Məhkəmə qərarları › İş №1(032)-47/2025

Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-47/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-47/2025 24.04.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Saat 11:30 Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu DİMÜİ-nin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Azərbaycan Respublikası Vəkillər X4 Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Şirvan şəhər Məhkəməsinin inzibati binasında xx xxx 1984-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 02 ay 06 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində Şirvan şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq əldə etdiyi odlu silahı üzərində saxlamaqla gəzdirib daşıyaraq Şirvan şəhəri, Energetik küçəsində çöllük sahədə gizlətmiş, Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən 06 yanvar 2025-ci il tarixdə saat 20:55-dən saat 21:45-dək olan müddət ərzində Şirvan şəhəri, Energetik küçəsində çöllük sahədə keçirilmiş baxış zamanı həmin küçədə yerləşən zibil qutularının yaxınlığında yerləşən təkərlərin altından 01 ədəd ağ rəngli torbaya bükülmüş 35924 nömrəli xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli, «Mauser» modelli sürgülü ov karabini olmaqla, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş odlu yivli silah aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri təsdiq etdi və bildirdi ki, aşkar olunmuş silahı balıq ovuna gedən zaman Şirvan şəhəri ərazisində, “Kür” çayının ətrafında yerdən ağ rəngli kisəyə bükülü şəkildə tapmış, həmin silahı özü ilə gətirib yaşadığı əraziyə yaxın yerləşən stadionun yanında olan zibil qutuların yaxınlığında düzülmüş avtomobil təkərlərinin altında gizlətmiş, yaşadığı evə gətirməmişdir. Silahı həmin yerdə gizlətməkdə məqsədi zibil təmizliyi ilə məşğul olan idarənin işçilərinin zibil daşıyan avtomobillə oraya gələrkən gördükləri təqdirdə polisə aparıb vermələrini fikirləşməsi olmuş, özü isə silahı polis şöbəsinə aparıb təhvil verməyə çəkinmişdir. Həmin silahdan hər hansı bir istifadə məqsədi olmamışdır, ümumiyyətlə ondan istifadə edə bilmir. Aşkar olunmuş silahı özü tapmış, başqasına məxsus deyil. Həmin silahı tapmasından və gizlətməsindən heç kimin məlumatı olmamışdır. Polislər əməkdaşları yaşadığı ünvana gəlmiş, qanunsuz silah saxlaması barədə onlarda məlumat olmasını bildirmiş, o, da etiraf edərək qeyd edilən silahı gizlətdiyi yeri polis əməkdaşlarına demiş və onlarla birlikdə həmin yerə gedərək silahı təqdim etmişdir. Şirvan şəhər Polis şöbəsinə aparılarkən və orada olarkən ona qarşı hər hansı bir qanunsuz təsir və təzyiq olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirdi ki, 06 yanvar 2025-ci il tarixdə xidmətdə olarkən Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq üzərində odlu silah saxlamaq və gəzdirməklə məşğul olması barədə məlumat daxil olmuşdur. Bununla əlaqədar tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 06 yanvar 2025-ci il tarixdə, saat 19 radələrində Şirvan şəhər PŞ-nin PPXB-nün polis nəfəri X7 ilə birlikdə Şirvan şəhəri H.Əliyev prospektinə getmişlər. Həmin prospektdə əməliyyat tədbirləri keçirərkən Təqsirləndirilən şəxs görmüşlər və onun barəsində məlumat daxil olduğu üçün qərara gəlmişlər ki, yaxınlaşaraq məlumatın yoxlanılması məqsədilə onu Şirvan şəhər PŞ-nə dəvət etsinlər. Onlar Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər Polis şöbəsinin əməkdaşı olduqlarını bildirdikdə, sonuncu onların polis əməkdaşı olduqlarını görüb özünü şübhəli apararaq onlardan yayınıb getmək istəmiş, buna baxmayaraq onlar onu Şirvan şəhər Polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs də onların təkliflərini qəbul etmiş və onlarla birlikdə Şirvan şəhər Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs barəsində tərəfindən müvafiq raportla şöbə rəhbərliyinə müraciət edilmiş və Təqsirləndirilən şəxs polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. X5 onda odlu silah olmasını, həmin silahı yaşadığı küçəyən yaxın ərazidə zibil qutularının yaxınlığında gizlətdiyini etiraf etmiş və təqdim edə biləcəyini bildirmişdir. 06 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində onun, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, müdafiəçisi X2, MSY-nin konvoyu Şahid2 Teyub oğlunun və ƏRQ-nun kiçik inspektoru Şahid3 iştirakı ilə istintaq bölməsinin müstəntiqi Sahil Şıxalıyev tərəfindən videoçəkiliş vasitəsi ilə Şirvan şəhəri, Energetik küçəsinə gedilərək Pünhan Tağıyevin dediyi əraziyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı küçədə zibil qutularının yaxınlığında yerləşən sahədəki təkərlərin altında gizlətdiyi bir ədəd odlu silah olan tüfəngi təqdim etmişdir. Təqdim etdiyi silaha baxış keçirilən zaman silahın “Mauser” markalı silah olması müəyyən edilmiş, silah müstəntiq tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bu barədə müvafiq protokol tərtib olunmuş, heç bir ərizə və şikayət daxil olmadığı üçün Təqsirləndirilən şəxs, müdafiəçi və tərəflərindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin MSYnin Konvoy hissəsinin konvoyu Şahid2 Teyub oğlu və Şirvan şəhər Polis şöbəsinin ƏRQnun kiçik inspektoru Şahid3 şahid qismində vermiş olduqları ifadələrində Şahid1 göstərdiklərini təsdiq etməklə onun ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: şübhəli şəxsin tutulması haqqında 06 yanvar 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdə, saat 19:40-da tutulmuşdur; baxış keçirilməsi haqqında 06 yanvar 2025-ci il tarixli protokoldan və onu özündə əks etdirən videoçəkilişdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X2 iştirakı ilə Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən saat 20:55-dən saat 21:45dək olan müddət ərzində Şirvan şəhəri, Energetik küçəsində çöllük sahədə keçirilmiş baxış zamanı həmin küçədə yerləşən zibil qutularının yaxınlığında yerləşən təkərlərin altından 01 ədəd ağ rəngli torbaya bükülmüş “Mauser” modelli silah aşkar olunaraq götürülmüşdür; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 07 yanvar 2025-ci il tarixli, 25/8 nömrəli rəydən görünür ki, tədiqiqata təqdim edilmiş 01 ədəd 35924 №-li silah xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli, Mauser modelli sürgülü ov karabinidir, odlu yivli silahdır. Həmin silah quş və xırda heyvan ovlamaq üçün nəzərdə tutulmuşdur, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissəmexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə, dəyişiklik edilməmişdir; cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 07 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və Şirvan şəhər Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru X3 icraatına qəbul edilmiş və istintaqı davam etdirilmişdir; təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir; Şirvan şəhər Məhkəməsinin 08 yanvar 2025-ci il tarixli, 4(032)-4/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır; Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən Şirvan şəhər polis şöbəsinə daxil olmuş tələbnamədən və Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-866/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə məhkum olunmuş, sonuncu dəfə Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 02 ay 06 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır; “Şirvan şəhər mərkəzi xəstəxanası” publik hüquqi şəxsin 27 yanvar 2025-ci il tarixli, 18-1-35/2-131/2025 nömrəli məktubunda göstərilmişdir ki, 20 may 1994-cü il təvəllüdlü, Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, azərbaycanlı, natamam orta təhsilli, əvvəllər məhkum olunmuş, bitərəf, evli, Şirvan şəhəri, N.Nərimanov küçəsi ev 9, mənzil 32-də qeydiyyatda olan və Şirvan şəhəri, Energetik küçəsi ev 257-də yaşayan Təqsirləndirilən şəxs Şirvan şəhər Mərkəzi Xəstəxanasının PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji kabinetlərində qeydiyyatda yoxdur; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin 30 yanvar 2025-ci il tarixli, 3-1313/2-3230/2025 nömrəli məktubunda göstərilmişdir ki, DİNnin mülki silah sahiblərinin X1 Sistemində 5.6 mm kalibrli, “Mauser” markalı, 35924 nömrəli yivli silah barədə məlumat yoxdur; məhkəmə - tibbi ekspertizasının 08 yanvar 2025-ci il tarixli, 15 nömrəli rəyində görünür ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamışdır; ambulator məhkəmə psixiatrik ekspertizasının 14 fevral 2025-ci il tarixli, 477 nömrəli rəyindən Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlikl qeyd olumamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəsizliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-haızrda hər hansı psix xəstəlik qeyd olunumr. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini idarə edib qiymətləndirmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs öz psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur; sübutların qiymətləndirilməsi haqqında 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, Energetik küçəsində gizlətdiyi yerdən aşkar edilmiş 01 ədəd ağ rəngli torbaya bükülmüş 35924 nömrəli xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli, “Mauser” modelli sürgülü ov karabini olmaqla, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş odlu yivli silah və 1 ədəd DVD diskdə baxış keçirmə haqqında olan videogörüntü maddi sübut kimi tanınmış və qeyd edilən 01 ədəd 35924 nömrəli xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli, “Mauser” modelli sürgülü odlu yivli silah saxlanılması üçün Şirvan şəhər PŞ-nin saxlanc anbarına verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirli olması özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Beləliklə məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cəza məsələsini müzakirə edərək məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, iş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olubolmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməli etiraf edib peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qəbul edir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət əməli törətməsi cinayətlərin residivini yaratdığından onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 02 ay 06 gün vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmış və məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, cəza təyin edərkən həmin hal nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, əvvəllər də qəsdən cinayət əməlinə görə məhkum edilməsinə baxmayaraq islah olunmamasını, məhkumluğu ödənilmədən yenidən cinayət törətməsini nəzərə alaraq hesab edir ki, ona Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər PŞ-nin inzibati binasında yerləşən maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd ağ rəngli torbaya bükülmüş 35924 nömrəli xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli, “Mauser” modelli sürgülü ov karabini olmaqla, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş odlu yivli silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353, 356, 358, 381, 383, 385-ci maddələrini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 06 yanvar 2025-ci il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər PŞ-nin inzibati binasında yerləşən maddi sübutların saxlanması otağına təhvil verilmiş 01 ədəd ağ rəngli torbaya bükülmüş 35924 nömrəli xarici dövlətdə istehsal olunmuş 5,6 mm kalibrli, “Mauser” modelli sürgülü ov karabini olmaqla, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə-mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş odlu yivli silah Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş 01 (bir) ədəd “CD” disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişdirsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar