Məhkəmə qərarları › İş №1(032)-46/2024

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-46/2024

25.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-46/2024 25.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 10:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X6 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1981-ci il tarixdə Zəngilan rayonu, Ağalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3, 126.2.1, 126.2.2, 126.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş, məhkumluğu ödənilməmiş, Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan, barəsində Şirvan şəhər Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli qərarı ilə, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 11 avqust 2023-cü il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs1 məxsus Şirvan şəhəri, F.X.Xoyski küçəsi bina 5, mənzil 14-də yerləşən yaşayış sahəsinə qapının kilidini sındırmaqla qanunsuz olaraq daxil olub, həmin mənzildə olan 250 manat dəyərində olan 4 ədəd qazanı gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə 250 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 04 sentyabr 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixə keçən gecə saat 02 radələrində Zərərçəkmiş şəxs2 məxsus Şirvan şəhəri, Vaqif küçəsi ev 33-də yerləşən fərdi yaşayış evinin həyətinə daş hasardan keçməklə qanunsuz olaraq daxil olub, həyətyanı sahədə olan 1 ədəd 300 manat dəyərində velosipedi gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o təkrarən, tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədilə 08 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs3 məxsus Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən 1 nömrəli binanın zirzəmisinin qapısının kilidini sındırmaqla qanunsuz olaraq daxil olub, həmin zirzəmidə olan 01 ədəd 380 manat dəyərində velosipedi gizli yolla talamaqla, Zərərçəkmiş şəxs3 ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və vaxtda şəxsi istehlak miqdarından artıq miqdarda yəni, 0,532 qram narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 21 sentyabr 2023-cü il tarixdə saat 10:00-da Şirvan şəhər polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri 1 May küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,532 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, qeyd edilən cinayət əməlləri onun tərəfindən törədilmişdir. Narkotik vasitə istifadə edir və saxlanılan zaman üzərində narkotik vasitə olmuşdur. Şirvan şəhər Polis şöbəsinə gətirilərkən və orada olarkən ona qarşı hər hansı bir təsir olunmamış, qanunsuz hərəkətə yol verilməmişdir. Üzərindən xeyli müddət keçdiyi üçün oğurluq hadisələrini tam olaraq xatırlamır, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Zərərçəkmiş şəxslərdən birinə dəymiş ziyan ailə üzvləri tərəfindən ödənilmişdir. Əməlindən peşmandır və aşağı həddə cəza təyin edilməsini xahiş edir. Həmçinin, ibtidai araşdırma zamanı isə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bakı şəhərində yaşayır, Şirvan şəhərində qohumları vardır, arabir onlara qonaq gəlir, uzun müddətdir narkotik vasitələrdən istifadə edir, son zamanlar maddi vəziyyətdə çətinlik çəkdiyi üçün oğurluq etmək qərarına gəlmişdir. 11 avqust 2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərindən Şirvan şəhərinə gəlmişdir. Şirvan şəhərində məcburi köçkünlər qəsəbəsi kimi tanıdığı yerdə yaşayırlar. O da, əslən Zəngilan rayonundan olduğundan orada tanışlarının olduğunu bilirdi. Günorta saatlarında piyada Şirvan şəhəri, F.X.Xoyski küçəsində yerləşən məcburi köçkünlərin yaşadığı binanın qarşısına getmiş, orada 5-ci binanın qarşısında dayanmışdır. O, narkotik istifadəçisi olduğundan və maddi imkanının olmadığında oğurluq etmək qərarına gəlmiş, bu fikrini qətiləşdirdikdən sonra təxminən saat 14 radələrində 5-ci binanın qarşısında 1-ci bloka daxil olub pilləkanlarla 5-ci mərtəbəyə qalxmış, orada 14-cü mənzilə yaxınlaşıb qapını döymüş. Heç kim qapını açmadığı üçün fikirləşmişdir ki, evdə heç kim yoxdur. Özü ilə götürdüyü dəmir parçası ilə dərhal qapının aşağı hissəsini açmış və evə daxil olub mətbəxdən 04 ədəd qazan götürmüş, dərhal bayıra çıxıb aşağıya düşüb həmin qazanları özü ilə aparıb Şirvan şəhəri ərazisində sahibsiz tikilidə həmin qazanların kənarlarını sürtmüşdür ki, mis rənginə gətirə bilsin və həmin qazanları mis qiymətinə satsın. Sonra həmin 04 ədəd qazanın 03 ədədini əritmiş və səyyari metal qəbul edən tanımadığı şəxsə 25 manata satmış, 01 ədədini isə aparıb Şirvan şəhərində peşə məktəbinin yaxınlığında boş tikilidə gizlətmişdir. 04 sentyabr 2023-cü il tarixdə Şirvan şəhərinə gəlmiş və qohumlarıgilə getmişdir ki, məqsədi gecə olduqdan sonra oğurluq etmək olmuşdur. Həmin günü gecəsi saat 12 radələrində evdən çıxmış və küçələri gəzməyə başlamışdır. Bir neçə saat küçədə gəzdikdən sonra 04 sentyabr 2023-cü il tarixdən 05 sentyabr 2023-cü il tarixə keçən gecə saat 02 radələrində Demanlı adlanan yerə gəlmiş, bundan sonra o, ətrafda kimsə olmadığından evlərin həyətlərinə boylanıb baxmışdır ki, nəsə dəyərli əşya olsa oğurlasın. Bu zaman həmin küçədə olan fərdi yaşayış evinin həyətinə baxan zaman həyətdə evin yan tərəfində divara söykədilmiş velosipetin olduğunu görmüşdür. Həmin vaxt o, ətrafda kiminsə olmadığını görüb, evin hasarından keçməklə həyətə daxil olmuş və səs küy salmadan velosipedi özü ilə götürüb, gəldiyi yolla oradan uzaqlaşıb getmişdir. Bundan sonra o, velosipedlə qohumumugilə gəlmiş və velosipedi dəmir kəsən alətlə doğrayıb, bir yana yığmışdır. Həmin günü saat 12 radələrində doğradığı velosipedin bir hissəsini tanımadığı şəxsə 20 manat pul müqabilində satmışdır. Velosipedin qalan hissəsini isə 1 May küçəsində yerləşən Peşə məktəbinin həyətində gizlətmişdir. 08 sentyabr 2023-cü il tarixdə axşam saatlarında ona pul lazım olduğu üçün təkrarən oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. Həmin məqsədlə Şirvan şəhəri N.Nərimanov küçəsində yerləşən binaların qarşısında gəzərkən nömrəsini xatırlamadığ binanın blokunun girişində zirzəmiyə düşəcəkdə qapıya qıfıl vurulduğunu görmüşdür. Orada qiymətli əşyaların olacağını düşünərək həmin binanın girişinə yaxınlaşmış və zirzəmiyə düşəcəkdə olan dəmir qapıya yaxınlaşmış və əli ilə qıfılı dartmış bu zaman qıfıl açılmışdır. Dərhal həmin qıfılı cibinə qoymuş və qapını açdıqda oranın zirzəmiyə düşmək üçün yer yox saxlanc yeri olduğunu görmüşdür. Orada gözünə göy rəngli üzərində ağ yazılar olan velosiped sataşmış və o, velosipedin sürmək üçün yararlı olduğunu görmüş və ətrafda heç kəsin olmadığına əmin olduqdan velisopedi saxlanc yerindən çıxartmış və sonra həmin saxlanc yerinin qapısını əli ilə örtərək velosipedə oturub oradan uzaqlaşmışdır. 09 sentyabr 2023-cü il tarixdə səhər saatlarında qızı və yeznəsinin yaşadığı Şirvan şəhəri 1 May kücəsindəki evin həyətyanı sahəsində heç kəsin olmamasından əmin olduqdan sonra həmin velosipedi dəmir kəsən aparatla doğramış və metal şəklində ərazidə səyyar metal yığan tanımadığı şəxsə satmışdır. Həmin şəxs ona həmin metal parçalarına görə 16 manat pul ödəmişdir. Metalın bəzi hissəsi hal-hazırda 1 May küçəsində yerləşən Peşə məktəbinin həyətindədir. Əldə etdiyi pulu şəxsi istifadəsi üçün xərcləmişdir. 21 sentyabr 2023-cü il tarixdə, saat 09 radələrində Şirvan şəhəri 1 May küçəsində gəzərkən yerdə bir ədəd sellofan büküm görmüş və həmin sellofan bükümü yerdən götürüb açıb içərisinə baxdıqda, içərisində narkotik vasitə heroin olduğunu görmüş, həmin bükümü özü ilə götürmüşdür ki, sonradan istifadə edər. 21 sentyabr 2023-cü il tarixdə saat 10 radələrində Şirvan şəhəri 1 May küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, özünü şübhəli apardığından onu polis şöbəsinə dəvət etmişlər. O da, polis əməkdaşları ilə birgə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində olarkən ona hüquqlarının müdafiəçi üçün vəkillərin siyahısı təqdim olunmuşdur. O da, həmin siyahıdan müdafiəçi X1. Müdafiəçi Kənan Əbdurəhmanov gəldikdən sonra ona hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı, axtarışın video müşahidə vasitəsi ilə aparılacağı və buna etirazının olub olmadığı soruşulduqda o, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə polis əməkdaşı tərəfindən üzərində qanunsuz əşya, predmet və ya maddə vardırsa onları könüllü təqdim etməyi təklif edildikdə o da əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş və şifahi sorğulara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş 1 ədəd bükümdə olan kütlə narkotik vasitə heroindir, yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan başqa üzərindən başqa heç bir qanunla qadağan olunmuş əşya, predmet və ya narkotik vasitə aşkar olunmamışdır. Sonra vəkil və polis əməkdaşlarının iştirakı ilə üzərindən aşkar olunmuş kütlə müvafiq qaydada qablaşdırılmışdır. Daha sonra polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş, o, həmin protokol ilə tanış olaraq orada imza etmiş, ondan başqa vəkil və polis əməkdaşları da həmin protokolda imza etmişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirdi ki, Şirvan şəhəri, F.X.Xoyski küçəsi, ev 5, mənzil 14-də oğlu Əzimlə birlikdə yaşayır. Yaşadığı evin mətbəx hissəsində 2016-cı il tarixdə aldığı 2 dəst hər dəstində 5 ədəd qazanı olmuşdur. Yaşadığı evin giriş qapısı həmin vaxtdan bir neçə gün əvvələ kimi açarı yaxşı bağlanmamışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Bakı şəhərində işi olduğundan o, evin giriş qapısını aşağı hissədən bağlamış və Bakı şəhərinə getmişdir. Həmin günün axşamı o, Bakı şəhərindən yaşadığı evə geri qayıdıb qapını açmaq istəyərkən qapının açıq olmasını görmüş və evə kiminsə daxil olmasından şübhələnmiş və otaqlara və mətbəxə baxan zaman mətbəxdən 4 ədəd qazanının olmadığını görmüşdür. Qazanları digər saxlanc yerlərində də olmadığına əmin olduqdan sonra o, evindən oğurluq olması qənaətinə gəlib DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. 14 avqust 2023-cü il tarixdə isə rəsmi olaraq Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət etmişdir və müraciətində onun yaşadığı evdən 1 dəst 250 manat dəyərində 4 ədəd qazanın oğurlanmasını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirdi ki, onun qara rəngli, üstündə motor quraşdırılmış velosipedi vardır. Həmin velosipedi həm özü, həm də oğlu İbrahim istifadə edir. 04 sentyabr 2023-cü il tarixdə saat 23 radələrində oğlu İbrahim həmin velosipedi evin həyətində saxlamışdır. Həmin günün səhəri, yəni 05 sentyabr 2023-cü il tarixdə səhər saatlarında yuxudan oyanmış və işə getmək üçün evdən çıxan zaman velosipedin həyətdə olmadığını görmüşdür. O, həyətin hər yerinə baxsa da velosipedi tapa bilməmiş və bundan sonra həyətindən oğurluq olmasına əmin olub bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Oğurlanmış velosipedin dəyəri 300 manatdır. Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən həyətdə velosipedi götürdüyü yeri təqdim edərək oğurluq əməlini etiraf etmişdir. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, dəymiş ziyanın ödənilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Zərərçəkmiş şəxs3 məhkəməyə gəlməmiş, cinayət işi materiallarında olan ərizəsindən görünür ki, ona vurulmuş maddi ziyanın ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və ya tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilərək tədqiq edilmişdir. Zərərçəkmiş şəxs3 həmin ifadəsində bildirmişdir ki, ünvan 1, mənzil 12-də yaşayır. 2023-cü ilin sentyabr ayının 8-də o, özünə məxsus 28 ölçülü velosipedini sürdükdən sonra saat 20 radələrində binanın zirzəmisinə qoyaraq zirzəminin dəmir qapısını qıfılla bağlamışdır. 09 sentyabr 2023-cü il tarixdə ünvan 1 ünvanında olan zirzəminin dəmir qapısındakı ona məxsus qıfıl sındırılaraq oradan ona məxsus 380 manata almış olduğu velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmiş və bu barədə DİN-nin 102 xidmətinə və Şirvan şəhər PŞ-nə ərizə ilə müraciət etmiş oğurluq nəticəsinə ona 380 manat ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, xx.xx.2023-cü il tarixdə icraatına Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və Sabunçu rayonu, Q.Vəzirov küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz yolla əldə etdiyi, narkotik vasitə saxlamaqda, istifadəsində və oğurluq etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması məqsədilə tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı o, CAB-nın əməliyyat müvəkkili Şahid2 və TB-nin təhqiqatçısı X5 ibarət əməliyyat qrupu yaradılmışdır. Saat 10:00 radələrində əməliyyat qrupu ilə birlikdə Şirvan şəhəri 1 May küçəsinə getmişlər. Həmin küçədə olarkən Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşıb və özlərini təqdim edib, barəsində qanunsuz yolla narkotik vasitələr əldə etməsi, saxlaması, oğurluq ilə məşğul olması ilə bağlı əməliyyat məlumatının daxil olduğunu bildirib, sonuncunu Şirvan şəhər polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birlikdə Şirvan şəhər polis şöbəsinə gəlmişdir. Polis şöbəsində raportla rəhbərliyə müraciət etdikdən sonra raport üzrə araşdırma aparılması Təhqiqat bölməsinə həvalə olunmuşdur. Təhqiqat bölməsində təhqiqatçı Xalid Bünyatov tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq ona hüquqlarının müdafiə olunması üçün vəkil təyin olunmuş və vəkil gəldikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ilk öncə Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olub-olmaması, olduğu təqdirdə könüllü təqdim etməsi təklif edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofan çıxarıb masanın üzərinə qoymuş və həmin sellofanda narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi sellofanda narkotik vasitə heroin olduğunu, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Şirvan şəhər 1 May küçəsində yerdən tapdığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən başqa hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmadığı üçün Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər vasitə elektron tərəzi vasitəsi ilə çəkilərək, təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Sonra protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Bundan başqa Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, Semral İbadovun əməliyyat tapşırığı icraatına daxil olmuş və həmin tapşırığda ünvan 1 mənzil 12-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd velosipedin oğurlanması göstərilmişdir. Tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin də Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və Sabunçu rayonu, Q.Vəzirov küçəsində yaşayan Təqsirləndirilən şəxs törətməsi tərəfindən müəyyən olunmuşdur. Bundan başqa, Şirvan ŞPŞ-nin İB-nin müstəntiqi, Pərviz Qasımovun əməliyyat tapşırığı icraatına daxil olmuş və həmin tapşırıqda Şirvan şəhəri, F.X.Xoyski küçəsi, ev 5 mənzil 14-də qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 məxsus mənzildən ümumi dəyəri 250 manat olan 4 ədəd qazanın oğurlanması qeyd edilmişdir. Tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində həmin oğurluq hadisəsinin də Zəngilan rayonu, Ağalı kəndində qeydiyyatda olan və Sabunçu rayonu, Q.Vəzirov küçəsində yaşayan Təqsirləndirilən şəxs törətməsi tərəfindən müəyyən olunmuşdur və bu barədə aidiyyəti üzrə raportla müraciət etməsini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 ibtidai araşdırma zamanı şahid qismində vermiş olduğu ifadəsində Şahid1 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsini əks etdirən videoçəkilişə baxış keçirimişdir. Videoçəkilişdən görünür ki, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoymuş və həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan büküm açıldıqda içərisində narkotik vasitə olan heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən hər hansı bir qanunsuz əşya və ya predmet, o cümlədən başqa narkotik vasitə və ya psixotrop maddə aşkar olunmamışdır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 Bölməsinin 22 sentyabr 2023-cü il tarixli, 18/933 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,532 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Heroinin təmiz çəkisi - 0,532 qram, tədqiqata istifadə olundu - 0,05 qram, qalıq 0,482 qramdır. Cinayət işi materiallarında olan məhkəmə - narkoloji ekspertizanın 14 oktyabr 2023cü il tarixli, 6540 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2012-ci il tarixli hökmü ilə CM-nin 221.3, 126.2.1, 126.2.2, 126.2.4 və 234.1-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 sentyabr 2012-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 31 may 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 20 oktyabr 2017-ci il tarixli Qanunun tətbiq edilməsinə dair məhkumun ərizəsi təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 iyul 2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq təyin edilmiş 10 il azadlıqdan məhrum etmə cəzası 09 il 10 ay müddətinə endirilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 06 avqust 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 01 may 2020-ci il tarixli 68-VİQD saylı Qanunun onun barəsində tətbiq edilməsinə dair ərizəsi təmin edilmiş, cəzası 09 il 08 aya endirilmişdir. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatmışdır. Cinayət işi materiallarında olan 06 sentyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X7 icraatına qəbul edilərək ibtidai istintaqı aparılmışdır. Cinayət işi materiallarında olan 07 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan 16 sentyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmişdir. Cinayət işi materiallarında olan 17 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan 21 sentyabr 2023-cü il tarixli cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X8 icraatına qəbul edilmişdir. Cinayət işi materiallarında olan 21 sentyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işi materiallarında olan 21 sentyabr 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdə, saat 11:45-də tutulmuşdur. Cinayət işi materiallarında olan 22 sentyabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və cinayət işi aidiyyəti üzrə Şirvan şəhər polis şöbəsinin İB-nə verilmişdir. Cinayət işi materiallarında olan 22 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul olunması haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmış ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan 22 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə müstəntiq Əhməd Baloğlanov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işi materiallarında olan 22 sentyabr 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işi materiallarında olan 22 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müstəntiq Semral İbadov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 22 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə baş müstəntiq Əhməd Baloğlanov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 22 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan 27 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə müstəntiq Pərviz Qasımov tərəfindən təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 27 sentyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə olan ********* nömrəli cinayət işi Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X4 icraatına qəbul edilmiş və ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işi materiallarında olan 28 sentyabr 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli, ********* nömrəli, ********* nömrəli və ********* nömrəli cinayət işləri ilə bir icraatda birləşməklə istintaq ********* nömrə altında aparılmış və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir. Cinayət işi materiallarında olan 28 sentyabr 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmişdir. Cinayət işi materiallarında olan 01 dekabr 2023-cü il tarixli Şirvan şəhər Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 (bir) ay müddətinə, yəni 21 yanvar 2024-cü il tarixədək uzadılmışdır. Cinayət işi materiallarında olan Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, ona dəymiş 380 manat ziyan Təqsirləndirilən şəxs tərəfindən tam ödənildiyi üçün onun heç bir şikayəti və tələbi yoxdur. Bu barədə gələcəkdə də heç bir iddia və tələbi olmayacaqdır. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısnı almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinin, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci, cinayət nəticəsində dəymiş ziyanın qismən (Zərərçəkmiş şəxs3 münasibətdə) ödənilməsini 59.1.14-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran haldır. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.3, 126.2.1, 126.2.2, 126.2.4, 234.1-ci maddələri ilə təqsirli bilinib 10 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş cəzadan 01 ay 03 gün vaxtından əvvəl şərti olaraq azad olunmuş və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də dəfələrlə məhkum edilməsinə baxmayaraq islah olunmamasını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə tutulan həddə və Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli 21 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tədbiri tətbiq edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,482 qram iş üzrə maddi sübut kimi Şirvan şəhər Polis şöbəsində saxlanılan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd velosiped diskisi, 1 ədəd velosiped raması və 1 ədəd qazan hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Zərərçəkmiş şəxs3 dəymiş ziyanın ödənilməsi nəzərə alınmalı, digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347-349, 351-353, 356-358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3cü maddələri ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (köhnə redaksiyada) 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 21 sentyabr 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə tətbiq edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Şirvan şəhər Polis şöbəsində maddi sübut kimi saxlanılan 0,482 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmiş bir ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 49 manat 74 qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd velosiped diskisi, 1 ədəd velosiped raması və 1 ədəd qazan hökm qanuni qüvvəyə mindikdən sonra sahiblərinə qaytarılsın. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 maddi ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki mühakimə icraatı qaydasında iddia qaldırmaq hüquqları izah edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar