Azərbaycan Respublikası adından HÖKM Şirvan şəhəri İş № 1(032)-5/2023 26.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ saat 16:30-da Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Məhkəmə iclas katibi Heydərov Fərrux Fəttah oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 2003-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış, Şirvan şəhəri, H.Əliyev prospekti, ev 12, mənzil 29-da qeydiyyatda olmaqla tutulana qədər həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2, 177.2.4 və 326.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə təkrarən özgənin əmlakına xeyli miqdarda ziyan vurmaqla, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 21 oktyabr 2020-ci il tarixdə, saat 02 radələrində Şirvan şəhəri, Heydər Əliyev prospektində yerləşən «Çıraq Petrol» yanacaq doldurma məntəqəsinin həyətində Salyan rayon sakini Zərərçəkmiş şəxs1 məxsus «X7» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanıldığını görüb, həmin avtomobildən oğurluq etmək qərarına gələrək, avtomobilə yaxınlaşıb arxa sağ qapısının şüşəsini sındırmaqla daxil olub, avtomobilin salonunda ön sağ hissədə yerləşən əşya qoyulması üçün nəzərdə tutulmuş saxlanc kimi istifadə olunan yerin kilidini istintaq zamanı yerini müəyyən etmək mümkün olmayan bıçaqla açaraq, həmin yerdə olan sellofanın içərisindəki zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus 6000 manat pulu, sonuncuya məxsus şəxsiyyət vəsiqəsini, ümum vətəndaş pasportunu, mühüm şəxsi sənəd hesab edilən sürücülük vəsiqəsini, avtomobilə dair nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini, hərbi bileti və həmin sənədlərin arasında olan 200 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar təşkil edən 6200 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 06 dekabr 2020-ci il tarixdən 07 dekabr 2020-ci il tarixə keçən gecə saat 03 radələrində Şirvan şəhəri, Xəqani küçəsində Şirvan şəhər sakini Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz» markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı mikroavtobusun saxlanıldığını görüb, həmin mikroavtobusdan oğurluq etmək qərarına gələrək, mikroavtobusa yaxınlaşıb sağ tərəfində olan şüşəsini açmaqla daxil olub, mikroavtobusun qarşı oturacağının altından zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məxsus 10300 manat pulu gizli olaraq talayıb, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 ümumilikdə xeyli miqdar təşkil edən 10300 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4 maddələri ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci ilin yanvar ayında Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən “Çıraq” petrol YDM-də avtomobil təmiri sexində “uçenik” kimi Ceyhun adlı ustanın yanında işə başlamış, həmin vaxt orada işə başlamağının səbəbi təmir üçün gələn avtomobilləri yoxlamaq, həmin avtomobillərdə pul və ya başqa maddi dəyəri olan əşya varsa oğurlamaq olmuşdur. O, orada 2020-ci ilin noyabr ayına qədər həmin yerdə işləmiş, həmin təmir sexində işləyən zaman ** UK *** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobil tez-tez “Çıraq” petrol YDM-nə gəlirmiş. Bir səfərində də, avtomobilin sahibi təmir üçün “** UK *** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobili təmir üçün onun işlədiyi sexin yanındakı sexə gətirmiş, həmin avtomobildən oğurluq etmək qərarına gəlmişdir. Sonra o, ** UK *** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobilin gəldiyi vaxtı dəqiqləşdirmş, 21 oktyabr 2020-ci il tarixdə saat təxminən 02 radələrində “Çıraq” petrol YDM-nin yaxınlığından keçən zaman “** UK *** dövlət qeydiyyat nişanlı “X7” markalı avtomobilin YDM-nin həyətində dayandığını görmüş, həmin vaxt o YDM-nin giriş hissəsində olan plakat tərəfindən qaranlıq hissə ilə avtomobilin yanına gəlmiş, üzərində bizə oxşar dəmir parçası ilə avtomobil sağ tərəfində yerləşən arxa şüşəsini sındırmış və şüşəni içəri tərəfə əli ilə əymiş, həmin vaxt şüşənin qırıntıları avtomobilin arxa oturacağına tökülmüş, bundan sonra o, arxa şüşənin sındırdığı yerdən avtomobilin salonuna girmişdir. Əvvəl avtomobilin arxa salonunu yoxlamış, lakin heç nə tapa bilməmiş, sonra arxa salondan ön salona keçmiş, sağ tərəfdə yerləşən “bardaçok”-u açmaq istəmiş, lakin bardaçok bağlı olmuşdur. O da üzərində olan bıçaqla “bardaçok”-u açmış “bardaçok”-un içərisində sellofan torbada çoxlu pul olmasını görmüş və həmin sellofan torbanı pulla birlikdə götürmüş, orada sənədlərin arasında 200 manat pul olmasını görmüşdür. Sonra avtomobilə girdiyi yerdən çıxaraq, gəldiyi yolla “Üç barmaq” adlanan yerə tərəf getmiş və oradan da, piyada “Kənd evləri” adlanan yaşayış massivinə kirayə qaldığı evə getmiş, evə çatdıqdan sonra o oğurladığı pulu saymış və pulun 6200 manat olmasını bilmiş, səhəri gün isə 6200 manat pulu öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa, 2020-ci ilin noyabr ayında Şirvan şəhəri, H.Əliyev prospektində yerəşən Füzuli parkında tanışları ilə gəzərkən həmin vaxt orada olan tanışlarında biri ona söhbət əsnasında şəhərin Xəqani küçəsində yaşayan Zərərçəkmiş şəxs2 idarə etdiyi “Mercedes Benz mikoavtobus” markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobildə pul saxladığını bildirmişdir. Bu söhbətdən sonra Ramalın qardaşına məxsus şəhərin F.Eynullayev küçəsində yerləşən obyektin qarşısına getmiş və orada Ramala məxsus «Mercedes Benz mikoavtobus» markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobilə baxmış və özünə dəqiqləşdirmə aparmışdır. 2020-ci ilin dekabr ayının 7-də saat 03 radələrində o şəhərin Xəqani küçəsinə Zərərçəkmiş şəxs2 yaşadığı evin yaxınlığına gəlmiş, həmin vaxt görmüşdür ki, Ramalın avtomobili evindən müəyyən məsafə aralıdadır. Bundan sonra o ətrafa baxmış, heç kim olmadığına əmin olduqdan sonra avtomobilə yaxınlaşmış, əlinə əlcək geyinmiş, üzündə də tibbi maska olmuşdur. O avtomobilə yaxınlaşan zaman ilkin olaraq avtomobilin qapılarını yoxlamış, lakin qapılar və pəncərələr bağlı olmuş, avtomobilin sağ tərəfində yerləşən sərnişinlərin düşüb çıxması üçün nəzərdə tutulmuş qapının yuxarısında yerləşən siyirtmə şüşəni əli ilə çəkib açmaq istəmiş, şüşə bir qədər açılmış, sonra həmin şüşənin açılan yerindən sol qolunu içəri salmış və avtomobilin ön sağ hissədə yerləşən qapısını açmış, qapını açdığı yerdən avtomobilə girmiş və qapını bağlamışdır. İlkin olaraq avtomobilin ön saxlanc yerinə baxmış, dəyərli nəsə tapa bilməmiş, sonra avtomobilin ön hissəsində yerləşən oturacaqların altını yoxlamış, həmin vaxt oturacaqların arasında yerdə 1 ədəd ağ rəngli sellofan torbanı görmüş, həmin sellofan torbanı açıb içərisinə baxdıqda, içərisində pul olmasını görmüş, sellofan torbanı pulla birlikdə götürmüş və oradan arxa oturacaqlar olan tərəfə keçmiş, lakin arxa tərəfdə dəyərli nəsə əşya tapa bilməmişdir. Sonra gəldiyi yolla avtomobilin ön qapısından çıxmış, həmin vaxt şüşəni çəkib və qapınıda bağlayıb oradan uzaqlaşıb getmişdir. O oradan birbaşa Şirvan şəhəri, H.Əliyev prospektində yerləşən «Çıraq petrol» YDM-nə gəlmiş, orada Nissan markalı taksiyə yaxınlaşmış və taksidən onu Bakı şəhərinə aparmasını istəmiş, həmin vaxt taksi şoferinə avtomobilə benzin vuracağını və 50 manat pul verəcəyini bildirmiş, taksi şoferi də onunla razılaşmışdır. Təxminən saat 05 radələrində Bakı şəhərinə çatmış və o 28 May metrosunun yanında avtomobildən düşmüş, dəmiryolu vağzalının arxasında günlük 10 manata ev tutmuş, həmin evdə olarkən oğurladığı pulu saymış, pulun miqdarı 10050 manat olmuş, taksiyə əvvəl 100 manat pul vermiş, bundan başqa yolda gələrkən puldan birazını xərcləmişdir. Təxminən 4 gün o həmin evdə qalmış, bu müddət ərzində puldan 3000 manata yaxınını xərcləmiş, 4 gün sonra oradan çıxıb Xırdalan şəhərinə getmiş, orada da aylığı 450 manata kirayə ev tutmuş, təxminən 4 ay orada qalmış və bu müddət ərzində də qalan pulu da orada müxtəlif əyləncələrə və şəxsi ehtiyaclara xərcləmiş və 4 ay sonra cibində 250 manata yaxın pulla Şirvan şəhərinə gəlmiş, qalan pulu da burada xərcləmişdir. Pulsuz qaldığından Şirvan şəhərində yerləşən Al marketdən oğurluq etdiyinə görə barəsində cinayət işi üzrə araşdırma aparılmış və cinayət işi məhkəməyə göndərilmiş və ona 02 il 03 ay azadlıqdan məhrum etmə cəzası verilmiş, ilkin cinayət işi zamanı istintaq müddətində çöldə olduğu zaman törətdiyi oğurluq cinayətinə görə barəsində istintaqı aparılan cinayət işi Şirvan şəhər Məhkəməsinə göndərilmiş, ona əvvəlki cəzası ilə birlikdə azadlıqdan məhrum etmə cəzası verilmiş, dəymiş ziyanları ödəməmiş, əməlimdən peşmandır. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, “Mercedess benz mikroavtobus” markalı, ** HP *** dövlət qeydiyyat nişanlı avtomobil özünə məxsusdur. Həmin avtomobili 2018-ci ildə almış və həmin vaxtdan da etibarnamə əsasında idarə edir. Həmin mikroavtobusla sifarişlə Bakı şəhərinə sərnişin daşıyır. Özünə məxsus olan pulları iki ilə yaxındır ki, mikroavtobusda, öndə olan oturacaqların altında gizlədir. Pulları gizlətdiyi yerdə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə görmüşdür. Avtomobili ustaya aparanda həmin pulları yerində görmüşdür. Yaşadığı küçə havanın yağışlı olması səbəbi ilə palçıqlı olmuş, mikroabtobusu təzə yuduzdurduğu üçün yaşadığı küçəyə salıb çirkləndirmək istəməmiş, buna görə də xx.xx.2020-ci il tarixdə, saat 20 radələrində mikroavtobusu evlərindən 150 metr kənarda saxlayıb evə getmişdir. xx.xx.2020-ci il tarixdə, saat 04:30 radələrində evdən çıxaraq mikroavtobusun qapısını açanda pulu gizlətdiyi yerdə olan kiçik karton qutunun və sellofanın avtomobilin salonunda yerdə olduğunu görmüş, pulun oğurlandığından şüphələndiyi üçün tez gizlətdiyi yerə baxmış, pulu gizlətdiyi yerdə görməyəndə oğurlandığını bilmişdir. Mikroavtobusun sağ yan şüşələrindən biri də açıq vəziyyətdə olmuşdur. Onun orada 10300 manat pulu olmuş, tez istifadəsində olan mobil nömrədən Azərbaycan Respublikası DİN-nin “102 xidməti zəng mərkəzinə” zəng edərək bu barədə məlumat vermişdir. Həmin mikroavtobusu alan gündən pulları orada saxlayırmış, çünki heç kəsə etibar etmirmiş, pulu orda gizlətməyindən təkcə qeyri rəsmi olaraq ər-arvad münasibətində yaşadığı X1 xəbəri olmuşdur. Avtomaşında pulun olduğunu qızı, hazırda anası ilə yaşayan Şahid4 qızı bilmişdir. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 20 oktyabr 2020-ci il tarixdə, saat 18 radələrində qeyri-rəsmi münasibətdə olduğu Emiliya adlı qadınla Şirvan şəhərində yerləşən Cəngən marketə getmişlər və oradan alış-veriş etdikdən sonra birlikdə idarə etdiyi Santa fe markalı avtomaşınla Emiliyanın evinə tərəf gəlmişlər. Həmin vaxt o, 2 gün Emiliyagildə qalacağı üçün idarə etdiyi Hundai markalı avtomaşını həmişəki kimi Çıraqpetrol yanacaq doldurma məntəqəsinin həyətində saxlamaq qərarına gəlmiş və taksi kimi fəaliyyət göstərən Əlinin taksini saxladığı yerə gəlmiş, həmin vaxt Əli orada olmuş, o, Əliyə xəbərdarlıq edərək, arxasınca gəlməsini bildirmişdir. Sonra o, idarə etdiyi avtomaşınla yola düşmüş, Əli də idarə etdiyi avtomaşınla arxasınca gəlmiş və onlar “Çıraqpetrol” YDM-nin həyətinə gəlmişlər. Orada o və Emiliya maşından düşmüşlər və aldıqları əşyaları taksiyə qoyduqdan sonra taksi ilə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsinə gəlmişlər. Orada taksidən düşüb Emiliyanın evinə girmişlər. O, 2 gün Emiliyanın evində qaldıqdan sonra 22 oktyabr 2020-ci il tarixdə piyada Çıraqpetrol YDM-nin həyətinə gəlmiş, ona məxsus Hyundai Sante fe **-UK-*** markalı avtomaşının arxa sağ şüşəsinin sındığını görmüş, maşının qapısını açıb içərisinə baxdıqda, sağ sərnişin hissəsində olan və kilidli olan saxlanc yerinin sınmış vəziyyətdə açıq olduğunu görmüşdür. O, yaxından baxdıqda həmin saxlanc yerində olan və ona məxsus olan sənədlərinin və sellofan torbada olan 6000 manat pulun, həmçinin, sənədlərinin arasında olan 200 manat pulun yerində olmadığını müəyyən etmiş, ətrafda olan şəxslərdən bu barədə maraqlandıqda, bir nəticə əldə edə bilmədiyinə görə, maşınından oğurluq olmasına əmin olduqdan sonra DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Ona məxsus avtomobildən şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, idarə etdiyi avtomaşının texniki baxış vəsiqəsi, hərbi bileti, ümumi vətəndaş pasportu oğurlanmışdır. Ona dəymiş ziyanın Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda onun barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu onun keçmiş əri olmuşdur. Ramalla 2002-ci ildə evlənmiş, 2010-cu ildə isə rəsmi qaydada boşanmış, qızı Şahnaz 2020-ci ilin mart ayına qədər atası ilə birlikdə yaşamışdır. 2020-ci ilin mart ayında Şahnaz onlara gələndə Ramalın avtomobilində, oturacaqdakı döşəkcənin içərisində pul olduğunu demişdir. Ramalın ondan sonrakı arvadı ilə bir dəfə telefonla danışanda Ramalın niyə alimenti vermədiyini soruşmuş, sonuncu Ramalın pulunun olmadığını deyəndə o, avtomobildə Ramalın pul saxladığını deyib, yeri barədə məlumat vermişdir. xx.xx.2020-ci ildə sentyabr ayında Türkiyə Respublikasına gedib, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Türkiyə Respublikasında olanda 2020-ci ilin dekabr ayının ortalarında eşitmişdir ki, Ramala məxsus mikroavtobusdan pul oğurlanmışdır. Pulun kim tərəfindən və hansı şəraitdə oğurlanması barədə heç bir məlumatı yoxdur. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da, ailə üzvləri ilə birlikdə hal-hazırda ünvan 2 ünvanında yaşayır. Atası Ramalla anası Aynur 10 ilə yaxındır ki, boşanmışlar. Həmin vaxtdan da bacısı ilə birlikdə anasının himayəsində yaşayır. Anası Şahid1 3 ilə yaxındır ki, Türkiyə Respublikasında qulluqçu işləyir. Atası mikroavtobusla sərnişin daşıyaraq qazanc əldə etmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında evdə olanda eşitmişdir ki, atasına məxsus mikroavtobusdan 10300 manat pul oğurlanmışdır. Pulun kim tərəfindən və hansı şəraitdə oğurlanması barədə heç bir məlumatı yoxdur. Onun atasının ümumiyyətlə orda pul saxlamağından xəbəri olmamışdır. Məhkəmə baxışında şahid qismində ifadə vermiş Şahid4 qızı ifadəsində göstərmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olsa da ailə üzvləri ilə birlikdə hal-hazırda ünvan 2 ünvanında yaşayır. Atası Ramalla anası Aynur 10 ilə yaxındır ki, boşanmışlar. Həmin vaxtdan da qardaşı və bacısı anasının himayəsində yaşamışdır. O isə 2020-ci ilin mart ayına qədər atası ilə birlikdə yaşamışdır. Anası Şahid1 3 ilə yaxındır ki, Türkiyə Respublikasında qulluqçu işləyir. Atası mikroavtobusla sərnişin daşıyaraq qazanc əldə etmişdir. O, bir-neçə dəfə atasına məxsus mikroavtobusu təmizləmişdir. 2020-ci ilin yanvar ayında bir dəfə atasının mikroavtobusunu təmizləyəndə sürücü oturacağının altında elastik rezinlə bağlanmış pul görmüşdür. Atası isə sonra pulun yerini dəyişdiyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə səhər saatlarında evdə olanda eşitmişdir ki, atasına məxsus mikroavtobusdan 10300 manat pul oğurlanmışdır. Pulun kim tərəfindən və hansı şəraitdə oğurlanması barədə heç bir məlumatı yoxdur. 2018-ci ilin yay aylarının birində atasına məxsus mikroavtobusu yuduğu zaman oturacağın üzərində olan döşəkçənin içərisində pulun olduğunu görmüş, bu barədə atasına heç nə söyləməmişdir. 2020-ci ilin mart ayında isə anası ilə birlikdə yaşamağa gəlmiş, xx.xx.2020-ci il tarixdə atasına məxsus mikroavtobusdan pulun oğurlanmasını bilmişdir. Atası Zərərçəkmiş şəxs2 məxsus mikroavtobusda olan oturacağın üzərindəki döşəkçədə pulun olmasını 2020-ci ilin mart ayında anasının yanına gəldiyi zaman bu barədə ancaq anasına demiş, həmin vaxta qədər anasına və başqa heç kimə heç nə deməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 məxsus Şirvan şəhəri, H.Əliyev prospektində saxlanılmış «X7» markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobildən hansı qaydada oğurluq etdiyini göstərməklə istintaqa verdiyi ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir.(cild 2 i.v 96-103) İfadəsinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 məxsus Şirvan şəhəri, Xəqani küçəsində saxlanılmış «Mersedes Benz mikroavtobus» markalı ** HP *** dövlət qeydiyyat nişanlı avtomobildən hansı qaydada oğurluq etdiyini göstərməklə istintaqa verdiyi ifadəsini hadisə yerində əyani göstərməklə təsdiq etmişdir.(cild 1, i.v.172- 180) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər məhkəməsinin xx.xx.2021ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Şirvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3, 29,177.2.2, 29,177.2.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.5-ci maddəsinə əsasən 02 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Salyan rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmışdır. (i.v 115) Məhkəmə cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 326.2-ci maddəsinə əsasən dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini talama min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2-ci, 177.2.4-cü və 326.2-ci maddələri ilə tövsif edilmiş, əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Lakin CM-nin 326.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən və buna dair təqsirləndirilən şəxsin ərizəsi olduğundan CM-nin 326.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verilməldir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini təqsirləndirilən şəxsin əvvəllər də eyni xarakterli cinayət əməl törətməsi və məhkumluq həyatı yaşaması onun şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alır, lakin CM-nin 18.4.2-ci maddəsini rəhbər tutaraq residiv kimi nəzərə almır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayətləri törədən zaman yetkinlik yaşına çatmaması, səmimi etirafını, peşman olması Azərbaycan Respublikası CM-nin 59.2-ci onun cəzasını yüngülləşdirən haldır. Cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə işin obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını, cinayəti törədərkən yetkinlik yaşına çatmayan şəxs olmasını, əməlindən peşman olması kimi yüngülləşdirici halları və ağırlaşdırıcı halların olmamasını nəzərə alır, barəsində əvvəllər təyin edilmiş cəzanın və onun – cinayət törətməkdən çəkinmək, islah etmək kimi məqsədlərinin təqsirləndirilən şəxsə münasibətdə təsirinin az olması qənaətinə gəlir və onun barəsində ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasının Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələbləri rəhbər tutulmaqla təyin olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Cinayət işi üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və xüsusi müsadirə edilməli əmlak yoxdur. Zərərçəkmiş şəxslərə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının Salyan rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən 6 ay müddətə azaldılaraq çəkilməmiş qalan 01 il 06 ay 29 gün hissəsi ilə hazırki hökmlə təyin edilmiş cəzanı qismən toplamaq yolu ilə qəti olaraq ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 02 sentyabr 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxslərə dəymiş zərərlə əlaqədar mülki icraat qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilsin. Hökmdən, onun elan olunduğu andan (həbsdə saxlanılan şəxsə isə verildiyi vaxtdan) 20 (iyirmi) gün müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apelyasiya qaydasında şikayət və ya protest verilməmişsə, 20 (iyirmi) gün müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №1(032)-5/2023
Şirvan Şəhər Məhkəməsi Hökm — İş №1(032)-5/2023
26.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver