Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-48/2025 04.06.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 11:49-da Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Şirvan Regional Vəkil bürosunun vəkili X2 , Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1997-ci il tarixdə Sabirabad rayonu Cəngan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Cəngan kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CMnin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuş və ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər, yəni xuliqanlıq etmişdir. Belə ki, o, 09 noyabr 2024-cü il tarixdə saat 13:34-də Şirvan şəhəri L-nt İbrahimov küçəsində yerləşən ictimai yer hesab edilən Planet ticarət mərkəzində həmin tarixdə aldığı qadın gödəkcəsini yenisi ilə əvəz edilməsini bildirərək səs-küy yaradıb ucadan nalayiq ifadələr işlətdikdən sonra həmin ticarət mərkəzində mühafizəçi kimi çalışan və onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışan Şirvan şəhər sakini Zərərçəkmiş şəxs onun aldığı gödəkçənin etiketinin olmadığından dəyişdirilməsinin mümkün olmamasını izah etdikdən sonra aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan, cəmiyyətdə, insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarında ifadə olunan ictimai qaydanı kobud surətdə pozaraq, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərərək, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıqda, bir çox insanın mənafeyinə toxunmada ifadə olunan cəmiyyətə açıqca hörmətsizlik edərək, həmin ticarət mərkəzində Zərərçəkmiş şəxs xuliqanlıq niyyəti ilə qəsdən kəllə və yumruqla vuraraq sonuncunun sağ haymor sinusunun yuxarı divarının sağ orbitanın aşağı divarına keçən, aşağıya basılmış (çökmüş) sınıqları, burun çəpərində S-vari tinli əyriliklər fonunda ön və orta sümük hissələrində sınıq, üzün sağ orbitətrafı nahiyəsində və kəllənin alın nahiyəsinin sağ yuxarı yan hissələrində dərialtı hematomalar, üzün sağ yanaq nahiyəsində və kəllənin sağ pteriqomaksiliar nahiyəsində yumşaq toxumalarda emfizema, sağ qaş nahiyəsində əzilmiş-cırılmış yara, hər iki gözaltı nahiyədə şişkinlik-qançır, sağ gözün ağlı qişasında qansızma, sağ göz yarığının daralması kimi zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan olan qəsdən sağlamlığına az ağır zərər vuraraq ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 09 noyabr 2024-cü il tarixdə bacısı Sevinclə birlikdə Şirvan şəhərində yerləşən Planet adlı ticarət mərkəzinə getmiş, bacısı mağazaya tək daxil olmuş, o isə çöldə gözləmişdir. Bacısı mağazaya daxil olub onun arvadı üçün gödəkcə almış, evə qayıtdıqdan sonra evdə arvadı paltarı geyinib yoxlayan zaman aldığı gödəkcənin əyninə qısa olmasını görmüşdür. Sonradan isə bacısı gedib gödəkcəni başqası ilə əvəz etmək istəsə də mağazada dəyişməmişlər. Bacısı gəlib bu barədə ona dedikdən sonra yenidən onunla birlikdə mağazaya getmişdir. Kassaya yaxınlaşıb gödəkcəni dəyişdirmək istədiyini və daha böyük ölçüdə eyni gödəkcə almaq istədiyini demişdir. Kassada əyləşən tanımadığı qadın işçi paltarı dəyişə bilməyəcəyini, paltardan yemək qoxusu gəldiyini bildirmişdir. Onun kassir ilə danışığına mağazada olan mühafizəçi, sonradan Zərərçəkmiş şəxs olduğunu bildiyi şəxs yaxınlaşmış və “nə məsələdir?” deyə soruşmuşdur. O da həmin mühafizəçiyə “aldığım paltarı dəyişmirlər, guya paltardan yemək qoxusu gəlir” demişdir. Həmçinin yemək qoxusunun paltardan deyil, ticarət mərkəzinin mətbəxindən gəldiyini, həmin qoxunun da bütün paltarların üzərinə hopduğunu demişdir. Bununla belə mühafizəçi və kassir paltarı dəyişmək istəmədiklərini bildirmişlər. “Vətən müharibəsi” iştirakçısı olmaqla müharibə zamanı yaralanmış, bundan sonra onun əsəblərində problemlər yaranmış və tez özündən çıxıb əsəbləşmişdir. Satıcının və mühafizəçinin davranışından əsəbləşdiyindən, həmçinin həmin vaxt mağazada olan elektrik işləyən şəxsin də ona irad bildirdiyindən əsəbləşib özündən çıxmış, masanın üzərinə yumruqla zərbə endirmişdir. Mübahisə zamanı mühafizəçiyə bir dəfə kəllə ilə və bir dəfə də yumruqla sifətinə zərbə vurub onu yerə yıxmış, daha sonra dəyişmək istədiyi paltarı götürüb mağazadan uzaqlaşmışdır. Son olaraq məhkəmədən müharibə iştirakçısı olduğunu, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “ Cəsur döyüşçü” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilməsini, İİİ dərəcəli əlil olmasını, zərərçəkmiş şəxslə barışmasını, əməlindən peşman olmasını nəzərə almaqla barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 09 noyabr 2024-cü il tarixdə Şirvan şəhəri Planet adlı ticarət mərkəzində mühafizəçi kimi çalışır. 09 noyabr 2024-cü il tarixdə də işdə olan zaman saat 13 radələrində bir nəfər, sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxsin kassada kassir qadınla mübahisə elədiyini eşitmiş, yaxınlaşıb nə baş verməsini maraqlanmışdır. Bu zaman həmin tanımadığı şəxs mağazadan paltar aldığını, həmin paltarı başqa paltarla dəyişdirmək istədiyini, lakin hazırda kassirin aldığı paltarı digər paltarla dəyişmədiyini demişdir. Kassir Gülnarə, oğlanın aldığı paltarla bağlı birkasının olmadığını, ona görə də paltarı dəyişə bilmədiyini demişdir. O da həmin oğlana yenidən birka olmadığı üçün kassirin paltarı dəyişə bilmədiyini demişdir. Bu zaman həmin oğlan “mən qaziyəm, dəliyəm, başdan xarabam, bu paltarı dəyişməlisiniz” demişdir. Həmin oğlan təkrar ona “paltarı dəyişmirsiniz?” deyə soruşmuşdur. O da “dəyişə bilmirik, paltarı götür, Allah işini avand eləsin” demişdir. Bu zaman həmin oğlan masanın üzərinə yumruq zərbəsi endirmiş, sonra isə yaxasından tutaraq anidən kəllə ilə sifət nayihəsinə, daha sonra bir dəfə də üzünə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən kassanın qarşısında yerə yıxılmış və oğlanın hara getməsindən məlumatı olmamışdır. Bir müddət sonra təcili tibbi yardım çalışdığı mağazaya gəlmiş və o, Şirvan ŞMX-ya gedib həkim müayinəsindən keçmişdir. Son olaraq təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir tələb və şikayətinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə verərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, ona qarşı heç bir şikayət və tələbi olmadığını, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 09 noyabr 2024-cü il tarixdə gəlinləri ilə birlikdə Şirvan şəhərində yerləşən Planet adlı ticarət mərkəzinə getmişdir. Ticarət mərkəzindən gəlinləri üçün qış gödəkçəsi alıb yaşadıqları evə getmişlər. Evdə paltarı geyinib yoxlayan zaman aldıqları gödəkçənin qısa olmasını görmüşdür. O, ilk öncə aldıqları paltarı dəyişmək üçün ticarət mərkəzinə getsə də mağazada kassada əyləşən xanım paltarın üzərində etiketi olmadığından və satış qəbzini təqdim etmədiyindən dəyişməmişdir. Sonradan qardaşı Ceyhunla birlikdə paltarı götürüb dəyişdirmək üçün yenidən Planet ticarət mərkəzinə getmişdir. Kassaya yaxınlaşıb gödəkçəni dəyişdirmək istədiklərini və daha böyük ölçüdə eyni gödəkçə almaq istədiklərini bildirmişlər. Kassaya əyləşən tanımadıqları qadın işçi paltarı dəyişə bilməyəcəyini, paltardan yemək qoxusu gəldiyini demişdir. Onların kassir ilə danışığına mağazada olan elektrik işləyən şəxs yaxınlaşmış, daha sonra mühafizəçi yaxınlaşmış və “nə məsələdir?” deyə soruşmuşdur. Qardaşı da həmin mühafizəçiyə “aldığımız paltarı dəyişmirlər, guya paltardan yemək qoxusu gəlir” demişdir. Həmçinin yemək qoxusunun paltardan deyil, ticarət mərkəzinin mətbəxindən gəldiyini, həmin qoxunun da bütün paltarların üzərinə hopduğunu demişdir. Bununla belə mühafizəçi və kassir paltarı dəyişmək istəmədiklərini bildirmişlər. Xanım işçi qardaşına “travmalısan?” deyərək təhqir etmiş, o da həmin işçiyə qardaşının vətən müharibəsi iştirakçısı olduğunu, qazi olduğunu demişdir. Yenə də onlara heç bir güzəşt edilməmişdir. Bundan sonra qardaşı ilə mühafizəçi mübahisə etmiş, qardaşı mühafizəçinin baş nahiyyəsindən başı ilə zərbə endirərək ona xəsarət yetirmişdir. Bundan sonra aldıqları paltarı da götürüb mağazadan çıxmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid2 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 09 noyabr 2024-cü il tarixdə Şirvan şəhəri Planet adlı ticarət mərkəzində işdə olmuşdur. O, həmin mağazada kassir kimi çalışır. 09 noyabr 2024-cü il tarixdə səhər saatlarında bir nəfər tanımadığı qadın mağazaya yaxınlaşıb 35 manata gödəkcə alıb getmişdir. Həmin qadın aldığı gödəkcəni geyinib mağazadan uzaqlaşmışdır. Bir müddət keçdikdən sonra həmin qadın mağazaya gələrək aldığı gödəkcəni dəyişdirmək istədiyini demişdir. Lakin alınan gödəkcənin etiketi üzərində olmadığından və gödəkcədən pis qoxu gəldiyindən həmin gödəkcəni başqası ilə dəyişə bilməyəcəyini demişdir. Bundan sonra həmin qadın mağazadan uzaqlaşıb getmişdir. Bir müddət keçdikdən sonra həmin qadın yanında bir oğlanla mağazaya yaxınlaşmış və qadının yanında gələn oğlan gödəkcəni dəyişmələrini tələb eləmişdir. O, yenidən həmin oğlana gödəkcənin etiketi üzərində olmadığından və gödəkcədən pis qoxu gəldiyindən həmin gödəkcəni başqası ilə dəyişə bilməyəcəyini demişdir. Bundan sonra həmin tanımadığı oğlan mağazanın daxilində ünvansız nalayiq ifadələr işlədərək gödəkcəni dəyişməli olduğunu bildirmişdir. Bu zaman mağazada mühafizəçi kimi çalışan Zərərçəkmiş şəxs həmin oğlana yaxınlaşıb nə baş verməsi barədə maraqlanmışdır. O da oğlanın aldığı paltarla bağlı etiketin olmadığını, ona görə də paltarı dəyişə bilmədiyini demişdir. Əlikram da həmin oğlana yenidən etiket olmadığı üçün paltarı dəyişə bilmədiklərini izah eləmiş, hətta etiket olmadan onun həmin paltarı dəyişməyə səlahiyyətinin olmadığını demişdir. Bu zaman həmin oğlan “mən qaziyəm, başdan xarabam, bu paltarı dəyişməlisiniz” demişdir. Sonra isə həmin oğlan təkrar “paltarı dəyişmirsiniz?” deyə soruşmuşdur. Əlikram da həmin oğlana “dəyişə bilmirik, paltarı götür Allah işini avand eləsin” demişdir. Bu zaman həmin oğlan masanın üzərinə yumruq zərbəsi endirib kassanın üzərini dağıtmış, sonra isə Əlikramın yaxasından tutaraq anidən kəllə ilə sifət nayihəsinə zərbə endirmiş və bununla da sakitləməyib bir dəfə də Əlikramın üzünə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən Əlikram, kassanın qarşısında yerə yıxılmış və oğlan da paltarı götürüb mağazadan uzaqlaşmışdır. Onlar dərhal təcili tibbi yardım çağırmış və Əlikramı Şirvan ŞMX-ya aparmışlar. Hadisə nəticəsində mağazaya hər hansı bir maddi ziyan dəyməmiş, həmin şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirmişdir. Hadisə zamanı kassada Şahid1 olmuş, bundan başqa mağazada müştərilər də olmuşdur. Mağazada olan müştərilərin kim olmasını bilmir. Zərərçəkmiş şəxs döyülüb xəsarət almasını o və Ulduzə görümüşdür. Həmin şəxs aldığı gödəkcənin pulunu ödəmişdir. Həmin şəxs səhər saatlarında aldığı gödəkcəni qoyub dəyişdirmək istədiyi yeni gödəkcəni götürüb mağazadan uzaqlaşmışdır. Həmin şəxsin paltara görə mağazaya heç bir ödəniş borcu qalmamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə Şahid3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai araşdırma zamanı Şahid3 ifadəsində göstərmişdir ki, 09 noyabr 2024-cü il tarixdə Şirvan şəhəri Planet adlı ticarət mərkəzində işdə olmuşdur. O, həmin mağazada sürücü kimi çalışır. 09 noyabr 2024-cü il tarixdə günorta saatlarında bir nəfər şəxsin mağazada kassanın qarşısında mübahisə elədiyini görmüşdür. Bu zaman mağazada mühafizəçi kimi çalışan Zərərçəkmiş şəxs həmin oğlana yaxınlaşıb nə baş verməsi barədə maraqlanmışdır. Həmin müştəri bir qədər öncə aldığı paltarı başqa paltar ilə dəyişməsini tələb etmişdir. Bu zaman Əlikramla oğlan arasında söz mübahisəsi yaranmışdır. Həmin oğlan mühafizəçi ilə agresiv formada danışmışdır. O da yaxınlaşıb bir qədər sakit olmasını xahiş eləmişdir. Bu zaman anidən həmin oğlan masanın üzərinə yumruq zərbəsi endirib kassanın üzərini dağıtmış, sonra isə Əlikramın yaxasından tutaraq anidən kəllə ilə sifət nayihəsinə zərbə endirmiş və bununla da sakitləməyib bir dəfə də Əlikramın üzünə yumruqla zərbə endirmişdir. Zərbənin təsirindən Əlikram, kassanın qarşısında yerə yıxılmışdır. Bundan sonra oğlan kassanın üzərindən paltarı götürmüş, o da həmin oğlanı mağazadan uzaqlaşdırmışdır. Sonra isə onlar dərhal təcili tibbi yardım çağırmış və Əlikramı Şirvan ŞMX-ya aparmışlar. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq iş üzrə Şahid1 məhkəməyə gəlmədiyindən onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş, o, həmin ifadəsində Şahid2 ifadəsində qeyd etdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında hadisə yerinə baxış aparılması zamanı Planet Ticarət Mərkəzinin təhlükəsizlik kameralarından əldə edilmiş, hadisənin görüntülərini özündə əks etdirən diskə baxış keçirilmişdir. Videoçəkilişdən görünür ki, Zərərçəkmiş şəxs görüntüdə kassanın qarşısında dayanır, zərərçəkmiş şəxsin qarşısında duran şəxsin isə ona xəsarət yetirən şəxs, yəni Təqsirləndirilən şəxsdur. Videogörüntünün 13:34:32 saniyəsində Təqsirləndirilən şəxs yumruqla kassanın stoluna zərbə endirib orada olan gödəkcəni kənara tullayır, sonra kassada olan qutunu vurub aşırır, zərərçəkmiş şəxsin yaxasından tutaraq ilk öncə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə, sonra isə yumruqla yenidən sifət nahiyəsinə bir dəfə zərbə endirir. Zərbənin təsirindən Zərərçəkmiş şəxs üzünü tutaraq yerə yıxılması görünür. Sonra Təqsirləndirilən şəxs kassanın üzərindən gödəkcə götürərək mağazadan uzaqlaşır. Görüntünün davamında mağazada olan şəxslərin Zərərçəkmiş şəxs tibbi yardım göstərməsi görünür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul olunması barədə” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X4 X9 canlı şəxsin məhkəmə-tibbi ekspertizası ilə bağlı 23 noyabr 2024-cü il tarixli 551 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sağ haymor sinusunun yuxarı divarının sağ orbitanın aşağı divarına keçən, aşağı basılmış (çökmüş) sınıqları, burun çəpərində S-vari tinli əyriliklər fonunda ön və orta sümük hissələrində sınıq, üzün sağ orbitətrafı nahiyəsində və kəllənin alın nahiyəsinin sağ yuxarı yan hissələrində dərialtı hematomalar, üzün sağ yanaq nahiyəsində və kəllənin sağ pteriqomaksiliar nahiyəsində yumşaq toxumalarda emfizema, sağ qaş nahiyəsində əzilmiş-cırılmış yara, hər iki gözaltı nahiyədə şişkinlikqançır, sağ gözün ağlı qişasında qansızma, sağ göz yarığının daralması-küt əşyanın təsirindən törənmiş, ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. xx.xx.2025-ci il tarixli şəxsin şübhəli şəxs qismində tanınması , barəsində axtarış elan edilməsi və ittiham elan etmək üçün şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs şəxsin şübhəli şəxs qismində tanınması, olduğu yer müəyyən olunmadığından barəsində axtarış elan edilməsi və onun tutularaq Şirvan şəhər X6 bölməsinə təhvil verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025ci il tarixdə Sabirabad rayonu ərazisində yeri müəyyən edilərək Şirvan şəhər X6 bölməsinə təhvil verilmişdir. xx.xx.2025-ci il tarixli, əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə əməl həmin Məcəllənin 127.2.3-cü və 221.1-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3cü və 221.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. xx.xx.2025-ci il tarixli qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişiklik edilməklə, o, Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.2.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Şirvan şəhəri L-nt İbrahimov küçəsində yerləşən Planet ticarət mərkəzində baş vermişdir. 01 ədəd CD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs döyülməsi ilə bağlı hadisə yerinə baxış zamanı götürülmüş, 01 ədəd CD diskdə Azərbaycan Respublikası CPM-nın 236-cı maddəsinə əsasən baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin 01 ədəd CD diskdə 2 dəqiqə 53 saniyyə olan 01 ədəd videogörüntünün olduğu həmin görüntünün “Planet geyim mağazasının müşahidə kamerası vasitəsi ilə çəkildiyi, görüntüdə mağazanın kassa hissəsində təxminən 30-35 yaşlarında şəxsin saat 13:13 radələrində həmin mağazada mühafizəçi işləyən şəxsin üz nahiyyəsinə başla və yumruqla zərbə endirilməsi, həmin vaxt ətrafda satıcı və müştərilərin olduğu, mühaifizəçinin yerə yıxılaraq, üz nahiyyəsindən qan axdığı görüntüsü olduğu müəyyən edimişdir. Cinayət işi üzrə hadisə yerinə baxış aparılması zamanı Planet Ticarət Mərkəzinin təhlükəsizlik kameralarından əldə edilmiş hadisənin görüntülərini özündə əks etdirən DVD diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs görüntüdə kassanın qarşısında dayanır, zərərçəkmiş şəxsin qarşısında duran şəxsin isə ona xəsarət yetirən şəxs, yəni Təqsirləndirilən şəxs olması görünür. Videogörüntünün 13:34:32 saniyəsində Təqsirləndirilən şəxs yumruqla kassanın stoluna zərbə endirib orada olan gödəkcəni kənara tullayır, sonra kassada olan qutunu vurub aşırır, zərərçəkmiş şəxsin yaxasından tutaraq ilk öncə başı ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə, sonra isə yumruqla yenidən sifət nahiyəsinə bir dəfə zərbə endirir. Zərbənin təsirindən Zərərçəkmiş şəxs üzünü tutaraq yerə yıxılması görünür. Sonra Təqsirləndirilən şəxs kassanın üzərindən gödəkcə götürərək mağazadan uzaqlaşır. Görüntünün davamında mağazada olan şəxslərin Zərərçəkmiş şəxs tibbi yardım göstərməsi görünür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən 04 fevral 2025-ci il tarixli 326 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, o, cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazır ki psixi vəziyyətinə görə barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. Təqsirləndirilən şəxs inadkarlıq, kobudluq, eqosentizm, söz götürməmək, öz fikrini üstün tutmaq, emosional reaksiyalara meyillilik, qıcığa qarşı həssaslıq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. O iş üçün əhəmiyyət kəsb edəb halları adekvat olaraq qavraya və bu barədə məlumat verə bilər. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində başqasının təsiri altında hərəkət etməyə meyillilik aşkar edilmədi. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Əməli törədən zaman Təqsirləndirilən şəxs emosional vəziyyətində qıcığa qarşı həssaslıq, əsəbilik, gərginlik kimi hallar əmələ gəlmişdir. Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad rayon İcra Hakimiyyəti Muğan Gəncəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Əhmədzadə X3 rayonu Cəngan kəndində yaşayır. Sabirabad rayon İcra Hakimiyyəti Muğan Gəncəli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs barəsində Kənd İcra Nümayəndəliyinə neqativ hal daxil olmamışdır. Adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1997-ci ildə Sabirabad rayonu Cəngən kəndində anadan olmuş X1 “ Sayılov”-dan “ Əhmədzadə” -yə dəyişdirmişdir. Bu barədə soyadın, adın, ata adının dəyişdirilməsi haqqında akt qeydləri kitabında xx.xx.2022-ci ildə 88 № ilə qeyd edilmişdir. Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Sayılov (Əhmədzadə) Ceyhun Əhməd oğlu Azərbaycan Respublikasının 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” İ-11384 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İ-8467 nömrəli medalla, Azərbaycan Respublikasının 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” İ-69343 nömrəli medalla , Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” İ-4944 nömrəli medalla təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X9 Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli,3833 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 17 fevral 2023-cü il 3-28/3-1-118/2023 saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə” əmrinə uyğun Təqsirləndirilən şəxs Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunub. Diaqnoz: Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, özünü kəsmələrlə F 07.0). Təyin edilən diaqnoz 1 il müddətinə qüvvədədir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemi əlilliyin qiymətləndirilməsinin nəticəsinə dair arayışın surətindən görünür ki, xx.xx.1997-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar Üzvi (İl Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, dissosiativ əlamətlər, özünü kəsmələrlə . Keçirilmiş kəllə beyin travması, baş beyin silkələnməsinin qalıqları. Posttravmatik ensefalopatiya. Posttravmatik vegetativ damar distoniyası, vestibulyar vegetativ paroksizimlərlə diaqnozu ilə üçüncü dərəcəli (əmək qabiliyyətinin itirilməsi faizi 40%) əlildir. Əmək qabiliyyətsizdir. Əlliyin təyin edilmə tarixi xx.xx.2024-cü il, təyinatın bitmə tarixi xx.xx.2026-cı il. Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün, zərərçəkmiş şəxs və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir : “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının : 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. 6-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyətnümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə- iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsində əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası Qaydaları”nın 16-cı bəndinə əsasən, sağlamlığın uzun müddətə pozulması dedikdə, əmək qabiliyyətinin 21 gündən çox olan müddətdə müvəqqəti itirilməsi başa düşülməlidir. Həmin Qaydaların 17-ci bəndinə əsasən, ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi dedikdə, ümumi əmək qabiliyyətinin 10 faizdən 33 faizə qədərinin dayanıqlı itirilməsi nəzərdə tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Qaydalarda sağlamlığa az ağır zərər vurmanın ifadə olunduğu xəsarətlər sadalanmasa da, belə zərərə xırda sümüklərin sınığı, kiçik oynaqların çıxığı, müalicəsi 21 gündən artıq davam edən yaralanmalar, nitqin çətinləşməsi, eşitmə və görmə qabiliyyətinin əhəmiyyətli dərəcədə zəifləməsi və.s aid edilir. Cinayət qanunvericiliyində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti həyat və sağlamlıq əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi insanların sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər çıxış edir. Qəsdən sağlamlığa az ağır zərər vurma obyektiv cəhətdən CM-in 127-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərlə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlərin törədilməsi nəticəsində CM-nin 126-cı maddəsində nəzərdə tutulmuş nəticələr mövcud olmamalıdır; ikincisi, belə ictimai təhlükəli nəticə sağlamlığın uzun müddət pozulmasında və ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsində ifadə olunmalıdır; üçüncüsü isə bu əməllə ictimai təhlükəli nəticə arasında səbəbli əlaqə olmalıdır. Qeyd olunmalıdır ki, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma təqsirkarın davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmə və özünü ətrafdakılara qarşı qoyub, onlara münasibətdə laqeydliyini ifadə etməklə cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik, birgə yaşayış qaydalarını və əxlaq normalarını kobud surətdə pozma zəminində başqa şəxsin sağlamlığına az ağır zərər vurmada ifadə olunur. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. Xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, belə motivlə cinayət törədən şəxs özünün şəxsiyyətini başqa şəxsin və ya qeyri-müəyyən sayda şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları və ictimai maraqları, habelə əxlaq normalarını pozan və bunlara etinasızlıq göstərən hərəkətlər edir. Xuliqanlıq motivi şəxsin azğınlığında, qəddarlığında, ətrafdakılara hörmətsizlik göstərən eqoizmini nümayiş etdirməsində, cəmiyyətə qarşı sair kobud hərəkətlərində ifadə olunur. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi sağlamlığa zərər vurmaq üçün bəhanə etməklə törədilir. Xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma çox hallarda təqsirkarın neqativ davranışı barədə zərərəçkmiş şəxsin ümumi qəbul olunmuş formada və haqlı iradına cavab olaraq törədilir. Əməlin xuliqanlıq niyyəti ilə sağlamlığa zərər vurma kimi tövsif edilməsi üçün digər motivlər ya olmamalıdır, yaxud da xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Əgər digər motivlər (qisas, qısqanclıq və.s) xuliqanlıq niyyətinin tərkib hissəsi kimi çıxış edirsə, bu zəmində törədilən qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Buna görə də, qəsdən sağlamlığa az ağır zərər vurmada motivin xuliqanlıq kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Xuliqanlıq motivinin müəyyən edilməsi üçün təqsirkarın sağlamlığa zərər vurmadan əvvəlki, sağlamlığa zərər vurma prosesində və cinayət törədildikdən sonra hər bir davranışı dərindən təhlil edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 127.2.3-cü və 221.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin : 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixli Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-nin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-nin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, əməlini etiraf etməklə səmimi peşmançılığını, əvvəllər məhkum olunmamasını, ona qarşı şikayət və tələbin olmamasını, Azərbaycan Respublikasının 2020-ci il 24 dekabr tarixli 2358 nömrəli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” İ-11384 nömrəli medalla, Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 2369 nömrəli Sərəncamı ilə “Qubadlının azad olunmasına görə” İ-8467 nömrəli medalla, Azərbaycan Respublikasının 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” İ-69343 nömrəli, Azərbaycan Respublikasının 2020-ci il 18 dekabr tarixli 2353 nömrəli Sərəncamı ilə “Cəsur döyüşçü” İ-4944 nömrəli medalla təltif edilməsini, hadisəni törətdiyi dövrdə cinayətin anlaqlılığı istisna etməyən “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” (F07.0) olan şəxs tərəfindən törədilməsini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən xx.xx.2025-ci il tarixli 326 saylı rəyi) , İİİ dərəcəli əlil olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxsin ittiham olunduğu qanunun yuxarıda şərh edilən tələbləri baxımından məhkəmə, törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs cinayət əməlini səmimi etiraf etməklə əməlindən peşman olması, “Vətən Müharibəsinin iştirakçısı olmaqla müvafiq medallarla təltif edilməsi, hadisəni törətdiyi dövrdə cinayətin anlaqlılığı istisna etməyən “üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu” (F07.0) olan şəxs tərəfindən törədilməsi , İİİ dərəcəli əlil olması, zərərçəkmiş şəxslə barışması, ona dəymiş zərəri ödəməsi və sonuncunun ona qarşı şikayət və tələbinin olmaması kimi mühüm əhəmiyyət kəsb edən yüngülləşdirici halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək ona həmin maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 127.2.3-cü və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut , mülki iddianın və ekspertiza xərcinin olmaması nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü və 221.2.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 127.2.3-cü maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, 221.2.2-ci maddəsi ilə 01 (bir) il 01 (bir) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə Sabirabad rayonu ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin, cəzasının əvvəli Təqsirləndirilən şəxs Sabirabad rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. İş materiallarında olan 01 (bir) ədəd DVD disk cinayət işinin saxlama müddəti ərzində iş materillarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmü ona verildiyi) andan 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 (iyirmi) gündən sonra qüvvəyə minir. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №1(032)-48/2025
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-48/2025
04.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver