saylı 11 iyun 2015-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən əvvəli 05 may 2015-ci ildən hesablanmaqla hər ay 100 manat sabit pul məbləğində bir uşağın saxlanılması üçün sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi 05 oktybar 2016-cı il tarixdə Şöbənin icraatına daxil olmuş, 06 oktyabr 2016-cı il tarixli icraata başlamaq haqqında və iki icra vərəqəsinin ümumi icraatda birləşdirilməsinə dair qərarlar qəbul edilərək Təqsirləndirilən şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin 2(032)-209/2016 saylı 26 yanvar 2016-cı il tarixli və Şirvan şəhər Məhkəməsinin 2(032)-1060/2015 saylı 11 iyun 2015-ci il tarixli icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-706/2017 saylı 14 mart 2017-ci il tarixli qətnaməsi əsasında verilmiş icra vərəqəsinə əsasən əvvəli 23 yanvar 2017-ci ildən hesablanmaqla hər ay 100 manat sabit pul məbləğində bir uşağın saxlanılması üçün sabit pul məbləğində aliment borclu Təqsirləndirilən şəxs tutularaq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi 02 may 2017-ci il tarixdə Şöbənin icraatına daxil olmuş, 03 may 2017-ci il tarixli icraata başlamaq haqqında və üç icra vərəqəsinin ümumi icraatda birləşdirilməsinə dair qərarlar qəbul edilərək Təqsirləndirilən şəxs barəsində olan Şirvan şəhər Məhkəməsinin 2(032)-209/2016 saylı 26 yanvar 2016-cı il tarixli , Şirvan şəhər Məhkəməsinin 2(032)-1060/2015 saylı 11 iyun 2015-ci il tarixli və Şirvan şəhər Məhkəməsinin 2(032)-706/2017 saylı, 14 mart 2017-ci il tarixli icra vərəqələri ümumi icraatda birləşdirilmişdir. İş üzrə Təqsirləndirilən şəxs, barəsində tətbiq edilmiş məcburi icra tədbirlərindən nəticə çıxarmadığı və qeyd olunan məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyi üçün Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi əsasında 03 noyabr 2017-ci il tarixli təqdimat ilə cinayət məsuliyyətinə cəlb edilərək Şirvan şəhər Məhkəməsinin 1(032)-93/2018 saylı hökmü ilə 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardıqdan sonra İcra və probasiya şöbəsinə dəvət olunmuş, hüquq və vəzifələri izah edilməklə aliment öhdəliyini yerinə yetirməsi ondan tələb edilmişdir. Borclu icra sənədlərinin icrasından üzrsüz səbəbdən boyun qaçırdığından və olduğu yeri müəyyən etmək mümkün olmadığından barəsində 14 aprel 2021-ci il tarixdə “borclunun axtarılması haqqında” qərar qəbul edilərək icra edilməsi üçün Şirvan şəhər Polis Şöbəsinə göndərilmişdir. Təqsirləndirilən şəxs 23 iyun 2021-ci il tarixdə Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən yaxalanaraq İcra şöbəsinə təhvil verilmiş və həmin tarixdə icra sənədləri üzrə yığılan aliment borcunu ödəməsi ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilərək Şirvan şəhər Məhkəməsinə təqdim olunmuş və həmin məhkəmənin 3(032)-609/2021 saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən 10 gün müddətində inzibati qaydada həbs edilmişdir. Bundan sonra borcluya tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və bir daha xəbərdarlıq edilmişdir. Lakin tələb yenə icra olunmamışdır. Təqsirləndirilən şəxs öhdəliyini lazımi qaydada yerinə yetirməmiş, aliment borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. Nəticədə icra sənədi üzrə 03 noyabr 2017-ci il tarixdən 10 sentyabr 2021ci il tarixədək 13050 manat aliment borcu yaranmışdır. Zərərçəkmiş şəxs şöbəyə 08 sentyabr 2021-ci il tarixdə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Şirvan şəhər İcra və probasiya şöbəsinin sabiq icra məmuru X8 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsi elan edilməklə tədqiq edilmiş, o, həmin ifadəsində Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunması istiqamətdə tədbirlər görülməsini xahiş etmişdir; İş materiallarında olan cinayət məsuliyyətinə cəlb etmə haqqında 10 sentyabr 2021ci il tarixli təqdimatdan görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.3-cü maddəsinin tələbləri rəhbər tutularaq xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, Əli-Bayramov küçəsi, dalan 5, ev 12-də qeydiyyatda olmaqla yaşayan iş üzrə borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması xahiş edilmişdir; İş materiallarında olan cinayət işi başlanılması və icraata qəbul edilməsi haqqında 25 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 11 iyun 2015-ci il tarixli qətnaməsindən görünür ki, 09 sentyabr 2014-cü il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 05 may 2015-ci ildən hesablanmaqla xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş və ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 26 yanvar 2016-cı il tarixli qətnaməsindən görünür ki, 25 sentyabr 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 07 dekabr 2015-ci ildən hesablanmaqla xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş və ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 14 mart 2017-ci il tarixli qətnaməsindən görünür ki, 08 dekabr 2016-cı il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 23 yanvar 2017-ci ildən hesablanmaqla xx.xx.1988-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş və ünvan 1-də qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir; İş materiallarında olan icraata başlamaq haqqında 20 aprel 2016-cı il tarixli qərardan görünür ki, iş üzrə icraata başlanılmış, cavabdeh Təqsirləndirilən şəxs 25 sentyabr 2015-ci il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli xx.xx.2015-ci ildən hesablanmaqla hər ay sabit pul məbləğində 80 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə könüllü ödəmək üçün 10 gün müddət verilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir; İş materiallarında olan icraata başlamaq haqqında 06 oktyabr 2016-cı il tarixli qərardan görünür ki, iş üzrə icraata başlanılmış, cavabdeh Təqsirləndirilən şəxs 05 may 2015-ci il tarixdən başlayaraq 09 sentyabr 2014-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat sabit pul məbləğində 80 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə könüllü ödəmək üçün 10 gün müddət verilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir; İş materiallarında olan icraata başlamaq haqqında 03 may 2017-ci il tarixli qərardan görünür ki, iş üzrə icraata başlanılmış, borclu Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 23 yanvar 2017-ci ildən hesablanmaqla hər ay sabit pul məbləğində 100 manat aliment tutularaq Zərərçəkmiş şəxs xeyrinə könüllü ödəmək üçün 10 gün müddət verilmiş və bu barədə cavabdehə bildiriş göndərilmişdir; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 16 yanvar 2017-ci il tarixli qərardadından görünür ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(032)- 209/2016 saylı icra sənədinə əsasən ünvan 1-də qeydiyyatda olan borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır; İş materiallarında olan cinayət məsuliyyətinə cəlb etmə haqqında 03 noyabr 2017-ci il tarixli təqdimatdan görünür ki, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 82.3-cü maddəsinin tələbləri rəhbər tutularaq, xx.xx.1988-ci ildə Şirvan şəhərində anadan olmuş, Şirvan şəhəri, Əli-Bayramov küçəsi, dalan 5, ev 12-də qeydiyyatda olmaqla yaşayan iş üzrə borclu Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması xahiş edilmişdir; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 1(032)-93/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 11 dekabr 2018-ci il tarixli, 1(106)-576/2018 saylı qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şirvan şəhər Məhkəməsinin 10 oktyabr 2018-ci il tarixli, 1(032)-93/2018 saylı hökmü Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti ilə əlaqədar dəyişdirilmiş, həmin hökmlə Təqsirləndirilən şəxs təyin edilmiş cəza 1 (bir) il 6 (altı) aya qədər ağırlaşdırılmışdır; İş materiallarında olan borclunun axtarışı haqqında 14 aprel 2017-ci il tarixli qərardan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü, Şirvan şəhəri, Əli-Bayramov küçəsi dalan 5, ev 12də qeydiyyatda olan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 3(032)- 609/2021 saylı qərarından görünür ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq olunmuşdur; İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 17 fevral 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işi üzrə Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş, cinayət işi üzrə icraata xitam verilmişdir; İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir; İş materiallarında olan ittiham elan etmək üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, ********* nömrəli cinayət işi üzrə ittiham elan etmək üçün 28 avqust 1988-ci il tarixdə Əli- Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəalliyyəti ilə məşğul olan ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir; İş materiallarında olan xx.xx.2021-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs istintaqdan gizləndiyi üçün barəsində Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır; İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və dayandırılmış icraatın təzələnməsi haqqında qərarın surətindən görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi müstəntiq Məhəmməd Eminbəyli tərəfindən icraata qəbul edilmiş və dayandırılmış icraat təzələnərək ibtidai istintaq davam etdirilmişdir; İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 26 aprel 2022-ci il tarixli, 1(032)- 117/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir; İş materiallarında olan Ədliyyə Nazirliyinin PX-nin 15 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi dövr ərzində işlə təmin edilməsi üçün müəssisəyə müraciət etməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin, şahidin ifadələri və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. İnsan Hüquqlarının və X5 Haqqında 3 sentyabr 1953-cü il tarixli Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlukəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-nin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu cinayəti etiraf etdiyini və peşman olduğunu Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək ona 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Bundan başqa iş materialları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkməkdədir və hazırki cinayəti həmin hökmlə məhkum edilməzdən əvvəl törətmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyası daxilində və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 24 yanvar 2022-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində və Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-117/2022 saylı hökmü ilə təyin olunmuş 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilərlər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №1(032)-43/2024
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-43/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver