Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-45/2023 07.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Saat 12.15-də Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Məmmədli Murad Sadiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Azərbaycan Respublikası Vəkillər X1 Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1968-ci ildə Naxçıvan Muxtar Respublikası, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X4 Ginekologiya və doğum şöbəsində mama-ginekoloq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə, xx.xx.1962-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, “Şirvan şəhər Mərkəzi Xəstəxanası” X4 Ginekologiya və doğum şöbəsində neanotoloq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 09:40-da “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X4 Ginekologiya və doğum şöbəsinə “G1A0P39 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü” diaqnozu ilə müraciət etmiş xx.xx.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs doğuş prosesinə rəhbərlik etdiyi zaman Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim mama-ginekoloqun nümunəvi vəzifə Təlimatı”na əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, müvafiq qaydalara, standartlara uyğun olaraq tibbi yardım taktikasınını, diaqnozunu müəyyən etməli, zərurət yarandığı halda aidiyyəti üzrə cərrahi müdaxilələri həyata keçirməli, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etməli, əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli, 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə Klinik Protokol”-a əsasən doğuş prosesinin gedişinə, dölün vəziyyətinə, doğuşdan sonra yenidoğulmuşun vəziyyətinə diqqətlə nəzarət etməli, risk amillərini dəyərləndirməli, fəsadları müəyyən etməli, vəzifə öhdəliklərini, fəaliyyəti üzrə normativhüquqi aktların tələblərini vaxtında, keyfiyyətlə icra etməli olduğu halda həmin tələblərə əməl etməyərək səhlənkarlıq edib öz işinə laqeyd münasibət göstərməklə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Zərərçəkmiş şəxs doğuş prosesində konservativ doğuş taktikasını düzgün idarə etməmiş, doğuş prosesini sürətləndirməmiş, dölün doğuş yollarında ləngiməsini düzgün qiymətləndirməmiş, sonuncunu vaxtında doğuşayardım xidmətinin müvafiq səviyyəsinə köçürməmiş, doğuşun ikinci dövründə doğuş sancılarının zəif və keyfiyyətsiz olması ilə əlaqədar aparmış olduğu bəzi konservativ tədbirlər kifayət etməməsinə baxmayaraq digər üsullardan (epiziotomiya) istifadə etməmiş, doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində Zərərçəkmiş şəxs tərəfindən doğulmuş yenidoğulmuş uşaq İ-li ocaqlı atelektaz, cift toxumasında xroniki plesentit, retroplasentar hematoma fonunda baş vermiş bətndaxili və postnatal (doğuşdan sonraki) hipoksiyası səbəbindən ölmüşdür. Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə, saat 09:40-da “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” X4 Ginekologiya və doğum şöbəsinə “G1A0P39 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü” diaqnozu ilə müraciət etmiş xx.xx.2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs doğduğu yenidoğulmuşa doğuşdan sonra tibbi yardımlar etdiyi zaman Azərbaycan Respublikası Səhiyyə Nazirinin xx.xx.2012-ci il tarixli, 70 nömrəli əmri ilə təsdiq edilmiş “Həkim neonatoloqun nümunəvi vəzifə Təlimatı”na əsasən tibbi praktikada tətbiqinə icazə verilmiş müasir müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərməli, qaydalara, standartlara uyğun olaraq tibbi yardım taktikasınını, diaqnozunu müəyyən etməli, zəruri müalicəni təyin etməli, ona nəzarət etməli, yenidoğulmuşun vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etməli, əlavə müayinə metodlarının zəruriliyini müəyyən etməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 05 iyun 2012-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə Klinik Protokol”-a əsasən ixtisaslı tibbi yardımları göstərməli olduğu halda dəri örtüyünün rənginin qiymətləndirilməsini, yuxarı tənəffüs yollarının təmizlənməsini, sərbəst axınla oksigenin verilməsini, ağciyərlərin köməkçi ventilyasiyasını, ürəyin xarici masajını, dərmanların yeridilməsini tam icra etməyərək səhlənkarlıq edib öz işinə laqeyd münasibət göstərməklə xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməyib Zərərçəkmiş şəxs doğduğu kişi cinsli yenidoğulmuşa kifayət qədər ixtisaslı tibbi yardımları göstərməməsi nəticəsində yenidoğulmuş İ-li ocaqlı atelektaz, cift toxumasında xroniki plesentit, retroplasentar hematoma fonunda baş vermiş bətndaxili və postnatal (doğuşdan sonrakı) hipoksiyası səbəbindən ölmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, 1995-ci ildən Şirvan şəhər Mərkəzi Xəstəxanasında mamaginekoloq həkimi vəzifəsində işləyir. 22 iyul 2022-ci il tarixdə, Sabirabad rayonu, Məmişlər kənd sakini Zərərçəkmiş şəxs öz qaynanası ilə birlikdə qəbuluna gəlmişdir. O, həmin qadını əvvəldən tanımamışdır. O, onu sidik və qan analizi verməyə göndərmişdir. Zərərçəkmiş şəxs qan və sidik analizlərini verdikdən sonra yanına gəlmişdir. O, onun analiz nəticələrinə baxdıqda sidik analizində azacığ zülal izinin olduğunu görmüş, ancaq bu o qədər də ciddi problem olmamışdır. O, hər ehtimala qarşı “Uradef” adlı dərmanı yazmış və istifadə etməsini məsləhət görmüşdür. Zərərçəkmiş şəxs 39-40 həftəlik hamilə imiş. Onlar həmin gün doğuşu Şirvan şəhəır Mərkəzi Xəstəxanasının doğum evində etmək istədiklərini bildirmişlər. O da narahat olmamalarını, istədiyi yerdə, istədiyi şəkildə doğum edə biləcəyini bildirmişdir. 08 avqust 2022-ci il tarixdə, səhər saat 09 radələrində Zərərçəkmiş şəxs öz qaynanası ilə birlikdə qəbuluna gəlmişdir. Elnurə sancılarının başladığını demişdir. O, Zərərçəkmiş şəxs daxili müayinə edən zaman onun doğum açılışının yeni olduğunu görmüşdür. O, ona bu barədə məlıumat verərək doğuş üçün tez olduğunu, sabah gəlməli olduğunu bildirmişdir. Onlar getmək istəmədiklərini, yollarının uzaq olduğunu bildirmişlər. O, həmin zaman Zərərçəkmiş şəxs xəstəxanaya daxil olmasını sənədləşdirmişdir. O, Elnurəni xəstəxananın 2ci mərtəbəsində palataya təhvil vermişdir. Onun iş vaxtı bitdikdən sonra evə getmişdir. Təxminən saat 16-17 radələrində Elnurə ona zəng edərək uşaqlıq yolundan maye gəldiyini, sancılarının başladığını bildirmişdir. O,uzanmalı olduğunu, sancılarının artacağını, onun da həmin zaman gələcəyini bildirmişdir. Təxminən saat 18 radələrində o, Elnurəyə zəng etmiş, ancaq onun telefonuna zəng çatmamışdır. O, növbətçi tibb bacılarından birinə zəng edərək Elnurənin vəziyyətini soruşmuşdur. Tibb bacısı ona Elnurənin sancılarının artdığını, açılışının olduğunu demişdir. O dərhal Şirvan şəhər Mərkəzi Xəstəxanasının doğum evinə gəlmişdir. O,təxminən saat 18-19 radələrində xəstəxanaya gəldikdə Elnurəni daxili müayinə etmişdir. Müayinə zamanı aşkar etmişdir ki, doğuş fəaliyyəti başlamış və 5 sm açılış olmuşdur. Müayinə zamanı uşağın döyüntülərinə qulaq asmış, döyüntülər təxminən 90-100 olmuşdur. Zərərçəkmiş şəxs doğuş otağına keçirtmiş və ananın burnuna oksigen, vena daxilinə natrium xlor (400 gr), vitamin C, kokar vaksinaza, kardiamin sistemini qoşmuşdur. Daha sonra natrium bikarbonat sistemə əlavə etdirmişdir. Təxminən yarım saat sonra uşağın döyüntülərini yoxladıqda stabil yəni, 140 olduğunu görmüşdür. Həmin sistem Elnurənin doğuşu qurtarana qədər qalmışdır. Elnurə bu ərəfədə sancı çəkdikcə uşaqın ürəy döyüntüləri dəyişmişdir. Ancaq 120-dən aşağı düşməmişdir. Axşam vaxtlarına qədər Elnurənin doğuşunu gözləmişdir. Həmin zaman onunla profilaktik söhbətlər etmişdir. Təxminən saat 22 radələrində Elnurənin doğuşu yaxınlaşmış, sancıları çox olmuş, Elnurə doğuş zamanı özünü düzgün idarə edə bilmədiyinə görə öz anasını (adını bilmir) doğuşa dəvət etmişdir. Anası Elnurənin yanına gəlmiş, ancaq o da Elnurəni doğuşda sakitləşdirə bilməmişdir. O, anasını göndərdikdən sonra qaynanasını dəvət etmişdir. Qaynanası gəldikdən sonra o da Elnurəyə məsləhətlər vermiş, gücənməsini demişdir. Uşağın başı artıq görünmüş, ancaq simfiz sümüyünü keçməmişdir. Həmin zaman Elnurə çoxlu gücənməli imiş, lakin gücənə bilməmişdir. Qaynanasının da heç bir təsiri olmamış və o da çölə çıxmışdır. Doğuş prosesində dölün ürək döyüntülərini ölçmüşdür. Dölün ən son ürək döyüntüsü gücənmələr vaxtı 110, daha sonra fasilələrlə 140-a qalxmışdır. Elnurə gücənmədə çox problem yaşamış və axırıncı güclərin birində uşaq doğulmuşdur. Uşaq anadan düşən zaman uşağın ürək düyüntüsünü yoxlamış, ürək döyüntüsü yox imiş. O, dərhal uşağı masanın üzərinə qoymuş, ancaq uşaq ağlamamış, səsi gəlməmişdir. O, əllərilə uşağın müxtəlif nahiyyələrinə sürtünmələr etmiş, həmçinin ürəyini masaj etmişdir. Ancaq hələ də uşaq düzəlməmişdir. Növbətçi neantoloq Təqsirləndirilən şəxs2 uşağı özünə verməli olduqlarını demişdir. O, uşağı İradə həkimə vermişdir. İradə həkim də müvafiq ilkin yardımları göstərmiş, göbək venasından adrenalin vurmuş, süni tənəffüs etmiş, həmçinin ambuyla oksigen vermişdir. Bütün göstərilən tibbi yardımlara baxmayaraq uşaq həyata geri qayıtmamışdır. Elnurənin qaynanasını təkrar yuxarıya dəvət etmiş, o gəldikdə uşağı göstərərək nəfəs almadığını və yaşamadığını bildirmişdir. Elnurənin qaynanası səs-küy salaraq aşağı mərtəbəyə düşmüşdür. Təxminən 10 dəqiqə sonra cift gəlmiş, cift təmiz olmuş, uşaq doğulanda “mekoni” uşaqlıq yoluna buraxmamış, doğuş yolunu yoxlamış, doğuş zamanı epizotamiya etmiş, ona görə həmin nahiyyəni tikib bərpa etmiş, bununla da Zərərçəkmiş şəxs ilə doğuş yekunlaşmışdır. Doğuşdan sonra Zərərçəkmiş şəxs ondan şikayətçi olmadığını söyləmişdir. Hətta o doğuş stolunda güc verdiyi zaman qışqıraraq demişdir ki, cəhənnnəm olsun bu uşaq. O da ona təskinlik verməyə çalışmışdır. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilmədi, ifadə verərək göstərdi ki, 1985-ci ildən Şirvan ŞMX PHŞ-də, 1990-cı ildənhazırki tarixədək doğum şöbəsində neanotoloq işləyir, 32 illik neanotoloq kimi iş stajı vardır. Xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən xx.xx.2022-ci il tarixdə, saat 20:00-da növbəyə daxil olmuşdur. Həmin gecə təxminən saat 22:30-da tibb bacıları tərəfindən ona doğuş otağında qadının doğuşunun başa çatacağı bildirilmişdir. O dərhal doğuş otağına keçmişdir. Doğuş otağına daxil olduqda Zərərçəkmiş şəxs adlı xəstənin doğuş prosesinin davam etdiyini görmüşdür. O, hələki heç bir müdaxilə etməmiş, doğuş zamanı olanları izləmişdir. Doğuş prosesində Elnurənin anası və qaynanası Fərqanə həkim tərəfindən doğuş otağına dəvət edilmişdir. Çünki Elnurə doğuş zamanı özünü düzgün idarə edə bilməmişdir. Doğuş zamanı çox gücənməli və son gücvermələri etməli olduğu halda edə bilməmişdir. Lakin ona gücləndirici və ya digər hər hansı iynə vurulub-vurulmaması barədə heç bir məlumatı olmamışdır. Anası və qaynanası gəlmələrinə baxmayaraq onlar da Elnurəni başa sala bilməmişlər. Uşağın başı artıq görünmüş, kiçik çanaq boşluğunun çıxacağında imiş. Doğuş zalına gəldiyi zaman uşağın ürək döyüntülərinin olduğunu demişlər. Lakin həkimin bunu son dəfə nə zaman yoxladığı barədə heç bir məlumatı olmamışdır. Daha sonra uşaq doğulmuş, ancaq uşaqda heç bir həyati reaksiya olmamışdır. O, doğuş otağına gəldiyi zaman doğuş prosesini həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 özü aparmışdır. O, neanotoloq kimi dərhal reanimasiya tədbirlərinə başlamışdır. Uşağın ağciyərlərini süni ventilyasiya etmiş, daha sonra süni ventilyasiyanı oksigenlə davam etmiş, reaksiya olmadığına görə ürəyin qeyri-düz masajını süni ventilyasiya ilə birlikdə etmişdir. Sonra uşaqdan yenə reaksiya olmadığına görə adrenalin məhlulunu uşağın göbək ciyəsi venasına vurmuşdur. Lakin yenə heç bir reaksiya olmamışdır. Ümumilikdə reanimasiya müddəti 10 dəqiqədir. 10 dəqiqə ərzində ölü doğulmuş uşaqda heç bir reaksiya olmadığına görə bununla da reanimasiya tədbirləri dayandırılmışdır. Hər prosesi tətbiq etdikdən sonra uşağın vəziyyəti izlənilir, əgər uşaqda həyati hər hansı vəziyyət olursa, proses davam etdirilir. Bu uşaqda isə heç bir həyat əlamətləri olmamışdır. O, mamaya uşağın göbək ciyəsinin kəsilməsini və uşağın parametrlərinin ölçülməsini bildirmişdir. Mama tərəfindən bu tapşırıqlar icra olunmuş və ölü doğulmuş uşaq meyitxanaya təhvil verilmişdir. Hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, bu cür ifadələr özünümüdafiə xarakteri daşıyır, işin faktiki hallarına uyğun gəlmir, cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, 2020-ci ildə Ramil Yaqublu ilə ailə həyatı qurmuş, lakin şəxsiyyət vəsiqəsi ilə portal arasında olan ziddiyyətə görə rəsmi nikah bağlaya bilməmişdir. Birgə nikahlarından uşağı olmamışdır. 2021-ci ilin noyabr ayında ev şəraitində yoxlama aparmaqla hamilə olduğunu anlamışdır. O, hamiləliyi dövründə Sabirabad rayonu, Ulacalı kəndində yerləşən tibb məntəqəsində Fəridə Şükürovanın yanına getmişdir. Hər ay USM, Qan, sidik analizlərini də Sabirabad rayonunda yerləşən “Omega Xəstəxana”sında vermişdir. Fəridə Şükürova ona xəstəxanada qeydiyyata düşməyini məsləhət gördüyü üçün, o, bu səbəblə Sabirabad rayon Mərkəzi Xəstəxanasında mama-ginekoloq vəzifəsində işləyən Ramidə Əliyevanın qəbuluna getmiş, lakin Ramidə Əliyevanın müailəcəsindən ərizə yazaraq imtina etmişdir. Ramidə Əliyeva ona heç bir müalicə tədbiri göstərməmiş, o sadəcə qeydiyyata düşmək üçün onun qəbuluna getmişdir. O, qohumlarından Təqsirləndirilən şəxs1 yaxşı həkim olduğunu eşitmiş, ona görə doğuşun onun tərəfindən həyata keçirilməsini istəmişdir. 22 iyul 2022-ci il tarixdə Fərqanə həkimin qəbuluna getmiş, Fərqanə həkim onu qan, sidik analizlərinə göndərmiş, qan və sidik analizləri verdikdən sonra nəticələrini Fərqanə həkimə təqdim etmiş, həkim sidik analizində zülal izinin olduğunu bildirərək “Uradef” adlı dərman yazmış və onu qəbul etməyini bildirmişdir. Dəqiq yadında olmasa da, təxminən 1 həftə sonra o, yenidən Fərqanə həkimin qəbuluna getmiş, bu dəfə ona “konifrom” adlı dərman yazmışdır. Daha sonra 08 avqust 2022-ci il tarixdə, 08-09 radələrində onun doğuş sancıları başladığına görə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gəlmiş, qaynanası İlhamə Yaqubova ilə birlikdə Fərqanənin qəbuluna girmiş, Fərqanə həkim onu müayinə etdikdən sonra doğuş açılışının başladığını, ancaq açılışın az olduğunu, doğuş üçün tam hazır olmadığını demişdir. Əlavə olaraq doğuşun 09 avqust 2022-ci il tarixə qədər davam edə biləcəyini bildirmiş və ona görə onu xəstəxanada palataya yerləşdirmişdir. Onlar Fərqanənin qəbulunda olan zaman o növbədə olmadığı halda doğuşu 350 manata başa vuracağını bildirmişdir. O, palataya uzandıqdan sonra təxminən saat 18-19 radələrinə qədər gözləmiş, ağrıları çoxaldığından tanımadığı tibb bacısına Fərqanəyə zəng vurmasını bildirmiş, tibb işçiləri Fərqanəyə zəng edərək onun ağrılarının çoxaldığını söyləmiş, Fərqanə həkim gəldikdən sonra onu doğuş otağına keçirmişdir. Doğuş otağında ona adları yadında qalmayan iynələr vurulmuş, həmçinin sistem qoşulmuşdur. Təxminən saat 22 radələrində onun doğuş prosesi başlanmış, doğuşdan öncə onun ağrıları həddən artıq çox olduğuna görə Fərqanəyə onu əməliyyat etməsini demiş, Fərqanə həkim ona keysəriyyə əməliyyatının keçirilməsini əvvəlcədən deməli olduğunu bildirmişdir. Doğuş prosesi zamanı onun gücü olmamış, tam gücənə bilməmişdir. Yəni doğuşu normal tənzimləyə bilməmiş, doğuş prosesi zamanı həkim dölün ürək döyüntüsünü təxminən 4-5 dəfə yoxlamış, həmin vaxt dölün ürək döyüntüləri normal olmuş, döl çanaq sümüyünə çatdıqdan sonra onun artıq heç bir gücü qalmamış, gücənib dölü çıxara bilməmişdir. Doğuş zamanı həkim anası Aygünü və qaynanası İlhaməni doğuş otağına çağırmış, anası dölün çanaq sümüyündə olduğunu, başının görsəndiyini, lakin onun güc vermədiyi və dölün nəticədə öləcəyini bildirmişdir. Anası Aygün uşağın və onun sağ-salamat olmağını bildirmiş və getmişdir. Daha sonra həkim qaynanası İlhaməni çağırmış və eyni sözləri ona da demişdir. Qaynanası İlhamə uşaqlara heçnə olmamağını bildirmiş və getmişdir. Fərqanə həkim anası və qaynanasına uşağın başını göstərmiş, ancaq o, doğa bilməmiş, çünki gücü qalmamışdır. Həkim onun doğa bilmədiyini görüb onun uşaqlıq yolunun yuxarı hissəsini kəsmiş və uşaq doğulmuş, ancaq uşaq ölü doğulmuşdur. Uşaq doğulduqdan sonra uşaqdan heç bir səs çıxmamış və həyati əlamətləri olmamış, neonatoloq və Fərqanə həkim uşağa tibbi yardım göstərmiş, süni tənəffüs vermiş lakin, heç bir xeyri olmamışdır. Uşaq doğuş prosesində artıq ölmüşdür. Halhazırda təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 ifadə verərək göstərdi ki, 1980-cı ildən Şirvan ŞMX PHŞ-də, 1990-cı ildən isə doğum şöbəsində mama işləyir və onun 32 illik mama kimi iş stajı vardır. Xəstəxana rəhbərliyi tərəfindən tərtib edilmiş qrafikə əsasən xx.xx.2022-ci il tarixdə, saat 20:00-da növbəyə daxil olmuşdur. O, gündüz növbəsini təhvil alan zaman gündüz növbəsinin maması X3 Binyətova adlı qadının doğuş stolunda olduğunu bildirmişdir. O, xəstəni təhvil aldıqdan sonra Fərqanə həkim tərəfindən ona verilmiş tapşırığa əsasən sistem hazırlamış və sistemə natrium xlor (400 gr), vitamin C, kokar baksinlaza, kardiamin iynələrini qatmışdır. O, sistemi hazırladıqdan sonra xəstəyə qoşmuşdur. Daha sonra xəstə üçün oksigen də qoşulmuşdur. Doğuşun başlanması anına qədər hər 20-30 dəqiqədən bir Fərqanə həkim xəstənin qarnında olan uşağın ürək döyüntülərini yoxlamışdır. Dölün ürək döyüntüləri zəif eşidildiyinə görə əvvəl taxılmış sistem bitdikdən sonra natrium bikarbonat dərmanını ayrı sistem kimi qoşmuşdur. Onu da Fərqanə həkimin göstərişi ilə icra etmişdir. Xəstənin doğuşu başladıqdan sonra Zərərçəkmiş şəxs doğuşu düzgün idarə edə bilməmişdir. Fərqanə həkim ona dəfələrlə son gücənmələri daha bərk verməsini demiş, lakin Elnurə gücünün olmadığını, gücənə bilmədiyini qeyd etmişdir. Dölün artıq başı görünmüş, kiçik çanağın boşluğunun çıxacağında imiş. Hətta Fərqanə həkim anasını və qayınanasını doğuş otağına dəvət etmişdir. Təxminən 23 radələrində xəstənin doğuşu başa çatmışdır. Doğuşun başa çatmasına az qalmasına qədər dölün ürək döyüntüləri Fərqanə həkim tərəfindən yoxlanılmış, son ana qədər uşağın ürək döyüntüləri var imiş. Lakin uşaq ölü doğulmuşdur. İradə və Fərqanə həkim tərəfindən dölə ilkin tibbi yardım göstərilmiş, ancaq yenidoğulmuş uşaqdan heç bir reaksiya alınmamışdır. Daha sonra uşağın ölü doğulduğu həkimlər tərəfindən təsdiq olunduğundan ona uşağın göbək ciyəsinin bağlanması, boyunun ölçülməsi, çəkisinin ölçülməsi tapşırılmışdır. O, müvafiq olaraq tapşırılanları etmiş və dölü aidiyyatı üzrə morqa göndərmişlər. Doğuş prosesini o aparmamış, doğuş prosesi çətin olan xəstələrdə doğuşu hər zaman mama-ginekoloqlar aparmış, bu dəfə də doğuşu mamaginekoloq Fərqanə həkim özü aparmış, o yalnız onun göstərişi ilə yuxarıda qeyd etdiyi kimi sistemləri qoşmuş və uşaq doğulduqdan sonra son prosesləri icra etmişdir. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs onun gəlinidir, o 2021-ci il tarixdə oğlu Ramil Yaqublu ilə ailə həyatı qurmuşdur. Gəlini hamilə olduğu müddətdə dəfələrlə həkim müayinəsində olmuşdur. Sabirabad rayonunda yerləşən “Omega” və “Muğan” klinikalarında analizlər vermiş, USM aparatında müayinələrdən keçmişdir. Hamiləliyi müddətində hər hansı problem yaşamamışdır. Onlara uşağın cinsiyyətinin oğlan olduğu deyilmişdir. Doğuşa yaxın müddətdə isə məsləhətlə Şirvan ŞMX-sında işləyən həkim Təqsirləndirilən şəxs1 yanına gəlmişdir. 08 avqust 2022-ci il tarixdə, saat 09 radələrində doğuş başladığından o və həyat yoldaşı İlhamə Yaqublu ilə birlikdə gəlinləri Elnurəni Şirvan ŞMX-sına həkim Təqsirləndirilən şəxs1 qəbuluna gətirmişlər. O gəlinini müayinə etdikdən sonra təbii doğuş olacağını, heç bir problem yaşanmayacağını bildirmişdir. Axşam saatlarında doğuş prosesi başlamışdır. Doğuş bitdikdən sonra isə onlara uşağın öldüyü deyilmişdir. Daha sonra həmin gün həyat yoldaşı İlhamə Yaqublu baş vermiş hadisə ilə əlaqədar DİN-nin 102 xidmətinə zəng etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli “meyitə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə kişi cinsli yenidoğulmuş uşaq meyiti uzadılmışdır. Meyitin boyu 53 sm, çəkisi 3,600 kq, başının dairəsi 38 sm, döş qəfəsi dairəsinin uzunluğu 36 sm, kürəyin eni 15 sm-dir. Meyit düzgün bədən quruluşludur. Əllədikdə bir qədər soyuqdur, dəri örtüyü solğun-sarımtıldır. Meyit qacıması bütün qrup əzələlərdə zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa səthində yerləşir, qırmızımtılbənövşəyimtil rəngdədir, zəif intensivlikdədir, barmaqla təzyiuq etdikdə rəngi avazımır. Kəllətağ sümükləri xarici görünüşdə tamdır, əllədikdə sümük-destruktiv dəyişikliklər hiss olunmur. Başının tükləri qaradır, seyrəkdir, uzunluğu 1-2 santimetrə qədərdir. Gözləri qpalıdır, bəbəklər bərabaər genəlib, diametri 0,3 sm-dir. Burun və üz skeleti sümüklərini əllədikdə tamdırlar. Hər iki burun dəliklərində selikli ifrazat xaric olunur. Xarici qulaq keçəcəkləri sərbəst keçiricidir. Ağzı qapalıdır. Dişləri çıxmayıb. Boynu bədənə müvafiqdir, meyit qacıması hesabına az hərəkətlidir. Döş qəfəsi çəlləkvaridir, simmetrikdir, əllədikdə qabırğa sınığı hiss olunmur. Qarnı döş qəfəsi səviyyəsindədir, əllədikdə yumşaqdır. Qarının aşağı şöbələrində qan ləkələri var. Göbək ciyəsi göbək həlqəsi səviyyəsində kəsilmiş, sıxıcı ilə sıxılmışdır. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir, kişi tiplidir, xəstəlik və zədəd əlamətləri yoxdur. Arxa keçəcək qapalıdır. Ətraf sümüklərini əllədikdə tamdır. Xarici müayinə zamanı meyitin bədən səthində heç bir xəsarət aşkar olunmadı. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2022-ci il tarixli, 25 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs yenidoğulmuş kişi cinsli uşağının məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərdəki qeydlərə və əlavə məhkəməhistoloji tədqiqatın nəticələrinə əsaslanaraq, Zərərçəkmiş şəxs yenidoğulmuş uşağının bədən səthində doğuş şişlərindən başqa hər hansı bir xəsarət aşkar olunmamış, sonuncunun yenidoğulmuş uşağının ölümünə səbəb l-li ocaqlı atelekitaz, cift toxumasında xroniki plesentit, retroplasentar hematoma fonunda baş vermiş bətndaxili və postnatal (doğuşdan sonraki) hipoksiya olmuşdur. Ölüm meyit müayinə olunandan 12-16 saat əvvəl baş vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə komisyon ekspertizasının xx.xx.2022-ci il tarixli, 527/KEŞ nömrəli rəyində göstərilmişdir ki, tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasın, Zərərçəkmiş şəxs “Sabirabad Rayon Mərkəzi Xəstəxana”sı PHŞ-də hamiləliyi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə qeydiyyata götürülmüş, müayinə zamanı onda 29-30 həftəlik hamiləlik müddəti təyin edilmişdir. Laborator analizlərində “rubella” infeksiyasından başqa digər nəzərə çarpan patologiya qeyd edilməmişdir. Hamilənin müşahidə vərəqəsindən görünür ki, növbəti gəliş xx.xx.2022-ci il tarixdə olmuş, hamiləliyi “36- 37 həftəlik hamiləlik və anemiya” diaqnozu təyin edilmişdir. Zərərçəkmiş şəxs antenatal xidmətdən imtina etdiyi üçün ona hamiləliyin müşahidəsi tam həcmdə aparılmamışdır. Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə saat 09:40-da “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in ginekologiya şöbəsinə daxil olmuşdur. Aparılmış obyektiv müayinədən sonra ona “G1A0P39 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü” diaqnozu təyin edilmişdir. Saat 15:00-da gündəlikdə dölün ürək döyüntüləri 1 dəq 140 vurğu, uşaqlıq boynunun açılışı 7 sm, su kisəsi tamdır. Doğuş konservativ yolla idarə olunur. Saat 22:30-da doğuşun İİ dövrü başlanmış, saat 23:00-da zəif doğuş sancıları fonunda doğuş prosesi yekunlaşmışdır. Bu zaman dölün “ölü doğulduğu və göbək ciyəsinin dölün boynuna dolandığı” doğum tarixinin gündəlik vərəqəsində sətirlər arasına əlavə yazılaraq qeyd edilmişdir. Yenidoğulmuş uşağın meyiti müayinə olunmuş, uşağın diri doğulduğu və onun ölümünə səbəb İ-li ocaqlı atelektaz, cift toxumasında xroniki plasentit, retroplasentar hematoma fonunda baş vermiş bətndaxili və postnatal (doğuşdan sonrakı) hipoksiyanın olduğu müəyyən edilmişdir. Beləliklə, qeyd olunanları nəzərə alaraq konservativ doğuş taktikası düzgün idarə olunmamış, doğuş prosesi sürətləndirilməmiş, dölün doğuş yollarında ləngiməsi düzgün qiymətləndirilməmiş və dölün diri doğulmasına baxmayaraq ona ixtisaslı tibbi yardımlar göstərilməmişdir. Zərərçəkmiş şəxs “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in ginekologiya şöbəsində təyin edilmiş diaqnozlardan “G1A0P39 həftəlik hamiləlik. Baş gəlişi. Doğuşun İ dövrü” düzgün, lakin “Ölü döl” diaqnozu düzgün olmamışdır. Zərərçəkmiş şəxs “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in ginekologiya şöbəsində doğuşun təbii yolla yekunlaşdırılması taktiki olaraq düzgün seçilsədə texniki olaraq qüsurla başa çatdırılmışdır. Zərərçəkmiş şəxs aparılmış müayinələr təyin edilmiş diaqnoza uyğun olmuşdur. Zahıda hər hansı bir ağırlaşma olmamışdır. Zərərçəkmiş şəxs doğuşunun təbii yolla yekunlaşdırılması ilə əlaqədar göstərilmiş tibbi yardım qüsurlu olmuşdur, belə ki doğuşun İİ dövründə doğuş sancılarının zəif və keyfiyyətsiz olması ilə əlaqədar bəzi konservativ tədbirlər aparılsa da bu kifayət etməmiş və digər üsullardan (epiziotomiya) istifadə edilməmişdir. Zərərçəkmiş şəxs doğuşunun operativ yolla yekunlaşdırılmasına tibbi göstəriş olmamışdır. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağı diri doğulmuş, bununla da doğuşun texniki qüsurlu icrası ilə həmçinin doğuşdan sonra yenidoğulmuşa ixtisaslı yardımların göstərilməməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Buna məsul şəxslər doğuşu idarə edən mama-ginekoloq və həkimneonatoloqdur. Zərərçəkmiş şəxs“Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-in ginekologiya şöbəsində göstərilmiş tibbi xidmət qüsurlu olmuş, bu da Səhiyyə sistemində 70 saylı əmrin pozulması kimi qiymətləndirilir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə komisyon ekspertizasının xx.xx.2022-ci il tarixli, 624/KEŞ nömrəli rəyində göstərilmişdir ki, tərtib edilmiş məhkəmə-tibbi ekspertiza rəyinə əsasən, yenidoğulmuş uşaqda Birincili ocaqlı atelektaz”ın olması onun diri doğulmasını göstərir. Cift toxumasında “Xroniki plasentit” ciftin iltihabı olub,anada olan hər hansı bir infeksiya səbəbindən yarana bilər. Həkim mama-ginekoloq Təqsirləndirilən şəxs1 tərəfindən idarə edilmiş doğuş prosesi Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 29 iyun 2012-ci il tarixli 22 saylı qərarı ilə təsdiq edilmiş “Normal doğuş üzrə Klinik Protokol’una uyğun olmamışdır. Belə ki, Zərərçəkmiş şəxs doğuşu normal fizioloji doğuş prosesinə aid olmamış və doğuş prosesində doğuş induksiyasından (doğuşun sürətləndirilməsi) istifadə edilmişdir. Doğuş sancılarının zəif və effektsiz olmasına görə əlavə tibbi tədbirlərin aparılması vacib olduğu halda, bunun əvəzinə doğuş zalına hamilə qadının anası və qaynanası dəvət olunmuşdur, hansıki yol verilməzdir. Eyni zamanda aparılmış epiziotomiya doğuş baş verdikdən sonra icra olunduğu qeyd edilmişdir. Həkim mamaginekoloq Təqsirləndirilən şəxs1 tərəfindən hamilə Zərərçəkmiş şəxs aparılmış doğuş prosesində texniki qüsurlara yol verilmişdir. Doğuş prosesində hamilədə yaranmış doğuş sancılarının zəif və effektsiz olması ilə əlaqədar ona əlavə müdaxilələr icra edilməli idi. Dölün asfıksiyası yaranacağı ehtimalını nəzərə alaraq doğuş prosesi daha adekvat sürətləndirilməli idi. Həkim-neonatoloq Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 05 iyun 2012-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Yenidoğulmuşların ilkin reanimasiyası üzrə Klinik Protokol’da nəzərdə tutulmuş ixtisaslı tibbi yardımların icrası ilə əlaqədar tibbi sənəd tərtib olunmalı və tibbi sənəddə icra olunmuş tibbi yardımların ardıcıllığı haqqında qeydiyyat aparılmalı idi. Bununla əlaqədar tibbi sənəd tərtib edilmədiyi və doğum tarixində ümumi sözlərlə yazılmış qeydlərə əsaslanmaq mümkün deyil. Qeyd olunanlara əsasən dəmək olar ki, həkim neonatoloq tərəfindən yenidoğulmuş uşağa ixtisaslı tibbi yardım göstərilməli olduğu halda göstərilməmişdir. Zərərçəkmiş şəxs yenidoğulmuş uşağı diri doğulmuş, bununla da doğuşun texniki qüsurlu icrası ilə həmçinin doğuşdan sonra yenidoğulmuşa ixtisaslı yardımların göstərilməməsi ilə baş vermiş ölümü arasında səbəbli əlaqə vardır. Buna məsul şəxslər doğuşu idarə edən mama-ginekoloq və həkim neonatoloqdur. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan tam ödənilmiş, təqsirləndirlən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs2 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Şirvan şəhər İHB-nın 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədə göstərilir ki, onun barəsində nümayəndəliyə yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. Məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 öz işinə laqeyd münasibəti nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməmələri ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs tərəfindən doğulmuş yenidoğulmuş uşağın İ-li ocaqlı atelektaz, cift toxumasında xroniki plesentit, retroplasentar hematoma fonunda baş vermiş bətndaxili və postnatal (doğuşdan sonraki) hipoksiyası səbəbindən ölümünə səbəb olmuş, həmin əməl isə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxslərin işlədiyi və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, cinayət əməlinin ehtiyatsızlıqdan törədilməsini və az ağır cinayətlər kateqoriyasına aid olması barədə cinayətin xarakterini nəzərə alır. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, ona dəymiş maddi ziyanı aradan qaldırmalarını Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.3-cü maddələrinə, onların qadın olmaqla ilk dəfə olaraq az ağır cinayət törətmələrini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən hər ikisinin cəzasını yüngülləşdirən hallar olduğunu və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. İş üzrə obyektiv və subyektiv halların məcmusunu nəzərə alıb, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyası həddləri daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsaəsn cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət qanunverciliyinin cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən yuxarıda qeyd olunan normalarından göründüyü kimi, cəza təyin edilərkən hər bir halda cinayət törətmiş şəxsin şəxsiyyəti, törədilmiş əməlin ictimai təhlükəlilik dərəcəsi, cinayətin xarakteri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmaqla, törədilmiş cinayətə görə elə ədalətli cəza təyin edilməlidir ki, təyin edilmiş cəza törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olsun. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində tövsiyyə edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın çəkilməli olub-olmadığı məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən müzakirə edilməli məsələlərdən biri kimi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, müəyyən olunmuş cəzanı yüngülləşdirən halların məcmuyu, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törədəndən sonra davranışları belə bir qənaətə gəlməyə əsas verir ki, onların cəza çəkmədən islah olunmaları mümkündür, ona görə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə yuxarıda qeyd olunan qənaətə gələrkən onu əsas tutur ki, cinayət nəticəsində təyin olunan cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi həm məhkumlara, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün zəruri şəraitin yaradılmasına yönəldilməlidir. Cinayətkarlıqla mübarizədə cinayətə görə cəzanı əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan tədbir kimi nəzərə alınmalı, əsas diqqət isə sosial, iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməlidir. Həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq olunmalıdır. Bununla məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah olunmalarını mümkün sayıb, azadlıqdan məhrumetmə cəzasının şərti olaraq tətbiq edilməsi haqqında qərarın çıxarılmasını lazım bilir. Şərti məhkum etmə təyin edildiyindən məhkəmə tərəfindən təqsirləndirilən şəxslərə sınaq müddəti müəyyən olunmalı, onların üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, sınaq müddəti ərzində təqsirləndirilən şəxslər öz davranışı ilə islah olunmalarını sübut etməlidirlər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nın 351-353, 384-cü maddələrini rəhbər tutub, HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il azadlıqdan məhrumetmə cəzası 01(bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il azadlıqdan məhrumetmə cəzası 01(bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Üzərinə onun davranışı üzərində nəzarəti həyata keçirən yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 gün müddətində (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi andan 20 gün müddətində) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №1(032)-45/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-45/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver