Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-46/2023 22.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 10:15-də Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti Baş X1 İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icra hüququ olmadan torpaq sahəsini hasarlama, becərmə və torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Belə ki, o, 2022-ci ilin iyun ayında Şirvan şəhəri, 1 May küçəsində yerləşən Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti Baş X1 İdarəsinin balansında olmaqla su fondu torpaqlarına aid və dövlət mülkiyyətində olan 0,0887 ha torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmaqla torpaq üzərində mülkiyyət hüququnu pozaraq həmin torpaq sahəsini hasara alıb, torpaq sahəsində müxtəlif dekoratif ağaclar əkməklə, həmçinin torpaq sahəsinin 0,0380 ha ərazisi üzərinə beton töküb döşəmə inşa etməklə, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və quraşdırma işləri aparmışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayında yaşadığı evin yaxınlığında yerləşən Şirvan kanalın yaxınlığında olan torpaq sahəsinə müxtəlif növ ağaclar əkmiş, həmin əraziyə beton tökdürmüşdür. Həmin ərazinin ətrafına dəmir barmaqlıqlar və işıq dirəkləri quraşdırmış, masalar düzmüşdür. Onun qonaqları olduğu zaman həmin əraziyə getmişlər. Həmin torpaq sahəsi ona məxsus deyil, torpaq sahəsinə aid heç bir sənədi yoxdur. Torpaq sahəsi Baş X1 İdarəsinə məxsusdur. 01 sentyabr 2022ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin işçiləri onun zəbt etdiyi əraziyə gəlmiş, ona yazılı bildiriş vermişlər. O torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. Əraziyə heyvanların daxil olmaması üçün müvəqqəti olaraq ərazinin ətrafına dəmir barmaqlıqlar quraşdırmışdır. Ona Şirvan şəhər İcra Hakimiyyətinin işçiləri torpaq sahəsindən çıxmağı barədə məlumat verməmişdir. O, həmin torpaq sahəsinə sənəd almaq üçün Şirvan şəhər Bələdiyyəsinə və Şirvan şəhər İcra Hakimiyyətinə müraciət etsə də oradan ona bildirmişlər ki, torpaq sahəsi onların balansında deyil, buna görə ona heç bir sənəd verə bilməzlər, lakin torpaq sahəsinin qanunsuz olaraq zəbt etməyi barədə məktubu Şirvan şəhər İcra Hakimiyyəti Şirvan ŞPŞ-yə göndərmişdir. Hazırda zəbt etdiyi torpq sahəsini əvvəlki vəziyyətiə qaytarmışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahid ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti Baş X1 idarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti Baş X1 idarəsinin Meliorasiya şöbəsinin rəisi vəzifəsində işləyir. Şirvan şəhərinin 1 May küçəsində yerləşən Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş 0,0887 ha torpaq sahəsi Azərbaycan Meliorasiya və X5 Səhmdar Cəmiyyəti Baş X1 idarəsinin balansındadır. Əvvəllər həmin torpaq sahəsində heç bir tikinti quraşdırma işləri aparılmamışdır. 2022-ci ilin sentyabr ayında Şirvan şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən keçirilmiş reyd zamanı həmin torpaq sahəsinin zəbt olunmaqla torpaq sahəsində tikinti quraşdırma işlərinin aparılması müəyyən olunmuş, sonradan onlar da həmin ərazidə olmuşlar və həqiqətən də torpaq sahəsinin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən zəbt olunmaqla orada tikintiquraşdırma işlərinin aparılması müəyyən olunmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxs tərəflərindən şifahi xəbərdarlıq verilmişdir.Hazırda Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılmış, ona qarşı şikayətimiz yoxdur. Məhkəmə istintaqında şahid qismində Şahid ifadəsində göstərmişdir ki, hazırda Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyir. Bundan əlavə isə şəhər icra hakimiyyəti yanında özbaşına tikintilərə qarşı mübarizə və məhkəmədənkənar torpaq mübahisələrinin həlli üzrə komissiyanın üzvüdür. 01 sentyabr 2022-ci il tarixdə komissiya üzvləri Şaiq Şıxəliyev və Ramin Qasımovla birlikdə Şirvan şəhər ərazisində reyd keçirdikləri zaman Şirvan şəhərinin 1 May küçəsində vətəndaş Təqsirləndirilən şəxs dövlət mülkiyyətinə aid Baş Şirvan Kollektorunun mühafizə zolağında qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan təxminən 0,06 ha torpaq sahəsini özbaşına hasarlama, həmin torpaq sahəsi üzərində tikinti quraşdırma işlərinin aparması, müxtəlif dekorativ ağacların əkilməsi və restoran fəaliyyəti ilə məşğul olması aşkar olunmuşdur. Bununla bağlı Təqsirləndirilən şəxslə profilaktiki söhbətlər aparıldıqda, sonuncu torpaq sahəsinin ona aid olması ilə bağlı hər hansı bir sənədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs tərəfindən torpaq sahəsinin kənarları dəmir barmaqlıqlarla əhatəyə alınmış, torpaq üzərində betonlama işləri aparılmaqla müxtəlif ağaclar əkilmiş və torpaq sahəsi restoran kimi fəaliyyət göstərir. Onlar bununla bağlı bildiriş-tövsiyə sənədini tərtib etmişlər, bununla bağlı aidiyyəti üzrə rəhbərliyə məlumat vermişlər. Sonradan isə rəhbərlik tərəfindən qeyd olunan xüsusat üzrə aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinə məktubla müraciət olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: Hadisə yerinə baxış keçirilməsi haqqında 15 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Şirvan şəhərinin 1 May küçəsində yerləşən Baş Şirvan Kollektorunun mühafizə zolağıdır, həmin yerdə təxminən 0,06 ha sahə hasarlanmış vəziyyətdədir, orada müxtəlif dekoratif ağaclar əkilmiş, torpaq sahəsinin üzərinə isə betondan döşəmə inşa edilmişdir. (i.v. 11-15) «Şirvan şəhər mərkəzi xəstəxanası» publik hüquqi şəxsin 12 oktyabr 2022-ci il tarixli, 1048 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şirvan ŞMP-nın narkoloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur. (i.v 30) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan ərazi idarəsinin 17 oktyabr 2022-ci il tarixli, **********56 nömrəli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən Şirvan şəhəri 1 May küçəsində zəbt olunmuş əraziyə baxış keçirilməsi və ölçüləri barədə müraciətlə bağlı xx.xx.2022-ci il tarixdə Ərazi İdarəsinin mütəxəssisi X2 tərəfindən Şirvan şəhəri, 1 May küçəsində zəbt olunmuş əraziyə baxış keçirilmişdir. Baxış zamanı təqdim olunmuş torpaq sahəsinin naturadakı ölçüləri və koordinatları götürülmüş, elektron kadastr baza məlumatları ilə müqayisə edilmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən zəbt olunmuş torpaq sahəsi 0,0887 ha (887.0 kv.m) təşkil edir. Həmin torpaq sahəsinin 0,0380 ha (380.0 kv.m.) hissəsində betonlama işləri aparılmışdır. Torpaq sahəsi elektron kadastr baza məlumatlarına əsasən su fondu torpaqları kateqoriyasına aiddir, dövlət mülkiyyətindədir. Eyni zamanda torpaq sahəsi bütövlüklə Baş Şirvan kollektorunun mühafizə zolağında yerləşir. Sözügedən torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində hüquq qeydə alınmamışdır. (i.v 31 ) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 26) Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 646 nömrəli, 11 oktyabr 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində yazılı və ya şifahi olaraq heç bir şikayət daxil olmamışdır. (i.v.29) İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü uşağı vardır. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.2-ci maddəsinə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs oğlunun zərəçəkmiş şəxs ilə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, ziyanı ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, əməlini səmimi olaraq etiraf etməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, onun cəzasını yüngülləşdirən hallar qismində qəbul edir. Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinərək azadlığın məhdudlaşdırılması növündə cəzanın Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələbləri rəhbər tutulmaqla təyin olunmasını, üzərinə müvafiq olaraq daimi yaşayış yerlərini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək öhdəliyi qoyulmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinsin, CM-nin 188.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, CM-nin 188.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Cəzasının əvvəli yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Üzərinə daimi yaşayış yeri olan Şirvan şəhəri, Nizami küçəsi, 15 saylı evi hər gün saat 23:00-dan saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək habelə, cəzanın icrasına nəzarət edən Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsini iş yerinin dəyişdirilməsi ilə bağlı əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-46/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-46/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver